"Şur"a gəl, nəğmə ilə çək

qəmi-dünyaya hasar"

 

MİLLİ SƏRVƏTİMİZ OLAN MUĞAMLARIMIZ ARASINDA "ŞUR" MUĞAMININ MÜSTƏSNA YERİ VAR

 

Azərbaycan Dövlətinin muğamlarımıza olan diqqət və qayğısı muğamlarımızı unudulmaq təhlükəsindən xilas etdi.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və ölkəmizdən xaricdə muğamlarımızın təbliği ilə bağlı həyata keçirilən işlər musiqi mütəxəssislərimizin hər birinin qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələrin isə ən başlıcası ümumtəhsil məktəblərinin üzərinə düşür. Məktəb rəhbərləri, sinif müəllimləri, musiqi məşğələlərinə rəhbərlik edənlər və musiqi müəllimləri muğamlarımızın yetişən nəslə öyrədilməsilə bağlı çox işlər görməlidirlər. Xüsusilə yuxarı siniflərdə muğamların tədrisi prosesində şagirdlərə bədii zövq elementlərilə birgə, mənəvi keyfiyyətlərinin də aşılanması çox mühüm aktuallıq kəsb edən amillərdəndir. Fikrimizi Azərbaycan muğamları sırasında xüsusi yeri olan "Şur" muğamının tədrisi ilə əlaqədar olan praktik işlər və nümunələr əsasında izah edək.

Əvvəla deyək ki, "Şur" muğamı "Rast" muğamından sonra ikinci irihəcmli dəstgah hesab olunur. "Şur" həm də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov tərəfindən simfonik muğam şəklinə salınan və dünyanın 65 ölkəsinin radio-televiziya verilişləri qurumlarının Qızıl Fonduna daxil edilən Azərbaycan muğamıdır. Bir çox xalq mahnıları, rəqsləri Azərbaycan bəstəkarlarının melodiyaları "Şur" ladında səslənir. Orta ümumtəhsil məktəbləri üçün hazırlanan musiqi proqramlarına daxil edilən mahnıların, melodiyaların, kiçik həcmli musiqi əsərlərinin bir qismi "Şur" ladında olan nümunələrdir. Həmin proqramda "Şur" ladı və muğamı ilə bağlı olan nümunələr məktəblilər tərəfindən asan qavranıldığı, maraqla qəbul edildiyi üçün onların təxəyyül imkanlarını daha da genişləndirir.

Təsadüfi deyildir ki, böyük Üzeyir bəy Hacıbəyli "Azərbaycan Respublikasının Himni"ni və Koroğlu operasının uverturasını bəstələyərkən "Şur" ladına üstünlük vermişdir.

Orta ümumtəhsil məktəblərinin yuxarı siniflərindən "Şur" muğamının öyrədilməsi prosesində uşaqlara bədii zövq aşılamaqla yanaşı, onlarda bir sıra mənəvi keyfiyyətləri də üzə çıxarıb inkişaf etdirmək olar. Adından məlum olduğu kimi, "Şur" muğamı dinləyici şagirdləri şura gətirən, onların muğam ladlarına olan şövqünü artıran, onların bir sıra əxlaqi-mənəvi keyfiyyətlərini üzə çıxanan simfonik əsərdir.

Azərbaycan xalqının ən qədim muğamlarından olan "Şur" insanlarda, yəni dinləyicidə xoş ovqatı, mehri-banlığı, səmimiliyi, istiqanlılığı özündə əks etdirən əhvalı-ruhiyyə yaradır. Hansı ki, bu əhvalı-ruhiyyə insanların sinir sistemini cuşa gətirərək tonuslarını qaldırır. Bu tonuslar isə dinləyicinin ruh yüksəkliyinə səbəb olur. Başqa sözlə desək, bu muğam insanları ruhlandırır və şura gətirir. Əslində, şur sözünün şura gəlmək, xoş ovqat və şirin-şəkər əhvalı-ruhiyyə qazanmaq mənasında başa düşülməsini daha məqsədəuyğun hesab etmək lazımdır.

Çox qədim tarixə malik olan bu muğamın yaranması, öz adının, eləcə də şöbə və guşələrinin adlarının məna çalarlarının şagirdlərə izah edilməsi çox faydalıdır. Belə izahlar şagirdlərin bədii zövqlərini inkişaf etdirməklə yanaşı, onların mənəvi keyfiyyətlərin üzə çıxarılmasına şərait yaratmış olur.

Yuxarı siniflərdə musiqi dərslərini aparan müəllimlər yaxşı olar ki, aparıcı musiqi aləti olan fortopianoda "Şur" muğamının "Nəva", "Maye", "Şur-Şahnaz" şöbələrini ifa edə-edə onların yaranma tarixi, adlarının məna çalarları və tərbiyəvi imkanları barədə informasiya verməlidir. Müəllim göstərməlidir ki, VII əsrdən başlayaraq Azərbaycanı Sasanilərin əlindən xilas edən ərəb xilafəti, özü bu torpaqlarda ağalıq etməyə davam etdi. Ərəblərin muğamlara meyl göstərmələri məhz bu dövrə təsadüf edir. Deməli, bu dövrlərə qədər nəinki "Şur" muğamı, hətta muğam dəstgahları ərəb, fars xalqlarına məxsus ola bilməzdi. İkincisi, "şur" sözünün "şuur" sözündən (şüur) yaranması ehtimalını nə üçün nəzərdən qaçırmalıyıq, "şura gəlmə", "şüura təsiretmə", "şüuru təsirləndirmə", "şüurlu düşünməyə təhriketmə", "şüurda xoş ovqat yaratma", "ruha gətirməklə şüura təsir etmə" kimi məna çalarlarını nə üçün diqqətdən kənarda saxlamalıyıq? Rusların söz leksikonunda da "Şur" sözü vardır. Mənası "ən xoş nəğmə oxuyan bəzəkli quş"dur. Bizim dilimizdə isə "şuruş" sözü olmuşdur. Sonradan arxaikləşən bu söz "nəğməli səs" mənasını verir. Abbas Səhhətin "...dağa-daşa, səhraya şuruş salaq" misrası da fikrimizi təsdiqləyir.

Göründüyü kimi, "Şur" muğamı dinləyici şagirdləri ona görə valeh edir, ona görə şura gətirir ki, onun lad-məqam xarakterində bir şuxluq var. Bunu "Bərdaşt" əvəzinə çalınan "Nəva"da daha aydın hiss etmək mümkündür. Məlum olduğu kimi, "Şur" muğamı, çox zaman "Nəva" ilə başlayır. "Nəva" isə təkcə başlanğıc melodiya kimi qalmır. "Nəva" muğamın sonuna qədər onu müşayiət edir. Müəllim "Nəva" ifa etdikdən sonra belə bir məlumat verməklə şagirdləri bu muğama bağlayır: Bir sıra tədqiqatçılar vaxtilə "Şur"un "Nəva" ilə əlaqədar ifa olunması ilə bağlı mühakimələr yürüdürlər. Əslində, bir çox hallarda, xüsusilə bədii yaradıcılıq nümunələrində, "Suri-Nəva" ifadəsi bu mühakimələrə bir növ aydınlıq gətirməyə kömək edir. "Nəva" vaxtilə müstəqil nümunə kimi ifa olunsa da, sonralar "Şur"un tərkibində guşə kimi ifa olunmuşdur. "Simayi-şəms"də (bəzi tədqiqatçılar bunu, "Səmaye-şəms" kimi təqdim edərək "günəşin səması" kimi şərh edirlər. Bu, səhv fikirdir. Günəşin səması olmaz. Çünki Günəş özü səmadadır və səma cisimlərindən biridir.) təmsil olunan "Nəva" və "Sarəng" guşələrinin də etimoloji mənaları müxtəlif tərzdə şərh olunsa da, bizim ehtimalımıza görə, "Nəva" özbək "Şəşməkom"larından biri olan "Nəva"ya istinad olunmaqla yaranıb. Ümumtürk muğamlarından Özbək muğamı olan "Şəşməkom"da, Buxara, Xarəzm muğamlarında "Nəva", 12 uyğur muğamlarında (uyğur, kaşğar, dolan, xotan, ili muğamları) isə "Nəva" kimi yazılan bu muğamın adı, yer adından götürülmüşdür. Hələ qədim Mavərənnəhrdə (indiki Özbəkistanda) şəhər adıdır. Nəvai adlanan bu şəhər, Özbəkistanın Buxara vilayətində, Zərəfşan çayının vadisində yerləşir.

Yaxşı olar ki, "Şur" muğamı ilə bağlı verilən belə məlumatları müəllim əvvəlcədən konkretləşdirsin. Əgər Nəvadan sonra yuxarıdakı məlumatlar verilirsə, "Simayi-Şəms" şöbəsini ifa etdikdən sonra müəllimin verəcəyi məlumatlar sırf "Simayi-Şəms" şöbəsinin özü ilə bağlı olsa, şöbənin təsir imkanları daha da geniş olar. Həmin informasiyaların aşağıdakı şəkildə olması məsləhətdir.

Məlum olduğu kimi, "Simayi-Şəms" (bəzən "Səmayi-şəms" kimi də təqdim olunur) şöbəsi "Nəva" "Sarəng" guşələrindən ibarətdir. Nizaminin "Naqusi" və "Övrəng" çalınan zaman, zəng səsi çıxardı, övrəng taxtından misralarında təsvir olunan "Naqusi" (zəng) və "Övrəng" (birinci adam, hökm edən, padişah, bəzirgan) "Simayi-şəms"in (Günəşin üzü və ya Günəşin siması) "Nəva" və "Sarəng" guşələrini xatırladır. Güman etmək olar ki, Nizaminin təsvir etdiyi muğam və onun adı çəkilən şöbə və guşələri "Şur" muğamı və ifası böyük ustalıq tələb edən "Simayi-Şəms"in "Nəva" və "Sarəng" guşələridir.

Belə məlumatlar yuxarı sinif şagirdlərini mənəvi cəhətdən çox zənginləşdirir. Çünki muğamın gözəlliyini, həzinliyini, lirik üslubunu dinləyən şagirdlər muğam şöbələrinin ifasından, şərhindən, izahından qazandıqları, əldə etdikləri tarixi faktlar, milli koloritdən doğan yurdsevərlik, xəlqilik kimi elementlər onları mənəvi cəhətdən zənginləşdirir. Muğam şöbələri ilə bağlı elmi-tarixi informasiyaların müqayisəli təhlili isə şagirdlərin təfəkkür tərzlərini inkişaf etdirir, təxəyyüllərini formalaşdırır.

Musiqişünaslar, sənətşünaslar, bu sahədə çalışan mütəxəssislər, bir sıra hallarda, "Şur"un qədim dövrlərdə "Dügah" adlanması ideyası ilə çıxış edirlər. Bunun səbəbləri çoxdur. Birincisi, muğam folkloru  şifahi şəkildə nəsildən-nəslə keçdiyi üçün bir sıra forma və məzmun dəyişikliklərinə məruz qalır. "Şur"un da, müxtəlif adlarla nəsildən-nəslə keçərək, bu günə qədər yaşaması və məhz bu səbəbdən müxtəlif adlarla təqdim olunması baş vermişdir. İkinci, ən başlıca səbəb isə "Şur"un muğamlar sırasında ikinci yerdə durmasıdır. Özü də dəstgahların əsrlər boyu yaranaraq formalaşması, bir sıra tayfa, nəsil, xalq, ölkə, şəhər, kənd, qəsəbə, yurd, insan, tarixi şəxsiyyət, hökmdar adları daşıması onların ictimai, siyasi, sosial, fəlsəfi, etik, estetik, psixoloji və pedaqoji mahiyyət daşıması muğam folklorunun qədim olduğu qədər də zəngin olmasını sübut edir. Muğamların qədimliyini diqqətə çəkən görkəmli Azərbaycan şairi Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında muğamların təsnifatını onların estetik, əxlaqi-mənəvi zənginliyini də poetik dillə şərh edir.

V əsrdə Azərbaycanın paytaxtının Bərdəyə köçürülməsi və Nizami Gəncəvinin Bərdəyə tərif verərkən, onun həm də bənzərsiz mədəniyyət mərkəzi olması, xüsusilə muğam dəstgahlarının burada böyük ustalıqla oxunması, Nikisa və Barbədin yarışması fonunda 100-dən artıq muğam şöbə, guşələri, habelə rənglər, dəramədlər, diringələr, müqəddimələr, təsniflər barədə söz açması faktı, ələlxüsus "Şur"un "Gəncibadavərd" adı ilə təqdim olunması kimi faktlar fikrimizi bir daha sübut edir.

Musiqi müəlliminin ifa etdiyi şöbələrin haqqında verdiyi şərhlər elə həcmdə, elə formada, elə bir tərzdə olmalıdır ki, onlar dinləyici şagirdlərin daxili aləmini zənginləşdirə bilsin. Başqa sözlə desək, müəllimin ifası da, onun şərhi də şagirdlərin yaş, fərdi, psixoloji və qavrama xüsusiyyətlərinə uyğun olmalıdır. "Şur" muğamı barədə verilən informasiyaların dərinliyi yalnız yuxarı sinif şagirdləri tərəfindən bəyənilə bilər. Özü də verilən tarixi məlumatlar şagirdlərin digər fənlərin tədrisində qazandıqları bilikləri zənginləşdirməyə xidmət etdiyi üçün onlar həmin tarixi məlumatları daha maraqla, böyük sevinc hissilə qəbul edirlər. Tutaq ki, şagirdlər tarix dərslərində Bayat, Oğuz, Səlcuq, Qacar dövrlərini və digər tayfa ittifaqlarının öyrənirlər. Onlar musiqi dərsində paralel olaraq həmin anlayışların etimoloji məna çalarları ilə tanış olmaqla yeni elmi dünyagörüşü qazanırlar. Musiqi müəllimi "Şur" muğamının "Bayatı-Türk" şöbəsini ifa etdikdən sonra belə bir məlumat verməsi şagirdlərin estetik zövqlərini, mənəvi keyfiyyətlərini formalaşdırmaqla yanaşı, onların elmi dünyagörüşlərini də artırır:

Qədim türk tayfalarından biri olan Bayatların (bir sıra mənbələrdə "boyat", yəni "boy atmaq", "inkişaf etmiş xalq" mənasında, bəzilərində "boyat" qədim xalq mənalarında verilir. Bu gün dilimizdə qalan "boyat" sözü köhnə mənasında işlədilir). Oğuz tayfaları ilə ittifaqı nəticəsində bayatların dövlətçilik strukturları yaratmaları göstərilir. "Gültəkin" abidəsində (VI-VII əsrlər) doqquz-oğuz xalqlarına müraciətdə, bu xalqlardan birinin də Bayatlar olduğu qeyd edilir. Mahmud Kaşğarinin, Rəşidəddinin, Dəvadarinin, Yazıçıoğlu Əlinin, Əbül Qazinin əsərlərində də bu barədə məlumat verilir. Mənbələrdə oğuzların 20-25 "budun"un (xalqın) 2 yerə parçalanması və sonradan "Doqquz-Oğuz" tayfa ittifaqının əmələ gəlməsi göstərilir. "Dədə Qorqud" boylarında isə oğuzların və bayatların "qopuz"u müqəddəs alət hesab etmələri təsvir olunur. Bayatların sözə, şeirə, musiqiyə bağlılığı "bayat"ıların və "muğam"ların, "türkü"lərin təşəkkül tapmasında müstəsna rolu olduğu da təsvir olunur. "Bayat-Türk", "Bayatı-Əcəm", "Bayatı-Qacar", "Bayatı-İsfahan", "Bayatı-Türk", "Bayatı-Şiraz" muğamlarının göstərilən ərazilərdə məskunlaşan bayatların yaratdıqları ehtimalı da diqqətə çəkilir.

Belə bir məqamda musiqi müəllimi "Şur" muğamının struktur quruluşu, ifa tərzi haqqında da məlumat versə yaxşıdır. Əgər musiqi müəllimi "Şur" muğamının vaxtilə iki hissəli olması, "Dügah" adlanması, "sol" mayeli muğam kimi ifa olunması barədə məlumat vermək istəsə, bu zaman o, konkret elmi faktlara söykənməlidir. Məsələn, musiqişünas Ramiz Zöhrabov yazır ki, "əgər "Şur" qədim dövrlərdə "Dügah" adlanıbsa, deməli, onun "mayəsi" də "lya" səsi olmuşdur. Sonralar, yəni XVI əsrdən başlayaraq, "Şur" ladı və muğamı, "sol" mayəli kökü özü üçün əsas götürmüşdür. Bu günümüzdə də "Şur" dəstgahı kiçik oktavanın "sol" pərdəsində çalınıb-oxunur". Bu sitatdan da aydın olur ki, "Şur" ikinci muğam kimi meydana gəlmiş, yalnız iki hissədən ibarət olmuş və sonralar formalaşaraq iri həcmli muğam dəstgahı kimi ifa olunmuşdur. "Şur"un "Bərdaşt" və "Mayə"sindən sonra, ilk irihəcmli şöbəsi "Şahnaz" adlanır. "Şahnaz" mənbələrdə "Maye Şahnaz", "Şəddi-Şahnaz", "Şahi-Şahnaz", "Şəhdi-Şahnaz", "Kürdü-Şahnaz", "Kərkük-Şahnazı", "Hindü-Şahnaz" kimi də göstərilir. Ayrı-ayrı dövrlər üçün səciyyəvi hesab olunan bu adları həm də "Şahnaz"ın növləri hesab etmək olar. "Şahnaz" sözü bir leksik vahid kimi türk mənşəli sözdür. Şahlıq zamanında şahların, şahzadələrə qoyduğu ən istəkli adlardandır. Xüsusilə, Sasani şahlarından sonrakı dövrlərdəki türk əsilli şahların öz doğmalarına qoyduqları adların ən istəklisi olmuşdur. "Şəddi-Şahnaz" və onun sinonimi kimi işlənən "Şəhdi-Şahnaz" söz birləşmələrindəki "şədd" və "şəhd" sözlərinin hər ikisi "uca", iti", "yüksək", "mübaliğəli an", "normadan artıq", "zirvə", "çox şirin", "şəkərdən də ləzzətli" mənalarını verir. Dağın zirvəsinə də, dağın şəddi deyərlər. Ən təmiz və ən dəyərli bala isə "şəhd-şan" adı veriblər. Müəllimin belə şərhi şagirdləri muğama o dərəcədə yaxınlaşdıra bilər ki, onlar hətta muğamlarla bağlı tədqiqata başlaya bilərlər. Təcrübə və müşahidələr göstərir ki, məktəblilər muğamların tarixini, şöbə və guşələrin adlarının etimoloji məna çalarlarını öyrənmək, onlara daha yaxından bələd olmaq məqsədilə şagird konfransları təşkil etməyə təşəbbüs göstərirlər. Əslində, "Şur" muğamının bəzi şöbə və guşələrinin hər birinin adı, etimoloji məna çalarları barədə geniş müzakirələr aparmağa ehtiyac duyulur. "Şur" muğamı "Nişibi-fəraz" (enişdən yoxuşa) adlı sonluqda tamama yetir. Bəzi hallarda "Şur"un sonluğunda "Mani" ("Mahnı" sözünün bir sıra türk dilli xalqlarının dilində işlənən formasıdır. Məsələn, tatarlar "mahnı" yox, "mani" deyərlər) və "Kərkükü" ilə tamamlanmasına da təsadüf olunur. "Mani", bir sıra türkdilli musiqi mədəniyyəti nümunəsi kimi, bəzi hallarda "mahnı", bəzi hallarda təsnif, bəzi hallarda muğam şöbə və guşələrinin adı kimi təqdim olunur. "Kərkükü" isə "kərkük" türklərinə məxsus muğam nümunəsidir.

İstər "Nisibi-fəraz", istər "Mani", istərsə də "Kərküki" sözlərinin hər birinin pedaqoji prosesdə geniş təhlil olunmasına zəruri ehtiyac var. Xüsusilə Kərkük türklərinin yaratdıqları muğamları bugünkü şagirdlər dərindən bilməlidirlər. Musiqi dərslərində "Şur" muğamının öyrədilməsi fonunda şagirdlərin ən qədim türk tayfalarının birilə tanış edilərək, onların yaşayış tərzi və zəngin bədii yaradıcılığı barədə məlumatlandırılması vacibdir.

 

Mehriban CƏFƏROVA

Naxçıvan Dövlət Universitetinin Orkestr

alətləri və dirijorluq kafedrasının müdiri,

Pedaqogika üzrə fəlsəfə doktoru

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

525-ci qəzet.- 2020.- 18 aprel.- S.20-21.