Mənəvi zənginliyin işıqlı təcəssümü 

 

ŞAİR VƏ ALİM ELXAN YURDOĞLUNUN 40 YAŞINA

 

İlk dəfə Elxan Yurdoğlu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, 6 yanvar 2015-ci ildə qarşılaşmışdım.

Əgər kitab demək olarsa, ilk kitabı çıxmış, özünü şair hesab edən, eqolu, eyni zamanda, çəkingən balaca bir qız idim. Atamla şairin otağına daxil olanda həyəcanım yerə-göyə sığmırdı. Axı ilk dəfə bir şairi yaxından görəcəkdim. Əvvəlcə düşünürdüm ki, sərt görünüşlü, yekəxana biri ilə qarşılaşacağam. Çünki 8-ci sinifdə oxuyurdum və gördüyüm şairlər ədəbiyyat dərslərindəki şair şəkilləri idi.

Açığı, onlar da şəkillərdə bir az sərt görünürdülər. Bəlkə də Elxan Yurdoğlunu sərt olaraq təsəvvür etməyim də elə bundan irəli gəlirdi.

Qapıdan içəri keçəndə səmimi, gülərüz, sadə bir adamla qarşılaşdım. Təsəvvürlərimdə yanılmışdım, amma yaxşı ki, elə yanılmışdım. "Kitab"ımı imzalayıb şairə uzatdım. Vərəqlədikdən sonra mənə "belə yazacaqsansa, bir də yazma" deyərcəsinə baxdı. Amma əslində, elə dolayı yolla da olsa, baxışlarındakı mənanı sözləri ilə də ifadə etdi. Sonra mən də şairdən imzalı kitab istədim. Hələ məni birinci dəfə görən, yazdıqlarımla yenicə tanış olan Elxan Yurdoğlu, içində "Gələcəkdə çox gözəl və oxunan şair olacağına inandığım Qızbəsti üçün" sözləri yazılan "20+13" adlı dördüncü kitabını mənə hədiyyə etdi. Elə kitabın üzərindəki sözlər ilə bir növü şair özünün hər kəsə tez inandığını da təsdiq etmiş oldu.

Həqiqətən də elədir. Bu il artıq onu tanıdığım gündən 6 il keçir. Və mən inanıram ki, ruhu, iç dünyası dərya qədər dərin olan Elxan Yurdoğlu ümmanından bir parça da olsa söz deyə bilərəm. Zaman-zaman söhbətləşdikcə onu daha da tanımağa başladım. Əvvəlcə gənclərin dostu olduğunu, sonra ən yaxın dostunun kitablar olduğunu öyrəndim. Beləcə qarış-qarış kəşf etməyə başladım şairi. Şeirlərində dediyi kimi, bəzən özünü evdə qoyub səfərə çıxır, üşüyəndə şeir yazır, çünki üşüyəndə darıxır. O, darıxdıqca üşüyən şairdir...

 

***

 

Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında əlamətdar günlərin hər biri ilə bağlı mütəmadi şəkildə şeir müsabiqələri keçirilir. Gənclərin sevimlisi, dostu, gənc şair Elxan Yurdoğlu da bu müsabiqələrin əksəriyyətində münsif kimi çıxış edir. Tanıyanlar bilir ki, mənim üçün də müsabiqələrə qatılmaq adət halını alıb. Şairi tanıdıqdan sonra onun münsiflər heyətində olduğunu görəndə içdən-içə bir az sevinmişdim. Elə düşünürdüm ki, Elxan Yurdoğlu məni tanıdığı üçün mənə birinci yeri verəcək. Açıq danışsaq, bu müsabiqədə özümə yox, Elxan müəllimə güvənirdim. Qaliblər açıqlananda özümü birinciliyə hazırlamışdım, amma qalib mən olmadım. Buna görə şairdən incidim də, amma o, hər zaman müsabiqələrə olimpiya oyunları kimi baxmağımı, məqsədin əylənmək, qatılmaq olduğunu və ən vacibi bugünkü məğlubiyyətin sabahkı qalibiyyətə bərabər olduğunu heç zaman unutmamağımı mənə tövsiyə edirdi. Eyni zamanda, o birinci olan kəsin ona layiq olduğunu, əgər mənə birincilik verərsə, ədalətsizlik olacağını deyirdi. Bir sözlə, dəyərli şair mənə ləyaqətlə uduzmağı öyrətmişdi.

 

***

 

Abituriyent olduğum zamanlar atam bir müddət ölkədən kənarda oldu. Və bu zaman mənlə maraqlanmağı hansısa bir qohumuma yox, məhz Elxan Yurdoğluna tapşırdı. Həqiqətən ürəkdən deyə bilərəm ki, ustad bir an belə olsun mənə atamın uzaqda olduğunu hiss etdirmədi. O, əsl mənada qayğıkeş insandır. Keçən günlərin birində şairlə birlikdə qəzet alası olduq. O, aldığı qəzetdən bir yox, iki ədəd aldı. Maraqlı gəldi, bunu nə üçün etdiyini soruşanda isə verdiyi cavab keçmiş dövrlərə apardı məni. Qəzetin birini doğulub boya-başa çatdığı Yurdçu kəndinin orta məktəbinə göndərirmiş. Bu, sizə də böyük Mirzə Cəlili, Eynəli bəy Sultanovu və onlar kimi neçə-neçə ziyalı şəxslərimizi xatırlatmadımı!?

 

***

 

Elxan Yurdoğlu vətənpərvər, qayğıkeş bir ziyalıdır. Təvazökarlığı isə xüsusi qeyd edilməlidir. Təvazökarlıq daxilən zəngin insanlara məxsusdur.

Mümkün qədər həftənin şənbə gününü özümüzə ədəbiyyat günü elan edirik. Burada həftəlik qəzetlərimizi oxuyaraq müzakirə edir, eyni zamanda, yeni yazdığımız şeirlərimizi Elxan müəllimə oxuyur, fikirlərini alırıq. Bu zaman Elxan Yurdoğlu da böyük bir təvazökarlıqla yeni şeirlərini, yazılarını bizim üçün oxuyur, ən az bizim onun fikirlərinə verdiyimiz dəyər qədər o da bizim fikirlərimizi önəmsəyir. Bu, hər kəsin edə biləcəyi bir hərəkət olmadığı üçün ustad öz fərqliliyi ilə hər zaman diqqət mərkəzində olmağı bacarır. Düşünürəm ki, Elxan Yurdoğlu yetirməsi olmaq təvazökarlıqdan başlayır.

Hər birimiz nədənsə qorxarıq və hər kəsin də qorxusu bir-birindən qat-qat fərqli olar. Şairi bir az olsun tanıyıramsa, onun qorxusunu da, məncə, düz təxmin etmişəm. Bu zamana kimi Naxçıvan ədəbi mühitinə addım atmağa çalışan hər bir gəncin ən öndə duran dəstəkçi həmkarı olub. Bunu nəinki həmin gənclər, heç kim dana bilməz. Amma o, eyni zamanda, sapını öz əli ilə düzəltdiyi baltalar tərəfindən çox zərbə alıb. Məncə, Elxan müəllimin qorxusu həyatına, arxasında yeni yaralar açacaq insanların daxil olmasındandır. Söz yarası qədər acı verər bu, heç vaxt sağalmaz. Çünki bir insana vurulmuş ən ağır zərbə mənəvi zərbədir. Və bunu heç vaxt unuda bilmir, elə özünün də dediyi kimi: "Unutmaq ən böyük qəhrəmanlıqdı. Mən qəhrəman ola bilmədim".

 

***

 

Şairlərin sevgiləri də digər insanlardan fərqli olur, sevdikləri də. Payız, yağış, yarpaqlar, tənha küçələr, duman, bulud kimi bir çox sevilənlər cərgəsində Elxan Yurdoğlunun ürəyində əsasən payız, yasəmən və gilənar ön mövqedədir. Yaradıcılığının hansı hissəsinə baxsan, yasəmən qoxusundadır. Hər bir sətri "Aprel səhərlərinin şehli yasəmən çiçəkləri" qədər yepyeni və təravətlidir. Yasəmənə qarşı olan sevdası onu "yasəmənlərin açması dünyanı xilas edəcək" deyə fikirləşməyə vadar edir. Gilənar məhəbbəti isə bizə gilənar dadında poeziya nümunələri təqdim etməyə yetir.

 

***

 

Bəzən olur ki, insanlar doğulduqları ayı nəzərdə tutaraq özlərini şabloncasına "filan ayın möcüzəsi" adlandırırlar. Amma Elxan Yurdoğlu, mənim aləmimdə, elə şablonsuz Aprel möcüzəsidir. 23 aprel 1980-ci il məhz onun günüdür. Mən və bütün Yurdoğlu oxucuları inanırıq ki, gələcək nəsillər də Elxan Yurdoğlu yaradıcılığından çox bəhrələnəcək. Naxçıvan ədəbi mühiti onun yaradıcılığı ilə hər zaman diqqət mərkəzində olacaq.

Yazımın sonunda şairin hələ nəşr olunmamış, amma fikir almaq üçün göndərdiyi "Ağrı canda sağ qalır" şeirini diqqətə çatdırıram:

 

Çək bu çəkisiz dərdi,

Gör nə ağırdı ağrım.

Sənsizlik daşıyıram,

Yük altda çatlar bağrım.

 

Nar kimi dağılaram

Göyün ulduz yerinə.

Hər gecə səpilərəm,

Yuxuna duz yerinə.

 

Göyüm-göyüm göynərsən,

Bir ömür mənsizlikdə.

Anlarsan nə çəkirmiş,

Bu şair sənsizlikdə.

 

Hər şeir bir ağrımdı,

Yazdıqca qadam çıxır.

Gecə şair olanlar,

Səhərə adam çıxır.

 

Başlayır yeni bir gün,

Ağrı canda sağ qalır.

Ağrıları gizlədib

Ömrü yaşamaq qalır...

 

Naxçıvan ədəbi mühitinin həmişə gənc şair kimi müraciət edilən, çalışdığı sahədən asılı olmayaraq bütün istedadlı gənclərin dostu olan ustadım Elxan Yurdoğlunu yubileyi - 40 yaşının tamam olması münasibəti bir daha təbrik edir, ona bundan sonra da istər bədii yaradıcılığında, istər elmi fəaliyyətində, istərsə də şəxsi həyatında yeni-yeni uğurlar arzulayıram.

 

Qızbəsti SULTAN

 

525-ci qəzet.- 2020.- 22 aprel.- S.18.