Bakıda 27 aprel işğalı və
İranda Sovet təxribatları
Azərbaycanın 27 aprel 1920-ci il tarixində Sovet
Rusiyası tərəfindən işğal edilməsindən
və Cənubi Azərbaycanda Xiyabani hərəkatının
başlanmasından 100 il vaxt ötür.Bununla əlaqədar,
tanınmış tarixçi alim Eynulla Mədətlinin
redaksiyamıza göndərdiyi məqaləni təqdim edirik.
Azərbaycan çoxminillik dövlətçilik tarixinə
malik olsa da, bu tarixdə XX əsrin xüsusi yeri vardır. Ümumiyyətlə,
dünya tarixində XX əsr tamamilə fərqli bir dönəm
kimi yadda qalmış, həm bəşəriyyət
üçün yaratdığı təhlükələrlə,
həm də gələcəkdə baş verəcək bir
sıra təhlükələrin zəminin qoyulması ilə
tarixə keçmişdir. İki dünya savaşı,
soyuq müharibə və cürbəcür gizli müharibələr
ikinci minilliyin sonunda bir həqiqəti üzə
çıxardı: dünyamız hər an
geniş anlamda deyilsə, öz mədəniyyətinin
qurbanına çevrilə bilər. İndi,
yeni minilliyin əvvəllərində daha da kürəsəlləşən,
məlumat və təmas baxımından vahid canlı orqanizmə
çevrilən dünyamızı nəinki nüvə
silahları ilə, hətta deməyəsən kiçicik
virusla da “qiyamət”ə sürüklənə bilərmiş.
Azərbaycan da XX əsrdə dünya tarixində
baş verən proseslərdən kənarda qalmamış,
zamanın kədərini də, sevincini də
yaşamış, tarixi təlabat anlarında öz səsini
qaldırmışdır. Müasir
tariximizin ən iftixarlı və ən dəhşətli mərhələləri
də həmin əsrə təsadüf etmişdir.
Ulu öndər Heydər Əliyev xalqımızin XX əsr
tarixinin dərindən və obyektiv şəkildə öyrənilməsinə
xüsusi önəm verərək tarixçilırimizi bu
dövrü yenidən tədqiq etməyə
çağırırdı. Bu da təsadüfi deyildi,
çünki XX əsr Azərbaycanın həm şimalinda, həm
də cənubunda milli-demokratik hərəkatlar, istiqlal mübarizələri , müstəqil dövlət
quruculuğu və ona
qarşı yönələn düşmən qüvvələrlə ağır mübarizə
dövrüdür. Cənubi Azərbaycanda həmin
əsrin əvvəllərində, 1920-ci ildə və
1945-1946-cı illərdə Azərbaycan xalqının
şahlıq rejiminə qarşı, sonu süqutla nəticələnsə
də, azadlıq hərəkatları dövrüdür.
Şimalda 1918-1920-ci illərdə iki illik
müstəqillik dövründən sonra mənfi və
müsbət tərəfləri ilə yetmiş illik sovet
hakimiyyəti, 1991-ci ildən etibarən isə yenidən
müstəqillik qazanılması və onu qoruyub saxlamaq
uğrunda mübarizə dövrüdür. Indi keçən əsrə bir daha boylananda bir əsr
bundan əvvəl baş verən və müasir dövlətçilik
tariximizin məcrasını və mahiyyətini kökündən
dəyişən facəli, qanlı hadisələr göz
önünə gəlir. Təsəlli verən
hal odur ki, hətta totalitar kommunist rejimində də
xalqımızın milli düşüncəsi, təhsil və
mədəniyyəti, vətənə, dilə, milli dəyərlərə
münasibəti qadağa və təhdidlərə, həbslərə
və sürgünlərə baxmayaraq inkişafdan
qalmamış, müstəqil dövlətçiliyimiz
üçün lazımi zəmin hazırlanmışdı.
27 aprel
1920-ci il tarixindən – Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən
işğal edilməsindən 100 il ötür. İşğalların
ildönümləri bayram edilmir, edilməməlidir
də, amma bu qanlı aktı könüllü sovetləşmə
kimi bizə bayram etdirirdilər. Bu xalqın təməl
hüqüqlarının tapdanıb ayaq altına
salınması, millətin aşağılanıb bir millət
olmaq mahiyyətindən çıxarılması, onun milli mənliyinin,
heysiyyətinin məhv edilməsi demək idi. Təqdim
olunan yazıda bu işğalın yüz illiyini yada salmaqla tarixi
yaddaşımızı bir daha arındırmaq, tarixin dərslərindən nəticə
çıxarmaq niyətimizi ifadə etmək istədik. Ulu
öndər Heydər Əliyev hələ Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik
etdiyi xaman Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yeri və
əhəmiyyətindən danışarkən
vurğulamışdı ki, bir halda bu Cümhuriyyət 1920-ci
ilin aprelində işğal nəticəsində süqut
etmişdir, o zaman bu işğala da siyasi qiymət verilməlidir.
Qeyd edilməlidir
ki, Aprel işğalınadək Azərbaycanda, eləcə də
İranda rus bolşevikləri fəal iş aparırdılar. Məsələ
burasındadır ki, Birinci Dünya müharibəsində
İran öz bitərəfliyini bəyan etsə də,
ölkənin ərazisi müxtəlif xarici güclərin
mübarizə meydanına çevrildi və İranın
olduqca zəifləmiş, həm daxildə, həm də
xaricdə nüfuzunu itirmiş şahlıq hakimiyyətinin bu
proseslərə hansısa təsir etmək gücü yox idi.
Belə ki, Antantaya daxil olan iki ölkənin - Rusiyanın və
İngiltərənin silahlı qüvvələri artıq
neçə illərdi ki, İranda idi, Britaniyanın qüvvələri
cənubda və mərkəzdə, Rusiya qoşunları isə
ölkənin şimal-qərbində, əsasən, Azərbaycan
əyalətində yerləşdirilmişdi və bu
Almaniyanın müttəfiqi kimi müharibəyə qoşulan
Osmanlı dövlətinin qoşunlarının bu bölgədə
həmin qüvvələrlə qarşıdurmasını
labüd edirdi. İran demokratları isə bu qüvvələrin
hər birinə qarşı idilər, onlar az-çox
Almaniyaya rəğbət bəsləyir, rus-ingilis işğalına
qarşı xalqı ayağa qaldırmaq üçün
iş aparırdılar. Tehrandan çox da uzaq olmayan Qəzvin səhərində
yerləşdirilmiş rus qoşunları hər an paytaxta
hücum edə bilərdilər. Belə bir
şəraitdə Osmanlı dövləti İran ərazisində
Antantaya qarşı yeni cəbhə açdı, türk
qoşunlarının İran Azərbaycanına daxil olması
artıq zərurətə çevrildi və çox
keçmədən bölgə qarşı-qarşıya
duran xarici güclərin rəqabət və savaş
meydanına çevrildi.
Rusiyada
üç yüz illik monarxiyaya son qoyan 1917-ci il Fevral
inqilabı, sonra isə bolşeviklərin oktyabr
çevrilişi rus qoşunlarının İrandakı
missiyasını da yeni şəraitdə dəyişdi, rus əskərləri
arasında da inqilabi ideyaların ab-havası duyulurdu, buna baxmayaraq, ölkənin
demokratik qüvvələri rus qoşunlarına etibar etmirdi. Bu həmin qoşunlar idi ki, Məşrutə hərəkatının
(1906-1911) nailiyyətlərini ayaqlar altına salmaqda və bu
inqilabın mübariz qəhrəmanlarına qanlı divan
tutmaqda şah hökumətinin əsas yardımçısı
olmuşdu.
Əlbəttə,
Azərbaycanın, bir qədər sonra isə bütün
Qafqazın Sovet Rusiyası tərəfindən işğal edilməsi Çar
Rusiyasının itirilmiş bütün sərhədlərinin
bərpa edib, hətta yeni ərazilər və təsir dairələri
əldə etmək, dünyanın ancaq bir-iki dövləti tərəfindən
tanınan Sovet Rusiyasının böyük geosiyasi
coğrafiyada yerini möhkəmləndirmək siyasəti idi.
Qərbin aparıcı dövlətləri tərəfindən
təcrid edilən, tanınmayan yeni Rusiya aldadıcı və
cəlbedici şüarlarla Şərqin müsəlman ölkələrinə
nüfuz etməyə, bolşevik ideyalarını yaymaqla
yoxsul təbəqələrin rəğbətini qazanaraq həmin
ölkələrin xalqlarını bu və ya digər şəkildə
özünə bağlayıb onları “sovetləşdirməyə”,
bununla da zəngin neft və enerji mənbələrinə
sahib olmağa,
isti dənizlərə yol açan daha əlverişli
mövqeyə malik olmağa can atırdı. Əbəs
yerə yeni Rusiyanın hökumət başçısı
Vladimir Lenin öz silahdaşlarına “Bakını ələ
keçirmək olduqca, olduqca zəruridir” əmrini verməmişdi.
Bakı həm neft demək idi, həm də
bütün Şərqə açılan cazibəli
qapı. Üzdə isə Sovetlər
Şərq xalqlarının böyük hamisi, Rusiya və
keçmiş Rusiya məkanındakı bütün müsəlmanların
azadlıq ideyalarının tərəfdarı kimi
görünürdü.
Nəzərə alınmalıdır ki, Sovet
Rusiyasının yeni müstəmləkəçilik
planları 1917-ci ilin oktyabr cevrilişindən dərhal sonra cızılmağa
başlamışdı. Birinci Dünya müharibəsindən
çıxdığını elan edən Rusiya İrandan və
Osmanlı dövlətinin ərazisindən geri dönən
silahlı əsgərləri arasında bolşevik təbliğatlarını
genişləndirərək onlardan istilaçılıq məqsədilə
məharətlə istifadə edir, yerli kommunistlərdən təşkil
edilən “beşinci kalon”un dəstəyi ilə Şərqə
doğru addım-addım irəliləyirdi. 1917-ci
ilin dekabrında Bakı V.Leninin dəstək verdiyi
bolşevik-daşnaq qoşunları tərəfindən tamamilə
işğal edilmişdi. Milli qüvvələrin
demək olar ki, təmsil olunmadığı Bakı Soveti
formalaşdırılmış və V.Leninin çox
geniş səlahiyyətlərlə təyin etdiyi S.
Şaumyan burada Sovet hökuməti qurmuşdu. Onun tabeliyində rus bolşeviklərindən və
erməni daşnaqlardan ibarət çoxminlik ordu var idi və
Rusiyanın silahla və pulla təchiz etdiyi bu qüvvələrlə
Rusiya bütün Qafqazı, ardınca Türkiyə və
İranın mühüm bölgələrini öz ərazisinə
qatmağı planlayırdı. Bunun
üçün milli qüvvələr məhv edilib
sıradan çıxarılmalı, Sovet hakimiyyəti adı
ilə yeni imperiyanın qurulması təmin edilməli idi.
Bakıda və
Azərbaycanın bir sıra bölgələrində 1918-ci
ilin martında Bakı sovetinin Azərbaycanın xalqına
qarşı törətdiyi kütləvi qirğının
da əsas məqsədi yerli xalqın iradəsini qirmaq, onu
fiziki olaraq məhv edərək bütün ölkəyə
sahiblənmək idi.
Bakıda
çoxminlik orduya və Xəzər dənizində donanmaya
sahib olan Sovet Rusiyası 1918-ci
mayın 28-də Tiflisdə elan olunmuş Azərbaycan Xalq
Cümhuriyyətini onun müvəqqəti paytaxtı olan Gəncədə
ikən məhv etmək üçün planlar
hazırlayırdı, lakin AXC rəhbərliyinin qətiyyətli
və məqsədyönlü siyasəti nəticəsində
Osmanlı Türkiyəsinin qardaşlıq yardımı ilə
qurulan Qafqaz İslam ordusunun Bakıya zəfər
yürüşünü durdura bilmədi və 15 sentyabr
1918-ci ildə Bakı düşmənlərdən azad edilib
Cümhuriyyətin paytaxtı kimi öz qanuni yerini tutdu. Amma
Lenin və hökuməti heç də planlarından əl
çəkmək niyətində deyildilər və
“beşinci kalon” daha fəallıqla işə salınmışdı.Ölkədəki bolşeviklər, rus ve erməni
icmaları ölkəni daxildən zəiflədib
parçalamağa yönləndirilmişdi. Xüsusilə
də, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin hələ
oturuşmadığı, yaxud zəif olduğu bölgələrdə
geniş təxribatlar hazırlanırdı. Beləki,
1919-cu ilin mayında
Lənkəranda və ətrafında rus
bolşevikləri Xəzər dənizindəki donanma əskərlərinin
də köməyi ilə hakimiyyəti ələ keçirib
burada oyuncaq Muğan Sovet Respublikasının qurulduğunu elan
etmişdilər. Rus bolşeviklərinin rəhbərlik
etdiyi bu qondarma qurum Sovet Rusiyasının Bakını
işğal etmək planında qurudan bir dayaq məntəqəsi
rolunu oyamalı idi. Şimali Qafqaz Denikin ordusunun
nəzarətində olduğundan Rusiyanın həmin istiqamətdən
Bakıya yol tapması hələ mümkünsüz idi.
Bu qurum əsasən ruslardan və ermənilərdən
ibarət 1500 əsgər və zabitə malik idi və onun
işinin Rusiya ilə əlaqələndirilməsində
bolşevik Anastas Mikoyan mühüm rol oynayırdı.
Lakin AXC hökumətinin və Azərbaycan milli ordusunun qətiyyətli
hərbi əməliyatı ilə bu satqın qurumun qoşunları
darmadağın edildi
və iyun ayının sonunda bu bolşevik atəşi
müvəffəqiyyətlə söndürüldü. Bu qrupun rəhbərlərinin bəziləri məhv
edildi, bəziləri dəniz vasitəsilə öz himayədarlarının
yanına qaçmağa məcbur oldular.
Azərbaycan
Cümhuriyyətinin 1920-ci ilin 11yanvar tarixində
dünyanın aparıcı dövlətləri tərəfindən
tanınmasına baxmayaraq Sovet Rusiyası əsla müstəqil
Azərbaycan dövlətini tanımaq niyətində deyildi və
artıq əlaqələr qurduğu İran Qacarlar dövlətindən
də Qafqazdakı müstəqil dövlətləri, o
cümlədən Azərbaycan Cümhuriyyətini
tanımamağı tələb edirdi. İstər 1918-ci ildə
Bakı Sovetinin sədri Şaumyanın Sovet Rusiyası
adından İrana yola saldığı siyasi nümayəndə,
istərsə də ondan sonra Rusiyadan göndərilən sovet
səfiri İran rəsmilərindən
tələb edirdi ki, Qafqaz ölkələrindən gələn
nümayəndə heyətləri ilə siyasi nümayəndəlik kimi yox, bir
ticarət nümayəndələri kimi davransınlar. İran tərəfi bu xüsusda Rusiyanı əmin
etmişdi ki, bu yeni cümhuriyyətlərlə siyasi
münasibətlər qurmayacaq və Qafqaza göndəriləcək
heyət İran təbəələrinin problemləri, ticarət
və sair kimi qeyri-siyasi məsələlərlə məşğul
olacaqlar. Məhz bu səbəbə görə
1919-cu ilin payızında İranın Azərbaycan
Cümhuriyyətinə göndərdiyi dövlət rəsmilərindən
təşkil olunmuş Fövqəladə
Qafqaz Heyətinə rəsmi dövlət vəzifəlisi
deyil, sonralar ölkənin Baş naziri olacaq gənc bir qəzet
redaktoru olan Seyid Ziyaəddin Təbatəbai təyin
edilmişdi.
Rusiya İran ərazisindəki emissarlarından məharətlə
istifadə edərək burada hələ Məşrutə hərəkatı
zamanından təsir gücünə malik
sosyal-demokratların, bolşeviklərin və göndərdiyi
təbliğatçıların köməyi ilə
genişmiqyası işlər aparırdı. Həmin illərdə, həmçinin
Birinci Dünya müharibəsi zamanı İranın şimal
bölgələrində, xüsusilə Azərbaycan əyalətindəki
rus hərbi hissələrindəki bolşeviklər “dünya
inqilabı” ruhunda işlər aparmaqda idilər. İranda milli-demokratik hərəkat və partiyalarla
yanaşı, rus bolşeviklərinin dəstəyi ilə
İran Kommunist Partiyası və onun əyalət təşkilatları
qurulurdu. Sovet Rusiyasının göndərdiyi kommunistlər
partiya quruculuğunda həlledici söz sahibi idilər və onların daim
milli-demokratik qüvvələrlə ixtilafları meydana
çıxırdı.
Azərbaycan
Cümhuriyyətinin işğalından az sonra Rusiyanın
ordu və dəniz qüvvələri İranın şimalında Cənubi
Azərbaycanın qonşuluğunda yerləşən liman
şəhəri Ənzəlini işğal etmiş, Gilan
vilayətini mərkəz Rəşt şəhəri olmaqla
bütünlüklə ələ keçirmişdilər. Çoxsaylı rus qoşunlarına müqavimət
göstərməyi uyğun bilməyən ingilis hərbi
qüvvələri yaranmış qeyri-bərabər qüvvələr
nisbətinə görə sakitcə bölgəni tərk
etmişdilər. Əslində 1907-ci ildə
bağlanmış Rusiya-Britaniya sövdələşməsinə
görə İranın şimalı və qərbi
rusların, cənubu və mərkəzi ingilislərin təsir
dairəsində idi. İran tarixçilərindən
birinin yazdığına görə o zaman yaxın əhatəsində
olanlarla danışarkən İran şahı öz
başına qapaz vuraraq deyibmiş ki, gör nə günə
qalmısan, ey İran şahı, ölkənin cənubuna səfər
etmək üçün ingilis, şimalına getmək
üçün rus səfirindən icazə almalısan.
Ancaq Sovet Rusiyası və Osmanlı dövləti
qoşunlarını İranın şimalından və qərbindən
çıxarandan sonra bu bölgələr artıq
Britaniyanın təsir zonasına daxil edilmişdi, bu isə tədricən
qüvvətlənən Sovet Rusiyasını narahat etməkdə
idi.
Belə bir şəraitdə bolşeviklərin tədbiri
ilə 1920-ci ilin iyun ayında Cənubi Azərbaycanın
qonşuluğunda Gilan Sovet Respublikası (Cümhuriye Şourəviye
Gilan) qurulduğu elan edildi. İranda mərkəzi hakimiyyətə
qarşı başlanan məşhur Cəngəli hərəkatının
lideri Mirzə
Kuçek xan bu tanınmayan
hökumətin başına gətirildi. İranın mərkəzi
hakimiyyəti və bölgədəki Britaniya nümayəndəliyi
tərəfindən təzyiqlər altında qalan Mirzə
Kuçek xan bundan əvvəllər də əlaqə
saxladığı rus bolşevikləri ilə ittifaq
bağlamağı uygun saymış, onun
qoşunlarının komandanı Ehsanullah xan da bu siyasi
addımı dəstəkləmişdi. Lakin
çox keçmədi ki, Mirzə Kuçek xanın sovetlərlə
və İran Kommunist partiyası ilə ciddi ixtilafı
yarandı. Qeyd etmək lazımdır ki, bu ixtilafın dərinləşməsinin
əsas səbəblərindən biri də İranda Kommunist
partiyasının yaradıcılarından biri olan Sultanzadənin
bu hökumətin
hər bir işinə yersiz müdaxilə etməsi idi.
Əslən İran ermənisi olub Azərbaycanın Marağa
şəhərində doğulmuş Avetis Sultanoviç Sultanzadə-Mikaelyan
(1889-1938) Sovet Rusiyasının adamı olmaqla, əslində
İrandakı bütün milli qüvvələrin əleyhdarı
olmaqla, bundan əvvəl Təbrizdə qurulmuş Milli
Hökumətin və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi
ilə də kəskin ziddiyyətdə idi. Onun
fikrincə İrandakı demokratik hərəkatlar milli yox,
sinfi prinsiplər üzrə qurulub fəaliyyət göstərməli,
yalnız Kommunist Partiyasının rəhbərliyi ilə
işləməli idilər. Sovet Rusiyasının Xarici
İşlər Komissarının müavini, xüsusilə
Şərq məsələlərində söz sahibi olan Karaxan da onu hərtərəfli
dəstəkləyirdi. Mirzə Kuçek
xanın V.Leninin yanına göndərdiyi nümayəndələr
də olumlu bir nəticəyə gələ bilmədilər.
Cənubi Azərbaycanda Şeyx Məhəmməd
Xiyabani hərəkatının başlanması da sovetləri
ümidləndirirdi ki, İranı bölüb-parçalamaq,
onun şimal və qərb bölgələrini sovetləşdirmək
yolu ilə tam təsir altına sala biləcəkdir.
Belə
bir şəraitdə Mirzə Kuçek xan hokumətdən çəkildiyini
bəyan edib Rəşt şəhərini tərk etdi. Bundan sonra qeyri-rəsmi olaraq hökuməti Ehsanullah
xan idarə etməyə başladı və bu qurum sovetlərin
əlində oyuncağa çevrildi. 1921-ci ildə Sovet
Rusiyasının İran hökuməti ilə münasibətləri
yaxşılaşdırmaq siyasəti onunla nəticələndi
ki, sovetlərin bu
hökumətə dəstəyi kəsildi və İranın
mərkəzi hökumətinin bu quruma qarşı
genişmiqyaslı əməliyyatlarının
başlanmasına şərait yarandı. Beləliklə,
bu qondarma quruma son qoyulmuş oldu.
Bolşeviklər Xiyabani hərəkatından da ingilislərin
İranda varlığını zəiflətmək
üçün istifadə etməyə
çalışırdılar. Bir sıra müəlliflər
Şeyx Məhəmməd Xiyabani üsyanının məhz
1920-ci ilin aprel ayının əvvəllərində, Azərbaycan
Xalq Cümhuriyyətinin işğalı ərəfəsində
başladığının təsadüfi
olmadığını qeyd edirlər. Hələ
üsyan başlamamışdan əvvəl, 1920-ci ilin
fevral-mart aylarında Cənubi Azərbaycanda Britaniyanın
İrandakı varlığına qarşı geniş hərəkat
başlanmışdı. Antiingiltərə
ovqatının qızışdırılmasında buradakı
bolşevik emissarlarının, “Hümmət” və “Ədalət”
təşkilatlarının nümayəndələrinin də
xüsusi xidmətləri olmuşdu. Yeri gəlmişkən,
o zaman Rusiyanın İran siyasətinin müəyyənləşdirilməsində
RSFSR Xalq Xarici işlər komissarının müavini, milliyyətcə
erməni L.M.Karaxan fəal rol oynayırdı. Adı və soyadı saxtalaşdırılmış
ermənilərin bolşevik adı altında Cənubi Azərbaycana
göndərilməsinin əsas təşkilatçısı
da î idi.
Hazırda dövriyyədə olan bir çox sənədlər
1920-ci ildə Cənubi Azərbaycanda baş vermiş demokratik
hərəkata bolşeviklərin təsir göstərməyə
çalışdıqlarını təsdiq edir. M.Xiyabaninin
Şimali Azərbaycanda müstəqil cümhuriyyətə
yanlış münasibəti də bunu dolayısı yolla
sübut edir.
Osmanlılar əvvəldən rus bolşevikləri ilə əlaqələrinə görə M.Xiyabaniyə qarşı zidd mövqedə olduqlarından demokratların onlarla əlaqələri soyuq və məsafəli qalmaqda davam edirdi. İngiltərənin demokratlara qarşı zidd münasibəti və onların əleyhinə apardıqları uzunmüddətli siyasət sayəsində ingilislərlə də müttəfiqlik qeyri-mümkün idi. M.Xiyabaninin həmfikri və sadiq məsləkdaşı Əli Azəri yazır ki, bu şəraitdə belə görünürdü ki, Rusiya imperiyasının hakimiyyətini devirmiş, çar Rusiyasının bağladığı ədalətsiz müqavilələrin ləğv olunduğunu elan edən və millətlərin öz müqəddəratını təyin etmə haqqını tanıyan yeni rus hökuməti demokratların mümkün müttəfiqi ola bilərdi. Qeyd etmək lazımdır ki, Azərbaycan demokratları 1917-ci il Rusiya inqilabını (Oktyabr çevrilişi nəzərdə tutulur – E.M.) alqışlayaraq “öz məmləkətlərində demokratiya uğrunda mübarizə aparmaqla yanaşı, digər millətlərin təməl suverenlik haqlarına hörmət bəsləyərək Rusiyada fəaliyyət göstərən həmin qruplarla ”qarşılıqlı dostluq əlaqələri yaratmaq üçün partiyanın əyalət komitələrinə tapşırıq vermişdilər.
Sovet hökumətinin “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə Müraciəti” M.Xiyabani və onun ardıcılları tərəfindən xoş ümidlə qarşılanmışdı, hətta bolşeviklərin təcrübəsindən faydalanmağa çağırışlar edilirdi, eyni zamanda Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi alqışlanırdı. Lakin çox keçmədən Sovet Rusiyasının yaxın qonşularına qarşı, xüsusilə Qafqazda istiqlaliyyət qazanmış xalqlara qarşı istilaçı siyasəti Cənubi Azərbaycan demokratlarını bolşeviklərlə münasibətləri tamamilə dəyişməyə və ehtiyatlı davranmağa vadar etdi.
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun
elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet.- 2020.- 22 aprel.-
S.22-23.