Koronavirus və mədəniyyət

 

HƏR ZİYANIN BİR XEYİRİ

 

Deyir, mənə elə ziyan yetir ki, içindən xeyir çıxsın. Koronavirus  infeksiyası  dünyanı  silkələyər-silkələməz ölkəmizdə qabaqlayıcı tədbirlər görülməyə başladı.

Təbii ki,  sosial izolyasiya tədbirləri nəticəsində  bir çox idarə, təşkilat müəssisələrdə  prosesi  dayandırıldı. Doğrudur, fəaliyyətin dayandırılması istənilən işin axsamasına, ləngiməsinə gətirib çıxarır. Lakin qısa zamanda  müəssisələr öz işini  virtual olaraq davam etdirməyə başladı. İlk başdan çətin olsa da, tezliklə insanlar buna alışdılar.  Artıq müəllimlər öz şagirdləri ilə  asanlıqla onlayn dərslər keçir, rəhbərliklər virtual iclaslar, konfranslar təşkil edir, tapşırıq tövsiyələrini rahat  şəkildə əməkdaşlara çatdırırlar. Vaxt baxımından övladının dərslərində dinləyici kimi iştirak edə bilməyən valideynlər indi evdə  rahat şəkildə dərsləri izləyir  nəticə etibarı ilə müəllimin , övladının da gücünə bələd olurlar. Virtual fəaliyyətin mənəvi qazancını isə, mən deyərdim ki, daha çox mədəniyyət  sahəsində çalışanlar əldə etdi.  Musiqi məktəblərində keçirilən onlayn  dərslər sosial şəbəkədə yayımlandıqca izləyicilər yeni-yeni istedadlı müəllim şagirdləri dinlədilər. Rəsm əsərlərinin, müxtəlif  texnika ilə hazırlanmış əl işlərinin nümayiş etdirilməsi sayəsində  gözdən uzaqda qalmış rəssamlar, qabiliyyətli sənətkarlar üzə çıxdı. Aktyorluq, bədii qiraət, toxuculuq, xalçaçılıq üzrə neçə-neçə istedadlı bacarıqlı insanların fəaliyyətini işıqlandıran videoçarxlar onları daha yaxından tanımağa kömək etdi. Muzeylərdən təqdim olunan virtual ekskursiyalar, sərgilər, kitabxanaların sosial şəbəkələrdəki səhifələrindən izlədiyimiz  ayrı-ayrı müəlliflər, onların yaradıcılığı haqqında məlumatlar, şeir, nağıl, hekayə qiraətləri böyüklü-kiçikli  hər bir vətəndaşın asanlıqla öz ölkəsi, tarixi, tanınmış şəxsiyyətləri haqqında bilgi əldə etməsinə yardımçı oldu. Mən özüm yaşadığım Ağcabədidən ətraf rayonlardan  yalnız üzdə olan, tədbirlərdə tez-tez iştirak edən 20-30 nəfər musiqiçi tanıyırdımsa, bu gün sosial şəbəkədəki fəallıqları sayəsində bir çox ifaçıları, o cümlədən, incəsənətin digər növlərində uğurla addımlayan talantlı uşaq, yeniyetmə gəncləri tanıdım. Heyrət etdim. "Açılmayan qanadların böyüklüyü bilinməz" atalar sözünə haqq qazandırdım. Musiqi sahəsində  Azərbaycana Üzeyir Hacıbəyov, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Sabir Novruzov, Səfa Qəhrəmanov, Sahibə Əhmədova kimi məşhurları bəxş edən Ağcabədidə davamçıların yetişəcəyinə inamım artdı. Bu, təkcə istedadların tanınmasına kömək etmədi. Eyni zamanda, izləyicilər tərəfindən yazılan rəylər, xoş sözlər həmin insanlara stimul verdi.  Bəlkə məlum pandemiya  təhlükəsi meydana çıxmasaydı, məsələn, hansısa  gözəl səsli, təmiz nəfəsli bir qız musiqi məktəbinə sadəcə, bir həvəs olaraq gedəcək, orta məktəbi bitirib dərhal ailə qurmağı, yaxud böyüklərin diktəsi ilə qadına münasib sayılan bir peşəyə, sənətə  yiyələnməyi daha üstün tutacaqdısa, bu gün sosial şəbəkədə izləyicilərin rəyi, xoş münasibəti, musiqiçilərin fikirləri onu öz istedadına daha çox inandırır, özünə güvənini artırır. Nəticədə o səs mətbəxdə qab yuyarkən özü üçün zümzümə etməyə yox, bir xalqın  mənəvi sərvətinə çevrilməyə iddialı olur. Bu gün sosial şəbəkələrdə daha çox #evdəqalevdəyarat,   #şeirdepozitivol  həştəqləri ilə edilən paylaşımlar tanıdığımız insanların  bilmədiyimiz  bacarıqlarını görməyə imkan yaratdı. Onların bir zamanlar  müəyyən səbəblərdən içində boğub öldürmək istədiyi, amma qıymayıb sadəcə, yarımcan etdiyi istedadlarını yenidən sığallayıb-tumarlayıb izləyicilərə təqdim etmək həvəsinin səbəbkarı da deyərdim ki, məhz  "Evdə qal, evdə yarat!" çağırışları oldu. Bir sözlə, mədəniyyət sahəsində çalışanlar karantin dövründə insanlara pozitiv əhval-ruhiyyə bəxş etməyə çalışır, sosial şəbəkədə canlı yayımla musiqi ifaları təqdim edərək öz məharətlərini göstərməklə yanaşı, insanları neqativ düşüncələrdən uzaqlaşdırır,  bu ağır dönəmdə bütün bacarıqları ilə onların diqqətini ruh yüksəkliyi yaradan istiqamətə yönəldirlər. AzTV-nin həyata keçirdiyi böyük marağa səbəb olan  "Eyvana çıx!" layihəsinə  artıq musiqi məktəbləri dəstək  olur,  gözəl ifalarla eyvanlardan  sakinlərə xoş əhval-ruhiyyə bəxş edirlər.

Demək olar ki, bugünkü  virtual fəaliyyət mədəniyyət  sahəsində tanımaq, tanınmaq tanıtmaq dövrü kimi yadda qalacaq. Belə bir deyim var: "Gülün tikanı var deyib kədərlənməkdənsə, tikanın gülü var deyib sevinmək lazımdır".  İnanıram ki, biz həm  dövlətimizin bu xəstəliyə qarşı həyata keçirdiyi tədbirlər  sayəsində, həm pozitiv əhval-ruhiyyəmizlə çətin sınaqdan qalib çıxacağıq. arzu edirəm ki, korona dövründən  bizə  qalanlar yalnız bu müddətdə tanıdığımız istedadlar, xoş xatirələr olsun!

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2020.- 22 aprel.- S.12.