Uzun sözün
qısası: "Dəli Kür"
Bu gündən
gənc yazar Aytac Sahədin təşəbbüsü ilə
"Uzun sözün qısası" rubrikasına
başlayırıq. Rubrikanın məqsədi tanınmış
klassik əsərlərin
qısa süjetinin təqdim olunmasıdır.
Niyyətimiz gənc nəsli
məşhur əsərlərin,
heç olmasa, qısa məzmunu ilə tanış
etmək, eyni zamanda, gənclərin diqqətini bu əsərlərə çəkmək,
maraq oyatmaqdır.
Əsasən, Azərbaycan ədəbiyyatını
əhatə edəcək
bu layihənin uzunömürlü olacağına
inanır, müəllifə
uğurlar arzulayırıq!
“Dəli
Kür” Azərbaycan ədəbiyyatında roman janrının
ən uğurlu nümunələrindəndir. İsmayıl Şıxlı bu
əsəri 1957-1967-ci illərdə
qələmə alıb.
Roman XIX əsrdə baş
verən mürəkkəb
tarixi proseslərin Azərbaycan xalqının
həyatında yaratdığı
əsaslı dəyişikliklərdən
bəhs edir... Əsərdə xalqımızın milli oyanış dövrü hadisələri,
eyni zamanda, ailə-məişət məsələləri
geniş təsvir olunur.
“Dəli Kür”
əsərində hadisələr
Kürün sahilində
yerləşən Göytəpə
kəndində cərəyan
edir. Roman kəndin sayılıb-seçilən adamlarından
olan Cahandar ağanın başqasının
arvadı olan Mələyi götürüb
qaçması ilə
başlayır. Bundan sonra
isə hadisələr
yüksələn xətlə
inkişaf edir. Cahandar ağanın evli olduğu halda Mələyi qaçırması,
Mələyin özünün
də evli olması vəziyyəti mürəkkəbləşdirir. Belə ki, Cahandar ağanın
arvadı Zərnigar ərinin onun üstünə ikinci arvad gətirməsini qəbul edə bilmir, oğlu Şamxalı Mələyin
üstünə qaldırır.
Şamxal Mələyi xəncərləmək
istəyəndə Cahandar
ağa Şamxalı vurur. Bu hadisədən
sonra qüruru sınan Şamxal evi tərk edir.
Daha sonra o, özünə ev
tikir və dostunun bacısı Güləsərlə evlənir.
Cahandar ağa Şamxalın onun sosial statusuna
layiq olmayan bir ailənin qızıyla evlənməsini
oğluna bağışlaya
bilmir.
Cahandar ağanın Şamxaldan savayı bir qızı, bir oğlu da var. Qızı Salatın
anası ilə atasının arasında qalsa da, Şamxaldan
fərqli olaraq atasının üzünə
ağ olmur. Cahandar ağanın digər oğlu Əşrəf isə Qori Müəllimlər
Seminariyasında təhsil
alır.
İsmayıl Şıxlı “Dəli
Kür” | Kitabı Karandaşla Oxuyanlar
Oğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsi Cahandar
ağanın elmə-təhsilə
verdiyi dəyərin göstəricisidir. Kəndə uşaqları təhsilə
cəlb etmək üçün gələn
Çernyayevski ilə
Molla Sadığın
arasındakı mübahisə
zamanı Cahandar ağanın Çernyayevskiyə
dəstək olması
da bunu bir
daha təsdiq edir. Molla Sadıq demişkən.
O, Cahandar ağanın
əzəli düşmənlərindədir.
Ancaq Çernyayevski ilə mübahisəsində Cahandar
ağanın ona qarşı çıxması
düşmənçiliyin daha da dərinləşməsinə
səbəb olur.
Bu hadisədən sonra Molla Sadıq
Cahandar ağadan intiqam almaq üçün
onun dul bacısı Şahnigarı
meyxanaya gətirdir.
Bundan xəbər tutan Cahandar ağa bacısını öldürür.
Ancaq bu ölüm də Molla Sadığı
sakitləşdirmir. O, “düşmənimin düşməni
mənim dostumdur” deyərək Allahyarla birləşir. Allahyar Mələyin birinci
əridir. Allahyar arvadını
Cahandar ağanın qaçırdığını biləndə ondan qisas almaq istəyir.
O, Cahandar ağanın
ot tayalarını
yandırır, atının
quyruğunu kəsir, qızı Salatını
qaçırır. Bu işdə ona yardımçı olan Həsən ağa Salatının Cahandar ağanın qızı olduğunu biləndə onu evindən qovur, qızı isə ailəsinə qaytarır. Bu düşmənçilik Cahandar
ağanın Allahyarı
öldürməsi ilə
nəticələnir. Əsərin
irəliləyən səhifələrində
isə Cahandar ağa kazaklara qarşı mübarizə
aparmalı olur. Maraqlısı budur ki, kazaklara qarşı mübarizədə Molla Sadıqla eyni cəbhədə qərar
tutur. Yazıçı burada mövzunun
torpaq, milli mənafe olduğu zaman insanların bir bayraq altında
birləşməsini göstərir.
Ümumilikdə isə əsərdə
adət-ənənə, el qaydalarının təsvirinə
geniş yer verilir. Romanın uğur qazanmasının
əsas səbəblərindən
biri də Cahandar ağanın taleyi fonunda bütöv bir epoxanın təsvir edilməsidir.
Cahandar ağa mühitinin bütün cəhətlərini özündə
cəmləşdirən mürəkkəb,
ziddiyyətli və güclü bir xarakterdir. Bəlkə də, bu obrazı bizə sevdirən məhz bu ziddiyyətdir. O ziddiyyət ki, biz hələ də Cahandar ağanın müsbət yoxsa mənfi qəhrəman olduğunu müəyyənləşdirə
bilmirik. Kiminə görə bu
obraz bacısının,
atının, Allahyarın
qatilidirsə, bir başqasına görə
mərd, cəsur, öz ideallarına sadiq qəhrəmandır.
İsmayıl Şıxlının da bir yazıçı
kimi böyüklüyü
bu məqamda özünü göstərir.
O, yaratdığı obrazın
müsbət yoxsa mənfi qəhrəman kimi dəyərləndirməsini
oxucunun ixtiyarına buraxır. Hər oxucu isə
bu obrazı öz həqiqəti ilə dəyərləndirir.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 22 aprel.- S.18.