“Adam sonradan
musiqiçi olmur, musiqiçi doğulur”
İBRAHİM BABAYEV: "
MƏN HİSSLƏRİMİ PEŞƏKARLIĞA
QURBAN VERMİRƏM"
O, Azərbaycan musiqisini və öz yaradıcılığını
dünya brendinə çevirmək iddiasındadır.
Söhbət gənc
tar ifaçısı İbrahim
Babayevdən gedir. Rubrikamızın budəfəki qonağı
da odur. İbrahimlə söhbət zamanı
bir çox maraqlı məsələlərə
toxunduq. Oxusanız, peşman
olmazsınız.
"...ona olan sevgimi sözlərlə
ifadə etmək mənim üçün çətindir"
- İfalarınızı
sosial şəbəkələrdə
paylaşmağa nə
zamandan başlamısınız?
- Sosial şəbəkələrdən
uzun müddətdən
bəri istifadə etməyimə baxmayaraq, yaradıcılıq işlərimi
yaxın bir il ərzində
paylaşmağa başlamışam.
Düşünürəm ki, bu platformalar gördüyümüz
işləri üzə
çıxarmaq üçün
bir şansdır.
Ona görə də, sosial media tək mənim yox, bütün yaradıcı
insanların fəaliyyətində
mühüm yer tutur.
- Tar sənətinə
olan marağınız
nə vaxtdan yaranıb?
- Bu sual mənə hər ünvanlananda böyük bir həyəcanla cavab verirəm. Uşaqlıq illərimdən tara,
musiqiyə qarşı
xüsusi marağım
olub. Orta məktəb dərslərimdə
uğurlu olsam da, məni ən
çox dünya səviyyəsində tanınan
bir musiqiçi olmaq istəyi cəlb edirdi. Həmişə böyük səhnələrdə
çıxış etmək
arzusunda olmuşam.
Məncə, adam sonradan musiqiçi olmur, musiqiçi doğulur. Musiqi elə fəlsəfi bir düşüncədir
ki, ona olan
sevgimi sözlərlə
ifadə etmək mənim üçün çətindir.
"Dərslərdən
qaçıb tarda ifa etməyi öyrənirdim"
- Ailənizdə
sizdən başqa musiqiçi varmı?
- Atam həm tarda,
həm də pianoda ifa etməyi
bacarır. Amma musiqi sahəsində
fəaliyyət göstərmir.
Məni də balaca vaxtlarımdan fortepiano təhsili
almaq üçün
musiqi məktəbinə
yazdırıblar. Bəlkə bu,
mənim musiqi zövqümün formalaşmasında
böyük rol oynayıb. Amma hər dəfə
dərslərə ağlaya-ağlaya
gedirdim. Hərdən dərslərdən qaçıb
tarda ifa etməyi öyrənirdim.
Axırda bir yolla evdəkiləri də tar ifaçılığı
təhsilini almaq üçün razı saldım.
"Hərdən
yorğunluqdan ağlayırdım"
- Bir çox yerlərdə ölkəmizi təmsil etmisiniz və gənc olmağınıza
rəğmən uğur
qazanmısınız. Bu mərhələyə çatmaq
üçün nələrdən
keçmisiniz?
- Musiqi məktəbini bitirəndən sonra Asəf Zeynallı adına Musiqi
Kollecinə qəbul olundum. Həmin il - 2012-ci ildə
Ulu öndər Heydər Əliyevin 90 illik münasibətilə
keçirilən Respublika
müsabiqəsində birinci
yerə layiq görüldüm. Bu illərdə Özbəkistana
müsabiqədə iştirak
etmək üçün
getmişdim. Beynəlxalq müsabiqədə
45 ölkə içərisində
tarda ifa etdiyim milli musiqi
ilə birinci yerə layiq görüldüm. Bu, həm mənim, həm də Azərbaycan musiqisinin uğurudur. 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən
"İlin gənci"
mükafatına layiq görülmüşəm. Bu uğurlar məni
dünya səviyyəsində
musiqiçi olmaq istəyimə çatmağa
ruhlandırır. İstədiyimə çatmaq üçün
bütün həyatımı
musiqiyə həsr etməyə hazıram.
Elə olub ki, qaranlıq
otaqda saatlarla musiqi ilə məşğul olmuşam.
Hərdən yorğunluqdan ağladığım
vaxtlar da olub (gülür). Amma heç vaxt vaz keçməmişəm.
Hazırda ali
təhsilimi də davam etdirirəm. Azərbaycan Dövlət Konservatoriyasının
dördüncü kursunda
təhsil alıram və bundan sonra magistratura pilləsinə də qəbul olacağam.
- Tar sənətinin
elə bir xüsusiyyəti varmı ki, bunu mütləq
hər bir ifaçı bacarmalıdır?
- Məncə, hər bir ifaçının özünəməxsus xüsusiyyəti
var. Tar sənətində müəyyən
texniki məşğələlər
var ki, onu
bütün ifaçılar
bacarmalıdır. Digər
məsələlər hiss etməklə və tərzlə bağlıdır.
Bu da hər
musiqiçidə fərqli
olur.
- Məşhur tarzənlərimizdən kimlərin
ifasını dinləyirsiniz?
- Ən çox
rəğbət bəslədiyim
tarzənlər Hacı
Məmmədov və Əhsən Dadaşovdur. Klassik
tar ifaçılığına daha çox maraq göstərirəm. Elə öz müəllimlərim
- Ağasəlim Abdullayev
və Ələkbər
Ələkbərovdan da
klassik tar ifaçılığının
sirlərini öyrənmişəm.
"Heç kimi müşayiət etmək istəmirəm"
- Kimləri müşayiət etmək
istəyərdiniz?
- Əslində, heç
kimi müşayiət
etmək istəmirəm
(gülür). Çünki həmişə solo ifaçısı olmaq istəmişəm. Amma müşayiət
etdiyim sənətçilər
də olub. Dünya səviyyəsində keçirilən
tədbirlərdə Fərqanə
Qasımova və Qoçaq Əsgərovla birlikdə çıxışlarım
çox olur. Ona görə ki, onların musiqi zövqü bəzi qaydalarımdan kənara çıxmağa icazə
verir. Qoçaq Əsgərovun fikirlərimin
formalaşması və
solo ifaçılıq karyeramda
çox böyük əməyi var.
"Milli musiqiləri özünəməxsus
şəkildə ifa etməyə çalışıram"
- Gənclərin
tar sənətinə və
ifalarına olan biganəliyindən tez-tez gileylənirlər. Sizcə,
bu, nədən qaynaqlanır?
- Məncə, gənclər
bir o qədər də mara qsız
deyil. İfalarımı yaşlı nəsildən
daha çox gənclər sevirlər.
Bəzən sosial şəbəkələrdə
canlı yayım zamanı da bunun şahidi oluram. Yəqin ona görə
ki, ya mənim
ətrafımdakı gənclər
zövqlüdür, ya
da onlara uyğun tərzdə çıxış edirəm.
Gənc nəslə milli musiqini ötürmək üçün müasir
görkəmin və ifanın da rolu var. Tarda milli musiqiləri zövqlü və özünəməxsus şəkildə
ifa etməyə çalışıram.
"Mən hisslərimi peşəkarlığa qurban
vermirəm"
- Tarda ifa etdiyiniz musiqilər
ürəyəyatımlı alınır. Hər biri də ayrı-ayrılıqda dəyərli
mahnılardır. İfaları
seçməkdə sizə
kömək edən olur, yoxsa özünüz
seçirsiniz?
- İçimdə hansı
musiqini duyuramsa, onu da ifa
edirəm. Bu məsələdə
heç kimdən kömək almıram.
Motsart deyir ki, nə
ilə ifa etməyinin fərqi yoxdur, əsas odur ki, o ruhu
insanlara çatdırasan.
Çox
vaxt çalışıram
ki, dinləyicilərlə
musiqinin ilk ifa etdiyim versiyasını bölüşüm. Çünki ilk ifada olan duyğular
da fərqli olur. Ola bilsin,
ilk dəfə ifa edəndə texniki səhvlər olur, ancaq mən hisslərimi peşəkarlığa
qurban vermirəm.
İndi danışdıqlarımı ikinci
dəfə danışmaq
istəsəm də, eyni səmimilik yaranmaz.
- Öz bəstələdiyiniz mahnılardan
"Portret" ifanızla
tanışıq. Başqa mahnılarınız
da varmı?
- "Portret" əsərim
hələ ki, böyük kütlə arasında məşhur deyil. Amma ümid edirəm
ki, yetərincə tanınacaq. Yaxın günlərdə
"The portrait" adlı CD albomum işıq üzü görəcək.
Cızma-qara etdiyim bir sıra əsərlərim
var, amma onları dinləyici qarşısına çıxarmaq
istəmirəm. Məncə, hələ o musiqilər yetişməlidir.
"Karantin dövrünü öz xeyrimə çevirməyi
bacarmışam"
- Bir çox sənətçilər
bu günlər onlayn konsertlər verirlər. Siz karantin günlərini
necə dəyərləndirirsiniz?
- Müxtəlif səhifələrdən
və öz hesabımdan canlı yayımlar edirəm. Karantin dövrünü öz xeyrimə çevirməyi
bacarmışam. Bu müddətdə mənə
və milli musiqiyə bələd olmayanlara yaradıcılığımı
daha çox göstərməyə çalışıram.
Nə qədər ki, insanlar evdədir, onları incəsənətə
daha yaxşı cəlb edə bilərik. Bu günlər yalnız səhnə üçün
darıxıram. İşlərdən geri qalan vaxtımı
isə səmərəli
dəyərləndirməyə çalışıram.
"Azərbaycan
milli musiqisini və öz yaradıcılığımı dünya brendinə çevirmək arzusundayam"
- Gələcək
planlarınız haqqında
nə deyə bilərsiniz?
- Plan qurmağı sevirəm, çünki bu, uğurun yarısıdır.
Ona görə də plan quranda bunu bir-iki il üçün nəzərdə tuturam. Bütün fikirlərimizi komanda üzvləri - produser Rəşadət Fərzəliyev,
pianoçu Pərviz Məmmədov və ritm alətləri ifaçısı Vəfadar
Ramizlə birlikdə paylaşırıq. İdeyalarımız həyata keçəndən
sonra dünya səviyyəsində səfərlərə
də dəvət alacağımızı düşünürəm.
Təbii
ki, hər şey düşündüyümüz
kimi olmaya da bilər. Yenə də hadisələrə
yaxşı tərəfindən
baxmağı sevirəm.
Azərbaycan musiqisini və
öz yaradıcılığımı
dünya brendinə çevirmək arzusundayam.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 22 aprel.- S.14.