"Həkim olmaq istəyirdim, aktrisa oldum"

 

SABİRƏ ABDULLAYEVA: "İNCƏSƏNƏTİ YAVAŞ-YAVAŞ SEVDİM"

 

Karantin günləri sosial şəbəkələrdə əvvəlkindən daha çox vaxt keçirməyimizə rəvac verir. Ötən gün Feysbukda izlədiyim bir video, xüsusilə, diqqətimi çəkdi. Videonun müəllifi, özünəməxsus mimikası səs tembri olan bədii qiraətçi Sabirə Abdullayeva idi. Elə sosial şəbəkə vasitəsilə əlaqə qurub müsahibə üçün vaxt təyin etdik.

Müsahibəni təqdim edirik.

 

- Bədii qiraətlə vaxtdan məşğul olursunuz?

- Lap kiçik yaşlarımdan şeir oxumağı çox sevirdim. Orta məktəbdə oxuyanda şagirdlər arasında keçirilən bədii qiraət müsabiqələrində iştirak edirdim. Bu mənada deməliyəm ki, oxuduğum 240 saylı orta məktəbin müəllimlərinin üzərimdə böyük əməyi var. Çünki şeirə bağlılığım elə həmin illərdən möhkəmlənib. Universitetə daxil olandan sonra artıq şeir deməklə şeir söyləməyin fərqinə vardım özümü daha da inkişaf etdirdim. Şeirin məndə yaratdığı ovqatı yox, şairin yaşadığı hissləri dinləyiciyə çatdırmağa çalışdım. Təbii ki, bunda universitet müəllimlərimin əvəzsiz rolu var.

 

"İfa etdiyim şeirləri bacardığım qədər hiss etməyə çalışıram"

 

- İfa etdiyiniz şeirlərdə öz tərziniz mimikalarınızla fərqlilik yaradırsınız. Sizcə, aktrisalıq qabiliyyətinin təhsilinizin bunda hansısa rolu varmı?

- Bədii qiraətlə bağlı bəzi məqamları yaxşı qavramağımda aldığım təhsilin mühüm rolu oldu. Mənə görə, qiraətçinin aktyor olub-olmaması nəyisə dəyişmir. Hər kəsin özünəməxsus tərzi var. Özümüzü yaxşı sənət nümayiş etdirən birisinə bənzətməyimiz də düzgün deyil. Bunun əvəzinə ondan sənətin incəliklərini öyrənib, öz cığırımızla getməyi bacarmalıyıq. Adını tarixə yazdıran insanların çoxu yeni bir yol açıb, arxasınca başqalarını gətirə bilənlərdir. Ona görə də ifa etdiyim şeirləri bacardığım qədər hiss edib, səmimi olmağa çalışıram.

 

"O şairlərin dünyasına dalmaq indi mənim üçün bir qədər çətindir"

 

- Səsləndirdiyiniz şeirlərin əksəriyyəti Xalq şairi Musa Yaqubun qələminin məhsuludur. Niyə məhz onun poeziyasına üstünlük verirsiniz?

- Gənc Ədiblər Məktəbinin üzvü olduğum zamanlarda bir şeir səsləndirmişdim. Onda mənə Musa Yaqubun da bu şeirə bənzəyən bir fikri olduğunu demişdilər. Onun yaradıcılığı ilə maraqlananda əslində duyğularımızın üst-üstə düşdüyünü gördüm. O zamandan sonra içimdə Musa Yaquba qarşı böyük bir sevgi yarandı. Onunla yanaşı, şeirləri ilə məni öz dünyasına aparan başqa dahi sənətkarlar da var. Onlara Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, müasir dövr poeziyasında Ramiz Rövşənin yaradıcılığını aid edə bilərəm. Amma bu şeirləri səsləndirməyin də öz vaxtı var. O şairlərin dünyasına dalmaq indi mənim üçün bir qədər çətindir.

 

"Poeziyanın nə olduğunu dərk etdikcə yazmaq da çətinləşir"

 

- Belə anladım ki, özünüz də şeir yazırsınız.

 - İbtidai sinifdə oxuyanda Pəri adlı sinif rəhbərimə çoxlu şeirlər yazırdım. Yəqin ki, bu həmin müəllimi çox sevməyimlə bağlı idi. Hətta adımın da kökü onunla bağlıdır. Bir dəfə doğum haqqında şəhadətnaməmi itirmişdim. İş elə gətirdi ki, yeni şəhadətnaməni müəllimim yazası oldu. Mənim əsl adım Səbirə idi. Onda Pəri xanım məsləhət etdi ki, adımı Mirzə Ələkbər Sabirin şərəfinə Sabirə kimi dəyişdirək, mən də qəbul etdim. Elə o vaxtdan sonra adım Sabirə oldu. Bəlkə də bu həvəs genlərdən gəlir. Atamın və qohumlarımdan bir neçə nəfərin də yaradıcılıq qabiliyyəti var. Nədənsə, əvvəllər mənim üçün yazmaq asan idi, amma indi o hisslər yoxdur. Poeziyanın nə olduğunu dərindən dərk etdikcə yazmaq da çətinləşir.

 

“Heç vaxt aktrisa olmaq barəsində düşünməmişdim”

 

- İncəsənətə uşaqlıq illərindən meyilli idiniz?

- Əslində, heç vaxt aktrisa olmaq barəsində düşünməmişdim. Orta məktəbi bitirənə qədər Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün hazırlaşmışam. Müəllimlərim və məni tanıyan başqa insanlar da aktrisalıq qabiliyyətimin olduğunu təkidlə bildirirdilər. Ancaq atam aktrisa olmağımı istəmədiyi üçün, içimdən gəlsə də, bununla bağlı təşəbbüs göstərə bilmirdim. Bir dəfə şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ümid Abbas Nihani adlı bir tələbəsi ilə tanış olmuşdum. Bir neçə tədbirlərdə iştirakdan sonra məni universitetə dəvət etdi. Bu mənim ADMİU ilə ilk tanışlığım olacaqdı. Ona görə də, universitetdə olanda çox fərqli hisslər keçirmişdim.

Bütün istəklərimə rəğmən hələ də Tibb Universitetinə hazırlaşırdım. Bir nüans da var idi ki, əgər ödənişli əsaslarla qəbul olsaydım, oxuya bilməyəcəkdim. Qəbul imtahanınından sonra həmin ilin keçid balları artdı və mənim tibb üzrə təhsil almağım mümkün olmadı. Nəticədə istədiyim universitetdə oxumağım üçün şans yarandı. Nəhayət, bir müddət hazırlaşdıqdan sonra Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinə qəbul oldum. İndi özümü heç vaxt ağlıma gətirmədiyim bir yerdə görürəm. Ramiz Rövşənin də dediyi kimi, mən incəsənəti yavaş-yavaş sevdim.

 

“Karantin dövrünün mənə müəyyən xeyirləri oldu”

 

- Paylaşımlarınız fasilələrlə olur. Niyə bununla mütəmadi məşğul olmursunuz?

- Əslində, yaradıcılıqla məşğul oluram. Amma çox yaxşı bir iş ərsəyə gəlmədiyi halda bunu paylaşmaq istəmirəm. Gərək o şeirləri söyləmək üçün nədənsə ilham alım ki, səmimi alınsın. Bəzən belə hallar mən yuxuda olarkən baş verir. Oyanıb pəncərənin qarşısında şeir səsləndirməyə başlayıram (gülür).

- Bəs, karantin müddətində nə işlə məşğul olursunuz?

- Həm dincəlmək, həm yaradıcılıq baxımından karantin dövrünün mənim üçün müəyyən xeyirləri oldu. Elə son vaxtlar paylaşdığım bir şeiri onlayn şəkildə keçirilən müsabiqə üçün səsləndirmişdim.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2020.- 22 aprel.- S.24.