"Yaradıcı insan
həyatı dopdolu
yaşamalıdır"
NURU
XƏLİLLİ: "MUSİQİ ELƏ BİR
ENERJİDİR Kİ, İNSAN ONU KİMƏSƏ
ÖTÜRMƏLİDİR"
Bu dəfə
müsahibimizi sıfırdan
təqdim eləmək
fikrimiz yoxdur. Sosial şəbəkələrdə
bir dəfə tanınıb, sonra bu məkanı tərk eləsə də, sonradan yenidən geri qayıdıb və əlbəttə, yenə
uğur qazanıb.
Gənc ifaçı,
bəstəçi Nuru
Xəlillidən danışacağıq.
Görək özü nə
deyəcək?
"Özümü
tanımadığım insanlara
tanıtmaq fikrində
olmamışam"
- Sosial şəbəkələr elədir
ki, müntəzəm
istifadə etməyəndə,
fəal olmayanda izləyicilər də azalır. Daha çox tanınmaq
üçün niyə
fəallıq göstərmirsiniz
ki?
- Sosial
şəbəkəyə marağım
gec yarandı, ona görə də bu məkanın
imkanlarından gec istifadə eləməyə
başladım. Amma onu da deyim ki,
zamanında yetərincə
izləyicilərim vardı
və özümü
az-çox tanıda bilmişdim. O zaman sosial şəbəkədə
istədiyim diqqəti
görmədim deyə,
hər şeyi sıfırlayıb yenidən
başlamaq qərarına
gəldim. Çox zaman ətrafımda olan dinləyicilərimlə
kifayətləndiyimdən bu
platformalara marağım
az olub.
Özümü tanımadığım insanlara tanıtmaq fikrində olmamışam.
Amma zaman keçdikcə buna ehtiyac olduğunu
görürəm. Yəqin musiqini
maddi yox, bədii-poetik tərəflərinə
görə sevdiyimdən
içimdə tanınmaq
arzusu olmayıb.
"Ən böyük dəstəyi
anamdan və skripka müəlliməmdən
görmüşəm"
- Necə oldu ifaçılığa
meyl elədiniz?
- Musiqiyə marağım
6-7 yaşlarımda, musiqi
məktəbinə getməklə
başladı. Məni bu
sənətə gəlməyə
anam sövq elədi. Bu gün
rahatca deyə bilərəm ki, həyatda nail olduğum ən böyük uğurum musiqidir. Ancaq universitetə seçim vaxtı gələndə
musiqini seçmədim.
Bu duyğular və həvəs ürəyimdə yarımçıq
qaldı. Uşaq
vaxtlarında solfecio dərslərindən hiss etmişdim
ki, məndə musiqi duyumu var
(gülür). Beləcə,
gitarada ifa eləməyi öyrəndim
və ifaçılığa
başladım. Bundan sonra
yavaş-yavaş müxtəlif
məkanlarda, məclislərdə
çıxış etdim.
- Ən çox kimdən dəstək görmüsünüz?
- Uşaqlıqda mənə ən böyük dəstək anam və skripka müəlliməm Gülnarə xanımdan gəlirdi. Gülnarə müəllimə daima üzərimdə çalışmağımı təkid edirdi. İndi gitaranı, ya da skripkanı əlimə alanda onun o vaxtlar dediyi bəzi sözlərin mənasını daha yaxşı başa düşürəm. Məncə, pedaqoqların sözünü hər zaman eşitmək lazımdır.
- Ailənizdə
sizdən başqa musiqiçi
varmı?
- Yox, məndən başqa musiqiçi yoxdur, amma anamın yaxşı istedadı olub. Sadəcə, o dövrdə bu sahədə fəaliyyət göstərmək üçün şərait yaranmayıb. Bəlkə də, anamın öz içində belə istək olduğu üçün məni musiqi sahəsinə yönəldib.
"...düşünmədən
"Cahangir Məmmədli" deyərdim"
- Babanız - professor Cahangir Məmmədli
jurnalistika sahəsində öz
sözünü demiş
şəxsiyyətlərdəndir. Hamımızın müəllimidir.
Bəzən insanlar kiminsə adı ilə
tanınmağı xoşlamır. Babanızın adı ilə
tanınmaq sizi narahat etmir ki?
- Bundan narahat olmuram, əksinə, babamın adı gələndə qürur hissi keçirirəm. Məndən kimin adı ilə tanınmaq istəyirsən deyə soruşsalar, düşünmədən "Cahangir Məmmədli" deyərdim. Ondan öyrəndiyim kiçik bir informasiyanı heç bir tərbiyəyə dəyişmərəm. İncəsənətə meylim çox olduğundan elm, təhsil mövzusunda ondan çox xüsusiyyətləri mənimsəməmişəm. Amma həyati mövzularda çox şeyləri öyrənmişəm. Kiçik yaşlarından həyatın ağır sınaqlarına təkbaşına sinə gərmək və bundan sonra dirçəliş etmək yalnız Cahangir Məmmədli olmaq deməkdir. Jurnalistikanın informasiya texnologiyalarının bu qədər inkişaf etdiyi bir dövrdə o, xalqın içindən çıxmış bir təmsilçidir.
- Babanız nə vaxtsa sizə jurnalist olmağı təklif edibmi?
- Babam həmişə insanın düzgün formalaşması üçün
əlindən gələni
edən bir insandır. Onun heç vaxt
kimisə hansısa sahəyə yönəltməyə
çalışmasına inanmıram.
Bəlkə də jurnalistika
sahəsində xüsusi
potensialım olduğunu
görsəydi, mənə
bununla bağlı məsləhət verərdi.
Bu sahədə çalışmaq olduqca
məsuliyyətli bir işdir. Mən bunu babamın
fəaliyyətində görmüşəm.
- Cahangir müəllim haqqında çəkilmiş "Beşinci
fəsil" filmində
bir mahnı ifa etmişdiniz: "Dəyməyin mənim qəmli-yaslı könlümə".
Niyə məhz o ifanı seçmişdiniz ki?
- "Beşinci fəsil"
filminin sonunda hər kəs nikbin notlara köklənsə də, əslində, övladların
və atanın ürəyində bir nisgil, bir dərd
var idi. Bu da vətən dərdidir. Onların yurdsuz keçən
illərini heç nə əvəz edə bilməz. O mahnını seçməyimə
səbəb də torpaq sevgisi və həsrəti ilə bağlıdır.
Həmin
mahnıda bir neçə məqam var ki, həm
də vətənə
olan sevgini ifadə edir.
"Yurdundan didərgin düşmüş
insanların içindəki
Qarabağı həmişə
duymuşam"
- Səsinizdəki
məlahətin, musiqi
istedadının soykökünüzlə
bağlı olduğunuz
Qarabağla da bir əlaqəsi var yəqin?
- Qarabağ istedadlar, igidlər yurdudur. O torpaqları görməsəm
də, yurdlarından didərgin düşmüş
insanların içindəki
Qarabağı həmişə
duymuşam. Bu hissin nə demək olduğunu, az
da olsa, mən də yaşamışam. Təsadüfi deyil ki, Azərbaycan
muğamı bütün
dünyanın qeyri-adi
musiqi dəyəri kimi yanaşdığı
bir janrdır. Bu isə Qarabağda
musiqi sənətinin nə qədər valehedici olmasından xəbər verir.
"Həyatın
major və minor notları
bir-birini tamamlamalıdır"
- Öz bəstələriniz də
var. Amma son zamanlar yenilərini eşitmirik.
- Dünyada yaranmış bu kritik vəziyyət
başa çatdıqdan
sonra yeni sözlər, musiqilər,
ifalar gələcək.
Yaradıcı insan həyatı
da dopdolu yaşamalıdır. Buraya sevinc
də, kədər də, qazanmaq da, itirmək də daxildir. Həyatın major və minor notları
bir-birini tamamlamalıdır.
Yaradıcı insan adi bir yağışla,
küləklə - bütün
təbii hadisələrlə
öz dilində danışmağı bacarmalıdır.
- İfalarınızı
klip formatına salmaq vaxtı gəlib çatmayıb hələ?
- Klip məsələsinə çox
ciddi yanaşıram. Çünki klip çəkilişləri
vizual olduğuna görə həddindən
artıq mədəni,
etik olmalıdır.
Axı bu, gənc nəsildən
tutmuş yaşlı
nəslə qədər
hər kəsə təqdim olunacaq. Yaxın gələcəkdə bununla
bağlı bir ideyam var.
"Yeni mahnıların çoxunda
söz və musiqi kasadlığı var"
- Niyə daha çox türk mahnılarını
ifa edirsiniz?
- Əslində, müasir
dövr müğənnilərimizin
yarıdan çoxunun
ifasını bəyənmədiyim
üçün Türkiyə
estradasına meyillənmişəm. İndiki mahnıların
çoxunda söz və musiqi kasadlığı var. Qardaş
ölkə musiqiçilərinin
ifalarına yer verməkdə elə də böyük fərq görmürəm
- bir millət iki dövlətik.
"Musiqidən sonra ən sevdiyim
məşğuliyyət balıq
ovudur"
- Başqa hansı məşğuliyyətləriniz
var?
- Ən düzgün qərarları təbiətin qoynunda keçirdiyim vaxtlarda verirəm. Musiqidən sonra ən sevdiyim məşğuliyyət balıq ovuna getməkdir. Təbiətlə bu qədər bağlı olmağımın yaradıcılığımla da əlaqəsi var. Açığı, texnologiyalar həyatımızı bu qədər əhatə etməzdən əvvəl hər kəsdə belə olurdu. Odur ki, ara-sıra təbiətlə yaxın olmağı hər kəsə tövsiyə edərdim.
"Saçımı-saqqalımı
çox sevirəm"
- Uzun
saçlar və saqqal
daha çox gənclərin
qəbul edəcəyi bir tərzidir.
Valideynlərin isə bu mövzuda
daha qatı qaydaları var.
Görkəminizlə bağlı irad
tuturlarmı?
- Saçımı-saqqalımı çox sevirəm (gülür).
Doğrusu, bununla bağlı iradlar olur. Amma hər kəsin
öz tərzi var. Mənə də bu tərz daha
yaxındır deyə,
bunu seçmişəm.
"İnsan yalnız qalanda yaradıcılıq daha çox ortaya çıxır"
- Bildiyim qədərilə, müxtəlif
məkanlarda canlı musiqilər ifa edirdiniz. Yəqin karantin olduğundan indi bu, baş
tutmur. Dinləyicilər üçün onlayn canlı yayımlar haqda düşünmüsünüzmü?
- Heç vaxt öz sənətimdə çalışmadan dayana bilməmişəm. Musiqi elə bir enerjidir ki, insan onu kiməsə ötürməlidir. Karantin rejiminə görə xidmət obyektlərinin fəaliyyəti dayanıb. Hər şey qaydasına düşəndən sonra qaldığım yerdən davam edəcəyəm. Bu müddətdə yeni mahnılar da yaranır. İnsan öz-özü ilə yalnız qaldıqda yaradıcılıq daha çox ortaya çıxır. Bu vəziyyətdən səmərəli istifadə etmək lazımdır. Sosial şəbəkələrdə əlimdən gəldiyi qədər yeni ifalar paylaşıb, canlı yayımlar edirəm.
- Nə vaxtsa, solo konsert
təşkil etmək kimi bir
düşüncəniz varmı?
- Məncə, bunu hər bir sənətçi istəyər. Amma solo konsert üçün böyük dinləyici və tamaşaçı toplumun olmalıdır. Hələ ki özümü buna hazır hiss etmirəm. Ümid edirəm ki, nə vaxtsa belə bir konsert təşkil etmək mənə də qismət olar.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 15 aprel.- S.14.