Beynəlxalq aləm: ziddiyyətlər,

münaqişələr, müharibələr

 

Dövlətlər arasında yaranan ittifaqların möhkəm orqanizm olduğunu güman etmək ağılsızlıqdır, onlar şəraitdən asılı olaraq gah möhkəmlənir, gah da zəifləyir. XX əsrdə iki dünya müharibəsi arasında belə ittifaqların bağlanması imzalandı və az sonra dağıldı. Rumıniya şəraitdən asılı olaraq bir ittifaqdan digərinə keçirdi. Eyni sözləri Yaponiya haqqında da demək olar. Birinci Dünya müharibəsində Böyük Britaniya və Birləşmiş Ştatlarla birlikdə Almaniyaya qarşı idi, lakin İkinci Dünya müharibəsində Birləşmiş Ştatlarla vuruşmaqla, Almaniyanın tərəfinə keçdi.

Adətən, ittifaqlardakı dövlətlərdən biri daha qüdrətli olub, başqalarından fərqləndikdə, onlar üçün təhlükəyə çevrilir. Prussiya kralı Böyük Fridrix (1712-1786-cı illər) hesab edirdi ki, Prussiyanın bütün qonşularından ən təhlükəlisi Rusiyadır, bu, onun möhkəmliyi və yerləşdiyi məkana bağlıdır. O səbəbdən də Prussiya hökumətlərinin bu barbarlarla dostluq yaratmasını daha düzgün hesab edirdi. Buna baxmayaraq, sonrakı əsrdə Almaniya Kayzeri ulu babasının ağıllı məsləhətinə məhəl qoymayıb, Rusiya ilə qarşılıqlı təhlükəsizlik barədə müqaviləni rədd etdikdə, onun potensial müttəfiqi bunu gözləyən fransızların ağuşuna düşdü.

Napoleon Fransasının quru qoşunları olduqca güclü idi və dahi sərkərdənin komandanlığı altında dalbadal böyük qələbələr çalırdı. Lakin hərbi-dəniz qüvvələri barədə bunu demək olmazdı. Ona görə də fransızlar dənizdə vuruşmaq üçün İspaniya donanmasının köməyinə ehtiyac duyurdu. Lakin admiral Horatsi Nelson 1805-ci ildəki Trafalqar döyüşündə fransız-ispan hərbi-dəniz qüvvələrini darmadağın etməklə, Napoleonun ümidlərini puç etdi. Axı ondan yeddi il əvvəl, 1798-ci ildə Misirdəki Abukirdə Nelson fransız donanmasına ağır zərbə vurmuşdu. Quruda şir kimi qüvvətli olan Napoleon (onun Napoleon adı da tərcümədə "Meşə şiri" mənasını verir) dəniz döyüşündə bu məharətli admiralın qabiliyyəti önündə gücsüzlüyünü göstərmişdi. Trafalqarın vurduğu yaranı sağaltmaq üçün Napoleon məşhur Austerlits qələbəsini çaldı. Lakin Böyük Britaniyaya qarşı durmaq üçün donanmasının gücünü bərpa edə bilmədi və işğal etmək istədiyi adalar ölkəsinin dənizdəki ağalığına xələl gətirməyi çox istəsə də, ona nail ola bilmədi.

Napoleonun İspaniya ilə ittifaqı da uzun sürmədi, 1808-ci ildə qərb qonşusuna müdaxilə etdikdə, onunla ittifaq dağıldı. Bu vaxt Böyük Britaniya öz böyük düşməni ilə mübarizə üçün fransızları İberiya yarımadasından qovmaq üçün İspaniyaya hərbi köməklik göstərdi. İspaniyada partizan hərəkatı qalibiyyətli fransız ordusuna ağır zərbələr vururdu və Napoleonun şəxsi cəhdinə baxmayaraq, ispanları tabe etmək mümkün olmadı və 1915-ci ildə Napoleon imperiyasının süqutunda britaniyalılarla və onların müttəfiqləri ilə yanaşı, ispanların da rolu az olmamışdı.

Hər şərdə bir xeyir zərrəsini də tapmaq mümkündür. İspaniyanın Napoleon tərəfindən işğalı müddətində Latın Amerikasındakı ispan müstəmləkələrində milli-azadlıq hərəkatı gücləndi və sonralar onların yerində müstəqil dövlətlərin yaranması ilə həmin müstəmləkələr tarixdən silindi. Latın Amerikası xalqları Napoleonun İspaniyanı işğal etməsini rəğbətlə qarşılamışdılar.

SSRİ özünün ilk illərində hərbi gücünü sahmana salmaq üçün işsiz qalmış alman mütəxəssislərindən istifadə edirdi. Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra Almaniyanın hərbi qüdrətinə ağır zərbə vurulmuşdu və gücü məhdudlaşdırılmış orduda xidmət edən xeyli sayda zabit iş tapmaq üçün ilk sosialist dövlətinə üz tutmuşdu.

German Gerinq də daxil olmaqla, alman hərbi təyyarəçiləri 1920-ci illərdə Rusiya aviasiyasını bərpa etmək sahəsində işləyirdilər. 1930-cu illərin sonlarında isə SSRİ və Almaniya arasında kommersiya əlaqələri yaxşılaşmışdı. Stalin və Hitler bu yaxşılaşmadan özlərinin daha böyük məqsədlərini həyata keçirmək üçün istifadə edirdi. Nəhayət, 1939-cu ilin avqustunda iki dövlət arasında on il müddətinə dostluq və bir-birinə hücum etməmək barədə müqavilə imzalandı. Molotov-Ribbentrop paktı hər iki tərəfin xeyrinə idi. Almaniya Sovet taxılını, neftini və minerallarını idxal edir, əvəzində onu maşınqayırma məhsulları ilə təchiz edirdi. Bu, Böyük Britaniyanı ciddi surətdə qıcıqlandırmaya bilməzdi. Hərbi texnikaya çox lazım olan neftin bir hissəsini Hitler SSRİ-dən alırdı və ona qarşı müharibə başlanan günə qədər dəmir yolu ilə hərəkət edən sisternalar bu strateji əmtəəni Almaniyaya daşıyırdı. Ona görə də neftin oraya fasiləsiz nəqlini dayandırmaq üçün İngiltərə və Fransanın hələ1940-ci ildə hazırladıqları "Nizə" planına uyğun olaraq ən təsirli və əcaib yol seçildi. 1941-ci ilin iyulunda Bakı neft arteriyasını məhv etmək üçün, Britaniya hərbi-hava qüvvələri Abşeron neft yataqlarının bombalamalı idi. Yalnız 1941-ci ilin iyununda Hitlerin SSRİ-yə hücumu ilə həmin avantürist plan öz əhəmiyyətini itirdi.

Birləşmiş Ştatlar da Hitlerin Sovet İttifaqı ilə müttəfiqliyinə böyük şübhə ilə baxırdı. Ona görə də hər iki tərəfə bəzi köməkliklər göstərirdi. Vaşinqtonun SSRİ-yə qarşı xüsusi "əliaçıqlığı" Moskvanı sevindirirdi və Almaniya ilə onun paktını cırılmış bir kağıza çevirirdi. Onsuz da bu paktın uzun müddət qüvvədə qalacağına, vəziyyəti düzgün qiymətləndirən siyasətçilər inanmırdılar. U.Çörçill hesab edirdi ki, bu, həlledici döyüşdən əvvəl bir barışıqdır. O, SSRİ ilə münasibətlərdəki səmimiliyə şübhə ilə yanaşırdı və qeyd edirdi ki, ingilis-rus münasibətləri yaxşı niyyətlərin qəbiristanlığıdır. Yalnız almanların SSRİ ərazisinə müdaxiləsindən sonra Çörçill bu hökumət barəsində fikrini dəyişdi və vaxt itirmədən Sovet İttifaqının işğalçılara qarşı mübarizəsinə bütünlüklə həmrəy olduğunu bildirdi.

Birləşmiş Ştatların SSRİ-yə müharibədən əvvəlki və müharibə ərzində dəstəyi və nəhəng maddi yardımı sadəcə alicənablıq və altruizm nümayişi deyildi, onun arxasında iki cəbhədə - Yaponiyaya və Almaniyaya qaşı silahlı toqquşmada Sovet İttifaqının canlı qüvvəsinə ehtiyac duyurdu. 1945-ci ilin yayında SSRİ-nin Yaponiya ilə müharibəyə qoşulması üçün ona sualtı qayıqlar verdi. SSRİ isə Almaniya üzərində qələbədən sonra Yaponiya ilə dörd il əvvəl bağlanmış neytrallıq paktını pozub, 8 avqustda Mancuriyada yapon qoşunları üzərinə hücuma keçdi.

Müasir dövrdə nə nasist Almaniyası, nə də militarist Yaponiya mövcuddur və belə təsəvvür yaranır ki, beynəlxalq təhlükəsizliyin pozulması qorxusu da yoxa çıxmışdır. Hadisələr, ziddiyyətlər və münaqişələr belə təsəvvürün yanlış olduğunu göstərir.

Hələ XVII əsrdən cəzanın cinayətə müvafiq olması prinsipi görkəmli filosoflar tərəfindən ortaya atılmışdı. İtalyan filosofu Çezare Bekkaria bu ideyanı işləyib nəzəri cəhətdən əsaslandırmışdı. Tomas Hobbs, Yeremi Bentam onunla həmrəy olaraq güman edirdilər ki, cinayətin qarşısı o sistemlə alına bilər ki, onda törədilən cinayətə görə cəza onların törədilməsindən alınmış faydadan üstün olsun. Cinayəti törədənlər cəzanın onları haqlayacağını heç vaxt unutmamalıdırlar. Ən azı tarix onları hökmən cəzalandıracaqdır.

Dövlətlər bir-biriylə münasibətdə qorxutma üsulundan istifadə edirlər. Qorxutma isə bandit qrupunda üzvləri itaətə cəlb etmək vasitəsi kimi işlədilir. Təəssüf ki, beynəlxalq əlaqələrdə də dövlətlərin öz maraqları üçün də qorxutma nəzəriyyəsindən istifadə olunur. Soyuq müharibənin bütün dövrü ərzində Birləşmiş Ştatlar və Sovet İttifaqı qorxutma strategiyasına əsaslanan tədbirlərə əl atırdı. İndi də qorxutma taktikasından istifadə olunur. İran qorxutma vasitəsi saydığı Hörmüzd boğazını bağlamaq gücündədir, bu boğazdan isə dünya neft nəqlinin 40 faizi keçir. ABŞ-ın daim qorxutduğu Şimali Koreya İraq və Liviya rəhbərlərinin acı taleyini yaşamaqdan uzaqlaşmaq istəyir.  

 

Geosiyasət şahmat oyunu kimi

 

Geosiyasətə şahmat taxtası kimi baxmaq olar. Şahmatda hər kəs çalışır ki, rəqibinə təzyiq göstərsin, bu oyun tam qurtarana, mat elan olunana qədər davam edir. Piyadalar və iri fiqurlar qurban verilir, düşmən şirnikləndirilir ki, tələyə düşsün və şah ehtiyac olan kimi topların köməyi vasitəsilə qalada gizlənir və ya fiqurların dəyişilməsi ilə müdafiə olunur. Hər bir manevr qələbə çalmağa xidmət edir. Şahmat döyüşü orduların vuruşunu xatırladır. Siyasət də şahmat oyunu kimi mürəkkəb və çətin bir fəaliyyət növüdür. Persiya şahı Xosrov yaxşı demişdi ki, "Əgər hökmdar şahmatı başa düşmürsə, səltənəti o, necə idarə edə bilər?" Digər dövlətlərə şahmat taxtasındakı rəqibin fiqurlarına olan kimi baxmaq lazımdır.

Şahmatda "vəzir qambiti", "tsuqtsvanq" deyilən terminlər vardır, birinci aldadıcı fənddir, ikincisi isə çətin vəziyyətə düşən oyunçunun hər gedişdən sonra onun daha ağır vəziyyətə düşməsini nəzərdə tutur. Dövlət siyasətində də rəqibə qarşı müxtəlif müdafiə priyomları tətbiq olunur, digər dövləti dövrəyə almaq tədbiri işlənir. Bu taktiki gediş barədə çox sayda tarixi nümunələr vardır.

Bu gün Birləşmiş Ştatlar özünün müttəfiqlər dövrəsini - Gürcüstan və Ukrayna kimi ölkələrin köməyi ilə Rusiyaya qarşı dövrə yaratmaq üçün onlara yardım göstərir. Bundan məqsəd Rusiyanı öz qonşuluğundakı regionlardan çıxarmaqdır. İsrail ərəb ölkələrinin dairəsindədir və daim çalışır ki, ona qarşı olan bu dövrəni pozsun.

XVI əsrdən etibarən dənizlərə, okeanlara nəzarət dünya dövlətinə çevrilmək vasitəsinə çevrilmişdi. Okean və dəniz dalğalarını idarə edənin bu, daha sonra dünyanı idarə etmək iddiasına düşməsinə kömək edirdi. Müasir geosiyasətdə dəniz yollarının çoxu Malakka və Hörmüzd boğazlarında, həmçinin, Süveyş və Panama kanallarında cəmlənmişdir. Bu dörd keçid yolu - onlardan ikisi təbii, ikisi isə əllə yaradılan olsa da, - dünya neft daşınmasının 63 faizi bu "körpü"lər vasitəsilə həyata keçirilir.

1869-cu ildə Süveyş kanalı açılanda, Cüzeppe Verdi bu məqsədlə açılış təntənəsində ifa olunmaq üçün sifariş əsasında özünün şah əsəri olan "Aida" operasını yazmışdı, dəniz yolu ilə Asiyadan Avropaya çatmaq üçün Afrika ətrafına, Xoş Ümid burnuna dövrə vurub səyahət etmək zərurəti sıradan çıxmışdı. Aralıq dənizi ilə Qırmızı dəniz arasında keçid formaları hələ b.e.ə. XIII əsrdə məlum idi, lakin kanalın mövcud versiyası Napoleon tərəfindən irəli sürülmüşdü. O düşünürdü ki, Süveyş yarımadası ətrafında kanal tikmək lazımdır ki, britaniyalılar üzərində Fransaya böyük fayda qazanmağa imkan versin. Kanala sadəcə nəzarət etmək kifayət idi, başqaları da ondan istifadəyə cəlb edilə bilərdi. Nəhayət, misirlilərin və fransızların birgə səyi ilə kanal tikilib istifadəyə verildi. Lakin Misir borclardan əziyyət çəkirdi, başqa çıxış yolu olmadığından, xediv İsmayıl kanalın səhmlərini satmaq qərarına gəldi. Britaniya baş naziri Bencamin Dizraeli bu şansı əldən buraxmaq istəmədi, çünki Süveyş kanalı Britaniyanı müstəmləkəsi olan Hindistanla birləşdirən yolda körpü rolunu oynayırdı və ona birgə sahib olmağın özü də imperiyaya böyük fayda vəd edirdi. Lakin Britaniya tələb olunan məbləğdə pula malik deyildi. Bu vaxt bankir Rotşild bu krediti yalnız imperatriçə Viktoriyanın zəmanət verməsi şərti ilə ayıracağını bildirdi. Dizraeli Viktoriyaya müraciət edib, gələcək faydanın əhəmiyyətini ona başa saldı və krediti ödəmək zəmanəti barədəki sənədi alıb, Rotşildə verdi. Beləliklə, 1875-ci ildə Misirin Süveyş kanalı üzrə səhmlərinin hamısının Britaniyaya keçməsi baş verdi. Artıq kanala sahiblik Fransa ilə yanaşı, Britaniyaya keçdi. Bu mühüm "körpü" 80 il ərzində İngiltərəyə böyük mənfəət gətirdi. Becamin Dizraeli belə əməliyyatların ustası idi. O düşünürdü ki, Viktoriyanın qızı kraliça olduqda, imperatriçə tituluna yiyələnməklə anasından üstün olacaqdır və belə bir perspektivə o, imkan verməməlidir. Ona görə də onun planı baş tutdu və 1877-ci ildə Viktoriya Hindistanın imperatriçəsi titulunu qəbul etdi.

XX əsrin ortalarında Süveyş kanalının taleyində dəyişiklik baş verdi. İnqilab yolu ilə hakimiyyətə gəlmiş Misir prezidenti Camal Əbdül Nasir 1956-cı ildə kanalı milliləşdirdikdə, bu, Misirlə Fransa, İsrail və Britaniya arasındakı Süveyş böhranı kimi adlanan müharibəyə gətirib çıxardı. ABŞ-ın aparıcı rolu ilə BMT atəşkəsə nail oldu və kanal 1957-ci ildən yenidən açıldı və o, artıq Misirin tabeliyində idi.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2020.- 18 aprel.- S.22.