Bakının səsi...
Bu, mənəm – Bakı...
Adına
şeirlər yazdığın,
nəğmələr qoşduğun
şəhər! Xəzərin
yaxasından çiçək
təki asılan, hər daşı-divarı
min bir tarix danışan, qoynunda az qala yaşı qədər sirlər gizlədən, köksündə əzəmətli
yadigarlara qucaq açan qədim Bakı! Sənin qürur, güvənc yerin, taleyinin şəhəri!..
Hər daşıma,
divarıma sığal
çəkən əllərin
məni Yer üzünün ən gözəl şəhərlərindən
birinə çevirdi. Qədim
binalar, köhnə, bapbalaca evlərin yerində ucalan göydələnlər, abad
yollar, geniş və işıqlı küçələr, əsrarəngiz
park və xiyabanlar, yamyaşıl meydanlar, gül-çiçəyə bürünmüş
bağ-bağçalar, gümüş
kəmər kimi belimə dolanan möhtəşəm körpülər...
Hansını deyim – sadalamaqla bitməz! Mənim özümü belə heyrətləndirən
bu möcüzələri
sən yaratdın,
İNSAN!.. Məni sən yaratdın!..
Gündüzlərimi cənnətə
döndərdin – sehrindən
özün də qopa bilmədin! Hara baxdım – dopdolu gördüm, iynə atsan, yerə düşməz! Şər
qarışanda da əl-ayağın ev-eşiyə
yığışmadı: gözəllikdən kim doyar ki!..
Gecələrimi şam-çırağa
çevirdin – Göyün
bir parçasına bənzədi, ulduzlarla bəhsə girdi! Sayrışan işıqlar
qaranlığın bağrını
yardı, zülmətə
qənim kəsildi, süd kimi ağappaq
nura boyadı hər yanı! Göyün özü də qibtə elədi Yerdə sayrışan ulduzlara – gecənin təntənəsinə!
Qızıl-qızıl düymələri,
pırıl-pırıl lampaları
sən asdın yaxamdan, İNSAN!.. Məni sən parlatdın!..
Mavi gözlü Xəzərə
oxuduğum ən şirin nəğməni
də sən yazdın! Bu nəğmədən
xumarlandı dəniz,
sirli gecələrin nağılından doymadı
heç!.. Min bir sevgi qatdığın
bu gözəlliklərə
görə “Əhsən!”
dedim, “Min alqış!”
söylədim sənə,
İNSAN!.. Məni sən ucaltdın!..
Bir rəssam
fırçasıyla sinəmdə
çəkdiyin heyrətamiz
tablolar, həm də tərbiyə etdi, məni əzizləməyə, qorumağa
səslədi. Bu tabloların önündə mənən
zənginləşdi bəşər
övladı! “Kamil görmək istədiklərimizin
ətrafında mütləq
gözəllik yaratmalıyıq!”
dedin, İNSAN!.. Məni sən sevdirdin!..
...Nə yazıq! İndi ayrı düşmüşük! Bu gün
tam fərqli bir şəhərəm mən
– sükuta bürünən
şəhər! Dolub-daşan
küçələri bomboş,
park və xiyabanları
səssiz-səmirsiz, çəmənləri,
fəvvarələri lal-dinməz
şəhər! Sanki donmuş
musiqidir dörd bir tərəfim, toxunsan, sevinsdən coşar, çağlayar!
Bilirsən, hansı böyük tarixlərə
şahidlik etmişəm
mən! İndi bütün varlığım,
varidatım susur...
Sən demə, ən böyük sərvətim,
var-dövlətim, yaraşığım,
bəzəyim də elə sənmişsən,
İNSAN!.. Mən Tanrının nur qayçısıyla kəsib
sənə pay göndərdiyi
bir çıraq, sən isə pərvanəmmişsən! Həyat
səninlə gözəlmiş,
yaşamaq səninlə
özəlmiş, dünyanın
əşrəfi İNSAN!..
Mənmi səni incitdim, sənmi mənim xətrimə dəydin? İndi
heç bu giley-güzarın da zamanı deyil! Bilirəm, darıxırsan!
Mən də darıxıram, tıncıxıram,
havam, nəfəsim çatmır sənsiz! Sənsiz kimə, nəyə lazımam ki? İndi anladım bunu...
Elə isə, səbrli olaq! Sonda qalib
gələn güclü
olan deyil, səbr və şükr edəndər!
Unutmayaq: ən ümidsiz anın özü belə yeni həyatın işartısıdır! Pəncərəni
taybatay aç üzümə, yenə mənə sevgindən danış! Şirin qəhqəhələrini, gülüşlərini
eşidim, nəğmələrini
dinləyim!..
Sərhədlər bağlı olsa
da, göyə açılan əllər
eyni duanı pıçıldayır, dünya
eyni sonluq üçün dua edir bu gün!
Biz də səssiscə
dualar oxuyaq!..
Dözək! Şəri qovana
qədər dözək!
Dözək! Sən mənə, mən sənə qovuşana qədər dözək!..
Bu, mənəm – sənin yaratdığın Bakı!
Dönüşünü intizarla
gözləyən şəhər
– sənin şəhərin!..
Firuzə NADİR
525-ci qəzet.- 2020.- 18 aprel.- S.15.