Pandemiya dönəminin
Bakısına fotoqraf baxışı
Fotomüxbirlik həm də tarix üçün arxiv
yaratmaq işidir. Koronavirus pandemiyasının bütün
dünyanı öz cənginə aldığı bu günlərin
də gələcək üçün maraqlı və fərqli
tarixi hadisə olacağına şübhə yoxdur.
Xüsusən, karantin rejimini və bu rejimlə
insansızlaşan, səssizləşən böyük şəhərlərin,
paytaxtların, meqapolislərin heç vaxt görmədiyimiz mənzərəsini
gələcək nəsillər məhz fotolardan öyrənəcəklər. Bunun üçün
fotoqrafların öhdəsinə böyük iş
düşür.
Həmin şəhərlərdən biri də,
şübhəsiz ki, Bakıdır. Hər zaman turistlərlə,
yerli sakinlərlə dolu olan, səsli-küylü
paytaxtımız bu gün dərin səssizlik içərisindədir.
Bunun ən yaxşı şahidləri isə, əlbəttə,
fotoqraflardır. Mətbuatda və sosial
şəbəkələrdə onlardan bir çoxunun çəkdiyi
şəkillər hamımızı dərin hüznə
salır, qəribə hisslər yaşadır. Bəs onlar həmin şəkilləri çəkərkən
hansı hisslər keçirirlər? Bu
sualımıza cavab tapmaq üçün həmin
fotoqrafların bəziləri ilə həmsöhbət olduq.
Şahin
Sərdarov bir neçə gün öncə şəhərdə
çəkiliş etdiyini və Bakını heç vaxt belə
boş, sakit görmədiyini deyir: “Tarqovı” kimi tanınan
Nizami küçəsinin əvvəl “iynə atsan yerə
düşməz” dediyimiz guşələrində indi insan
görəndə sevinirəm (gülür). Barmaqla
sayılan qədər insan var şəhərdə. Parklar dəmir barmaqlıqlarla hasarlanıb, hər
yerdə giriş-çıxışlar bağlıdır,
polislər, əsgərlər postlar qurublar. Səssizlikdən insanı vahimə basır.
Bir anlıq özümü Smitin “Mən əfsanəyəm”
filmində hiss elədim. Əslində, bu
gün biz bir tarix yaşayırıq və bu tarixi
mümkün qədər təhlükəsizliyimizi qoruyaraq
çəkib yaddaşda saxlamalıyıq.
Açığını desəm, hər zaman səs-küyünə,
insanlarına öyrəşdiyim Bakının bu vəziyyəti
məni depressiyaya salırdı. Təsəvvür edin
ki, hər gün minlərlə insanın gəzdiyi
küçələr bu gün bomboşdur, mağazalar, kafelər,
restoranlar bağlıdır, insan əlbəttə,
özünü heç olmadığı qədər qəribə
hiss edir. İnsanın ən çox olduğu məkanlardan
biri olan vağzalda belə bircə adam
tapmaq mümkün deyildi. Sakitlikdən adamın
qulaqları tutulurdu. Ən maraqlı isə
o oldu ki, bir gənc bu vəziyyətdə belə boş
küçələrdə o tərəf bu tərəfə
uçub dən axtaran ac quşları unutmadı, onlara tum gətirib
səpəndən sonra yenidən çıxıb getdi”.
Ramil
Zeynalov bu günlərin və onların çəkdiyi
fotoların gələcəkdə dərsliklərə
salınacağı fikrindədir: “Əslində, bu məsələyə
yaxşı tərəfdən baxmaq lazımdır. Bakı küçələrini boş çəkə
bilmək bizim üçün həm də bir fürsətdir.
Bu, bir tarixdir və bu tarixi əbədiləşdirmək
lazımdır. İndi çəkdiyimiz
fotolar tarixdə qalacaq, hətta gələcəkdə dərsliklərdə
göstəriləcək”.
Nicat
Əlili isə insansız küçələrin
soyuqluğundan gileylidir: “Keçən gün çəkiliş
üçün Bakının gecələr ən qaynar
küçələrindən olan Xaqani küçəsinə
çıxdım. Saat axşam 9-10 arası
olardı. Adətən, viruslarla
bağlı filmlərdə görməyə
alışdığımız küçələri
xatırlatdı Bakının insanlarsız boş
küçələri. Çox təsirli
mənzərə idi. Bizim Bakı
küçələrimizə bu boşluq, bu səssizlik
heç yaraşmır. Çəkiliş
etdim, amma anladım ki, istənilən kadrı maraqlı,
gözəl edən insandır. İnsanlarsız
boş küçələr nə qədər gözəl
olsa da, çox soyuq təsir bağışlayır”.
Aydın
Oktayoğlu Bakını bir daha belə görməyi arzu
etmir: “Bəli, bu günlərdə mən də şəkillər
çəkmişəm. Bu vəziyyət
insanlıq üçün çox gözlənilməz oldu.
Karantin rejiminin tək maraqlı kadrları hərbçilərlə
polis əməkdaşlarının birgə postlarda olduğu
və birlikdə xidmət aparmaqlarını əks etdirən
kadrlardır. Yenə də insan... Doğrudur,
maraqlı fotoşəkillər çəkdim, amma
Bakını bir də belə insansız görməyi arzu etməzdim.
Artıq böyük meqapolisə çevrilmiş, turistlərlə
qaynayan
Bakının bu gün ticarət mərkəzlərinin,
uşaq əyləncə mərkəzlərinin,
restoranlarının bağlı olması insana çox qəribə
hisslər yaşadır və passivləşdirir. Arzum budur
ki, Azərbaycanımız, paytaxt Bakımız yenidən
böyük tədbirlərə ev sahibliyi etsin, insanların
sağlam həyat tərzi yenidən bərpa olunsun, karantin
rejimi isə təkcə bizdə deyil, bütün dünyada
tezliklə bitsin və insanlar normal həyatlarına geri
qayıtsınlar”.
Zaur
Mustafayev də hamı kimi Bakını heç vaxt belə təsəvvür
etmədiyini deyir: “Karantin müddətində şəhərdə
hərəkət var, amma əvvəlki vaxtlara baxanda şəhər
seyrəkdir. Bu çəkilişin əvvəlkilərdən
fərqi odur ki, şəhərdə hərəkət demək
olar ki, azalıb, insanlar karantin qaydalarına riayət edib evdə
oturur, yalnız vacib işlər üçün çölə
çıxırlar. Məncə, fotoqraf
bu boşluq zamanlarında da yaxşı kadrlar tuta bilər.
Yəni istənilən an gəzəndə,
yaxud harasa gedəndə kadr tapmaq mümkündür. Sözün düzü, istəməzdim bir də
belə bir vəziyyət yaransın və biz də
insansız küçələri çəkmək məcburiyyətində
qalaq. Çünki məncə, şəhər
insanlarla və hərəkətlə gözəldir. Bu günlərdə çəkilişlərim olub.
Bir tərəfdən də bəzən olurdu
ki, şəhərin hansısa mənzərəsini çəkmək
istəyirdin, amma insan çox olduğundan kadra maneələr
yaranırdı və rahat işləyə bilmirdin. İndiki hal bu problemi aradan qaldırıb. Hazırda fotoqraflar ürəyi istədiyi kimi
çəkiliş apara bilərlər. Amma
buna baxmayaraq, yenə də tezliklə bu pandemiyanın bitməsini,
məhdudiyyətin aradan qaldırılmasını, şəhərimizin
əvvəlki vəziyyətinə qayıtmasını arzu
edirik”.
Nadejda
Javad isə baş verənlərə daha sentimental
yanaşır: “Bir reportaj və küçə fotoqrafı
olaraq, həmişə Wolrd Press Photo kimi fotojurnalistika sahəsində
ilin əsas hadisələrini: sosial sahəni, hərbi
mövzunu və münaqişələrin fotoşəkillərini
əhatə edən geniş miqyaslı bir foto müsabiqəsi
ilə maraqlandım. Amma tarixin özünün
bir gün sakit dünyamıza gələcəyini,
qapının astanasında olacağını
düşünə bilmədim, indi bir müddət sonra tarixə
çevriləcək hadisələrdə
özünüzü tapacaqsınız. Təəssüf
ki, cari hadisələri istədiyim şəkildə çəkməyə
imkanım yoxdur - hər birimizin məsuliyyətini qəbul
edirəm və bir neçə gündə bir dəfə
yalnız ən yaxın mağazaya gedərək #evdəqal hərəkatını
dəstəkləyirəm. Mən
Bakını (digər şəhərlər kimi)
insanlarsız çəkən digər adamların şəkillərini
görürəm. Bu, əlbəttə ki,
qeyri-adi və qəribədir. Boş
küçələr xüsusilə parlaq günəşdə
şoka salır - bu fotolara baxaraq beyin "pozulur", başa
düşürsən ki, bu, adi həyatda olmamalıdır.
Məni həmişə küçə
izdihamı, gündəlik həyatın səs-küyü ilə
inandırırdı - indi səssizlik var, nadir hallarda
maşınlar keçir, pəncərənin altında oynayan
uşaqların qışqırıqları, uçan təyyarələrin
səsləri yoxdur. Yalnız quşlar səhər
oxuyur, bu sükutda səsləri daha aydın eşidilir.
Bəlkə də bu cür tanış
şeylərə münasibətimizi yenidən nəzərdən
keçirmək üçün "həyata fasilə vermək",
dayandırmaq vaxtıdır?
Rəşad
Mehdiyev bu günlərdə fotomüxbirlərin üzərinə
böyük məsuliyyət düşdüyünü
vurğuladı: “Deməzdim ki, Bakı tam insanlarsız və
hərəkətsizdir. Təəssüflər
olsun ki, hələ də karantin qaydalarına əməl etməyən
vətəndaşlarımız var. Təbii ki, işləyən
və müəyyən ehtiyaclarını qarşılamaq
üçün evdən çıxmalı olanları bura əlavə
etmirəm. Düzdür, bir vətəndaş
və bir bakılı kimi doğma şəhərimi belə
görmək ürəkaçan deyil. Lakın
fotoqraf gözü ilə baxanda Bakını, onun küçə
və prospektlərini, parklarını boş görmək və
çəkmək maraqlıdır. Çünki
hər dəfə belə şeylər olmur. Mən Azərbaycan Dövlət İnformasiya
Agentliyində fotomüxbir kimi çalışıram və
mənim çəkdiyim fotolar təkcə şəxsi arxivim
üçün deyil, eyni zamanda dövlət arxivi
üçün çəkilir, gələcəkdə bu
fotolardan lazım olduqca istifadə ediləcək. Ona görə biz fotomüxbirlərin çiyinlərinə
böyük məsuliyyət düşür.
Karantin günlərinin başlamasına bir neçə
gün qalmışdan artıq foto çəkilişləri
edirdim. Əsasən, istirahət parklarını,
insanların sıx olduğu küçələri, Fəvvarələr
meydanını çəkmişəm. Karantin
dövründə ən yaddaqalan və ağır çəkiliş
isə Dənizkənarı Bulvarda oldu. Dövlət
Bayraq Meydanından başlayaraq Sahil metrosuna qədər olan
uzun məsafəni qət edərək boş əraziləri
çəkmək çətin idi. Ümid
edirəm ki, dünyanı bürüyən koronavirus
pandemiyası tezliklə bitəcək və həyat öz əvvəlki
axarı ilə davam edəcək. Sadəcə
gərək insanlar karantin rejiminin qaydalarına əməl
etsinlər. Həmsədri olduğum
“Gilavar” Azərbaycan Foto Klubu tərəfindən fotoqraflar
üçün çağırış posteri
hazırlanmışdı və orda qeyd olunmuşdu ki, “Sabah
foto çəkməyin üçün bu gün #evdəqal”.
Roman
İsmayılov da bu günləri digər həmkarları
kimi bir fürsət olaraq dəyərləndirir:
“Düşünürəm ki, yaxşı səslənməsə
də, biz fotoqraflar üçün bu, bir fürsətdir. Bakı həmişə insanlarla dolu bir şəhər
olub. Hazırda isə şəhər
bomboşdur. Bu, tarixi bir vəziyyətdir.
Çəkilən şəkillər, lentə
alınan kadrlar da tarixə bir dəfəlik iz qoyur. Mən də öz növbəmdə, bir çox
çəkilişlər etmişəm, etməyə də
davam edirəm. Bu vəziyyət insanı
panikaya salır, qorxudur. Bakı
üçün heç də xoş bir görüntü
deyil. Hər zaman qonaqlı-qaralı, səs-küylü
şəhər hazırda çox sönükdür. Bu, hər kəs kimi mənim üçün də
üzücüdür”.
Murad
Orucov bu günlərdə çəkiliş zamanı məqsədinin
elə həmin boşluğu göstərmək olduğunu
bildirdi: “Bu günlərdə fotolar çəkmişəm. Bu, dünya miqyasında tarixi bir andır və təbii
ki, koronavirusla bağlı vəziyyət öz əksini
fotolarda tapmalıdır. Bu, hər bir sənədli
foto çəkən fotoqraf üçün
maraqlıdır. Boş şəhər,
yollar, küçələr, həkimlərin, hüquq
mühafizə orqanlarının və başqa aidiyyəti
qurumların karantin vaxtında işi, dezinfeksiya işləri,
bütün bunlar mütləq fotoya alınmalıdır gələcək
nəsillər üçün. Mənim
fikrimcə, koronavirusla bağlı baş verənlər tarix
kitablarına düşəcək. Əlbəttə
ki, maraqlı kadrlar çoxdur və onları fotoya almaq
artıq fotoqrafın bacarığından asılıdır.
Bakının bu vəziyyəti hər kəs kimi mənə
də çox pis təsir edib. Çünki mən
heç vaxt şəhəri belə boş görməmişəm.
Bu arada Bakının şəkillərini
çəkəndə çalışırdım ki, bu
boşluğu göstərim. Boş
yolları, boş küçələri, mərkəzi
meydanları və sair”.
Ramin Aslanov karantin günlərində heç bir çəkiliş
etmədiyini, insansız və hərəkətsiz şəhərin
elə də maraqlı olmadığını deyir. Ancaq bununla belə
bu günlərdən maraqlı kadrlar əldə edəcəyinə
də ümid edir. Bunun üçün əsas
gözlədiyi isə yağışdır. Dediyinə görə, yağışla baş-başa
qalacaq şəhərin həmin görkəminin ona maraqlı
və fərqli kadrlar verəcəyinə inanır.
Valeh Arifoğlu da bu günlər ərzində çəkiliş
etməyənlərdəndir. Amma bir fotoqraf
üçün arxivin vacibliyini bildiyindən karantin
qaydalarını pozmamaq şərtilə yaxın günlərdə
çəkiliş edəcəyini deyir.
Sorğudan da anladığımız kimi, Bakı bu
günlərdə həqiqətən də heç
olmadığı kimi səssizliyə bürünüb. Əlbəttə,
biz bu sakitliyə öyrəşməsək də, bu,
insanların vəziyyətin ciddiliyini başa
düşüb, dövlətin qoyduğu qanunlara və
tövsiyələrinə hamılıqla riayət etməsinin
bir göstəricisidir. Bunun özü ən
yaxşı hadisədir. Tezliklə, bu günlərin sadəcə
fotoşəkillərdə və lentlərdə qalması
arzusuyla!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 15 aprel.- S.16.