Niderlandda yaşayan həmyerlimiz:

"Azərbaycandakı həkimlər daha peşəkardır"

 

"Pandemiya elan olunduqdan sonra dövlətlər virusla mübarizədə 3 əsas üsuldan istifadə etməyə başladılar. Birincisi, hollandların təbirincə desək, "Total lockdown"du. Yəni "kütləvi qapanma". Bura karantin rejimi, fövqəladə vəziyyət aiddi. Hansı ki, karantin rejimini Azərbaycan tətbiq etdi. İkincisi, "məntiqli qapanma" siyasətidir. Yəni "İntelligent lockdown". Niderland hökuməti məhz bu variantın üzərində dayandı. Üçüncüsü isə, insanlarda təbii immunitetin yaranacağı - "Herd immunity" fikri ilə hər şeyi taleyin ümidinə buraxmaq. İsveçi misal gətirə bilərəm. Əslində, məhz 2-ci variant hollandlar üçün daha münasib idi. Çünki karantin rejimi tətbiq edilsəydi, ciddi problemlər yaranacaqdı. Niderland istehsal gücünə görə dünyada öndə gedən dövlətlərdəndi. İstehsalatın dayanması ölkə üçün faciəvi nəticələrə gətirib çıxara bilər. 3-cü variantda isə əhali hökuməti pandemiya ilə mübarizədə fəaliyyətsizlikdə ittiham edəcəkdi".

Bu sözlər Niderlandda yaşayan həmyerlimiz Şamil Mustafayevə məxsusdu. Şamilin 27 yaşı var, 5 ildir ki, Niderlanddadır, hazırda Rotterdamda yaşayır. Orada ali təhsilini başa vurduqdan sonra 2018-ci ilin aprelindən dünyanın ən böyük İT Konsaltinq şirkətlərindən olan "Kapgemini"də İT mütəxəssisi kimi çalışır.

 

"Hamıdan çox onlar pandemiyanın bitməsini gözləyirlər"

 

Şamilin sözlərinə görə, Niderlandda indiki durumda hansısa qadağalar qoyulmayıb. Sadəcə, dövlət əhaliyə mümkün qədər bir yerə toplaşmamaq, bayıra çıxmamaq, şəxsi gigiyena qaydalarına riayət etmək s. tövsiyə edir: "Fiziki şəxslərə gəlincə, bəli, artıq burada qadağalar var. İctimai-iaşə müəssisələri, universitetlər, məktəblər, uşaq bağçaları bağlıdır, kütləvi tədbirlərin keçirilməsi yasaqlanıb. Yalnız həkimlərin, yanğınsöndürənlərin polislərin övladları üçün uşaq bağçaları açıqdı. Qaydaları pozanlar cərimələnirlər. Vətəndaşlarla bağlı isə onu deyə bilərəm ki, hansısa cərimə nəzərdə tutulmayıb. Ümumiyyətlə, Avropada insanlar qaydalara riayət etməyə çalışırlar. Düzdür, sözə qulaq asmayanlar da var. Belələri çox deyil. Yaxınlarda gəzintiyə çıxanda bir qrup insanın bir yerə toplaşdığının şahidi oldum. Polis yaxınlaşıb bir qədər aralı dayanmalarını xahiş etdi, vəssalam".

"Məntiqli qapanma" rejimində şəhərdə canlanma təbii ki, əvvəlki kimi deyil. Doğrudur, şəhər nəqliyyatı, metro işləyir. Amma vaxt intervalı artırılıb. Şəhərdə avtomobillər əvvəlki kimi çox deyil. İnsanlar bacardıqca evdən işləməyə çalışırlar. Amma elə sahələr var ki, onlar fasiləsiz fəaliyyət göstərir". Bunları da bizə Şamil söylədi. Onun sözlərinə görə, əgər bir çox istehsalat sahələri fəaliyyətlərinə ara versələr, iqtisadiyyat çökə bilər: "Mən artıq neçə gündür ki, evdən işləyirəm. Çalışıram küçədə-bayırda az görünüm. Ümumiyyətlə, pandemiya bir qrup insanı evdən işləməyə məcbur etdi. Bəziləri düşünə bilərlər ki, bu, gələcəkdə vərdiş halını alacaq və hər şey bitdikdən sonra da işə çıxmağa ehtiyac olmayacaq. Fikrimcə, səhv yanaşmadı. Burada hamı bir arzu ilə yaşayır - tezliklə həyat əvvəlki axarına qayıtsın və işə çıxsınlar. Biz sosial varlıqlarıq. İşə getmək təkcə işləməkdən ibarət deyil ki... İnsanlarla ünsiyyətdə oluruq, hərəkət edirik, sosiallaşırıq. Evdə oturmaq insanların psixologiyasına mənfi təsir göstərir. Niderlandda elə insanlar var ki, onlar dünyanın düz vaxtında evdə qalmağı xoşlayırdılar. İnandırım ki, hamıdan çox onlar pandemiyanın bitməsini gözləyirlər".

 

"Hollandlar bizim qədər təmizkar deyillər"

 

Niderland koronavirusa yoluxma və ölüm sayına görə dünyada "liderlər" sırasında yer alıb. Ümumdünya Səhiyyə Təşkilatının aprelin 14-ə olan məlumatına görə, bu kiçik Avropa dövlətində 25 mindən çox insan virusa yoluxub. Ölüm sayına görə isə, ilk "10-luğ"u qapayır. "Zanbaqlar ölkəsi"ndə virus qurbanlarının sayı 3 minə çatmaqdadı. Bəs, bu hal əhali arasında təşvişə səbəb olmur? Həmyerlimiz yoluxma və ölüm sayının çoxluğuna baxmayaraq, insanların panikaya düşmədiyini söyləyir. Bu da əhalinin dövlətə və verilən qərarlara böyük güvənin olmasından, səhiyyəyə inamından irəli gəlir: "Burada insanlar dövlətə və həkimlərə inanırlar. Amma mən yerli səhiyyəyə o qədər də etibar etmirəm. Doğrudur, baş nazir Mark Ruttenin "məntiqli qapanma" ilə bağlı çıxışından sonra ilk 3-4 gün ərzində insanlarda müəyyən həyəcan hiss olundu, kütləvi şəkildə mağazalara axışdılar, bəzi məhsullar, o cümlədən, tualet kağızı qısa zamanda yoxa çıxdı. Amma Rutte bildirəndə ki, dövlətin ərzaq və tualet kağızı ehtiyatı yetərincədir, bundan sonra sakitlik yarandı. Niyə məhz tualet kağızı? Çünki hollandlar bizim qədər təmizkar deyillər. Burada sosial şəbəkələrdə yayılan xəbərlər həlledici rol oynadı. Kimsə yazdı ki, tualet kağızı qəhətə çıxacaq, əksəriyyət də buna inandı. Kimsə məsələn, düyü yazsaydı, yəqin ki, düyünün "başına" bu oyun gələcəkdi".

Şamilin bu fikri ilə tam razıyıq. Sosial şəbəkələrin hesabına bizdə də zəncəfilin qiyməti 10 qat bahalaşmışdı. Həmsöhbətim bayaq yerli səhiyyəyə etibar etmədiyini vurğuladı. Bunun səbəbini soruşduq. Şamil Niderlandda insanların bizdən fərqli olaraq, özlərini bir balaca narahat hiss edən kimi, yeri gəldi-gəlmədi həkimə müraciət etdiyini və bu üzdən həkimlərin işinin artdığını bildirdi: "İlk müraciətdə xəstəyə ancaq ağrıkəsici - "parasetamol" verirlər. İkinci müraciətdə xəstəyə bu dəfə 2 tabletka "parasetamol" qəbul etdirirlər. Yalnız 3-cü müraciətdən sonra xəstə ətraflı müayinə olunur və gələcək müalicə üçün qərar verilir. Özü də bu qərarı tək verə bilmirlər, 4-5 həkim konsilium aparır. Amma Azərbaycanda fərqlidir. Bir həkim həm müayinə apara bilir və eyni zamanda, sərbəst qərar verə bilir. Bu da nadir hallarda özünü doğrultmur. Fikrimcə, Azərbaycandakı həkimlər buradakı həmkarlarından daha peşəkardır. Üstəlik, pandemiya başlayandan sonra burada həkimlər müraciət edənlərə heç "parasetamol" da vermirlər. Yalnız ağır xəstələri qəbul edirlər".

 

"Ölkəmiz bu addımı mütləq atmalı idi"

 

Futbol ictimaiyyəti Şamil Mustafayevi yaxşı tanıyır. "Milli dəstə" azarkeş qrupunun həmtəsisçisi olan Şamil yığma komandamızın və avrokuboklarda iştirak edən təmsilçilərimizin səfər oyunlarının əksəriyyətində komandalarımızı tribunadan dəstəkləyib. Şamil həm də futbolla aktiv məşğul olur, həvəskarlar liqasında çıxış edən "HBS Craeyenhout"un üzvüdü. Bütün Avropa ölkələrində olduğu kimi, Niderlandda da daxili yarışların dayandırıldığı məlumdu. Bəs, çempionatlar davam etdiriləcək, yoxsa?.. Şamil Hollandiya Futbol Federasiyasının qərarına görə, həvəskarlar arasında keçirilən birinciliyin bu mövsüm ləğv edildiyini bildirdi. Amma peşəkar liqalara gəlincə, çempionatlar sadəcə, dayandırılıb. Klublarda və akademiyada məşqlər keçirilmir. Hətta Niderland millisi martın 26-da ABŞ, 29-da isə İspaniya yığması ilə yoxlama oyunu keçirməliydi. Mövcud vəziyyətlə əlaqədar həmin oyunlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Niderlandda xeyli azərbaycanlı yaşayır, işləyir, təhsil alır. Aralarında virus daşıyıcısı olan varmı? Şamil deyir ki, tanışları arasında virusa yoluxan yoxdur. Azərbaycanlılardan kiminsə yoluxduğunu da eşitməyib: "Bizim azərbaycanlılardan ibarət 300-ə yaxın üzvü olan qrupumuz var. Hər gün əlaqədə oluruq. Birdən kiməsə kömək lazım olar, iləsə bağlı çətinliyi yaranar. Şükürlər olsun, maddi mənəvi sıxıntısı olan yoxdur. Olsa belə, bir azərbaycanlı kimi hamımız həmin insana yardım etməyə hazırıq. Doğrudur, burada təhsil alan bir qrup tələbə Azərbaycana dönməyə qərar verdi dövlətimiz onları vətənə apardı. Fikrimcə, burada qalsalar, daha yaxşı olardı. Azından həkimlərimizə yük düşməzdi, virus daşıyıcısı kimi, əgər aralarında belələri var idisə, başqalarını yoluxdurmaq ehtimalı azalardı... Maddi baxımdan çətinlik çəkənləri, psixoloji gərginlik yaşayanları anlayıram. Bəlkə onlar da mənim kimi buradakı həkimlərə etibar etmədilər deyə, Azərbaycana qayıtdılar. Ancaq heç bir problemi olmayanların buradan getməsini heç cür başa düşə bilmədim".

Həmsöhbətim bir azərbaycanlı, bu ölkənin vətəndaşı kimi hər gün vətənindəki vəziyyətlə maraqlandığını deyir. Bir çox inkişaf etmiş dövlətlərdən fərqli olaraq Azərbaycanın pandemiya ilə mübarizədə qabaqlayıcı tədbirlər görməsi Şamili sevindirir: "Ölkəmiz bu addımı mütləq atmalı idi. Buna görədi ki, bizdə virusa yoluxanların həyatlarını itirənlərin sayı Avropa ölkələri ilə müqayisədə xeyli azdı. Təəssüf ki, görülən işlərə rəğmən, qaydaları pozanlar çoxdu. Karantin rejiminə qədər düzgün riayət etsək, virusla mübarizədə bir o qədər tez qalib gələrik. O ki qaldı bu vəziyyətdə ziyana düşən fiziki fərdi şəxslərə, dövlətimizin vətəndaşlarını maddi baxımdan çətin durumda qoymayacağı dəqiqdi. Artıq bu yöndə addımların atıldığının şahidi oluruq".

 

İlqar TAĞIYEV

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.24.