Sahib Məmmədov: "...Taleyimə dünyanı gəzmək
yazılıbmış"
"BU, MƏNİM İLK QRİP
KARANTİNİM DEYİL, HƏLƏ 6 YAŞIM OLANDA
"HONQKONQ QRİPİ"NƏ GÖRƏ KARANTİNLƏ
ÜZLƏŞMİŞƏM"
TANINMIŞ HÜQUQŞÜNAS VƏ İCTİMAİ XADİM, VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ SAHİB MƏMMƏDOV ÇOX MARAQLI HƏYAT YOLU KEÇİB.
- Sahib müəllim, daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara çatdırmaq istərdik.
- Atam 1898-ci ildə Göyçay qəzasının Müsüslü kəndində, anam isə Göyçay qəzasının Çaxırlı kəndində doğulublar. Atam mənim 4 yaşım olanda vəfat edib. Evin sonbeşiyi olmuşam. Atam məşhur dəmiryolçu olub. Dəmiryol idarəsinin Bakı bölməsində (Biləcəri və Ələt) işləyib. Bu baxımdan bizim əsas evimiz də Ələt qəsəbəsində olub. Ona görə də biz uşaqlar yarımız Ələtdə, yarımız Müsüslüdə yaşayıb orta təhsil almışıq. Yay tətilində bir-birimizə qonaq gedirdik. Arada 170 km məsafə olmasına baxmayaraq, ildə bir dəfə görüşə bilirdik bəzən. Mən və iki bacım əsasən Müsüslüdəki evdə böyümüşük. Məktəb illərim də Müsüslüdə keçib. Orta məktəbdə pis oxumamışam. Tarix və coğrafiya fənləri üzrə isə xüsusən fərqlənmişəm. Amma nadinc olmasam da, həmişə etirazçı olmuşam deyə yekun qiymətlərimi bir qədər aşağı salırdılar. O zaman məktəbləri kənd təsərrüfatı işlərinə cəlb edirdilər. Bizdə də pambıq əkilirdi. Əkindən sonra seyrəltmə, sonra becərmə və daha sonra yığım işlərinə cəlb olunurduq. Düzü, pambığı birəlli yığırdım, amma sürətlə. Bir dəfə bir günə 160 kilo pambıq yığmışdım. Bu, 16 manat pul demək idi. Amma pambıqdan qaçıb evimizdən bir neçə kilometr aralıda magistral yolun kənarında heyva və nar satıb məktəb üçün pul toplayırdıq. İlboyu məktəb xərclərini ödəyəcək qədər pulum olurdu.
Birinci sinifə getməyimin bu il 50 illiyi tamam olur. 50 il əvvəl baş verənlərdən ən çox yadımda qalan 1970-ci ildə birinci sinifə getməyim və Bakı-Tibilisi dəmiryol xəttinin tikintisidir. Evimizin yaxınlığından keçən dəmiryolunun ikinci xəttini Sovet Ordusunun dəmiryol hərbi birləşmələrinin əsgərləri tikirdi. Əsgərlərə yemək aparırdıq. Onlar da bizə döş nişanı verirdilər. Əsgərlər bəzən həyətlərə gəlirdilər. Hansı həyətə gəlirdilərsə, qonşular yığışıb yemək tədarük edirdilər. O zaman əsgərə münasibət çox həssas idi. Çox ailədən hərbi xidmətdə olanlar var idi deyə, analar əsgərlərə öz övladı kimi baxırdı.
Bir övladım var. Şotlandiyada, məşhur Qlazqo Universitetində magistr təhsili alıb. İndi xarici ölkələrə o gedib-gəlir. Bəzən xarici ölkələrin səfirliklərində məni tanımayanda deyirəm ki, Toğrulun atasıyam.
- Hərbi xidmət dövrünüz necə keçib? Bildiyimizə görə, Sakit Okean Donanmasının tərkibində Vyetnamda da olmusunuz və təltifləriniz də var...
- Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmədim. İlim itməsin deyə Bakıdakı peşə məktəblərinin birində qaynaqçı ixtisası üzrə peşə təhsili aldım. Düzü, günümü keçirirdim. Dərsə Ələtdəki evimizdən gedib gələrdim. Ələtdən Bakıya dəmiryolu ilə məsafə 83 kilometrdir. Peşə məktəbini bitirən kimi məni və daha bir neçə nəfəri Bakı Tunel Tikinti İdarəsinə göndərdilər. Onlar da məni o zaman Şimali Qafqazda, Elbrus zirvəsinin altında tikilməkdə olan observatoriyaya işləməyə yolladılar. SSRİ-nin vacib tikintilərindən idi. Tikinti 1961-ci ildən davam edirdi və 1991-ci ildə yarımçıq qaldı. Əmək fəaliyyətinə Şimali Qafqazda yüksək dağlıq yerdə başlamışam. Qısa müddət işlədikdən sonra əsgər getmək üçün çağırış gəldi və mən Bakıya qayıtdım. Təxminən bir aya yaxın da Bakıdakı teleqüllənin tunel hissəsinin tikintisində işlədim və hərbi xidmətə getdim. Sovet İttifaqının Sakit Okean Hərbi Donanmasında xidmət keçmişəm. Əvvəl Vladivostok yaxınlığındakı Rus adasında 6 aylıq kurs, daha sonra Kamçatka flotiliyasında 6 ay xidmət keçdikdən sonra məni Sakit Okean Donanmasının 17-ci Operativ Eskadrasının təkibində Cənubi Vyetnama döyüş xidmətinə göndərdilər. O zaman bazamız Kam-Ran yarımadasında idi. Çətin günlərimiz az olmayıb. Bir tərəfdən ifrat rütubətli-isti və zəhərli hava (ABŞ-Vyetnam müharibəsi zamanı həmin ərazilərə minlərlə ton kimyəvi bombalar atılmışdı), digər tərəfdən xidmətin ağırlığı... O zaman əsas müharibə bitmişdi, amma sayı bir milyon olan Sayqon ordusu buraxılmışdı deyə onların bir hissəsi cəngəlliklərə çəkilmişdi və müharibəni davam etdirirdi. Tam informasiyasızlıq şəraitində idik. Nə televiziya, nə radio, nə qəzet vardı. Evdən məktub almaq da çətin idi. Ayda bir dəfə Sayqondan (Xo-Şi-Min), yaxud Hanoydan helikopterlə poçt və siqaret gətirilirdi. Amma helikopterlərin uçuşuna təhlükə olanda gəlmirdi və biz məktubsuz, siqaretsiz qalırdıq. Hər ikisinə dözmək dəhşətli idi.
SSRİ Hərbi Kəşfiyyatının ciddi nəzarəti altında olsaq belə bizə bəzən antisovet təbliğat materialları çatdırılırdı. ABŞ-ın 7-ci Operativ Donanmasının kəşfiyyat təyyarələri vərəqələr yayırdı. Bizə Sinqapurdan meyvələr gətirilirdi. Hər meyvə ayrı kağıza bükülü olurdu. Bəzən açanda kağızda antisovet təbliğatı olurdu. Hər halda mən Vyetnamda anladım ki, bizimkilər Əfqanıstanda heç də beynəlmiləl borc yerinə yetirmirlər. Mən artıq əsgər gedənədək bir qədər məlumatlı idim deyə bu təbliğat mənə təsir edirdi. Amma bütüvlükdə sovet hərbi dənizçisi olaraq vətənə sadiqlik hissim güclü idi. Gəmidə az qala bütün ictimai vəzifələri öhdəmə almışdım. Komsomoldan tutmuş, divar qəzetinə qədər.
Bir müddət sonra biz uzaq səfərə çıxdıq. Əvvəl bütün Hind Okeanını keçməklə Ərəbistan dənizindəki Yəmənə məxsus Sakotra adasına gəldik. Bir müddət Efiopiyanın Nukra və Daxlaq adalarında qaldıq. Vyetnamda evə yazdığım məktuba cavabı 11 ay sonra Polşada aldım. Boğazları,
kanalları keçərkən və kapitalist ölkələrin ərazi sularına daxil olarkən gəminin yuxarı göyərtəsində zabit və miçmanlar əli silahlı keşik çəkirdi. Kimsə qaçmağa cəhd edərdisə güllələmək əmri verilmişdi. Bir dəfə eşitdik ki, Baltik dənizində qonşu gəmilərin birindən bir nəfər İsveçə qaçmağa cəhd edib. Onun bəxti gətirmişdi, polyak sərhədçilər
tutub təhvil vermişdilər.
Polşaya
təmirə gedərkən bilirdik hara gedirik.
"Solidarnost"un tüğyan etdiyi 3 tərsanədən
birində təmirdə olmalı idik bir il ərzində. Səfər
ərəfəsində geniş partiya-komsomol iclasında rəyasət
heyətində oturmuşdum. Çıxış edib gəmidəki
Lenin portretlərini yığışdırmaq barədə
təklif verdim. Təklif iclasda bomba kimi partladı. İzah
etdim ki, Lenin portretləri üzərində uyğun olmayan təbliğat
yazıları verilə bilər. Komandirin siyasi məsələlər
üzrə müavini qəti etiraz etdi və bildirdi ki, ekipaj
dahi rəhbərin portretini qoruya bilməyəcək qədər
zəif deyil. Təmir başlayandan bir həftə sonra Leninin
bütün portretlərinin üzərində ox işarəsi
çəkilmişdi, sinəsinə isə "Salidarnost
yaşayır" sözləri yazılmışdı. Portretləri
təcili yığışdırdılar, amma məni
xatırlayan olmadı.
Ümumilikdə
xidmətim dövründə gəmidə Dünya
Okeanında 66 min kilometrdən çox yol qət etmişəm.
Ona görə də "Uzaq səfərlərə görə"
medalı ilə təltif olunmuşam.
- Universitet illərinizdən söz
açardınız. Bildiyimə görə, Polşada
İnsan Hüquqları üzrə Beynəlxalq Ali Məktəbi
bitirmisiniz.
- İlk
ali təhsilimi Bakı Dövlət Universitetində
almışam. Mən daxil olanda Kirov adına Azərbaycan
Dövlət Universiteti idi, bitirəndə Rəsulzadə
adına Bakı Dövlət Universiteti. Mən təhsil alanda
5 rektor dəyişmişdi. Universitetdəki son illərim xalq
hərəkatı və milli azadlıq hərəkatı ilə
üst-üstə düşdü. Hərəkatda iştiraka
görə təqiblərlə üzləşsəm də
(xüsusən QKÇP dövründə), Universiteti uğurla bitirdim. Sonradan
daha bir neçə təhsil aldım. Polşada isə insan
hüquqları üzrə Beynəlxalq Ali Məktəb təsis
olunmuşdu. Layihəni Soros və Ford fondları maliyyələşdirirdi.
Ümumilikdə 2 milyon yarım dollara yaxın büdcə
ayrılmışdı və 13 ölkədən 50 nəfərə
qədər insan hüquqları müdafiəçiləri cəlb
olunmuşdu. Maraqlı idi. Hər sessiya bir ölkədə
olurdu. Varşavada, İsveçrənin Cenevrə şəhərində,
Fransanın Starsburq, Niderlandın Haaqa və Amsterdam,
Ukraynanın Vinnitsa, Rusiyanın Tuapse şəhərlərində
sessiyalarımız olub. BMT-nin Cenevrə bölməsində,
Starsburqda Avropa İnsan Hüquqları Məhkəməsində,
Haaqada Beynəlxalq Ədalət Məhkəməsində,
Keçmiş Yuqoslaviya üzrə hərbi Tribunalda, yeni
yaranmış Beynəlxalq Cinayət Məhkəmələrində
maraqlı praktikalarımız olub. Ümumiyyətlə
ABŞ, Avropa İttifaqı və xüsusi fondların dəstəyilə
çox sayda qısamüddətli təhsil və mübadilə
proqramlarında iştirak etmişəm.
- Hakimiyyət orqanlarında da təmsil
olunmusunuz, 90-cı illərin əvvəllərində Yasamal
Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini, icra hakimiyyətinin başçısı və
Prezident Aparatının şöbə müdiri vəzifələrində
işləmisiniz. O illər barədə ilk növbədə
nələri qeyd edərdiniz?
- Xalq hərəkatının
fəallarından olmuşam. Məndə anti-sovet əhval-ruhiyyə
hələ məktəb illərində yaranmışdı.
Daha sonra Vyetnam və Polşada sovet rejiminə qarşı
münasibətim tam formalaşdı. 1988-ci ildə ermənilərin
Qarabağı Ermənistan SSR-ə birləşdirmək
üçün başladıqları "miatsum" deyilən
hərəkata Bakıda ilk etiraz olanda mən həm də
Bakı Tunel Tikintisi idarəsində işləyirdim. Həmfikirlərlə
birgə "Azad həmkarlar birliyi" adlı yarıgizli təşkilat
yaratıq. 1989-cu ilin avqustunda təşkilatımız Azərbaycan
Xalq Cəbhəsinə qoşuldu və Oktyabr rayonu (indiki
Yasamal) üzrə Xalq Cəbhəsi rayon şöbəsinin
dayaq dəstəsinə çevrildi.
O
dövrdə Bakıda siyasi tətillərin təşkilində
ən öndə gedən təşkilatlardan idik. Mən həm
də tətil komitəsinin sədri idim. 20 yanvar ərəfəsində
50 nəfərdən ibarət dəstə
formalaşdırıb cəbhəyə yola düşmək
qərarına gəldik. Amma 20 yanvar hadisələri imkan vermədi.
Bakıda qalıb burdakı proseslərdə iştirak etdik.
Yasamal
rayon icra hakimiyyətində 21 gün humanitar məsələlər
üzrə birinci müavin oldum. İlk işim iki nəfər
şəhidin dəfninin təşkili olub. Sonra bir ilə yaxın icra
başçısı işlədim. Amma az qala hər gün
şəhid dəfnində iştirak edirdim. Həmyaşıdlarımın
dəfnində iştirak mənə mənəvi əzab idi.
Çox ağır vaxtlardı. Yasamal da ən mürəkkəb
rayonlardan biri idi o zaman. 300 minə qədər əhali,
üstəgəl Şuşa və Laçın rayonundan olan
minlərlə məcburi köçkün. Mən təyin
olunanda rayon əhalisi son 3 ayın ərzaq talonlarını
almamışdı. Bir ay ərzində bu məsələni həll
etdik. Yasamal elm, təhsil və səhiyyə mərkəzi
idi. Bununla belə 37 zavod və fabrik də var idi. Ölkənin
ən iri çörəkbişirən kombinatları Yasamalda
idi. 5 nömrəli çörək zavodu sutkaya 250 ton
çörək bişirirdi. Bəzən gecələr
çörək bişənə qədər kombinatda
olurduq. Enerji fasiləsi yarananda xəmir xarab olurdu. Yasamalda
Hüseyn Cavidin monumentinin tikintisi də mənim vaxtımda
olub. Ümumiyyətlə rayonda başçı işləyəndə
mənim şablona sığmayan addımlarım olub. Rayonun az
qala üçdə biri gecəqondular idi. Mənzil problemi
60-cı illərdən yığılıb
qalmışdı. Mənzil bölgüsündə Yasamala həmişə
az pay düşüb. Səbəbini soruşanda deyirdilər
ki, burada ermənilərin digər
rayonlara nisbətən daha az yaşaması ilə
bağlıdır. Mənzil bölüşdürənlər
içərisində ermənilər çox olub deyə, məsələn,
Nəsimi rayonuna daha çox mənzil ayrılıb, nəinki
Yasamal rayonuna. Rayona rəhbərliyə gələndə məlum
oldu ki, gecəqondular qəsəbələrində, xüsusən
Alatavada sanitar vəziyyət çox acınacaqlıdır.
Heç kəs kommunal xərcləri ödəmir. Evlər rəsmi
deyil deyə sakinlərdən ödəniş almaq
mümkün deyil. Sərəncam imzalayıb komissiya
yaratdım. Tezliklər bütün gecəqonduları
pasportlaşdırdıq. Texniki pasport verdik və onlar da
sonradan bu mənzilləri və həyətyanı sahələri
özəlləşdirdilər. Eyni zamanda bizə də imkan
yarandı ki, kommunal xərcləri toplaya bilək.
- Həmkarlar sektorunda fəaliyyətiniz
nə vaxt və necə bir şəraitdə başlandı?
- 1989-cu
ildə "Svoboda" ("Azadlıq" qəzetinin rus
dilindəki versiyası) qəzetində bəyanat getmişdi.
Bəyanatı "Azərbaycanda Azad Həmkarlar
İttifaqlarının yaradılması üzrə təşəbbüs
qrupu" vermişdi. Mən də təşəbbüs
qrupuna daxil oldum. Ölkədə mövcud sovet həmkarlar
ittifaqlarına alternativ həmkarlar ittifaqı yaratmağa
başladıq. Tez-tez iclaslarımız olurdu.
İclaslarımıza təşəbbüs qrupunun
üzvü olmayan həmkarlar ittifaqları fəalları da
qoşulurdu. İndi hamının yaxşı
tanıdığı, o zaman isə neft sənayesinin ən
iri birləşmiş həmkarlar ittifaqlarından birinə rəhbərlik
edən Mirvari Qəhrəmanlı da iclaslarımıza
qatılırdı və fəallığı ilə
seçilirdi.
Sonradan
Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar
İttifaqında da təşəbbüs qrupuna daxil oldum. Beləliklə
tərkibi 70 min nəfərə çatan bir azad həmkarlar
ittifaqı yarandı. Sonradan mən dövlət işinə
getdim və prosesdən nisbətən uzaqlaşdım.
Yasamal
rayonunda icra başçısı olarkən Səttar
Mehbalıyevlə tanışlığım başladı. Həmin
vaxt o Avtomobil Nəqliyyatı İşçilərinin Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri idi. Sonra ölkənin
həmkarlar ittifaqına rəhbər seçildi.
1993-1997-ci
illərdə Azərbaycan Neft-qaz sənayesi işçilərinin
Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi
vəzifəsində işləmişəm. Dəfələrlə
bizim təşkilatı bağlamağa cəhd etsələr
də, prosesi udduq. Ancaq BP şirkətinin təkidlərindən
sonra bizi ləğv edə bilməsələr də,
strukturlarımızı başqa həmkarlar ittifaqlarına
keçirdilər və biz havada qaldıq. Bütün aparat
işçiləri yeni quruma keçsə də, mən sədrin
yanında qaldım, axıra qədər onunla oldum. Mübarizə
apardım və işsiz qaldım. Tezliklə okeanın o
tayından bizimlə maraqlanmağa başladılar. NED təşkilatının
Beynəlxalq Əmək Həmrəyliyi (international labor
solidarity) nümayəndələri bizimlə
görüşdü. Qrupa məşhur Katerina Kosman rəhbərlik
edirdi. Hazırda Kosman ABŞ Dini Azadlıqlar üzrə
Komissiyada işləyir. Bundan əvvəl
Suriyada dini qarşıdurma yaratmaq istiqamətində xeyli
işlər aparıb. Hazırda Azərbaycanla bağlı həyata
keçirilən layihələri kurasiya edir. Məni
yaxşı tanıyır. Mən də onu yaxşı
tanıyıram. Ona görə beynəlxalq tədbirlərdə
məni görəndə yayınmağa
çalışır.
- 2000-ci ildə
yaratdığınız Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası hansı zərurətdən
meydana gəldi?
- Təşkilatı
yaratmaqda məqsədimiz əmək hüquqlarının
müdafiəsi və təşviq etməkdir. Artıq 23 ildir
ki, fəaliyyət göstəririk. 1998-ci ildə ABŞ səfirliyinin
təşəbbüsü ilə, səfirliyin və Soros
fondunun maliyyə yardımı ilə "İnsan
hüquqları üzrə Resurs Mərkəzi"ni təsis
etdik. İnsan hüquqlarını müdafiə edən 7 təşkilat
təsisçi oldu. Əsas fəaliyyətimiz də resurs mərkəzində
başladı. Bizim təşkilatı qeydə
almırdılar. Amma o zaman Avropa Şurasına üzvlük məsələsi
var idi. Azərbaycan üzrə məruzəçiyə bu barədə
məlumat göndərdim. 2000-ci ilin mart ayında Ədliyyə
Nazirliyinin kollegiyasında bizi qeydə aldılar. Amma o dövrə
qədər bizim təşkilat artıq məşhurlaşmışdı.
Təşkilat təmsilçisi kimi bir sıra ölkələrdə
beynəlxalq tədbirlərdə iştirak etmişdim
artıq. ABŞ-da mübadilə proqramında olmuşdum.
- Ədliyyə sahəsilə
bağlı fəaliyyətiniz hansı zəmində quruldu?
-
Ədliyyə sisteminin QHT-lərlə ilk əməkdaşlığı
nazir Fikrət Məmmədovun gəlişi ilə
başladı. Onun təşəbbüsü ilə
2006-cı ildə penitensiar müəssisələrə
ictimai nəzarəti həyata keçirən ictimai komitə
yaradıldı. İctimai Komitənin fəaliyyəti
xüsusi normativ-hüquqi aktla tənzimlənir. Komitə
üzvlərinin heç bir xəbərdarlıq etmədən,
istənilən cəzaçəkmə müəssisəsinə
daxil olmaq, məhkumlarla konfedensial söhbət etmək, zərurət
olduqda məhkumların işgəncəyə məruz
qalıb-qalmamasını araşdırıb müayinə etmək,
personala və məhkumlara yönələn maarifləndirici tədbirlər
həyata keçirmək, məhkumları azadlığa
hazırlamaq üçün müvafiq tədbirlər
keçirmək kimi hüquqları var. Mən komitənin
koordinatoru olduğum dövrdə təşkilatımız
beynəlxalq aləmdə məşhurlaşmışdı.
BMT-nin müvafiq komitələri də Nazirliyin bu təşəbbüsünü
təqdir etmişdi. Hazırda da Komitəyə
üzvlüyüm davam edir. 2014-cü ildən "İctimai
İştirakçılıq" haqqında qanun qüvvədədir.
Həmçinin, bir çox dövlət orqanlarında belə
şuralar fəaliyyət göstərir.
2007-ci ildə
yaranan Hüquqşünaslar Konfederasiyasının da idarə
heyətinin üzvü seçilmişəm. O zaman idarə
heyətində çox məşhur şəxslər var idi.
İndi iqtisadiyyat naziri olan Mikayıl Cabbarov, məhkəmə
sədrləri, hüquq elmləri doktorları var idi. Konfederasiyanın
sədri hazırda Milli Məclis sədrinin birinci müavini
olan Əli Hüseynli idi. Konfederasiya uzun illər ölkədə
hüquqi maariflədirmə istiqamətində ciddi layihələr
həyata keçirdi. Təəssüf ki, sonralar Konfederasiya və
onun rəhbərliyinə qarşı ciddi hücumlar
başladı və bunların arxasında o zaman hakimiyyətdə
yüksək postlar tutan şəxslər, bəzi dairələrə
bağlı olan "hüquq müdafiəçiləri"
də var idi.
- Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına üzv təyin edilməyiniz,
yəqin ki, ictimai sektorla bağlı fəaliyyətinizdə
yeni bir mərhələ oldu...
- 2008-ci
ildə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasına seçkilər keçiriləndə mənim
namizədliyimi Azərbaycan Hüquqşünaslar
Konfederasiyası irəli sürüb. Qeyd edim ki, 2012 və
2016-cı illərdəki seçkilərdə də
iştirak edərək şuraya üzv seçilmişəm.
Hər 3 seçkidə hamıdan daha çox səs
toplamışam və Prezident İlham Əliyevin Sərəncamı
ilə Şura üzvü təyin olunmuşam. 2009-cu ildən
Şuranın Apellyasiya Komissiyasının sədriyəm.
2018-ci ildən həm də Şuranın dövlət
orqanlarının verdiyi qrantların bu qurumla
razılaşdırılması üzrə komissiyanın sədriyəm.
- Xaricə səfərlərinizin nə
kimi yaddaqalan məqamları olub? Getdiyiniz ölkələrin,
həmçinin, vətənimizin görməli yerləri barədə
nələr deyərdiniz?
- Bir
neçə ölkəyə sadəcə dostlarla gəzməyə
getmişəm. Qalan bütün səfərlərim
işgüzar xarakterli olub. Düşünürəm ki, mənim
də taleyimə dünyanı gəzmək
yazılıbmış. Sakit Okean Donanmasında xidmət edəndə
dünya okeanını başdan-başa dolaşmışam.
24 ölkənin ya əsas ərazisində, ya da sahillərində
və adalarında olmuşam. O dövrdə xarici ölkələrdə
olan adamlara fərqli yanaşırdılar. Kimsə, məsələn,
Bolqarıstanda olmuşdusa, bütün məclisdə əsas
söz sahibi sayılırdı. Sonradan da belə
alındı ki, mən tez-tez səfərlərə gedəsi
oldum. Son iki ildə, demək olar, getməmişəm. Bu
müddətdə ancaq Varşavada ATƏT-in tədbirinə
getmişəm, vəssalam. Ən çox getdiklərim beynəlxalq
təşkilatların yerləşdiyi ölkələrdir.
İsveçrə, Avstriya, Belçika, Polşa, Fransa,
Niderland və digərləri. Elə ölkə var ki, 20 dəfə
səfərə getmişəm. Bir neçə ölkədə
mübadilə proqramlarında olmuşam. Ən yaddaqalanı
ABŞ Dövlət Departamentinin Beynəlxalq Qonaq Proqramı
çərçivəsində o ölkədə
keçdiyim mübadilə proqramıdır.
"Qeyri-kommersiya təşkilatlarında liderliyin
inkişafı" proqramı çox zəngin bir proqram idi.
Bizə Harvard universitetinin professorları da təlim
keçib. Müxtəlif ştatlarda maraqlı
görüşlərimiz olub.
Qeyd edim
ki, mən eyni zamanda tədqiqatçıyam. Hazırladığım
əsas nəşrlər də tədqiqat məzmunludur. Amma
maarifləndirici nəşrlər də
hazırlamışam. Onlardan bəziləri beynəlxalq təşkilatların
veb səhifələrindədir.
Gedib
gördüyüm hər ölkənin öz unikal cəhətləri
var. Ən çox təəssürat yaradan şəhərlər
San-Fransisko, Melbrun, Vyana olub. Bir də İsveçrənin
bütün şəhərləri. Axırıncı dəfə
olduğum ən uzaq ölkə Perudur. Gedib-gəlmək
üçün 8 təyyarə dəyişmişdim.
Öz
ölkəmizə gəldikdə isə, Azərbaycanın
işğal olunmuş ərazilərini çıxsaq, əksər
bölgələrdə olmuşam. Xörəklərlə
bağlı isə deyim ki, mən qurman deyiləm. Bir az da
dietik yeməklər yeməyə məcburam. Hər zonanın
öz dadlı xörəkləri var. Bizim zonanınkı
yerli düyüdən bişirilən döşəməli
aş idi. Döşəməli aş bişirilməsi
ayrıca bir ritual idi. Axşamçağı həlimiçmə
mərasimi olurdu və qaranlıq düşəndə də
aş yeyilirdi. Aşın ətri çox uzağa gedirdi deyə
bütün qonşulara pay verilməli idi.
- Bu koronavirus pandemiyası ilə
bağlı karantin dövründə əsasən nə ilə
məşğulsunuz, bu günləri necə keçirirsiniz?
- Bu mənim
gördüyüm ilk qrip karantini deyil. Hələ 6
yaşım olanda "Honqkonq qripi"
yayıldığına görə karantinlə üzləşmişəm.
Təbii ki, o qripin adını sonradan öyrəndim. Onda hətta
içməli suyu açıq mənbələrdən,
arxdan götürüb istifadə etmək qadağan
olunmuşdu. Yadımdadır, kənddən 3 kilometrdən də
uzaq bir məsafəyə dəmiryolla hər gün su gətirilirdi
və kənd camaatı qablarla su daşıyırdı. O
vaxt əhali daha intizamlı idi. Görünür, Stalin
dövrünün xofu hələ camaatın canından
çıxmamışdı. 70-ci ildə də hansısa xəstəlik
yayılmışdı. Hətta o vaxt tibb məntəqəsinin
işçiləri hər gün camaata, xüsusən məktəbdə
şagirdlərə dərman verirdilər. Hamı onların
gözü önündə dərmanları qəbul etməli
idi. Bu vəziyyət bir ay davam etdi.
Kəndin
tibb məntəqəsinin (xəstəxana qəsəbədə
idi) tibb bacları olan Şura xala və Məkan xala hər
gün məktəbə gəlib şagirdlərə sarı
rəngdə dərman verirdi. Boyüklərə isə ağ
tabletkalar idi.
Bu dəfə
Çinin Uhan şəhərində yeni tip virusun əmələ
gəlməsini eşidəndə narahat olmağa
başladım. Mənə gülürdülər, ciddi
yanaşmağıma təəccüblənirdilər. Amma mən
prosesin gedişindən narahat idim. Ancaq düzü, mən də
bu səviyyəyə gəlib çatacağını
düşünmürdüm. 2009-cu ildə "donuz qripi"
pandemiyası dövründə az qala hər ay xarici ölkələrdə
olurdum. 4 dəfə Cenevrə, Berlin, Zaqreb, Bişkek, Tbilisi və
başqa şəhərlərə səfərlərim
olmuşdu. O zaman adi maska
götürürdüm özümlə. Bu dəfə vəziyyət
daha acınacaqlıdır. Hələ bilinmir ki, bu virus daha
çox insan öldürəcək, yoxsa pandemiyanın nəticələri.
Qısası, mən sosial izolyasiya tədbirlərinə daha
tez başlamışam. Bir az səhhətimdə problem var deyə
daha həssasam. Hazırda evdəyəm. Ənənəvi
iş rejimim tamam pozulub. Düzü, əvvəlki vaxtlara nisbətən
daha az və qeyri-intensiv işləyirəm. Televiziyalara getmirəm.
Hərdən evdən canlı yayıma qoşuluram. Tədqiqat
işləri aparıram və bunun üçün kifayət
qədər vaxt var. Eyni zamanda sosial şəbəkədə
ənənəvi missiyamı yerinə yetirirəm. Bədii
kitab oxumuram. Hazırda İbrahim Məmmədovun
"Üç əsrin alqoritmləri və ya tarix necə təkrarlanır
(1700-2019)" tədqiqat kitabını oxuyuram. Yeri gəlmişkən,
kitabda elə bu dövrdə regionda ciddi "fəlakət
ssenarisi" olacağı proqnozlaşdırılıb. Hərdən
onu vərəqləyirəm. Həmçinin, evdən online dərslər
keçirəm. Bu günlərdə vəkilliyə namizədlər
üçün Ədliyyə Akademiyasında təşkil
olunan kurslarda "BMT-nin insan hüquqları üzrə mexanizmləri" mövzusunda dərsim
də oldu.
Mənim
qənaətimə görə, dünyamıza təhlükə
yarada bilən 30-dan çox qlobal mənbə var. Onlardan bir
qismi ekzogen, yəni səma mənşəlidir, bir qismi isə
endogen, yəni yer mənşəlidir. Bunlara səma cisimləri
ilə planetin toqquşması, ozon dəliyinin genişlənməsi
və ya yox olması, qlobal istiləşmənin yarada biləcəyi
qlobal fəlakət, nəhəng vulkanların oyanması, əlacsız
xəstəliklərin yayılması və digərlərini
aid etmək olar.
Çətin
dövrə qədəm qoymuşuq. Elə güman etmək
olar ki, yeni eraya daxil oluruq. Əvvəlki dövr başa
çatıb və hazırda bu, koronavirus dövrüdür.
Ümid edirəm, bu, qısa sürər və ardınca
yaxşı mənada fərqli bir dövr gələr.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 22 aprel.-
S.10-11.