Musiqili “divan”
Yeni nəşrlər,
yaradıcı insanların fəaliyyətini
işıqlandıran keyfiyyətli tədqiqatların ərsəyə
gəlməsi və işıq üzü görməsi hər
bir ölkənin mədəni inkişafının səviyyəsinin
göstəricisidir. Bir musiqişünas kimi hər zaman
gözüm yeni kitabları, notları axtarır, maraqlı
bir araşdırma görəndə
sevinirəm. Təəssüf
ki, musiqi sahəsində bununla bağlı müəyyən
boşluğun olması da bəllidir. Amma
müasir bəstəkarların əsərlərinin nəşri
işində son zamanlar yaxşılığa doğru dəyişikliklər
də nəzərə çarpır. Belə ki, bu
yaxınlarda “Renessans A” Nəşriyyat Evində bəstəkar,
Əməkdar İncəsənət xadimi Cavanşir Quliyevin
“Divan” adlı nəfis tərtibatlı ikicildlik əsərlər
toplusu çapdan çıxdı.
Toplunun adı çox simvolik, ifadəli və mənalıdır.
Yaradıcılıq ruhunun özəyini millilik təşkil
edən bir bəstəkarın əsərlərindən
ibarət məcmuə, yəqin ki, elə bu sayaq adlandırılmalı idi.
Şərq poeziyasına xas
müəyyən strukturlu Divan forması bəstəkarın diqqətini hələ gənclik
illərindən cəlb etmişdir. Ona görə də o,
uzun müddət üzərində
düşündüyü “Divan”ını yaxın
konsepsiyalı əsərləri bir yerə toplayaraq həyata
keçirir. Onu da qeyd edək
ki, hər bir cild burada yer alan əsərlərin səs
yazısı olan disk ilə təchiz olunub: bu da “Divan”ı
ciddi və dolğun bir nəşr kimi səciyyələndirmək
imkanı verir.
Bəllidir
ki, mahnı janrı Cavanşir Quliyevin
yaradıcılığının önəmli bir hissəsini
təşkil edir. Onun bir-birindən
gözəl, həzin nəğmələri hafizəmizə
həkk olunub, qəlbimizə nüfuz edib. Azərbaycan Dövlət
Televiziyasında hələ ötən əsrin 80-ci illərində çəkilmiş
“Bura Vətəndir” adlı geniş əks-səda
doğurmuş konsert proqramı, bəstəkarın
özünün də ifa etdiyi mahnılardakı
doğmalıq, hədsiz sevgi, nadir səmimiyyət insanı həyəcanlandırır,
kövrəldir və düşündürür. Amma bilənlər
bilir, bilməyənləri isə agah etmək istərdim ki, Cavanşir Quliyev ilk
növbədə Azərbaycan akademik bəstəkarlıq məktəbinin
ən layiqli nümayəndələrindən biri kimi müxtəlif janra aid bir sıra
maraqlı əsərlərin müəllifidir. Vaxtilə
ifası Azərbaycanda, keçmiş Sovet İttifaqı məkanında,
həmçinin dünyanın ən mötəbər
festivallarında
qızğın müzakirələrə səbəb
olan, özündə əsl bədii
kəşf əlamətlərini daşıyan bu əsərlər
çağdaş akademik musiqimizin ən dəyərli nümunələri kimi qiymətləndirilir.
Cavanşir Quliyev milli bəstəkarlıq məktəbinin ənənələrini
davam etdirməklə yanaşı, heç kimə bənzəməyən,
fərdi yazı üslubu yarada bilmiş bəstəkardır.
O, milli musiqimizin dərin
qatlarını sanki yenidən kəşf
edir, Avropa musiqi sistemləri ilə
sintezin keyfiyyətcə, mahiyyətcə fərqli mərhələsini əsərləri
vasitəsilə ortaya qoyur.
Haqqında
söz açdığımız “Divan”da da bəstəkarın məhz bu qəbildən
olan əsərləri yer alıb. Birinci cilddə zurna ilə
simfonik orkestr üçün Uvertüra, saz və violin üçün Sonata, İki
saylı Simli Kvartet, Muğam səssıralarında
interlüdlərlə “Yeddi Pyes”, Üçüncü
simfoniya kimi işarəvi əsərlərlə
yanaşı, ilk dəfə
qarışıq xor üçün
“Dönübdür” (qoşma Aşıq Ələsgərindir)
xor miniatürü yer alır. İkinci cildə isə
ağac nəfəs alətləri üçün Kvartet,
yaylı orkestr üçün “Dastan” adlı
Dördüncü simfoniya, habelə irimiqyaslı beynəlxalq
layihələr çərçivəsində gerçəkləşdirilən
fleyta, saz və violonçel üçün “Karvan”, xanəndə,
soprano və geniş heyətli ansambl
üçün “Bayatı” daxil edilib.
Onu da
deyim ki, adətən hər hansı bəstəkarın əsərləri
çap edilərkən o qədər də geniş ön
sözə, müfəssəl təhlilə üstünlük verilmir. Bu məqamda nəşri həm
mütəxəssislər, həm də qeyri-peşəkar
oxucu və istifadəçilər üçün maraqlı
edən cəhətlərdən biri - sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
professor Zümrüd Dadaşzadənin hər iki cildə
yazdığı “Cavanşir Quliyev: Total musiqi
axtarışlarında” adlı giriş məqalələri
barədə danışmaq istərdim. Əvvəlcədən
vurğulayım ki, həmin məqalələr Azərbaycan və
rus dillərində təqdim olunmuşdur ki, bu da “Divan”a
xüsusi bir üstünlük qazandırır. Musiqi mədəniyyətimizin
təbliği baxımından belə sanballı nəşrlərə
böyük ehtiyac var. Yeri gəlmişkən, həmin mətni
ingilis dilinə də tərcümə etmək və
ayrıca bir kitabça şəklində çap etdirmək
yaxşı olardı. Düzdür, burada başqa bir problem üzə
çıxır: elmi terminlərlə
zəngin mətnlərin səviyyəli tərcüməsi hələ də
həllini tapmamış məsələdir. Bilirəm ki, məqalələrin
ingilisdilli versiyasının qənaətbəxş
olmaması bəstəkar və
musiqişünası son məqamda həmin materialın nəşrindən
imtina etmək məcburiyyəti qarşısında
qoymuşdu.
C.Quliyevin
yaradıcılığı uzun illərdir ki, Z.Dadaşzadənin
diqqət mərkəzindədir. Buna qədər də o bir
sıra yazılarında, beynəlxalq elmi konfranslardakı məruzələrində bəstəkarın
əsərlərinə geniş yer ayırıb. C.Quliyevin
“Divan”ı müəyyən mənada
onun Şərq-Qərb, millilik və müasirlik barədə
qlobal fikirlərinin tamamı
olduğu kimi, məqalə də alimin illər uzunu
apardığı, müasir musiqinin təmayüllərini
bizim üçün aydın edən
araşdırmalarının icmalı kimi qəbul edilə bilər.
Topluda yer alan hər bir əsər bütün təhlil
komponentlərinə uyğun olaraq diqqətlə nəzərdən
keçirilib, bəstəkarın bu zamana qədər öyrənilməyən
əsərləri ilk dəfə tədqiq edilib. Sadəcə elmi təhlil yox, sanki
canlı ünsiyyətə sövq edən maraqlı bir
söhbət – həmin mətnləri belə dəyərləndirərdim.
Müxtəlif rakurslardan baxmaq, daha dərin düşüncələrə
varmaq üçün müəllif gözümüz
önündə bir növ geniş panoram canlandırır:
davamlı paralellər, müasir musiqinin məşhur bəstəkarlarının
yaradıcılığı ilə uzlaşan məqamların vurğulanması və nəşrin
baş qəhrəmanının öz qənaətləri ilə
“müdaxiləsi” mətni xeyli dolğunlaşdırır.
Yazıda Cavanşir Quliyevin belə
bir fikri yer alıb: “Arzum total,
qlobal, mütləq – adın bir o qədər əhəmiyyəti
yoxdur - musiqi yaratmaqdır. Elə bir musiqi ki,
coğrafiyasından asılı olmayaraq dünyanın istənilən
guşəsində qavranılsın”. Bəstəkarın
arzusunun reallaşması yönündə axtarışların səmərəsini
üzə çıxarmağa can atan musiqişünas problemə geniş müstəvidə
nəzər salır.
C.Quliyevin
yaradıcılıq simasının əsas xüsusiyyətlərini,
musiqi dilinin özünəməxsusluğunu, əsərlərin
bədii əhəmiyyətini hərtərəfli
şəkildə açan bu yazı “Divan”ı bir külliyat
kimi digərlərindən xeyli dərəcədə fərqləndirir,
onu unikal edir. Z.Dadaşzadə “Divan”ın C.Quliyev
yaradıcılığının cövhəri olduğunu
vurğulayır, həmin “cövhəri” yaradan ən
xırda detalları aşkarlamağa
və oxucu üçün aydın etməyə cəhd
göstərir: “Divan”ın iki cildinə daxil olan əsərlər
bir növ Cavanşir Quliyev
yaradıcılığının kvintessensiyasını təqdim
edir: onlar konkret bədii qayə, həmin qayənin təcəssümü,
instrumental heyət baxımından nə qədər fərqli
olsa da, müəllifin fərdi üslubunun səciyyəvi cəhətlərini
əyani sərgiləyir”. Məqalədə yer alan növbəti
ümumiləşdirmə də bu baxımdan səciyyəvidir:
“Bəstəkarın yaratdığı melodiyalar qabarıq,
yaddaqalandır, amma onların genezisi mürəkkəbdir:
burada gah aşıq musiqisi, gah muğam, gah dəqiq
ünvanı bilinməyən, arxaik intonasiyaların peyda
olması bəstəkarın genetik yaddaşının dərinliyinə,
musiqi duyumunun qeyri-adi həssaslığına dəlalət
edir. Özü də C.Quliyev total musiqi
axtarışlarında təkcə Azərbaycan musiqisi ilə
məhdudlaşmır, bütövlükdə türk dünyasının arxaik
musiqi qaynaqlarını əhatə etməyə
çalışır”.
Tarix boyu
musiqişünasların bəstəkarlarla
yazışmaları, söhbətləri son dərəcə
maraqlı kitabların, məqalələrin yaranmasına təkan
verib. Belə nümunələr çoxdur: S.Volkovun
D.Şostakoviç, R.Kraftın İ.Stravinski,
A.İvaşkinin A.Şnitke ilə
dialoqları, A.Şönberqin E.Ştayna olan məktublarını
xatırlatmaq olar. “Divan”ın II cildinə daxil olan əsərlərin
təhlilini bitirdikdən sonra Z.Dadaşzadə bəstəkarla
vaxtaşırı apardığı söhbətlər əsasında
tərtib etdiyi yığcam müsahibəni təqdim edir. Uzun
illər ərzində əməkdaşlıq edən iki
yaradıcı insanın musiqi aləminin ən müxtəlif
məsələləri barədə
fikir mübadiləsi, əminəm ki, çoxları
üçün bir sıra yeni
məqamları üzə çıxaracaq. Bu müsahibə
C.Quliyevi həm məxsusi sənət dünyasına malik bəstəkar,
həm maraqlı düşüncələrlə yaşayan
ziyalı, həm də bəzi məqamlarda
“çılğın, sərt, kompromissiz” insan kimi təqdim
edir. Məqalədə C.Quliyev “dünyada, doğma Vətənində
baş verənlərə görə həyəcanlanan,
müasirliyin nəbzini həssas duyan, həyatda, mədəniyyətdə
baş verənlərə biganə yanaşmağı
bacarmayan, konformizmi özü üçün qeyri-məqbul
hesab edən şəxsiyyət” kimi səciyyələndirilir.
Ön
söz tanınmış musiqiçi, alim və sənət
adamlarının (A.Eşpay, Y.Dolinskaya, D.Mixalek, Lorel Fey (Laurel
Fay), V.İbrahimoğlu) azərbaycanlı bəstəkarın
yaradıcılığı ilə bağlı fikirləri,
təəssüratları ilə tamamlanır. Rəğbət
və heyranlıq dolu bu rəyləri oxuduqca Cavanşir Quliyevin
çağdaş sənət aləmində nə qədər
müstəsna yer tutduğunu
bir daha anlayırıq.
Z.Dadaşzadənin
elmi mətnləri səliqə ilə tərtib etmək kimi
xüsusiyyəti də diqqəti cəlb edən məqamlardandır.
Hər iki cilddə ön söz qismində verilən məqalələrin
sonunda müəllif geniş biblioqrafiya yerləşdirir – istinad etdiyi bütün mənbələri bir-bir qeyd edir.
Bu da musiqişünasın elmi mədəniyyətinə dəlalət
edir. Bu cəhəti vurğulamağım heç də təsadüfi
deyil: son zamanlar yazılan tədqiqatlarda
ədəbiyyatla davranmaq qaydalarının, elmi etikanın
pozulması, və ya biblioqrafiyanın kasadlığı kimi
halları tez-tez müşahidə edirik. Çox zaman belə
bir elmi “pintilik” plagiat kimi xoşagəlməz hadisəni
törədir. Zənnimcə, “Divan”dakı məqalələr
və onları müəyyən
ciddi qaydalar əsasında tərtib etmək
bacarığı gənc musiqişünaslara bir örnək olmalıdır.
“Divan” sadə
bir məcmuə, toplu deyil, bəstəkarın uzun illərdən
bəri davam edən yaradıcı axtarışlarının
çox maraqlı, fəlsəfi məzmuna malik təcəssümüdür. Bilirəm ki, C.Quliyevin
yaradıcılıq portfelində yeni irihəcmli əsərlərin
- üç baletin, iki
oratoriyanın partituraları var. Arzu edərdik ki, bu əsərlər,
həm də “Divan”ın iki cildində yer alan opuslar konsert
zallarında səslənsin, baletləri səhnə
üzü görsün. Bu mənada
ikinci cild üçün
yazılan məqalənin son misraları səciyyəvidir:
“İnanmaq istərdik ki, zamanın
sınağından çıxmış, Vaqif
İbrahimoğlunun təbirincə, “zamansızlığa pərvaz
etmiş”, çağdaş musiqi
mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmuş
əsərlər -
müasirimiz Cavanşir Quliyevin
sənət dünyasının bənzərsiz, dəyərli örnəkləri tədqiqatçılar, ifaçılar, musiqi təhsil ocaqlarının
müəllim və tələbələrinin diqqətinə
səbəb olacaq, onları zəruri, faydalı, son dərəcə
maraqlı materialla təchiz edəcəkdir”.
Milli
kimliyimizi unutmamaq, ruhlanmaq, vahid toplum olmaq üçün belə
musiqi əsərlərinə çox ehtiyacımız var.
Şəxsən mənim üçün vətən
Cavanşir Quliyevin musiqisindəki kimidir – qədim, ulu, məğrur,
səmimi, sevgi və gözəllik
dolu. Əminəm ki, bu,
çoxları üçün də belədir.
Vəfa ABBASOVA
musiqişünas
525-ci qəzet.- 2020.- 25 aprel.- S.24.