Gülnarə Xəlilova "Nümunə olmaq gözəldir"

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova pandemiya günlərində də yeniliyə imza atdı.

Onun Moda Evinin hazırladığı yeni maskalar bir neçə gündür ki, ehtiyac sahiblərinə hədiyyə edilir.

Biz də həm bu, həm də başqa mövzularda danışmaq üçün Gülnarə xanımla əlaqə saxladıq, suallarımıza maraqlı cavablar aldıq:

- Gülnarə xanım, bu günlərdə əsasən nə ilə məşğulsunuz?

- Bu günlərdə hər kəs kimi evdə qalır, dövlətimizin qanunlarına uymağa çalışırıq. Hamını da evdə qalmağa çağırırıq. Amma evdə qalmaqla da günümüzü səmərəli keçirməyə çalışırıq. Mənim üçün ev işləri hər zaman ümumi işlərimlə paralel olduğuna görə, demək olar ki, bəzən darıxıram. Çünki hər şey yerbəyerində və qaydasında olduğuna görə, hərdən nə etməli olduğumu bilmirəm. Evdə "Lord" adında pişiyim var, onunla daha çox zaman keçirirəm, mətbəxdə çox oluram. Vaxt olduqca idmanla məşğul oluram. Çünki bu virusa görə evdən çıxmırıq, amma hərəkətdə də olmalıyıq, təmiz hava alınmalıdır ki, pəncərələri tez-tez açıb evin havasını dəyişirik. Kitab oxuyur, televizora baxıram. Bu gün biz evdə qalaq deyə, televiziyalarda da maraqlı proqramlar, layihələr təqdim olunur.

- Hazırda Moda Eviniz maskalar hazırlayır. Sosial izolyasiya günləridir, iş yerləri bağlı... Maskaları hazırlamaq üçün işçiləriniz işə çıxırlar?

- Moda Evi də fəaliyyətini dayandırıb. Çünki dediyiniz kimi, iş yerləri bağlıdır, Moda Evinin də açıq olması mümkün deyil. Sadəcə bir köməkçimlə ev şəraitində bu maskalar hazırlanır. Maskalar peşəkar ütüylə ütülənir. Maskalar hazırlandıqdan sonra qablaşdırılır. Bu maskalar ehtiyacı olan ailələrə, ahıl insanlara və bu günümüzün könüllülərinə paylanır. Bilirsiniz ki, çox insanın imkanı olmur bir neçə manat verib maska almağa. Adi maskalar da bir neçə saatdan bir dəyişməlidir. Bu maskalar isə ona görə daha effektivdir ki, uzun müddətlidir. Hər gün yuyulub ütülənib istifadə edilə bilərlər. Heç bir qorxusu yoxdur. Çünki yüz faiz pambıq parçalardan hazırlanır və orqanikdir. Bu maskalarda nəfəs almaq da rahatdır, insanın üzünü tərlətmir, narahatlıq yaratmır.

- Maskalar sırf xeyriyyə məqsədiylə istifadə olunacaq, yoxsa satışa da veriləcək?

- Bəli, sırf xeyriyyə məqsədiylə nəzərdə tutulur. Amma bu maskalardan pulla almaq istəyən olarsa, əlbəttə ki, ordan gələn gəlir də xeyriyyəyə sərf olunacaq. Bu layihənin, proyektin özü sırf xeyriyyə məqsədi daşıyır. Düşünürəm ki, bu günümüzdə bir vətəndaş olaraq dövlətimizə dəstəyimizi hər birimiz öz işimizlə göstərməliyik. Çünki buna çox böyük ehtiyac var.

- Sizcə, bu pandemiya dünyaya və insanlara necə təsir edəcək?

- Bu günlərdə biz heç birimizin ağlına gəlməyəcək hadisələrlə qarşılaşmışıq. Bu, həqiqətən də insanlığa bir dərs olmalıdır. Düşünürəm ki, bu pandemiya insanlarda daha yaxşı insan olmaq həvəsi oyadacaq. Bu günlərdən çox şeylər öyrənəcəyik. Artıq insanlar paylaşmağı, bir-birinə dəstək olmağı öyrənirlər. İnsanların bir çoxu gördü ki, həyat təkcə "alım", "yığım" kimi şeylərdən ibarət deyil. Bu gün aldığımız çox şeyləri istifadə edə bilmirik. Bu, onu göstərdi ki, insanlar bir-birinə daha çox kömək etməli, yardım əli uzatmalı, bir-birini sevməli, yaxşılıq etməlidir. Yaxşılıq bir halqadır dolaşıb, axırda insanın özünə qayıdır. Düşünürəm ki, insanlar pandemiyadan dərs olaraq bu fikirləri əks edəcəklər və gələcək həyatlarını məhz bu cür yaşamağa çalışacaqlar.

Mən həyatım boyu çalışmışam ki, həmişə yaxşılıq edim. Hansısa pilləyə qalxmaq, bəlli bir qazanc əldə etmək üçün insanlar bir-birinə xəyanət etməməlidir. Ümid edirəm ki, bu günlər onlara da bir dərs olacaq. Hər zaman olduğu kimi, yenə də gözəl düşünmək istəyirəm. Çünki yaxşı və gözəl düşündüyün zaman o gözəlliklər sənə qayıdır. Ona görə də çox istəyərəm, insanlar dəyərli duyğuları heç vaxt nəfslərinə qurban verməsinlər. Dünyanın malı dünyada qalacaq. Məncə, bu günümüzdən çoxları ibrət götürəcəklər.

- Bəs sənət bu hadisələrdən necə təsirlənəcək?

- Əlbəttə, sənətə də çox təsirləri olacaq. Artıq olur da. Təkcə sənət deyil, bütün sahələrə bu, öz təsirini göstərir. Yenə də yaxşı düşünək, hər pis günün bir günəşli sabahı olur deyək və buna köklənək.

- Pandemiya sonrası dəblə bağlı proqnozlar varmı?

- Pandemiya ilə bağlı dəbin proqnozları 2019-cu ilin yaz və payız aylarında artıq podiumlarda öz əksini tapmışdı. Hətta dizaynerlər kolleksiyalarında artıq maskalardan çox istifadə etdilər. Bilirsiniz, yaradıcı insanlar çox əvvəli hiss edə bilirlər. Bu, ən çox da dizaynerlərə məxsus olan xüsusiyyətdir ki, bizim öndən gələcək hadisələri, dəbi hiss etmək qabiliyyətimiz var. Artıq podiumlarda pandemiyaya uyğun olan geyimlər çox yer almışdı və yəqin ki, pandemiyadan sonra da bu mövzuyla bağlı dəbdə yeniliklər olacaq.

- Karantin rejimi işlərinizə necə təsir etdi? Təxirə saldığınız işiniz və ya səyahətiniz oldumu?

- Dəfilələrimlə bağlı çox səfərlərimin tarixi, çoxlu işlərimin zamanı dəyişdi. Hər bir iş insanı işlərini planlı şəkildə edir. Mənim işlərimdə də artıq bir neçə ay əvvəl hər şey öncədən bilinir. Hansı ayda hansı ölkədə olacağım, hansı tədbirə hazırlaşacağım haqqında məlumat kitabçamda qeydlərim olur. Bunların hamısı planlı şəkildə olduğu üçün sadəcə tarixlər yerini dəyişdi. Amma yenə də xeyirlisi olsun deyirik. İnşallah, dövlətimizə, xalqımıza xeyirli günlər nəsib olsun!

- Həm də müəllimsiniz. Tələbələriniz üçün darıxırsınız? Dərslərə davam edə bilirsinizmi?

- Əlbəttə, auditoriya üçün, tələbələr üçün də darıxırıq. Amma bu, bizdən asılı olan hadisələr deyil. Darıxsaq da, darıxmasaq da, bu bəlayla, xəstəliklərlə üzləşdik. Təki insanların canı sağ olsun, düşünürəm ki, tezliklə bu günlər də geridə qalacaq və biz bunu xatirə kimi xatırlayacağıq.

- Gülnarə xanım, sizə aid olan bir ideyanı sonradan başqasında görmüsünüzmü? Bu sahədə də müəlliflik hüququnun pozulması olur?

- Çox maraqlı sualdır. Həqiqətən də atdığım addımları da, etdiyim işləri də təkrarlamağa çalışanlar oldu. Belə hallar dünya praktikasinda da olur. Çox tanınmış brendlərin də təqlidləri ilə tez-tez rastlaşırıq. Əlbəttə, mən də rastlaşmışam, lakin bu günə kimi bunun üçün nəsə tələb etməmişəm. Hesab edirəm ki, buna ehtiyac da yoxdur.

Məsələn, son hazırladığım maskaları nümunə kimi deyə bilərəm. Dərhal bütün modelyerlər maska hazırlamağa başladı. Mən artıq mart ayının axırlarından bu işlərə başlamışdım. Bunun özü də xoşdur. Təki, hər zaman nümunə olaq. Əsas odur ki, xalqımızın bu çətin günlərində hamının etdiyi bu işlər xalqımıza, dövlətimizə kömək olsun, faydalı olsun.

Amma ümumi şəkildə desəm, hətta etdiklərim, işlərim deyil, danışdığım sözlərimə, fikirlərimə qədər təkrarlayanlar var. Bunları eşidirəm, görürəm. Mən çox obyektiv və bəlli məsələlərə ciddi yanaşan insanam. Bir işi səndən öncə ediblərsə, mütləq vurğulamaq lazımdır ki, bax, bunu bu insanda gördüm, bundan öyrəndim və etdim .2006-cı ildə milli geyim kolleksiyamı başlayandan sonra da gördüm ki, hamı milli geyimə müraciət etdi, dizaynerlərin əksəriyyəti milli geyimə maraq göstərdi. Nümunə olmaq gözəldir. Onsuz da etdiklərimizi təkrarlayanlar da olacaq, davamçılarımız da. Amma ən azından bu işi öncə edən, yol açan insana təşəkkür borclarını dillərinə gətirməyə çətinlik çəkirlərsə də, ürəklərində də olsa etiraf etsinlər.

-  Daha çox müğənnilərlə, tanınmışlarla işləyirsiniz. Onlarla işləmək necədir? Kaprizlərlə yormurlar ki sizi?

- Bəli, çox sənət adamları ilə çalışmışam, hətta ilk iş birliyim elə sənət adamları və televiziyalardan başlayıb. İnsanlar müxtəlifdir və hər birinin öz xasiyyəti var. Kapriz göstərənlər də olub, göstərməyənlər də. Məni tanıyanlar bilir ki, kaprizi qəbul etmirəm. Kaprizin də öz yeri var, yəni iş birlikləri zamanı heç bir kapriz olmamalıdır. Uğurlu iş nəticəsi almaq istəyirsənsə, onda kaprizlərdən uzaq olmaq lazımdır.

- Bir insan və bir qadın xarakterinizin dizayner, modelyer üslubunuza təsir etdiyi olur?

- Ümumiyyətlə, xarakterli, özgüvəni olan bir insanam. Mən həm evimin, həm işimin, həm də öz xarakterimin xanımıyam. Məncə, hər bir insan mütləq birinci növbədə özünə inanmalıdır. Qarşımıza qoyduğumuz məqsədlər, prinsiplər var ki, onlara hər zaman sadiq olmalıyıq. Və insan məsuliyyətli, işgüzar olmalıdır. Bunlar çox önəmlidir. Məni tanıyanlar bilir, evdə necəyəmsə, işdə də, televiziyada da o cürəm. Səmimiyəm, səmimiyyət gördüyüm zaman da səmimiyyətlə cavab verən insanam, rola girməyi bacarmıram, olduğum kimiyəm. Doğrusu da elə budur. Yoxsa bəzi insanlar olur ki, hansısa işinin xətrinə rola girir, iş bitən kimi də tamamilə dəyişir. Şükürlər olsun ki, məni tanıyan heç kim deyə bilməz "Gülnarə Xəlilova belə idi, indi belə oldu. Bunu etmişdi, indi budur". Yox. Doğulduğum gündən bu günə xarakterim necə formalaşıbsa, elə də davam edir. Buna görə valideynlərimə öz təşəkkürümü bildirirəm.

- Siz həm də ictimai-siyasi məsələlərə biganə deyilsiniz. Bunu vətəndaşlıq borcu hesab edirsiniz, yoxsa bu sahəyə ayrıca marağınız var?

- Bəli, çox zaman ictimai-siyasi məsələlərə fikir bildirirəm. Buna mənim təfəkkürüm, savadım imkan verir. Bu, mənim vətəndaşlıq borcumdur. Siyasətə marağım ümumiyyətlə yoxdur. İctimai insanam. Bilirsiniz ki, hər insan da ictimai ola bilmir. Bunun üçün bilgin, özünə, ətrafına münasibətin, aldığın dəyər, qazandığın hörmət vacib məsələlərdir. Ona görə də şükürlər olsun ki, bu gün mən həm modelyer-dizayner, həm bir ictimai insan, həm də bir xanım kimi öz mövqeyimi düzgün seçmişəm. Və nə gözəl ki, bu sualı siz verirsiniz. Deməli, kənardan bunların hamısı görünür. Əsasən, yenə də deyirəm, hər işdə sənin şəxsiyyət olaraq insanlara hər zaman düzgün verdiyin mesajlar önəmlidir. Bu baxımdan bilirəm ki, vətənpərvər ruhu daşıyan bir vətəndaş olaraq hər zaman nümunəyəm. Və bu da çox gözəldir. Məni çox sevindirir.

- Siyasətdəki xanımlarımızdan geyindirdikləriniz olub, ya da varmı?

- Siyasətdəki xanımlarla da iş birliklərim çox olub. Eləcə də ictimaiyyətdə, günümüzdə bəlli bir yer tutan xanımların əksəriyyəti ilə də iş birliyim olub. Əlbəttə ki, yenə də davam edir. İş birliyi olaraq da hər kəsi qəbul etmirəm. Düzgün xarakterli, bu gün belə, sabah başqa cür xarakterə malik olmayan, sadiq, mənəviyyatı düzgün olan insanlarla işləməyi üstün tuturam. Bəlkə də bu, mənim sənətimdə düz deyil. Amma mənim uzun iş birliklərim o insanlarla alınır ki, onlar həqiqətən dəyişmirlər. Yəni onların simaları birdir. Buna çox önəm verirəm. Siması tez-tez dəyişən insanlar kim olur-olsun fərq etmir, sadəcə çalışmıram. Əgər hansısa iş birliyim olubsa da, davam etdirmirəm. Problem isə məndə olmur. Onlar görürlər ki, qarşılarındakı mətin xarakterdə, prinsiplərinə zidd getməyən insandır, onda artıq özləri uzaqlaşırlar.

- Karantin sonrası üçün ilkin planlarınız nələrdir?

- Karantində olduğumuz dönəmdə yeni ideyalarım, çoxlu fikirlərim yaranır. Daha yeni, maraqlı maskalar üzərində iş gedir. Bunlar artıq həm də kreativdirlər. Belə ki, qoruyucu maskadan da əlavə, həm də gözəllik verən maska növləridir. İnsanlar öz qoruyucu maskalarının üzərindən də bu maskaları istifadə edərək daha fərqli və kreativ görünə bilərlər. Artıq kəlağayıdan da ilk olaraq maskalar hazırladım. Kəlağayı ipəyi mikrob, toz əleyhinə və allergiyası olan insanlar uçün çox yaxşı qoruyucu materialdır. Qeyd etmək istərdim ki, maska xüsusi emal edilmiş kəlağayıdan düzəldilib və virusun orqanizmə düşməsinin qarşısını almaq üçün müvafiq astara malikdir. Maskanı görünüşə uyğun şarm vermək üçün tibbi maskanın üstündən də geyinmək olar. Onu təkrar istifadə etmək mümkündür. İstifadədən sonra ilıq suda yumaq olar. Məlum olduğu kimi, 2014-cü ildə kəlağayı simvolizmi və ənənəvi sənəti, onun hazırlanma və daşınma mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu yeni iş həm sosial təmayüllüdür, həm də Azərbaycanın qədim milli qadın baş örtüyü olan kəlağayının təbliğinə istiqamətlənib. Bununla yanaşı, yeni eskizlərim, ideyalarım var. İnşallah, karantin dönəmi bitdikdən sonra yarımçıq qalan işlərim var ki, onlar tamamlanmalıdır. Hər zaman olduğu kimi, maraqlı yeniliklərlə, təkrar olunmaz ideyalarla, fikirlərlə, gözəlliklərlə öz izləyicilərimi, tamaşaçılarımı sevindirməyə yenə də hazıram.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.15.