Karantinin yaşatdığı teatr həsrəti

 

Pandemiyanın yer üzündə at oynatdığı bu karantin günlərinin birində - yazıların, kitab-dəftərin içərisində itib batdığım, evdən çöldəki həyatı az qala unutmağa başladığım zamanda telefonuma mesaj gəldi.

Bir həmkarım yazıçı, jurnalistlər, ziyalılar arasında sorğu keçirirmiş: karantin günlərində ən çox hara üçün darıxmısınız? Bir anlıq duruxub düşündüm: Doğrudan da, mən ən çox hara üçün darıxmışdım? Yadıma ilk düşən teatr oldu. Adi zamanlarda həftənin ən az iki günündə getdiyim, istirahət anlayışıma birbaşa daxil olan, hər dəfəsində təəccübləndirən, sevindirən, bir yığın hissi bir anda yaşamağıma səbəb olan teatr üçün burnumun ucunun göynədiyinin fərqinə vardım. Hər dəfə fərqli teatrlarda baxmadığım yeni tamaşalar, səhnə, tamaşa sonrası müzakirələr... Gözlə görə bilmədiyimiz, cüssəsi kiçik, oyunu böyük virus bizi hər şey kimi teatrdan da məhrum edib.

Karantin öncəsi teatra olan son dəvətnaməm Gənc Tamaşaçılar Teatrının "Xortdanın cəhənnəm məktubları" əsərinə idi. Martın 8-i günü Beynəlxalq Qadınlar Bayramını öncə şəhəri gəzərək, sonra isə tamaşaya baxaraq qeyd edəcəkdik. Amma məlum səbəblərdən tamaşa təxirə düşdü. günlər keçdikcə bu təxirlər uzadıldı... uzadıldı... qeyri-müəyyən vaxta qaldı.

Mədəniyyət Nazirliyi "Mədəniyyət" kanalının birgə təşəbbüsü ilə tamaşalar televiziyada yayımlanır, teatrlar sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə tamaşalarını nümayiş etdirirlər. Bu xüsusda teatrlarımızın fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Belə ki, onlar koronavirus pandemiyasına qarşı elan edilmiş xüsusi karantin günlərində əvvəlcədən müəyyən edilmiş repertuar əsasında virtual tamaşalar nümayiş etdirirlər. Paytaxt bölgə teatrları "Evdə qal, özünü yaxınlarını qoru", "Biz birlikdə güclüyük" şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək göstərirlər. Evində oturan, darıxan, fərqli nələrsə arzulayan, incəsənətə mədəni tədbirlərə ehtiyac duyan insanlar üçün bu, həqiqətən böyük fürsətdir. Düzü, onlar bu təşəbbüsə başlayarkən mən sevindim, teatrsız qalmayacağıq deyə düşündüm. Hətta ayrı-ayrı teatrların repertuarına nəzər salıb, baxmadığım tamaşaların günlərini qeyd etdim. Amma... Böyük bir "amma" məhz bundan sonra yarandı məndə. Elə ilk tamaşaya baxarkən anladım ki, teatr məhz canlı ünsiyyət sənəti imiş mənim kimi illərdən bəri tamaşa zalından səhnəni seyr etməyə öyrənmiş insan üçün telefondan, komputerdən əsər izləmək çətindir. Aktyor aktirsaların vəziyyətə uyğun üz mimikaları, jestləri, hərəkətləri, səhnənin yaşatdığı fərqli aura, qarşında canlı-canlı dəyişən həyatlar teatrı özəl edən əsas cəhətləridir, mənə görə. Deyəsən, bu sənəti mənə sevdirən əsas xüsusiyyət məhz budur - gözünün qarşısında dəyişən həyatlar. Bir kənarda oturub başqalarının həyatını izləmək necə xoşdur. Etiraf etməliyəm ki, kitab film bu hissləri tam yaşatmır. Kitabı oxuyarkən obrazları, hadisələri özün təsəvvür edirsən onlar sadəcə xəyalında canlana bilir, filmdə isə hər şey qurulub çəkilib, səni ondan ekran deyilən soyuq güzgü ayırır. Ekranın soyuqluğu filmin aurasına da hər zaman təsir edir. Film gerçəklik hissini sona kimi qoruyub-saxlaya aşılaya bilmir. Teatr isə bu ikisinin ortasında bir yerdədir. Teatrda kitabda oxuduğun hadisələr obrazlar bir anda gözünün önündə canlanır, sən hər şeydən əvvəl onların nəfəsini hiss edə bilirsən. bu nəfəs səndən sadəcə bir neçə metr uzaqdadır. O, həqiqətən var. Teatr mənə bizdən kənarda fərqli həyatlar yaşandığını, insanların hamısının öz problemləri, öz düşüncələri, öz istəkləri, öz ağrıları, öz sevincləri olduğunu əyani sübut edən sənət hadisəsidir. Buna görə doğmadır, əzizdir, özlənəndir.

Böyük rejissor Tarkovski deyirdi ki, özünüzü özünüzlə yalnız qalarkən darıxmayacaq şəkildə yetişdirin. Lap çoxdan eşitdiyim qulağımdan sırğa kimi asdığım bu fikirlər bəlkə ən çox bu karantin günlərində gəldi köməyimə. Bu günlər sübut elədi ki, mən həqiqətən özümlə sıxılmayan, darıxmayan, saatları günləri təkbaşıma da olsam, rahatlıqla səmərəli şəkildə keçirməyi bacaran insanam. Çöldəki həyatı çox da axtarmır, arzulamıram. Amma bu karantin günləri mənə bunu da sübut etdi ki, mən qapıdan çöldəki həyatda ən çox teatra bağlıyammış. bu günlərdə bircə teatr üçün darıxırammış.

Ümidliyəm, yenə ümidliyəm ki, bu günləri ölkəmiz ən az itkiylə arxada qoyub, daha gözəl, daha fərqli daha rəngarəng dövrə qədəm qoyacaq. Bax elə o günlərdə insanlar karantin zamanlarında onları yalnız qoymayan, hər vasitə ilə onların evlərinə qədər gələ bilən incəsənətə, teatra, musiqiyə, ədəbiyyata, kitaba əvvəlkindən daha çox bağlanacaq, daha çox sevəcəklər. Bu günlər sübut etdi ki, dünyanın xilası elmdədirsə, insanlığın xilası incəsənətdədir.

Tezliklə görüşmək ümidiylə, əziz Teatr!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.17.