Azərbaycandakı təbii fəlakətlər tarixin yaddaşında

 

Tarixin bütün mərhələlərində xalqımızın yaratdığı maddi və mənəvi mədəniyyət nümunələri təkcə bizim deyil, digər xalqların da mədəni dəyərlərinin formalaşmasında boyük rol oynayıb.

Təəssüflər olsun ki, bəşəriyyət üçün nümunə olacaq bu dəyərlər sistemi, zaman-zaman baş verən təbii fəlakətlər və müharibələr nəticəsində ciddi sınaq qarşısında qalıb, bəzi hallarda isə yox olmaq təhlükəsi ilə üzləşib.

Tarixən ölkə ərazisində baş verən zəlzələlər və kütləvi şəkildə yayılan xəstəliklər təkcə mənəvi dəyərlərə ziyan vurmayıb, həmçinin çoxsaylı insan itkisi ilə nəticələnib, demoqrafik proseslərə öz mənfi təsirini göstərib.

Azərbaycanın Avro-Asiya dəhlizinin birləşməsində körpü rolu oynadığını nəzərə alaraq, ölkəmiz vasitəsilə şərqdən qərbə və yaxud əks istiqamətdəki kütləvi hərəkətlilik, miqrasiya axınları kütləvi xəstəliklərin yayılma imkanlarını artırıb. Həmçinin bölgənin seysmoloji baxımdan aktiv fazada yerləşməsi də Azərbaycanda zəlzələ risqinin böyük olması və güclü yeraltı təkanların baş verməsi ilə xarakterizə olunub.

Mövcud tarixi qaynaqların verdiyi məlumatlara əsaslansaq, Azərbaycanda təbii fəlakətlərin ilkin tarixinin erkən orta əsrlər dövrünə təsadüf etdiyinin şahidi olarıq.

Qeyd edək ki, tarixdə ilk zəlzələ haqqında məlumat eramızdan 2050 il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan öz həyatını itirib.

Tarixi mənbələrin verdiyi məlumata görə Azərbaycanda qeydə alınan ilk yeraltı təkanlar V əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərində baş verən zəlzələ ölkədə ilk zəlzələ hesab edilir.  9 bal gücündə olan bu zəlzələ nəticəsində yüz minlərlə insan həlak olmuşdu. Qeyd edək ki, bu zəlzələ haqqında məlumatlar olduqca məhdud xarakterlidir.

Musa Kalankatlı “Alban tarixi” əsərində Albaniyada V əsr hadisələrini təsvir edərkən baş verən digər bir zəlzələ haqqında da qısa şəkildə məlumat verir:

“Səhərə yaxın bərk zəlzələ oldu və orada duranların hamısı yerə yıxıldı... bu dəmdə göydən qapqara bulud endi və insanlar ondan qorxub, evlərinə qayıtdılar”. (Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Bakı, 2006, s.21).

Musa Kalankatlının verdiyi bu məlumatın V əsrə aid olduğu bəlli olsa da, bu zəlzələnin Azərbaycanın şimal-qərb bölgəsində baş verdiyi ehtimal edilir. Hadisələrin təsvirindən məlum olur ki, bu zəlzələ o qədər də böyük dağıntılara və insan itkisinə səbəb olmayıb.

Tarixi qaynaqların verdiyi məlumata görə, h. 244 (858-859)-cü ildə Təbrizdə baş verən şiddətli zəlzələ şəhəri dağıdıb xarabalığa çevirmişdi. Ərəb xəlifəsi Mütəvəkkilin (847-861) əmrilə şəhər yenidən bərpa olunmuşdu.

Təbrizdə 1042-ci il zəlzələsi nəticəsində də şəhərdə 40 min nəfərdən çox insan həlak olmuşdur. Bu haqda orta əsrlər dövrü tarixçisi İbn Əl Əsir yazırdı: “Bu il (1042) Təbrizdə böyük bir zəlzələ oldu. Şəhərin qalası, hasarı, bazarı, evləri və hökümət binasının böyük bir hissəsi dağıldı. Əmir o vaxt bağçada olduğu üçün xilas olmuşdu. Şəhər əhalisindən ölənlərin sayı təqribən əlli minə qədərdi. Əmir bu böyük fəlakət səbəbindən qara matəm paltarı geydi...” (Ali Ībnü'l Esir. El-Kamil Fi’t-Tarih. 9 cilt. İstanbul. 2014. s.391-392).

1042-ci il zəlzələsindən 4 il sonra Təbrizdə olmuş tacik şairi Nasir Xosrov yazırdı ki, mən Təbrizdə olarkən oranın hökmdarı Əbu Mənsur Vəhsudan ibn Məhəmməd idi. Təbriz abad və böyük şəhər kimi görünürdü. Lakin mənə dedilər ki, zəlzələ nəticəsində şəhərin bir hissəsi dağılmış, digər hissəsi isə ziyan görməmişdir.

Tacik şairinin verdiyi bu məlumatdan aydın olur ki, Təbriz əhalisi bu fəlakətin doğurduğu fəsadları aradan qaldıraraq şəhəri əvvəlki görkəminə qaytarmış, abad şəhərə çevirə bilmişdirlər.

Təbriz zəlzələsinin canlı şahidi olan XI əsr görkəmli Azərbaycan şairi Qətran Təbrizi də bu təbii fəlakət haqqında 53 və 31 beytdən ibarət iki qəsidə yazmışdır. Müəllif qəsidələrinin birində zəlzələ baş verən dövrdə Təbrizin sosial həyatını belə təsvir edir:

 

        Üfüqlərdə Təbrizdən xoş şəhər yoxdur,

        Gözəllikdə, camalda, malda, güvənlikdə.

        Bütün xalqı naz ilə nuş içində,

        Camaatı vari-dövlət içində.

        Ey Allah, dünyanın işi belə gəldi,

        Bir gün sevinc olub, bir gün bəla gəldi

 

(Yəhya Zəka. Təbriz zəlzələləri. Tehran, h.1368/ m.1949).

Azərbaycanda ən dağıdıcı zəlzələlərdən biri də 1139-cu ildə baş verib. Bu zəlzələnin ən böyük fəsadları Gəncə şəhərinə dəyib. Bu haqda Alban tarixçisi Mxitar Qoş “Alban salnaməsi”ndə yazırdı: “...Müqəddəs Georgi bayramı günündə ( 30 sentyabr 1139-cu il) Allahın dünyaya qəzəbi tutdu. Yerin hiddəti və böyük dağıntılar dəhşətlə yayılaraq bu Albaniya torpağına da çatdı... Bu zəlzələ nəticəsində bir çox yerlərdə, Parisos və Xaçın vilayətlərində (Qarabağ bölgəsi) istər düzən hissədə, istərsə də dağlarda çox yer dağıldı. Zəlzələdən paytaxt Gəncə şəhəri də əhalisi ilə birlikdə məhv oldu. Dağlıq mahallarda bir çox qalalar və kəndlər, əhalinin başına uçulub tökülən monastırlar və kilsələrlə birlikdə dağıldı.Viran olmuş tikililər və qalaların altında saysız – hesabsız adam tələf oldu...”

(Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Bakı, 2006, s.265).

Tarixçi İbn əl Əsir isə bu təbii fəlakəti belə təsvir etmişdir: “Bu il (1139-cu il) Azərbaycana bağlı Gəncə və digər yerlərdə, Arranda zəlzələ oldu. Lakin ən şiddətlisi isə Gəncədə oldu və çox yer dağıldı. Saysız-hesabsız adam öldü. Deyilənlərə görə, iki yüz otuz min adam ölmüşdür. Ölənlər arasında Azərbaycan hakimi Qara Sunqurun iki oğlu da var idi...” (Ali İbnul Esir. El Kamil Fit Tarih. cild11. İstanbul, 2014. s.70.).

Bu təbii fəlakət haqqında məlumata Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında da rast gəlirik:

 

       Qopdu bir zəlzələ, göyü oynatdı,

       Şəhərlər dağılıb yerlərə batdı.

       Heç bir göz səlamət qalmadı inan,

       Matəm sürməsinə qərq oldu cahan.

       O qədər xəzinə batdı o gecə,

       O şənbə gecəsi yox oldu Gəncə.

 

Tarixçi Kirakos Gəncəlinin məlumatına görə, “...O günlərdə qaranlıq və duman bütün dağları və düzləri bürüdü, dəhşətli bir zəlzələ qopdu və paytaxt Gəncə tamamilə məhv oldu.  Bir çox kişi, qadın və uşaq öldü, onların üstünə çökən binalar səbəbindən ölənlərin sayı-hesabı yox idi. Həmçinin Kəpəz dağı uçaraq burada olan çay yatağının qarşısını kəsdi və indi də mövcud olan dənizi (Göygöl nəzərdə tutulur –M.A.) əmələ gətirdi".

Azərbaycan ərazisində dağıdıcı zəlzələlərdən biri də XII əsrin sonlarına təsadüf etmişdir. 1192-ci ildə Şamaxı şəhərində baş vermiş dağıdıcı zəlzələ həmin dövrdə sürətlə tərəqqi edən Şamaxının inkişafına maneçilik törətmiş, şəhərin tənəzzülünə səbəb olmuşdur. "Tacdarların tarixi və tərifi" adlı gürcü mənbəsində bu təbii fəlakət belə təsvir edilir: "...Yerin lərzəsi Şamaxı şəhərinin divar və qalalarını sarsıdıb dağıtdı, orada olanların hamısı heç olub getdi. Şirvanşahın arvadı və uşaqları da həlak oldular". (Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı. "Elm". 2007. s. 254, 352 - 353). 1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşah I Axsitan iqamətgahını  Bakıya köçürmək məcburiyyətində qalmışdı.

XVII əsrin ortalarına təsadüf edən Təbriz zəlzələsi də Azərbaycan tarixində baş vermiş dağıdıcı zəlzələlərdən biri hesab olunur. 1640-cı il fevral ayının 27-də Təbriz və çevrəsində zəlzələ nəticəsində xeyli adam ölmüşdü.  Bu dövrdə Səfəvi dövlətinin Azərbaycan bəylərbəyisi Rüstəm xanın Səfəvi hökmdarı Şah Səfiyə yazdığı məlumata görə, şəhər və ətraf qəsəbələrdə zəlzələ zamanı 4900 ev dağılmış, 12.600 nəfər həlak olmuşdu. Səfəvi hakimiyyəti zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün xüsusi tədbirlər həyata keçirmiş, hətta Şah Səfi Təbriz əhalisini üç il müddətinə vergilərdən azad etmişdi.

Avropa qaynaqlarında verilən məlumatlar görə, 1721-ci ildə Təbrizdə baş verən zəlzələ nəticəsində isə 80 -100 min nəfər adam həlak olmuşdur.

Azərbaycanın Şirvan bölgəsi seysmoloji baxımdan aktiv fazada yerləşdiyi üçün ən çox zəlzələlər bu ərazilərdə baş vermişdir. Təsadüfi deyil ki, Şamaxıda 1667, 1669, 1671-ci illərdə  baş verən zəlzələlər Azərbaycan tarixində ən güclü yeraltı təkanlardan sayılır. Bu üç zəlzələdə 100 mindən artıq insan həlak olmuşdu. Hətta 1667-ci il Şamaxı zəlzələsinin gücü 8 baldan yuxarı imiş.  Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Şamaxıda 1669-cu ildə təkrar olunan zəlzələ nəticəsində isə minlərlə ev dağılıb, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı olub.

Rus şərqşünasi İlya Nikolayeviç Berezin öz “Səyahətnamə”sində Bakının Maştağa qəsəbəsində baş verən zəlzələ haqqında məlumat vermişdir: ... Həqiqətən də, Maştağa çox gözəl kənd idi. Bu yaxınlardakı zəlzələdən evlərin böyük bir hissəsi dağılmışdı. Bu kənd zəlzələdən 80 il əvvəl də əziyyət çəkmişdi. Maştağa kəndı 1841-ci ilin dekabrında bu bədbəxtliyə yenidən düçar oldu. Olduqca güclü yeraltı təkanlar səhər saat 10 – da başlamış, sakinlər evlərindən heç nə götürə bilməmişdilər. Evlərin çoxu dağılsa da heç kəs həlak olmamaşdı. Yeraltı təkanlar böyük məsafələrdə qeydə alınmışdı. Maştağaya şəxsən Bakı qəza rəisi və digər məmurlar getmişdilər. Onların arasında mən də var idim...”

(Áåðåçèí È. Ïóòåøåñòâèå ïî Äàãåñòàíó è Çàêàâêàçüþ. Êàçàí, 1850. s.267-268)

XIX əsrin ortalarında Cənubi Qafqazın ən böyük quberniyalarından biri sayılan Şamaxıda 1859-cu il zəlzələsi şəhərin siyasi və iqtisadi mövqeyinə böyük zərbə vurmuşdur. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülmüşdü. Zəlzələ nəticəsində bir sıra tarixi tikililər məhv olmuşdu. Onlardan biri də məşhur Şamaxı cümə məscidi idi. Bu zəlzələ nəticəsində 100 min nəfər dünyasını dəyişmişdi. Həmin zəlzələ elə dağıdıcı olub ki, insanların yaddaşından uzun müddət silinməyib, “Şamaxı batan kimi” ifadəsi də həmin təbii fəlakətdən sonra yaranıb.

1902-ci il Şamaxı zəlzələsi də Azərbaycan tarixinin ən güclü, ən dəhşətli zəlzələlərindən biri hesab olunur. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdı. Məlumatlara görə, 1902-ci ildə baş verən zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olmuş, minlərlə insan yaralanmış, 20 min  nəfərədək əhali evsiz-eşiksiz qalmış, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, çoxsayda bazar-dükan dağılaraq yerlə yeksan olmuşdu. Həmçinin zəlzələ nəticəsində Şamaxı qəzasında yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı.

Məlum olduğu kimi, insanların çoxsaylı ölümünə səbəb olan təbii fəlakətlər sırasında kütləvi xəstəliklər də yer almaqdadır. Təəssüflər olsun ki, zaman-zaman dünyada və ya yaşadığımız bölgədə kütləvi şəkildə yayılan xəstəliklər Azərbaycandan da yan keçməyib və acı nəticələrə səbəb olub.

Xüsusi olaraq qeyd edək ki, XX əsrdə geniş coğrafiyanı əhatə edən xəstəliklər, orta əsrlər dövründə daha böyük faciələrə səbəb olub. Orta əsrlər dövründə vəba və “qara ölüm” adlann taun epidemiyası genişmiqyaslı xəstəliklər sırasında daha çox yer alıb.

Orta əsr müəlliflərinin əsərlərində Azərbaycanda kütləvi şəkildə yayılan xəstəliklər haqqında məlumatlara da rast gəlinir. Dövrün tarixçisi Məhəmməd ər-Ravəndi XII əsrin sonlarında Atabəylər dövlətində taun xəstəliyinin kütləvi şəkildə yayılması haqqında yazır: “...Baharın gəlişi ərəfəsində, Atabəy və onun oğulları başda olmaqla, ordu Naxçıvana yollandı. Qurban bayramı günü (yanvar, 1174) yürüş üçün hər şey hazır idi. Bir neçə gündən sonra ordu, torpaqları Naxçıvandan üç mənzil məsafədə olan gürcülərə qarşı hücuma keçdi. Ancaq baş qaldıran taun xəstəliyi Atabəyin ordusuna böyük tələfat verdi. Hər yüz döyüşçüdən, demək olar ki, hamısı ölürdü. Taun çox insanı həyatdan apardı...” (Ravəndinin “Rahət-üs-südür və ayət-üs-sürür” əsəri tarixi mənbə kimi.Bakı, Elm,. 1963. s.96).

XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsərində verilən məlumatlara görə, Azərbaycanda Ağqoyunlu sülaləsinin hakimiyyəti dövründə, 1486-1490-cı illərdə Təbrizdə üç dəfə vəba xəstəliyi yayılıb və xeyli adam həlak olub. Müəllif 1426-cı ildə Şirvan bölgəsində də taun xəstəliyinin yayıldığı və çoxsaylı ölümlə nəticələndiyini qeyd edir.

XVI əsrdə də Azərbaycanda dəfələrlə vəba xəstəliyi yayılmış və böyük fəsadlar törətmişdi. 1539-1540, 1545-1546, 1548-1549, 1580-1581-ci illərdə Təbrizdə yayılmış vəba xəstəliyi nəticəsində çoxlu insan tələfatı olmuşdu.

Təkcə 1580-1581-ci illərdə Təbriz şəhərində vəba xəstəliyindən gündə 200-300 nəfər insan ölüb. Qazi Əhməd Quminin "Xülasət ət-təvarix" əsərində verilən məlumata görə, “həmin ildə (1580-1581-ci illər) Təbriz və onun ətraf mahalında vəba xəstəliyindən 6 min adam ölmüşdü”.

1538-1548-ci illər arasında Təbrizdə bir neçə dəfə vəba xəstəliyi yayılmış və xeyli insan tələfatına səbəb olmuşdu. Bu da həmin dövrdə baş verən müharibələrlə əlaqədar idi.

Səfəvilər dövrü Azərbaycan tarixçisi İsgəndər bəy Münşi özünün “Tarixe-aləmaraye-Abbasi” əsərində Azərbaycanın Ərdəbil şəhərində kütləvi insan ölümünə səbəb olan taun xəstəliyi haqqında məlumat verir. Müəllif yazır: “Başqa bir hadisə doqquz yüz səksən birinci ildə (miladi 1573/74) baş verdi. Taun xəstəliyi səbəbindən Ərdəbil darülirşadında otuz min nəfərədək adam tələf oldu....” ( İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi Şahin Fərzəlibəyli. Bakı, 2010, s.235).

Etnoqraf alim L.İ.Lavrov taun xəstəliyinin 1716/17-ci illərdə Azərbaycanda tüğyan etməsi nəticəsində təkcə Şamaxı və onun ətrafında 70 min adamın öldüyünü qeyd edir...

Ölkəmizin ərazisində tarix boyu baş verən təbii fəlakətlərə nəzər yetirdikdə bu qənaətə gəlmək olur ki, zaman-zaman baş verən zəlzələ və epidemiyalar ağır sosial-iqtisadi fəsadlar doğursa da, Azərbaycan xalqı bu ağrı-acıların öhdəsindən layiqli şəkildə gəlmiş, öz milli-mənəvi və dövlətçilik ənənələrini qoruyaraq bu müqəddəs dəyərlərə sahib çıxmışdır.

Təəssüf hissi ilə qeyd edək ki, bu günlərdə Azərbaycanın və dünyanın təbii fəlakətlər tarixinə əlavə olunacaq daha bir  kütləvi xəstəliklə üz-üzə dayanmışıq. Ümid edək ki, dünyada kütləvi şəkildə yayılan və Azərbaycandan da yan keçməyən, cəmiyyətin sosial-iqtisadi həyatında, mənəvi-psixoloji durumunda çox mənfi izlər buraxan  Covid-19 pandemiyasını da mümkün qədər az itki ilə ötüşdürəcəyik.

 

Mübariz AĞALARLI

Tarix İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.20-21.