Özü də, sözü də unudulmazdır

 

TƏLƏBƏLİK DOSTUM OLAN DƏYƏRLİ ŞAİR, FƏDAKAR TƏRCÜMƏÇİ MƏRHUM ƏHƏD MUXTAR HAQQINDA XATİRƏLƏRİM

 

İnsan ömrü üçün uzun bir zaman öncə - 65 il bundan əvvəl, yəni 1955-ci ilin qızmar yay günlərində ali məktəbə qəbul olunmaq arzusu ilə müxtəlif ünvanlardan Bakıya üz tutmuşduq. Seçimimizi də əvvəlcədən dəqiq müəyyənləşdirmişdik: Lenin adına APİ-nin (indiki ADPU) dil-ədəbiyyat fakültəsi. Çox ciddi müsabiqə gözlənilirdi: hər yerə 9-10 abituriyent sənəd vermişdi.

Qismətdən idi, ya nədən, deyə bilmərəm, bizim üçün hər şey sonadək uğurlu keçdi. Altı imtahan verdik, o cümlədən çoxlarına “qənim kəsilmiş” rus dilindən yazılı (imla) və şifahi... Yüksək balla tələbələr sırasına qatıldıq.

50 nəfər idik. Qəbulumuzu filologiya elmləri namizədi, dosent, alicənab müəllim, tanınmış yazıçı İsmayıl Şıxlı başda olmaqla çox tələbkar komissiya üzvləri aparmışdı.

Bakıxanov küçəsindəki oğlanlar yataqxanasında qalırdıq. Hazırda H.Əliyev adına “Müasir Təhsil Kompleksinin” alt yanında - yerində indi gözəl istirahət parkı salınıb. Otaqlar 4 nəfərlik idi. Bizə - birinci kurslardan ibarət dəstəyə dairəvi oxu zalının alt qatındakı 10 çarpayılıq 27-ci otaq düşmüşdü.

Dərsləri ikinci növbəyə salmışdılar. Saat 14:00-da başlayır, 21:30-da qurtarırdıq. Yaxşı halda, saat 23-dən sonra biş-düşü çay dəsgahını yekunlaşdıraraq sabahın dərslərinə “baş vurmağa” macal tapardıq. İçimizdə Salyandan, Qırmızıkənddən gəlmiş Əjdər Ağayev həm cəld idi, həm də məlumatlı. Hələ məktəbli ikən “Azərbaycan pioneri” qəzeti ilə məktublaşırmış, ara-sıra bu mətbu orqandakı çıxışları ona xeyli tanış-biliş də qazandırmışdı.

Bir axşam “ev işlərini” qaydaya salıb yenicə söhbətə başlamışdıq ki, ucaboy, gur saçlarını səliqə ilə arxaya daramış, şivərək bir oğlan gəldi və dərhal da söhbətə başladı - tanış olmağa gəlmişəm, sizin fakültənin dördüncü kursunda oxuyuram, adım İlyasdır, - dedi. Hamımızı o təbrik etdi, sonra qaynar tələbəlik dövrünün romantikasından söhbət saldı, dönə-dönə “əmanətlədi” ki, yaxşı oxuyun, qalan hər saatı, hər dəqiqəni bədii yaradıcılıq məsələlərinə, bir də mütaliəyə verin. Ayrılarkən əlindəki “Azərbaycan müəllimi” qəzetini açıb göstərdi, dedi ki, bu nömrədə mənim şeirim gedibdir. İmzaya baxdıq: İlyas Tapdıq idi.

Bu “sürpriz” görüş ürəyimizdən oldu və sanki hamımızın qəlbində belə bir inam yaratdı ki, institut təkcə imtahan və zaçotlara hazırlaşmaq, kursdan-kursa keçmək üçün “tramplin” deyil, həm də bədii yaradıcılıqla məşğul olmaq, bilik səviyyəmizi yüksəltmək, yaxşı müəllim, ziyalı olmaq üçün vacib məqam, çox sərfəli vəsilədir.

“Birləşmə”mizdə (elə qruplarımızda da) yaxşı oxumağa can atan, bədii yaradıcılığa meyl edən oğlan və qızlarımız var idi. Əjdər, Nəriman, Şəkər, İlyas və başqalarının adı elə ilk günlərdən hallanırdı. Əhədulla da bizim dəstəyə meyl edirdi...

Bir axşam “saray-otağımızda” söhbət poeziya, lirika üstündə “köklənmişdi”. Hərə öz mövqeyini ortaya qoyurdu. Mətləb xeyli uzandı. Yatmaq vaxtı idi. Bu “izdihamlı” disputa qarışmayan, çarpayısında oturub deyilənlərə sakitcə qulaq asan “cənublu” balası – Əhədulla Qənbərov üzünü “məclisin aparıcısına” tutaraq: - Ajdər (az qala təhsil estafetinin yarısı keçənədək onun adını belə tələffüz eləyəcəkdi. Bəlkə də bu, “A Əjdər” xitabının maraqlı bir səslənişi idi), - dedi, - sən şeiri necə yazırsan?

Sual, başqalarını deyə bilmərəm, mənə çox qəribə gəldi. Fikir məni götürmüşdü: necə ola bilər ki, orta məktəb bitirəsən, üstəlik də belə bir tələbkar komissiyanın sınağından keçib ali məktəb tələbəsi olasan, ancaq dilinə belə bir “bəsit” sual gətirəsən?! Ədəbiyyatla, yaradıcılıqla bağlı öz bildiklərimi onun bu sualı ilə yan-yana qoyanda, düzü, Əhədullanın səviyyəsi barədə bədgüman oldum. Ancaq o cür tələbkar komissiya qarşısında “sınmayan” necə deyərlər, üzüb “sahilə çıxan” gənci də çox yamanlaya bilməzdim. Nəsə, bütün bunlar məndə təzadlı fikirlər yaradırdı, fərqinə çox varanda isə arabir dostumuza qəlbimdə bəraət hissi də baş qaldırırdı.

Hərçənd ki, Əjdər dostunun (çörək yoldaşının) sualını cavabsız qoymadı. Təmkinlə, poeziya, şeir yaradıcılığı barədə bildiklərini danışdı. O, fikrini tamamlayarkən Əhədulla əvvəlcə ümumi dəftərlərini, sonra da bir tərəfə atılmış söykənəcəksiz stulu (taburetka deyərdik) götürüb qapıya yaxınlaşdı, bu anda nə fikirləşdisə, ayaq saxladı və ucadan: - Ajdər, mən getdim güşəyə (“Guşə” - iki korpusu birləşdirən sakit bir yer idi – Ə.Ə.), yazmağa! - dedi. - Görərsiniz, yazacağam...

Bunu deyən kimi gözdən itdi.

Gecənin bir vaxtı dostumuz hay-küylə qayıtdı, gülə-gülə hamımızı səslədi. Yuxudan olmuşduq, ancaq o, heç nəyə məhəl qoymadan dönə-dönə təkrar edirdi:

- Yazmışam! Durun, qulaq asın! Oxuyuram şeirimi. Axı sizə söz vermişdim...

Xatirindən keçmədik, hamımız durub qulaq asdıq.

Uşaqlıq dövrünə qayıdaraq, qarşılaşdığı mənzərəni “nəzmə çəkmiş”, mövzu ilə səsləşən bir süjet də düşünmüş, gördüyü bir qarışqa ilə xəyalən “söhbətə girişmişdi...”

Düzü, bu cızmaqaradan heç birimiz aydın bir şey anlamadıq. Ancaq gecənin bu vaxtında mətləbi də uzada bilməzdik. Əlimizdən gələni etdik: alqışladıq, sonra da uğurlar dilədik!...

Bu əhvalatdan bizi neçə-neçə onillik ayırır. Ancaq çox keçmədən, şair və tərcüməçi, fəal ədəbiyyat adamı Əhəd Muxtar imzasıyla geniş tanınan və rəğbət qazanan Əhədulla Muxtar oğlu Qənbərovun ilk yaradıcılıq cəhdinin məhz belə bir baməzə epizodla başlaması indiki kimi yadımdadır.

Əhədulla Qənbərov 1937-ci ildə Azərbaycanımızın həqiqi mənada dilbər güşələrindən olan Astara rayonunun Kakalos kəndində doğulmuş, talışca dil açmışdı. Bir çoxları kimi, onun da elmə, xüsusilə ədəbiyyata, şeirə, bədii yaradıcılığa həvəsi orta məktəb illərində başlayıbmış. Ancaq bu həvəsin əməldə öz ifadəsini tapması yalnız tələbə adını qazandıqdan sonra mümkün olmuşdu. Təhsilin ilk aylarında nitqindəki özünəməxsus fərqlilik, güclü dialekt-şivə elementləri, Azərbaycan türkcəsində söz ehtiyatının azlığı özünü qabarıq göstərir və açığı, Əhədullaya xeyli mane olurdu. Elə rus dilini öyrənməsi də ciddiçətinliklə başa gəlirdi. Ancaq o öz əzmkarlığı, iradəsi, yaradıcılığa sonsuz həvəsi sayəsində bütün əngəlləri qıza müddətdə aradan qaldıraraq özünü yetişdirib təkmilləşdirdi. Yaxşı yadımdadır, rus dili üzrə məşğələni aparan təmkinli və alicənab müəllimimiz, milliyətcə türkmən Muxamed Muradoviç (Kurbanov) vaxtaşırı Əhədullanın çıxışını dayandırar, yanlış səslənən söz, ifadə, deyim tərzinə düzəliş edərdi. Əhədulla “o” və “u” səslərini çox vaxt qarışıq salardı, məsələn”,vot” əvəzinə “vut” işlədərdi. Müəllim də dərhal müdaxilə edib düzəliş verərdi: “Kanbarov, ne “vut”, a vot nado skazat!”

Eyni çətinlikləri başqa bir tələbə yoldaşımız – 3-cü kursdan bizimlə oxuyan ləzgi Kələntər Kələntərov (Kələntərli) da çəkmiş, ancaq tez də öhdəsindən gəlmişdi. Onun hər iki dildə yazdığı şeir və poemalar dilimizdə çox rəvan və ahəngdar səslənir, oxucularda rəğbət oyadırdı. Əhədin bu yoldakı irəliləyişi, özünüifadə axtarışları isə gözümüzün önündə bir müddət davam etdi və uğurla nəticələndi.     

Dəmir çarpayı Əhədin (demək olar ki, hamımızın) “qiraət güşəsi” idi. Xörək yeyib (yataqxanada, həm də institutda nümunəvi yeməkxanalarımız var idi), çay içəndən sonra ümumi dəftərini, kitablarını götürüb uzanardı yerinə. İki, bəzən üç saat heç nəyə fikir vermədən mütaliə edərdi. Arada durub mer-meyvədən ağzına atar, şeir deyər, bəzən qəribə tərzdə zümzümə edər, sanki bununla yorğunluğunu çıxarardı. “Sakitliyi pozduğuna görə” hərdən irad tutardıq ona. Saya salmaz, cavab da verməzdi. Öz “qiraət güşəsinə” - çarpayısına çəkilib, ikinci “seansın” başlanğıcında adətən bu məzmunda bəyanat verərdi: “Mən başladım, kim nə bacarır, eləsin: istər səs salın, istər mahnı oxuyun, oynayın, lap “top atın”... Vecimə deyil, diqqətim də yayınmaz, arxayın ola bilərsiz. Bu idi onun cavab -“kredosu”.

Mütaliə dövrü, dərsə, seminarlara hazırlıq əksər hallarda “gecə növbəsinə” düşərdi. Fərq etməzdi, yenə həmin ümumi dəftər, lazımi kitablar əlində Əhəd gələr, yan alardı çarpayısına. Gecənin bir vaxtı yorğun düşər, yuxu aparardı onu. Arada bir üşüyərdi, üstü açıq qalardı. Sübh tezdən oyanar, sakitcə durub bərk gərnəşər, əl-qol hərəkətləri ilə guya “bədənini isidər”, yenə adi rejimdə məşğələyə davam edərdi.

Əhədin daha bir fərqləndirici cəhəti var idi. Dostumuz Əjdərdən fərqli olaraq, o, xəstəliklərdən, ağrı-acıdan əsla giley-güzar etməzdi. Bir gün əhvalının lap xoş vaxtında özünəməxsus şivəsiylə düşmüşdü Əjdərin üstünə:

- Ajdər, - dedi, - o baş ağrısı, can ağrısı, qol-qıç ağrısı deyirsən e, onlar nə olan şeylərdi? Bir əlamətlərini söylə, məlumatım olsun daa...

Sual da, deyiliş tərzi də şirin gülüşə səbəb olmuşdu. Sözün açığı, biz hamımız Əhədin sağlamlığından əmindik və buz baltası kimi möhkəm bədənə malik dostumuzun sağlamlığına həsəd aparmağımız da vardı.

Aradan təxminən 25 il keçmişdi. Əjdərlə növbəti dəfə məktublaşanda bu məqam yadıma düşdü. Tez də “haşiyə çıxıb”, ondan Əhədin vəziyyətini soruşdum, yazdım ki, o yenəmi sənə xəstəliklər barədə sual verir, ağrı, əlamət axtarır?

Əjdərin cavab məktubu yubanmadı, ancaq yazdığı məni məyus etdi. Yazmışdı ki, əzizim Əsgər, sənin gördüyün “şamlar” (ağaclar) indi kürək, şana olub. Ötən müddət ərzində Əhədulla xəstəlik sarıdan çox şey “öyrənib”, onların dadını da görüb və hər birinin əlamətlərini yaxşı bilir. Baş ağrısı, can ağrısı, lap ürək ağrısı... barəsində əməlli-başlı təsəvvürü var, bəzilərindən hətta müalicə də alıb...

Vəziyyətin nə yerdə olduğunu duyub bərk təəsüfləndim, özümdən aslı olmayaraq, fikrimdən bu sözlər keçdi: “Sənə güvəndiyim dağlar...”

 

***

 

Şeir, nəsr həvəskarları üçün APİ-də ədəbi yaradıcılıq dərnəyi fəaliyyət göstərirdi. Əsrin ortalarından bu yığcam “kollektivə” rəhbərlik yazıçı, ədəbiyyatşünas alim, dərin biliyə malik ziyalı İsmayıl Şıxlıya həvalə edilmişdi.

 

 

2-ci kursdan yadigar.

Qrupumuzun rəhbəri olan görkəmli yazıçı İsmayıl Şıxlının başçılığı altında Salyan rayonunda pambıq yığımındayıq. Bu şəkil istirahət zamanı çəkilib. 2-ci sırada soldan beşinci - Əhəd Muxtar. Oktyabr, 1956-cı il.

Gənc ədəbi qüvvələrin şeir, hekayə və yumoreskoları... dərnəyin məşğələlərində oxunub geniş müzakirə edilən, bəyənilən nümunələr institutun “Gənc müəllim” adında çoxtirajlı qəzetində verilər, daha sanballıları respublika mətbuatına çıxarılmağa tövsiyə olunardı.

Ədəbi yaradıcılıq dərnəyinin “özəyini” dil-ədəbiyyat fakültəsinin tələbələri təşkil edirdi. Çoxdan həsrətində olduğu “canlı müzakirə məktəbinin” məşğələlərinə qatılmaq, dostlarının yaradıcıllığı ilə tanış olmaq, onlar barəsində fikir yürütmək Əhədin çoxdankı arzusu idi. Yaxın dostu Əjdərin təbliği və hətta təhriki ilə o, müzakirələrdə həvəslə iştirak etdi, orijinal fikirlər bildirməsilə diqqət çəkdi. Artıq xeyli rəvan şəkildə, maraqlı dil və üslub xüsusiyyətlərilə yazdığı şeirlərini müzakirəyə təqdim etdi və gənc yaradıcıların sırasında öz yerini tutdu. Bundan sonra o, daha inam və cəsarətlə işə girişdi. “Cəbbəxanasında” nə vardısa, hamısını elmə, bir də bədii yaradıcılığa yönəltdi... Aradan təxminən bir il keçəndən sonra şair kimi özünü təsdiqlədi. Həm də 50 nəfərin içərisində və ciddi, tələbkar İsmayıl Şıxlı seçimindən sonra! Özünə də çoxdan arzusunda olduğu, yaddaqalan bir təxəllüs götürdü. Beləliklə, tələbə dostumuz Əhədulla Qənbərov Əhəd Muxtar kimi tanınmağa başladı...

O, adi, sıradan şair olmadı, sayılan-seçilən, ölçülü-biçili ədəbiyyat adamına, əsl söz-poeziya xiridarına çevrildi. İlk qələm təcrübələrindən tərtib olunmuş 27 səhifəlik “Şəfəq seli” kitabçası (1969) ilə müqayisədə sonrakı şeirləri həm ideya-məzmun baxımından, həm bədii dəyərinə görə bir-birindən köklü surətdə fərqlənirdi, həm də şairin yaradıcılığına boyük tərəqqinin baş verdiyinə işarə idi.

 “Gənc şairin ilk kitabı” seriyasından olan bu şeirlər toplusu sayaqədəm çıxdı, ona uğur üstündən uğur gətirdi.

Bir məqamı da qeyd etməliyəm ki, Əhəd Muxtar pedaqoji təhsil almış, ixtisasca müəllim kimi hazırlanmış, İnstitutun tarix-filologiya fakultəsini bitirmişdi. Özü də fərqlənmə (qırmızı) diplomu ilə. Doğrudur, şair dostum müəllim də işlədi, ancaq onun bu fəaliyyəti uzun çəkmədi: poeziya aləmi, qismən də jurnalistika pedaqoji sahəyə üstün gəldi, onu müəllimlikdən uzaqlaşdırdı. Ancaq həyat və yaradıcılıq yolunda bir çoxlarına əsl müəllim oldu, yol göstərdi, cığır açdı. O zaman respublikada böyük nüfuza malik, populyar ədəbi orqan olan “Ulduz” jurnalı Əhəd Muxtarın yaradıcılıq taleyində müstəsna rol oynadı. Ancaq bu da danılmaz faktdır ki, həmin jurnalın nəşr tarixində də Əhəd Muxtarın xüsusi yeri və rolu var. O, “Ulduz”da ədəbi işçi kimi fəaliyyətə başladı, sonra şöbə müdiri oldu və nəhayət, məsul katib kimi öz missiyasını başa vurdu. Arada başqa mətbu orqanlar üçün də əmək sərf etsə belə, Əhəd Muxtarın ədəbi-publisistik fəaliyyətinin baş ünvanı məhz “Ulduz”dur.

O dövrün qaynar ədəbi mühiti Ə.Muxtarı yeni-yeni yaradıcılıq uğurlarına ruhlandırdı. Sonrakı illərdə şair “And iç” (1977), “Salam, insanlar” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) şeir kitablarını çap etdirdi.

Nədən yazırdı şair, hansı mövzulara, kimlərə, nələrə üz tuturdu yaradıcılıqda? Qədim və müasir Azərbaycan, şan-şöhrətli diyarımız, onun qəlboxşayan guşələri, vətənimizin yerüstü və yeraltı zənginlikləri, onu bütün cahanda tanıdan ulu şəxsiyyətləri, sənətkarları, yorulmaz, qadir əmək adamları...

Əhəd Muxtar şair kimi ilk növbədə güclü müşahidə qabiliyyəti və mənzərə yaddaşı ilə seçilirdi. O, qələmə aldığı mövzunu, hadisəni, obyekti yetərincə müşahidə edib ümumiləşdirmədən, izlədiyi ideyanı dəqiq ayırd etmədən yazmağa girişməzdi. Məhz bu cəhət Əhəd Muxtar poeziyasına daha da təravət, şuxluq gətirir, oxucu zövqünü oxşayırdı. Onun “Şəfəq seli “ kitabçasına düşən “Kəlbəcərdə” şeirini oxuyanda özümün də bir zaman o gözəl diyara getməyim bütün təfərrüatı ilə gözlərim önündə canlanır.

Başımın üstündə bulud ötüşdü,

Yuyundu meşələr leysan içində.

Dağlarda kişnəyib arana düşdü

Sərsəri ildırım bir an içində.

Görməyən, bilməyən, duymayan insan bu poetik misraları adi söz, sadə fikir kimi qəbul edər. Ansaq mətləbdən hali olan oxucu bu poetik təsvirlərin gücünü, həqiqiliyini lazımınca dərk edə bilər. Çünki Əhəd Muxtar adi təbiət hadisəsini mənalandırır, öz “məni” ilə ona fəlsəfi bir yozum verir, oxucunun ruhunu oxşayır...

Əhəd istedadlı, sözə həssas, orijinal yanaşan şair idi! Daim axtarışlar aparan, yorulmaq nə olduğunu bilməyən, fəsilləri, havanın isti-soyuqluğunu nəzərə almayan, “yükün ağırını” çiyninə götürən və yazıb-yaradan ədəbiyyatçı idi! Başlanğıcda onun şeirlərində ara-sıra rastımıza çıxan mücərrədlik, bəzən “məzmun dağınıqlığı” tədricən aradan qalxır, yerini ali-bəşəri ideyaların təbliğinə verirdi. Seçdiyi məzmunu, ideyanı daha incə mətləblərlə çatdırmaq üçün şair yeni yollar axtarır, bu tələblərə uyğun da forma seçir, ürəyindən keçənləri poetik misralarla ortaya qoyurdu.

O hansı diyardır, saysız yaşı var,

Hər qarış torpağı qızıldan baha?

Yüz xalqın içində alnında vüqar,

İnamla yol gedir nurlu sabaha!

Görmək istəsəniz belə bir məkan,

Başlayın birinci Azərbaycandan!

Əhəd Muxtar lirikasında eşq, məhəbbət insanı yaşadan, ucaldan qadir qüvvə, bəşəri ideya, ulu varlıq kimi tərənnüm və təbliğ edilir. “Məhəbbət olub” şeiri bu baxımdan çox xarakterikdir. Şairin gəldiyi qənaət lirik parçanın leytmotivi kimi səslənir:

Sevən ürəkləri daim yaşadan,

Əhdə vəfa olub, səadət olub,

Yeddi möcüzəylə nurlanır cahan,

Onun yeddisi də məhəbbət olub!

 

***

 

Bədii tərcümə sahəsindəki fəaliyyətini nəzərə almadan Əhəd Muxtar haqqında necə yüksək fikir, rəy bildirsən də, yenə natamam səslənəcək. O, xarici ədəbiyyatın tərcüməsində ayrıca mərhələ yaratmışdır – desəm, qətiyyən mübaliğ kimi gəlməsin. O, birinci növbədə türkdilli xalqlar ədəbiyyatının sayılıb-seçilən nümayəndələrinin əsərlərini tərcümə edib. Özbək ədəbiyyatının ağsaqqalı, akademik Qafur Qulamdan tutmuş Zülfiyyə, Camal Kamal, Abdulla Aripov, Şöhrət, Mir Temir, Normurad Nəzrullayev və başqalarının çoxsaylı bədii nümunələri Əhəd Muxtarın poetik zəkası və qələmi sayəsində Azərbaycanca səsləndi. Bu istiqamətdə gördüyü işlərin mənzərəsi belə bir faktdan da aydınca görünür: bildiyimə görə, Əhəd Muxtarın özbək şairlərindən dilimizə çevirdiyi poeziya nümunələrinin həcmi 11 min misradan artıqdır. Qarşılıqlı əlaqələr, ədəbiyyatların qardaşlaşması sayəsində Əhəd Muxtar da özbək dilinə yetərincə tərcümə olunub.

O, qazax, qırğız, türkmən, tatar şairlərinin seçmə şeirlərini də dilimizə uğurla tərcümə edib. Bir sıra rus yazıçılarının əsərləri, eləcə də rus dili vasitəsilə başqa xalqların ədəbiyyatı da Əhədin qələmilə Azərbaycan oxucusuna çatdırılıb. Tanınmış yazıçılardan Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birlikdə), Polşa yazıçısı Boleslav Prusun “Firon”, Çingiz Abdullayevin “Əclafların qanunu” romanlarını, türkmən yazıçısı Təşli Qurbanovun “Sarı gül” povestini, neçə-neçə digər nəsr nümunələrini dilimizə çevirib. 

 

***

 

Həyat və yaradıcılıq yolu heç də rəvan olmasa da, xüsusən ömrünün son illərində ciddi sıxıntılar içində yaşasa belə, mənim aləmimdə, Əhəd Muxtar xoşbəxt taleli şair idi. Bunu onun öz dilindən, öz yazdıqlarından da duyub anlamaq olar. Çünki Əhəd Muxtar fərqli bir insan idi, yaradıcı şəxsiyyət kimi dünyaya, insanlara, həmçinin xoşbəxtlik anlayışına özünəməxsus baxışı vardı. Onun nəzərindəki xoşbəxtliyin komponentləri bir qədər qəribə görünsə də, şeirində buna dair gətirdiyi poetik əsaslar çox təbii, inandırıcı və qiymətlidir:

 

Mən xoşbəxtəm –

Bir parça halal çörəyim var!

Mən xoşbəxtəm –

Səksəkəsiz döyünən ürəyim var!

Xoşbəxtəm ki, dost bilir qüdrətimi,

Düşmən - hiddətimi!

 

***

 

Əhəd Muxtar az yaşadı, cəmi 61 il. Sağlamlığını, rahatlığını itirdi, sözün əsl mənasında, can qoydu sözün yolunda. Amma çox gördü və istedadı, səbri, iradəsi, işgüzarlığı sayəsində imzasını əbədiləşdirdi. Ömür vəfa etsəydi, poeziyamızı, xüsusilə tərcümə xəzinəmizi çox-çox zənginləşərdi...

Qəbri doğma Astarada, Kakalos kəndinin məzarlığındadır. Tanıyan hər kəs şahidlik edər ki, Əhəd Muxtar el-obasına, doğulduğu rayona, kəndə ürəkdən bağlı idi. Hər nə qədər başı qarışıq, işləri çox olsa da, arada mütləq Astaraya, Kakalosa gedər, oradakı insanlarla sıx ünsiyyətdən qalmazdı. Elə bu istəyin, bağlılığın nəticəsi idi ki, Əhəd Muxtar talış dilində   poetik nümunələr yaratmışdı. Mən görməsəm də, məlumatım var ki, Əhəd belə nümunələri bir toplu halına gətirərək, həmyerlilərinə töhfə kimi üzə çıxarıb. Topludakı “Kakalos bülbülləri” nəğməsi, eşitdiyimə görə, kənd camaatının, xüsusilə də məktəblilərin əzbərləyib şad günlərdə sevə-sevə səsləndirdikləri nümunədir.

Ruhu şad olsun sənətkar dostumun!

Hər dəfə ali məktəb diplomumu əlimə götürəndə üç mühüm cəhətə görə ayrıca qürur duyuram: Xalq şairi Səməd Vurğunun istəkli qardaşı, nurlu ziyalı və ağsaqqal, rektor Mehdixan Vəkilovun, Dövlət İmtahan Komissiyasının sədri olmuş görkəmli alim, professor Cəfər Xəndan imzalarına və Əhəd Muxtarın xəttinə - əlyazısına görə. Dekanlığın istəyilə, qrupumuzdakı 25 nəfərin diplomunu səliqəli və gözəl xətlə məhz Əhəd yazmışdı. Bu da mənim üçün daha bir əlahiddə və əziz məqamdır.

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Əsgər ƏSGƏROV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

525-ci qəzet.- 2020.- 15 aprel.- S.22-23