Xalq artisti Əlixan Səmədov: "Balaban məndən ötrü ürəyimin dilidir"

 

MƏŞHUR BALABAN İFAÇISI DEYİR Kİ, TƏKCƏ ÖZÜMÜ VƏ AİLƏMİ DÜŞÜNSƏYDİM, İNDİKİNDƏN QAT-QAT YAXŞI YAŞAYARDIM

 

Bir çoxumuz, xüsusən, cavan nəsil, balabanı onun ifasında sevmişik desəm, yəqin ki, mübaliğə etmiş olmaram. Özü də təkcə biz deyil, illərdən bəri qardaş Türkiyə başda olmaqla, digər ölkələrdə də qədim musiqi alətini ustalıqla təbliğ edərək sevdirməyi bacarıb.

Virtuoz balaban ifaçısı, Xalq artisti Əlixan Səmədovun ulduzu Türkiyəyə gedəndən sonra parlasa da, nə o, vətənini unutdu, nə də Azərbaycan onu. Özünün də dediyi kimi, 30 ilə yaxındır, Türkiyədə yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, bu gün də hər kəs onu "Azərbaycanlı sənətçi" deyə tanıyır. Bu ay 56-cı yaşını qeyd edəcək Əlixan bəylə ad günü ərəfəsində əlaqə saxlayıb, virtual məkanın imkanlarından yararlanaraq, söhbət etdik: 

 

- Əlixan bəy, pandemiya ilə əlaqədar olaraq bu günlərdə Türkiyədə də karantin rejimidir. Söhbətimizə ondan başlayaq ki, günlərinizi necə keçirirsiniz?

- Ümumiyətlə, mən hər zaman karantin olmadan da, vaxtımın çoxunu evdə, studiyamda keçirən birisi olaraq, deyə bilərəm ki, bu rejimə alışmışam. Karantin günlərində bir çox yeni bəstələdiyim musiqilərə imza ataraq məni dinləyənləri sevindirməyə çalışdım. Belə ki, "Dünya ağlayır", "Gəncliyimdə gizlisən", "Kədər", "Yavaş-yavaş", "Çiçəklərin rəqsi" və sair musiqiləri, eyni zamanda, videolarını hazırlayıb, montaj edib, "Youtube" kanalında və dünya musiqi portallarında yayıma vermişəm. Sizinlə bu müsahibəni edərkən də yeni işimi yarımçıq qoydum, necə olsa, vaxtım çoxdur (gülür).

- 30 ildən çoxdur ki, Azərbaycandan uzaqdasınız. Buna görə nə vaxtsa peşmanlıq çəkdiyiniz, "kaş indi vətənimdə olaydım" dediyiniz anlar olub?

- İnsan olan hər kəs Vətəndən uzaqda da olsa, Vətəni üçün ürəyi döyünməli və vətənini yaşatmalıdır. Düzdür, bəzi günlər olur ki, deyirsən kaş bu dəqiqə vətəndə olsam, filan yaxınımla, qohumumla və ya dostlarımla bərabər söhbət edə bilsəm, darıxdığım yerləri bir daha gəzə bilsəm. Ən böyük arzularımdan biri də, inşallah, bir gün vaxtım və imkanım olarsa, Azərbaycanın hər guşəsini gəzərək, eyni zamanda, lentə alaraq, videolar hazırlayıb, yeni musiqilərimlə bərabər dünyaya tanıtmaqdır.

- Sözsüz musiqini, həm də balaban kimi çox da məşhur olmayan bir musiqi alətində insanlara təqdim etmək, sevdirmək necə hissdir?

- İnanın, bu barədə mən hələ 30 il bundan qabaq deyəndə ki, bir gün balaban sədaları, dünya diskotekalarında səslənəcək, hər kəs mənə gülmüşdü. Amma mən bu günləri görürdüm və elə də oldu. Balaban musiqi alətini tanımayanlar da bu səsə aşiq oldu. Əsas işim bu sevgini daha da artırmaqdır. Bunun üçün də hər zaman yeniliklərə imza atmağa çalışıram. Ən əsası da bilirsiz nədir? Söz olmayan bir musiqini dinləyicilərə elə çatdırmalısınız ki, onlar dinlədiyi zaman sizin nə demək istədiyinizi başa düşsünlər. Bunu əgər bacarırsınızsa, demək ki, zəhmətiniz boşa getməyib. Başqa bir ölkədən məni tanıyan dostlar zəng edib deyəndə ki, bu dəqiqə filan yerdə oturmuşam və sənin musiqini dinləyirəm, həm də istəyirəm ki, ətrafıma bağıraraq deyim: "Ey insanlar, bu musiqini ifa edən mənim dostumdur", bax bu kəlmələri eşidəndə, keçirdiyim hissləri yaşamaq lazımdır, izah etmək mümkün deyil.

- Ölkədən kənarda yaşayıb fəaliyyət göstərsəniz də, dövlət sizi "Xalq artisti" adıyla təltif etdi. Bu diqqət sizə hansı hissləri yaşatdı?

- Əsas olan ölkədən kənarda yaşamağınız deyil, Azərbaycanı yaşatmağınızdır. Baxmayaraq ki, Türkiyədə yaşayıram, amma məni bilən, tanıyan hamı bir-birinə "Azərbaycanlı sənətçi" deyə göstərir. Bu o deməkdir ki, mən atdığım hər addımla Azərbaycanı təmsil etdiyimi düşünürəm. Hər şeydən əvvəl buna diqqət etmək lazımdır. Bu günə qədər Türkiyədə 9 albom (disk), dünyada 100-dən çox qarışıq albomlarda musiqilərim və eyni zamanda da "single" dediyimiz tək musiqilərim var. Davamlı olaraq yenilərini yazıram. Bundan başqa, 2008-ci ildə üç dildə yazdığım "Balaban metodu" kitabımı, dünyadakı balabanı sevən, öyrənmək istəyən hər kəsə çatdırmağa çalışıram. Balaban haqqında mənə gələn bütün elektron məktublara, mesajlara mütləq cavab yazır, məlumat verirəm. Yetişdirdiyim tələbələrimin ifalarını eşidəndə çox sevinirəm.

Bütün bunları yaşadığınız zaman bir də dövlətimiz tərəfindən "Xalq artisti" adıyla təltif edildiyinizdə duyğulanmamaq əldə deyil. Bir daha buradan möhtərəm Prezidentimiz İlham Əliyevə və əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

- Zəhmətinizin bəhrəsini ürəyinizcə görmüsünüzmü? Sizcə, hazırda layiq olduğunuz yerdəsiniz?

- Mən hər zaman yeni başlayan musiqiçilərimizə deyirəm ki, sənət qurban tələb edir, öncə buna hazır olmalısan. Məni yaxından tanıyanlar bilir ki, çox çətin günlər yaşadım, amma bu sənətimdən vaz keçmədim. Çünki bizi bizdən sonra yaşadacaq olan da elə bu sənətdir. Sadəcə özümü və ailəmi düşünüb yaşamalı olsaydım, inanın ki, bugünkü günümdən qat-qat daha yaxşı yaşayardım. Mənim həyat fəlsəfəm xeyli fərqlidir. Mədəniyyət tariximizə baxdığımız zaman görürük ki, yaşadığımız bu günlərə qədər, üstündən 100 illər də keçsə, bir çox bəstəkarımızın, musiqiçimizin və başqalarının adlarını soruşsaq, xalqımız bir çoxunu tanıyacaq. Baxmayaraq ki, onların əksəriyyəti çox çətin şəraitdə yaşayıb-yaradıblar. Amma eyni dövrdəki, qısaca desək, qat-qat daha yaxşı şəraitə malik olan, sadəcə özü üçün yaşayan bir çox vəzifəli, varlı insanlar yox olub getdilər. Ona görə də gənclərimizə hər zaman tövsiyəm budur ki, həyatınız boyu dünyada izlər qoymağa çalışın. O izlər ki, sizi sizdən sonra da yaşada bilsin!

- Bilirik ki, bir çox alətlərdə ifa edirsiniz. Amma balabanı hamısından üstün tutursunuz. Nədir balabanın fərqi?

- Doğrudur, evdə aranjeman işlərində çalışarkən bir çox musiqi alətindən istifadə edirəm. Hər alətin öz gözəlliyi var. Amma balaban məndən ötrü ürəyimin dilidir. İnsan düşündüklərini danışaraq ifadə edə bilir. İfa zamanı isə bu, mümkün deyil. Mən isə hisslərimi, düşüncələrimi danışaraq deyil, musiqi ilə ifadə etməyə çalışıram.

- Türkiyədə və başqa ölkələrdə tez-tez konsertləriniz olur. Bəs Azərbaycanda nə vaxt konsert verəcəksiniz?

- Konsert məsələsi belədir ki, təklif gəlir, siz də onu uyğun olaraq dəyərləndirirsiniz. Bu, sadəcə mənim düşüncəmlə olmur. Bu işlə məşğul olan təşkilatçılar olmalıdır və bu sual, məncə, onlara verilməlidir. Bir sənətçi olaraq gələn təkliflərlə maraqlana bilərəm, təklif vermək mənim işim deyil.

- Musiqidən başqa məşğuliyyətiniz varmı? Hobbiniz nələrdir?

- Musiqidən yorulduğum zaman mütləq şahmat oynayıram, bir də bu karantin günlərində oğlumla filmlərə baxıram. Karantin olmadan öncə isə ailəlikcə başqa şəhərlərə və ya gəzməli yerlərə gedərək, görmədiyimiz yerləri görür, eyni gündə də evə qayıdırdıq.

- Ədəbiyyatla, sözlə aranız necədir?

- Bir çox şeirim var, ara-sıra təbim gəldikcə yazıram. Hətta musiqisi və sözləri mənə aid olan "Harda qaldın" mahnım da var. Şeir yazmaq başqa bir sənətdir. Amma düşünürəm ki, hər insan mütləq özü üçün də olsa bir şeylər yazmalıdır.

- Bir müəllim kimi, tələbələrinizdən və balabana olan maraqdan razısınız?

- Türkiyədə balaban öyrətmək, Azərbaycandakından çətindir. Düşünün ki, qarşınızdakı insan sadəcə sizə görə balabanı tanıyıb və öyrənmək istəyir. Nə muğam bilgisi, nə musiqi anlayışı var. Hətta balabanı belə ilk dəfə sizdən görən birisidir. Buyurun, öyrədin! Mənim yetişdirdiyim tələbələrimin hamısı belə idi. İndi isə, maşallah, özlərinin tələbələri var. Bir də, mən hər hansı bir yerdə deyil, sadəcə öz evimdə, vaxtım olanda studiyada dərs keçirəm. Bir həkim tələbəm var, bu karantin günlərində təkcə ona not yazaraq tapşırıqlar göndərirəm ki, evində məşq edə bilsin.

- Gələcəyin Əlixan Səmədovu kimi görürsünüz?

- Gələcəyin Əlixan Səmədovunu mən deyil, balaban musiqisini sevənlər görə bilər. Xalqın gözü tərəzidir, unutmayaq...

- Toylara gedirsiniz, gərək ki. Toy repertuarınız necədir? Yoxsa istəyə bağlı olaraq ifalar edirsiniz?

- Toylara çox nadir hallarda gedirəm, o da dost-tanış olanda. Dəvət edildiyim toylarda da öz repertuarımdan musiqilər istədikləri üçün onları ifa edirəm.

- Sosial şəbəkədə kifayət qədər aktivsiniz. Ancaq bir çox həmkarınız var ki, sosial şəbəkədən uzaq dururlar, bunu "sənətçinin əlçatmazlığı" kimi dəyərləndirirlər. Sizcə də, sənətçi, yaradıcı insan əlçatmaz olmalıdır?

- Sənətçini sənətçi edən sevənləridir. Sənətçi hər zaman hər sahədə aktiv olmalıdır. Hələ sevənlərindən gələn bir mesajı cavablaya bilmirsə, bunun zərəri sadəcə özünədir. Əlçatmaz sənətçi ən böyük sənətçi demək deyil. Unutmayaq ki, sənətçi nə qədər böyüyürsə, sevənlərinin qarşısında bir o qədər kiçik durmalıdır.

- Bu ay ad gününüz olacaq. Öncədən təbrik edirik! Yeni yaşınız ərəfəsində əsas istəyiniz, arzunuz nədir?

- Doğrudur, bu ay nəsib olarsa, ad günüm olacaq. Bu karantin günlərində, konsertlərin olmadığı zamanda işlərimi davam etdirə bilməyim üçün tək bir istəyim, arzum var, o da Prezidentin fərdi təqaüdünə layiq görülməkdir.

- Azərbaycandakı sevənlərinizə sözünüz, mesajınız varmı?

- Öncə bu karantin günlərində hamı sağlamlığına diqqət etsin. Sağlamlıq olandan sonra həyat daha gözəldir. Unutmasınlar ki, onların da mütləq bir sevəni vardır, ən azından sevənləri üçün özlərini qorusunlar. Dünya sevgiylə gözəldir. Bütün sevənlərimə burdan çoxlu salamlar yollayıram. İnşallah, nəsib olarsa, konsertlərdə görüşənədək!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 18 aprel.- S.17.