Anamın yorğanı
Esse
Varımız, dövlətimiz sözdü,
bilirəm ki, yaradıcı insan pulunu itirməyə razı olar, yazdığı yazını
yox! Elə mən də.
Amma itirdim, bu dəcəllərin ucbatından, bir az da öz günahımdan. Şeir olsa işim tamam müşkülə dirənərdi,
ikinci cəhdim necə alınacaq bilmirəm, başlayaq, ya qismət...
Xatirələr, xüsusən də uşaqlıq çağlarıyla
bağlıdırsa, bütün
ömrünü, həyatını
zəbt edir, fikrini daim məşğul
edir, beynində
dominant ocaq əmələ
gətirir bir sözlə. Ha istərsən
unudammazsan, çəkər
səni canına, qarışqa şirniyə
uyduğu kimi alışarsan ona. Nə artar, nə azalar, amma elə
hey danışmaq istəyərsən.
Yaddaşımı arada
bir varaqlayıram mən də, orda nə tapsam
qiymətlidir, təzədir,
insanı ömrün
yaz vaxtına, atalı-analı çağlarına
bağlayan gözə
görünməz tellərdir
xatirələr...
Bax yenə xatirələr...
Bir az naxoş,
bir az xoş
Yenə
o saf uşaqlıq...
Bir az quru,
bir az yaş
bir ağ duman, ağ bulud
arxasından boylanır.
Susayır dodaqlarım...
Ah, nainsaf uşaqlıq...
Kəndin şəhərdən çox
fərqi var, biri də kənddə
mal-qara saxlanmasıdı. Mən də
gözümü açandan
həyətimizdə inək,
buzov, qoyun-quzu görmüşəm. Qoyunları,
xüsusən körpə
quzuları çox sevirdim, ayaqlarını yuyub gətirirdim evə, öpürdüm,
sığallayırdım, xırda, qıvrım yunu necə gözəl idi!.. Sonralar biləndə ki,
quzuların dərisinə
görə həyatlarına
qəsd olunur, sarsıldım. Dərsdən gələndən sonra kitablarımı da götürüb qoyunlarımızı
otarmağa aparırdım,
onlar Kür çayı ilə kəndlərin arasına çəkilmiş bəndin
yamyaşıl sinəsinə
dağılıb şirin-şirin
otlayır, mən də dərslərimi öyrənirdim. O vaxt
indiki kimi Avropaya zada "inteqrasiya" etməmişdik,
bu da uşaq
əməyinin istismarı
sayılmırdı. Tək
mən yox, qonşu uşaqları da bu, ya
başqa formada ev işlərinin
qulpundan tutur, böyüklərə kömək
edirdilər, dərslərini
də yaxşı oxuyurdular. Bu işlər
həm də uşaqlara məsuliyyətli
olmağı öyrədirdi.
O vaxtın adamları
yaxşı bilir, aranda yaşadığımızdan
hələ dərs ilinin əvvəlində yuxarı sinif şagirdlərini düz iki aydan artıq
pambıq yığımına
aparırdılar, məktəblər
də bağlanırdı.
Bir də ikinci rüb başlayanda qayıdırdıq,
dərsləri də çatdırmalı olurduq
və çətin də olsa öhdəsindən
gəlirdik...
... Bilən bilir, qoyunu ildə iki dəfə qırxırlar və bunun bir dəfəsində
güzəm, digərində yun əldə edilir. Amma anam qoyunlarımızı
ildə bir dəfə, həm də özü qırxırdı, çünki
bu zaman yun daha uzun,
sıx və keyfiyyətli olurdu. Sonra anam yunu
yuyur, qurudur, çırpır, didir və bundan yorğan-döşək salır,
sap əyirib boyayaraq özümüz üçün
xalça-kilim toxuyurdu.
Bir də yun corablar toxuyurdu
anam, rəngbərəng,
qalın və yaraşıqlı...
Anamın
saldığı yorğan-döşək
pərqu kimi yupyumşaq olurdu, onların arasında xüsusi komfort, rahatlıq hiss edirdi adam... Qonaq
üçün ayrıca
yatacaq dəstləri salırdı anam, hə, bir də
o zaman mələfədən
az istifadə
edirdilər, ona görə də Novruz Bayramı gələndə ev-eşik
atılıb dərindən
təmizlənir, yorğan-döşəklərin
də üz-astarı
çıxarılıb yuyulurdu.
Eh, o vaxt bu işlər bir başqa dad-tam qatırdı
bayram ovqatına, adamlar bayrama bir ay qalmış işə başlayırdılar,
həyət-baca, ev-eşik
təmizlənir, ağacların
gövdəsi əhənglə
yarıyadək ağardılırdı...
Baharın gəlişilə
təbiət kimi evlər, həyətlər,
hasar və darvazalar da görkəmini
dəyişir, yenilənir,
gözəlləşirdi!..
... Hərdən anamgilə gedib gecəni onunla qalırdım, İlahi, bu balaca, qom
ev mənə iri saraylardan geniş və rahat gəlirdi..! O zaman artıq bizim də hündür
evimiz var idi, qardaşım tikdirmişdi, amma anam gündüz o evdə yaşasa da, gecəni öz evində yatırdı. O geniş otaqlar bu kiçik
otaqların yerini vermirdi, öz toxuduğu xalçanın
üstə oturub iki gözlü elektrik peçinin qabağında "yırtıq-yamaq"
edir, yatanda da özünün dəmir, yaylı çarpayısında yatırdı...
Mən gedəndə anam çarpayısını mənə
verir, özünə
isə yerdə, xalçanın üstündə
yer salırdı.
Artıq
olan yatacaqlar yükə yığılır,
qonaq gələndən-gələnə
istifadə olunurdu.
Bir yorğanı vardı anamın, onu çox sevirdim, anam da o qədər
yatacağın içindən
bir tək onu çıxarıb sərirdi üstümə.
Üzü-astarı saya qırmızı
və güllü sətindən olan bu yorğan sanki özündə bir ayrı enerji
saxlayırdı. Nə
qədər çalışsam
da, yorğan üstümə "yapışmırdı",
əzilmirdi, amma isti idi, əsəbləri
sakitləşdirən xüsusi
ətri də vardı, anlaya bilmədiyim qarışıq
bir qoxu idi nəsə, təmiz parça və yun qarışıq
bir iy gəlirdi,
onu yuxuya gedənədək üzümə
sıxıb çoxlu-çoxlu
iyləyirdim, hər dəfə də çox qəribə hisslər çulğayırdı
içimi.
... Uşaqlıqdan nə qalırsa
safdı, pakdı, təmizdi. O yorğan
anamdan sonra necə oldu, bilmirəm, amma anam kimi onu
da unutmadım, üşüyəndə üstümə
çəkdim, yorulanda
bağrıma basıb
anamın ətrini aldım ondan. Anladım ki, əşyalar da əziz, unudulmaz ola bilir,
elə anaların özləri kimi...
... Kola ilişib qaldı,
Toza bulaşıb
qaldı.
Ha səslədim gəlmədi.
Üfüqün o üzündə
Tülə ilişib qaldı.
Qaldı
gözümdən uzaq,
Könlümə yaxın yerdə...
Bir nəfəsdə
bitirdik.
Bir həvəsdə, bir səsdə
Bir atəşdə bitirdik...
əlimizdə nə qaldı... -
bir xəfif xatirələr,
Bir insafsız uşaqlıq...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.- 22 aprel.- S.21.