“Gizli həyat”

 

Bir də görürəm, yaşlı kişidir, üç saata yaxındır söhbət etmişik, çayımız soyuyub, amma...

- Dayı, təhsilin  var?

- Yox, təhsil nə gəzirdi o vaxtı. Bir qarın çörək tapsaydıq, Allaha şükr edərdik.

Söhbətimizə şirinliyi, dadı, baməzəliyi də qoca qatır. Ayrılanda “bu nə söhbətu idi, dadı damağımda qaldı ki” deyirəm.

Yolboyu düşünürəm, necə olur ki,  sirr saxlamaqda çətinlik çəkirik,  insanlar bizə səbəbsiz cazibədar görünür, necə olur, savad görməyən biri bizi söhbətinin mübtəlası edir?

Aşağı-yuxarı, 1300-1500 qram çəkisi olan beyin gündə saysız düşüncənin içində vurnuxmaqdan yorulur. Sizə onun haqqında -  ən mürəkkəb orqan barədə danışım.  Siz isə söhbətin sonunda bu suala cavab tapın: Beyninizin içindəki sizsinizmi?..

Beyin arzu edəcəyiniz şeyi asanlıqla yerinə yetirməyə qadirdir. Fikrin şəkli, çəkisi yoxdur, onu fiziki olaraq əldə edə bilmərəm. Səslər kimi fikrirlərimin də fiziki bünövrəsi mütləq var.

Bir təcrübə aparıldı,  kişilərə öndən və yandan çəkilmiş qadın şəkilləri göstərildi. Kişilərin çoxu gözləri böyük olan qadınları seçdilər. Səbəbini soruşduqda, cavab verə bilmədilər.  Məlum oldu ki, beyinin içində iri açılmış qadın gözlərinin cinsi fəallıq, həyəcan, istiqanlılıq əlaməti olmasının kodu var. Və bu kod min illərdir, insanın beynində xüsusi proqramlaşdırılıb. Bu həm də qısqanclığa, acgözlüyə, pula hərisliyə, eyni cinslərin meylinə, tərgidilməyən vərdişlərə aiddir.

Beynim mürəkkəb sistemdir, lakin dərkedilməz deyil. İbtidai dövrdən bəri beyin də təkamül yolu keçib.  Onda şüur nədir?

Bu gün qəzet alıram.Vərəqləyirəm, bəs niyə  vergilər haqqında məqalə yoxdur?  Bu mənim büdcəmlə bağlı idi. Niyə qəbul edilmədi? Amma bu təklifi irəli sürənin kimliyi, onun ətrafındakı qalmaqal mənə maraqlı deyil. Bəzən həmin şəxsi o gün öldürsələr belə, bundan ya xəbərsiz olacağam,  ya da soyuqqanlı davranış göstərəcəyəm. Mənim üçün inək xəstəlikləri mənasızdır, görəsən qəzet ona niyə  geniş yer verib?  Baxın, şüur bu qəzetdən fərqlənmir. Beynim  fasiləsiz işləyir, qəzetin bütün xəbərləri kimi.  Məlumatları paylaşır, müəllifləri, tarixləri, hadisələri yazır. Bundan sonuncu xəbər tutan isə şüurum olur. Yəni qəzetin ona hansı məlumatlar gələcəyindən xəbəri olmur.

Bir də var ki, mən adi qəzet oxucusu  olmayım.  Oxuyum, özüm üçün nəticə çıxarım, ideyalarım yaransın, mənəvi qida aldığımdan özümün qəzeti olması üçün çalışım. Bu isə neyron sxemimdir.  Beynimdə illər əvvəl başlamış prosesin məhsuludur. Əslində, mən saxtakarlıq etmiş oluram. Beyin, şüur, neyron sisteminin işini öz adıma çıxarıram.  D.Eagleman deyirdi ki, beyin bu möhtəşəm şounu  gizlincə, hiss etdirmədən – incognito - səhnəyə qoyur.

J.Goethe  “Gənc Verterin əzabları” romanını yazdıqdan sonra demişdi: “Hər hansı şüurlu müdaxilə olmadan, sanki öz-özünə hərəkət edən bir qələmi tuturmuş kimi yazırdım”.

Söhbətimin əvvəlindəki qoca ilə yeni hekayəmi yazmaq üçün görüşmüşdüm.  Günahı olmadan həbsxana həyatı yaşayan qoca,  qırx il orada yatdıqdan sonra  telefon, internet,  süni intelekt kimi bir çox yeniliklərlə bu gün tanış olurdu. Onun söhbəti isə ən maraqlı kitabdan, ən faydalı  sosial media xəbərindən də mənalı idi.  Baxırdım və düşünürdüm: Beyninin içində biri var, amma o qoca  kişi deyil. Onun danışdıqları  süurun iradəsi olmadan gercəkləşmişdi. Uşaqlığından bəri gizli arzuları ən gözlənilməz şəraitdə real olmuşdu. Səbəbsiz yerə kədərlənir və düşünürmüş ki, onu həbs edəcəklər. Azadlığa çıxanda isə yeni dünyaya düşəcəyini  tez-tez yuxusunda görürmüş.

Şüurun müdaxiləsinin nələrlə nəticələnəcəyi haqqında kiçik nümunə  “ Beynin gizli həyatı” kitabında verilib. Dostumun əlinə qələm verirəm.  Sağ əli ilə adını yazır, ona sol əllə yazmasını xahiş edirəm. Gördüyü iş haqqında düşünməsə buna nail olacaq. Ən yaxşısı beynin işində şüurun iştirak etməməsidir.

Təzadlı olduğu qədər də sistemli beyin fəaliyyətinə qısa nəzər saldıq. Mən, aysberqin görünən tərəfiyəmsə,  yəni şüurlu beyin mən olmaq istəyirəmsə, beynin qalan hissəsi ömrü boyu nə iş görür..?

 

Könül NURİYEVA

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.18.