“Təyyarəmiz vətənə enəndə
həyəcanlanır və qəhərlənirik”
AVSTRİYADA
YAŞAYAN AZƏRBAYCANLI MUSİQİÇİ ABUZƏR
MANAFZADƏ: "KONSERTLƏRDƏ AZƏRBAYCAN
MUSİQİLƏRİNİ HƏYAT YOLDAŞIMLA
BİRLIKDƏ İFA EDİRİK"
Avstriyada yaşayan azərbaycanlı
musiqiçi Abuzər Manafzadə ölkəmizi dünya
arenalarında təmsil edən istedadlı gənclərdəndir.
Abuzər bəy karantin günlərində
də öz fəaliyyətini dayandırmır
və sevənləri
ilə onlayn konsertlər vasitəsilə
görüşür.
Canlı ünsiyyətin
məhdudlaşdığı bu günlər biz də onunla onlayn əlaqə yaratdıq.
Abuzər Manafzadə ilə müsahibəni təqdim edirik.
Vyana Musiqi və Səhnə Sənətləri
Universitetinin
Dirijorluq fakültəsinin ilk azərbaycanlı tələbəsi
- Atam - Azərbaycanın Əməkdar artisti, pianoçu İslam Manafov, anam piano müəllimi Şükufə
Manafovadır.
Təbiidir ki, valideynlərin musiqiçi olması bir çox hallarda övladlara da öz təsirini
göstərir.
Anamla atam balacalıqdan bacım Turan Manafzadənin və mənim musiqi duyumumuzun olduğunu hiss ediblər.
Məktəb çağlarında isə
hər ikimizi Xırdalan rayon uşaq musiqi məktəbinə yazdırıblar.
- Bu günə gəlib çatana qədər hansı mərhələlərdən keçmisiniz?
- Musiqi məktəbində
aldığımız təhsildən
sonra İstanbula köçdük. Üç ildən
sonra bacımla birlikdə Memar Sinan Universiteti Dövlət Konservatoriyasına
imtahan verdik. Olduqca ağır və çətin bir mərhələ idi.
400 nəfərin içindən həmin konservatoriyaya cəmi üç nəfər qəbul olundu, onların ikisi də biz idik. Burada sırasıyla piano, bəstəkarlıq
və dirijorluq fakültələrində təhsil
almağa başladıq.
Türkiyədəki təhsilim bitdikdən
sonra Vyana Musiqi və Səhnə Sənətləri
Universitetinin Dirijorluq fakültəsinə ilk azərbaycanlı
kimi qəbul oldum. Həmin fakültədə Herbert fon Karayan, Klaudia Abbado, Zubin Mehta, Nikolaus Harnonkourt kimi böyük dirijorlar yetişib. Eyni zamanda Lins şəhərində
Anton Brukner adına
Universitetdə Fortepiano üzrə
magistratura təhsili də alıram. Bununla yanaşı, bir çox Beynəlxalq və ölkədaxili müsabiqələrin laureatıyam.
"Azərbaycan xalqı ən istedadlı xalqlardan biridir"
- Bu gün Azərbaycan musiqisinin əvvəlki səviyyədə
olmadığından çox
gileylənirlər. Bəs,
sizcə, klassik musiqi sahəsində vəziyyət nə yerdədir?
- Dünya səviyyəsində
keçirilən konsertlərdən
irəli çıxaraq
deyə bilərəm
ki, Azərbaycan xalqı ən istedadlı xalqlardan biridir. Bu gün
Azərbaycanı dünyada
tanıtmaq uğrunda çalışan gənclərimiz
çoxdur. Ancaq bu yeni tendesiya deyil. Dahi bəstəkar Üzeyir
Hacıbəyli və
maestro Niyazidən sonra
davam edən bir ənənədir.
Azərbaycanda Niyazi Tağızadənin
sənətini davam etdirə biləcək layiqli ardıcılları
da var. Hazırda insanlar elə zənn edirlər ki, klassik musiqiyə
maraq yoxdur. Ancaq klassikaya yetərincə rəğbət göstərənlər
var.
- Almaniya vətəndaşı olan
həyat yoldaşınız
Karen Danger də musiqiçidir.
Xanımınız Azərbaycan musiqilərini
ifa edirmi?
- Karen musiqili teatrın aktrisasıdır. O, Azərbaycan
musiqilərini çox
sevir və repertuarında həmin musiqilərə geniş yer verir. Dünyanın bir çox yerlərində verdiyimiz konsertlər zamanı Azərbaycan musiqilərini
həyat yoldaşımla
birgə ifa edirik.
"Dirijorsuz orkestr, orkestrsiz dirijor olmaz"
- Dirijorluq sənəti idarəetmə
deməkdir. Səhnədə orkestrı idarə
etməyin hansı çətinlikləri var?
- Bu idarəetmə sənəti
insan əlaqələri
ilə bağlı olduğu üçün,
əslində, çox
çətindir. Səhnədə
təkbaşına olursan,
60 və ya 120 adam sənin
gözlərinə, əllərinə
baxır. Bu mənada
lider özəlliklərin
olmalıdır. Bir zamanlar
dirijorluq sənətində
diktatura məsələsi
var idi. Amma indi dünyanın heç bir yerində belə bir tendensiya yoxdur. Orkestr üzvləri ilə dost olmaq lazımdır. Çünki dirijorsuz orkestr,
orkestrsiz də dirijor olmaz. Düzdür,
bəzi yerlərdə
dirijorsuz orkestrlər olur, ancaq bunun
da bir limiti
var. Dirijor və orkestr işi birlikdə çalışmaqdan
ərsəyə gəlir.
Fikirləri ortaya qoyanda
konfliktlər yarana bilər. Ancaq bunları mümkün
qədər aradan qaldırmaq lazımdır.
Hər halda hər kəsin amalı həmin konserti yaxşı bir şəkildə tamaşaçıya
təqdim etməkdən
ibarət olmalıdır.
“Biz dünyanın
hər yerində Azərbaycanı təmsil
edirik”
- Vətən həsrətinizi hansı musiqi və sözlərlə ifadə
edərdiniz?
- Artıq iyirmi ildir, vətəndən uzaqda yaşayırıq. Harda yaşamağımızdan asılı
olmayaraq vətən hər zaman vətəndir. Hələ də
təyyarəmiz vətənə
enəndə həyəcanlanır
və qəhərlənirik.
Biz dünyanın hər yerində Azərbaycanı təmsil
edirik. Yazdığımız, ifa etdiyimiz
musiqilərdə vətən
həsrəti və muğam notları da əks olunur.
Keçən il Kaliforniyanın
Monterey şəhərində "Balaban və simfonik orkestr üçün konsert"
əsərimin premyerası
keçirilmişdi. Həmin əsər
balaban və simfonik orkestr üçün yazılan
ilk konsert idi. Onda Monterey şəhərinin küçələrini
Azərbaycan bayrağı
ilə bəzəmişdilər.
Məncə bir musiqiçi üçün
bundan böyük qürur ola
bilməz.
"Arzuların sərhədi olmur..."
- Ən böyük arzunuz nədir?
- Mənə elə gəlir ki, arzuların sərhədi olmur. Bir musiqiçi kimi
arzum dünyanın hər yerində konsertlər verməkdir.
Bəstələrimin hər yerdə
ifa edilməsi, tanınması və Azərbaycan mədəniyyətinə
əlimdən gəldiyi
qədər töhfə
vermək ən çox istədiyim məqamlardan biridir.
"Yaxşı
sənətçi olmağın
önündə əvvəlcə
yaxşı bir insan olmaq dayanır"
- Atanız - Əməkdar artist İslam
Manafov bir müsahibədə bildirib
ki, övladlarıma ən birincisi sadə olmağı tövsiyə edirəm. Ata tövsiyəsinə nə dərəcədə
əməl edirsiniz?
- Sənətdə ən çox ucalan şəxslərin hər
biri sadə və təvazökar insanlardır. Biz ana
və atamızdan bunları görmüşük.
Necə deyərlər, ağac bar
verəndə başını
aşağı əyər
(gülür). Musiqidə
həm estetik, həm də fəlsəfi cəhətdən
fərqli baxış
bucaqları var. Ona görə də heç kim
deyə bilməz ki, filankəs dünyanın ən yaxşı bəstəkarıdır,
dirijorudur və ya pianoçusudur. Həmişə öz-özünlə rəqabətdə olmalısan.
Yaxşı sənətçi olmağın önündə
əvvəlcə yaxşı
bir insan olmaq dayanır.
"Musiqiçinin
həyatı daha çox notlarla və özü ilə baş-başa keçir"
- Artıq 4 ildir Avstriyada yaşayırsınız. Bu günlər karantin günlərini necə keçirirsiniz?
- Musiqiçinin həyatı
daha çox notlarla və özü ilə baş-başa keçdiyi
üçün o qədər
də böyük dəyişiklik olmadı.
Dəyişən bir tək konsertlərin dayandırılması
oldu. Yenə də onlayn
konsertlər vasitəsilə
insanlara dəstək olmağa çalışırıq.
Hazırda evdə daha
öncədən bitirə
bilmədiyim işlərlə
məşğul oluram.
İnsanlara da tövsiyə
edirəm ki, təkcə bu müddətdə yox, həmişə gigiyena qaydalarına əməl etsinlər. Hər şeyin qaydasına düşməyini və yenidən öz işlərimizə qaldığımız
yerdən davam etməyi arzulayıram...
Günel ABBAS
525-ci qəzet.- 2020.- 15 aprel.- S.17.