Beynəlxalq aləm:
ziddiyyətlər,
münaqişələr, müharibələr
Erkən XX əsrdə isə Birləşmiş
Ştatların köməyi ilə Panama kanalı tikildi. Kanal Panama
dövlətinin mülkiyyəti olsa da, işləməsi
ABŞ-ın böyük təsiri altında idi və o, rəqib
dövlətlərə kanaldan istifadə imkanını
bağlaya bilər.
Malakka və Hörmüzd boğazları dəniz ticarətində
əsas təbii keçid olaraq qalırlar. Hörmüzd
boğazına, əsasən, İran nəzarət edir,
Omanın və Birləşmiş Ərəb Əmirliklərinin
boğaza şərik olmasına da məhəl qoymur. Son illərdə Səudiyyə Ərəbistanı
ilə münasibətlər kəskinləşdikdə,
İran boğazı blokadaya alacağı ilə hədələmişdi.
Malakka
boğazı Hind okeanı ilə Sakit okeanı birləşdirir,
əgər Hörmüzd boğazı əsasən dünya
neft ticarəti üçün böyük əhəmiyyət
kəsb edirsə, dünya ümumi dəniz yolunun 50 faizi
Malakkada cəmlənmişdir.
Son vaxtlar
Arktika "qısa yolu" uğrunda mübarizə start
götürmüşdür. Bu yol çox iri məbləğə
başa gələcəkdir. Lakin
Süveyş və Panama kanallarından istifadə xərci
daha bahadır. Təkcə onu göstərmək
kifayətdir ki, Panama kanalına girmək üçün hər
gəminin lövbər salıb gözləməsi orta hesabla
150 min dollara başa gəlir.
Arktika yolu ilə Avropadan Asiyaya keçmək
üçün səfər vaxtı indiki 31 gündən 21
günə qısaldılacaqdır. Panama və
Süveyş kanalların bir mənfi cəhəti, onlardan
çox iri tonnaja malik olan gəmilərin keçə bilməməsidir.
Arktika yolunda isə bu məhdudiyyət
olmayacaqdır. Həmin kanallardan keçə bilməyən
gəmilər indiyədək Vasko da Qamanın
açdığı yolla, Xoş Ümid burnunu dolanıb
keçməklə Avropadan Çin, Yaponiya və Cənubi
Koreya kimi Asiya ölkələrinə üzür,
çünki onlar qabaritinə görə əllə
yaradılan kanallara sığmırlar.
Rusiyanın fövqəldövlətə çevrilmək
ambisiyalarını görən ABŞ güman edir ki, Arktika
yolunun böyük hissəsinin onun ərazisinin
yaxınlığından keçdiyinə görə Rusiya
bu amildən də istifadə etməyə
çalışacaqdır. Rusiya ilə müqayisədə
ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq,
SSRİ-nin varisi olan bu ölkə ən yeni silahlar vasitəsilə
öz hərbi qüdrətini möhkəmləndirməklə,
öz siyasi və hərbi mövqelərini saxlamaqda davam edir.
ABŞ-ın illik hərbi büdcəsi
Rusiyanınkından on dəfə çoxdur. Amerika okeanın o tayındakı ölkələrdə
766 bazaya malikdir, 200 min amerikan əsgəri həmin ölkələrdə
yaşayır. Bəzi Avropa şəhərlərinin
küçələrində amerikan hərbçiləri
yerli sakinlərə nisbətən daha çox gözə dəyir.
Dominant və zəif ölkələr
Qüdrətli dövlətin ilk əlaməti
iqtisadiyyatdan başlayır. Çünki möhkəm
iqtisadi baza qısa müddətdə onu hərbi relslərə
keçirməyə şərait yaradır. İkinci Dünya müharibəsində Amerika
iqtisadiyyatında gedən səmərəli transformasiya
Müttəfiqlərə hərbi texnika, sursat və
materiallarla nəhəng yardım göstərilməsində
mühüm rol oynadı, almanlar və yaponlar üzərində
qələbənin yaxınlaşmasına şərait
yaratdı. Hansısa bir dövlət
böyük iqtisadi və dənizçilik qüdrətinə
yiyələndikdə, onunla rəqabət aparmaq çox
çətinləşir. Fövqəldövlətə
çevrilən dövrdə Britaniya proqressə görə
dünyanın ona borclu olduğu barədəki qənaətə
gəlmişdi: Britaniya buna məhz Sənaye inqilabına
görə nail olmuşdu və qonşu rəqiblərindən,
xüsusən Niderlanddan iqtisadi sahədə çox irəli
getməklə aralanmışdı.
Britaniya, Sənaye inqilabının
başlandığı həmin XVIII əsrdə Fransanı məğlub
edib, özünü dünya fabriki kimi qurdu və
böyük iqtisadi gücə yiyələndi. Bundan xeyli əvvəl
isə İngiltərə yun manufakturalarını inkişaf
etdirmiş, Avropanı yun parça və paltarla təmin edən
ölkəyə çevrilmişdi. Yun ən
çox tələb olunan xammal olduğuna görə ölkədə
qoyunçuluq iti sürətlə inkişaf etdirilirdi, baronlar
otlaq əldə etmək üçün kəndli ailələrini
öz yaşayış yerlərindən
köçürürdülər. Böyük mütəfəkkir
Tomas Mor XVI əsrdə yazırdı ki,
qoyunun ayağı dəyən qum parçası
qızıla dönürdü. O, kəndlilərin zorla
köçürülməsi prosesinə biganə
qalmayıb, bu dəhşəti "qoyunlar adamları
yeyir" kimi ifadə edirdi. XVIII əsrin
60-cı illərindən isə manufakturalar
maşınların köməyi ilə istehsala keçdi və
sənayeləşmənin bünövrəsi yarandı.
Fövqəldövlətə çevrilən
Böyük Britaniya XIX əsrdə iqtisadi və hərbi
güc hesabına öz müstəmləkələri ilə
kifayətlənməyib, dünyaya ağalıq etmək
iddiasına düşdü.
İngilis tacirləri kommersiya inhisarından
varlanırdılar, malları ucuz alıb, yüksək qiymətlərlə
satırdılar. Napoleon ingilisləri
"dükançı millət" adlandırırdı.
İri məbləğdəki mənfəətlər
ölkənin sənayeləşməsinə investisiya şəklində
qoyulurdu və müstəmləkələr əsir bazarlar
kimi xidmət edirdi. Donanma iki dəfə
böyüdü və İngiltərə başlıca dəniz
dövlətinə çevrildi.
Maşınların köməyi ilə istehsal, mexanikləşmə
Britaniyanı sənaye məhsulları üzrə qlobal təchizatçı
etdi, ölkə beynəlxalq ticarətin liderinə
çevrildi və özünə heç bir rəqib
tanımadı.
Dominant ölkələr çalışırlar ki,
qonşuları zəif və yoxsul olsun. Bu strategiya əsasında
danışıqlar guya qarşılıqlı fayda
götürməyə xidmət etsə də, qüdrətli
dövlətlər istənilən bölgüdə, məşhur
təmsildə deyildiyi kimi, "şir payına" sahib
olurlar. Yoxsul dövlətlərin belə
şəraitdən qaçması da elə asan deyildir.
Peloponnes müharibəsi də (b.e.ə. 431-404-cü illər)
münaqişəyə qayıtmaq nümunəsi idi. Afina
demokratiyası Sparta oliqarxiyasına tam zidd idi.
Toqquşma iqtisadi rəqabət üstündə meydana gəldi,
hansı ki, 14 il əvvəl bu iki dövlət
"30 illik sülh" barədə müqavilə
imzalamışdı. Sparta yarımadada dominant
olaraq qalacaq, Afina isə öz dəniz qüvvələrini
inkişaf etdirəcəkdi. Belə
görünürdü ki, Afina Aralıq dənizi üzərində
ağalıq etmək istəyir, bu isə Spartanı narazı
salmaya bilməzdi. Afina həm də Delos
Liqasından Persiya müdaxilələrinə qarşı
müdafiə vasitəsi kimi istifadə edirdi. Ümumi
fonda isə Liqa üzvlərindən nəhəng məbləğdə
daxil olan pul
Afinanın sərəncamında olurdu. Lakin Liqa yaranandan
25 il sonra, b.e.ə. 453-cü ildə
koalisiyanın bəzi üzvləri Afinanın tələb
etdiyi təzminatı verməkdən imtina etdi.
Peloponnes müharibəsinə cəlb olunduqda Afina öz
donanmasını və xeyli torpaqlarını itirdi, taxılla
təchizatında çətinliyə düşdü. Spartalılar
afinalıları çörəyin
çatışmamasından aclığa məruz qoydu və
şəhəri mühasirəyə aldı. Afina özünün müharibədən əvvəlki
iqtisadi potensialını itirdi. Şəhər
viran qaldı və yoxsulluq regiona hakim kəsildi.
Peloponnes Liqası üzvlərinin əksəriyyəti
Persiyadan borc pul götürməyə məcbur edildi və
bu, persiyalıların öz tarixi düşmənləri
üzərində qələbə qazanmasına səbəb
oldu. Ticarət də xeyli geri atıldı, həlak
olanların çoxluğuna görə tarlalarda işləməyə
işçi qüvvəsi də yox idi.
Həmin müharibənin acı dərsləri bu gün
də öz əhəmiyyətini itirmir. Müharibənin
təşəbbüsçüləri başqalarını
haqlayan uğursuzluğun bir gün onların da
qapısını döyəcəyini yaddan
çıxarmamalıdırlar.
1871-ci ildə Prussiya ilə müharibədə Fransa, bu
müharibəni Bismarkın şantajı nəticəsində
onun özü başlamışdı, acı məğlubiyyətə
düçar oldu, prezident III Napoleon Sedanda prussiyalılar tərəfindən
əsir götürüldü. Versal sarayının
Güzgülü salonunda birləşmiş Almaniya dövləti
yarandı və Prussiya kralı I Vilhelm Kayzer - alman imperatoru,
Bismark isə Almaniya kansleri elan olundu. Varlı
fransız əyalətləri olan Elzas və Lotaringiya məğlubiyyət
haqqı kimi Almaniyaya verildi, ölkəyə ağır təzminat
qoyuldu və bu, Parisdə iğtişaşlara səbəb
oldu və qısa ömürlü Paris Kommunası hakimiyyətə
gəldi.
"Bismark sistemi" adlanan ittifaqlar vasitəsilə
Fransa izolyasiyaya uğradıldı və
Üçüncü Fransız Respublikası meydana gəldi. Bismarkın
strategiyası praqmatik idi, bu görkəmli siyasi xadim hər
cür mənəvi dəyərləri kənara atan
"Realpolitik"in ixtiraçısı idi. 1890-cı ildə yeni imperator II Vilhelm Bismarkı
baş nazirlikdən uzaqlaşdırdı. Almaniyanın rəqabətdə qalib gəlmək
yanğısı və ekspansiya ambisiyaları bu vaxt
böyüyürdü və bu, Birinci Dünya müharibəsinə
aparan yola çevrildi.
Liqalar, ittifaqlar nə qədər çətinliklə
yaransa da, onların sökülməsi, azacıq da olsa,
dağılması ciddi problemlər yaradır. Avropa
İttifaqı 1993-cü ildə dünyaya gələndə
Böyük Britaniya onun üzvlüyünə keçsə
də, başqa üzvlərdən fərqli olaraq
özünü müstəqil aparmağa
çalışdı, ittifaqın yeganə valyutası olan
avronu qəbul etməyib, öz valyutası olan funt sterlinqi
saxladı. İngiltərə hökumətləri
Avropa İttifaqının möhkəmləndirilməsi
üçün heç nə etmir, özünü
ittifaqın problemlərinə münasibətdə yad kimi
aparırdı. Nəhayət, Britaniyanın Avropa
İttifaqından ayrılması məsələsi qalxdı
və ölkədə keçirilən referendum
"breksit" adlanan bu tədbirin lehinə səs verdi. Onun qatı tərəfdarlarından
biri London meri Boris Conson idi, lakin seçkiləri uduzduğuna
görə vəzifəsindən uzaqlaşmışdı.
Tereza Meyin başçılıq etdiyi hökumət təşkil
olunanda Conson Xarici İşlər naziri oldu və sonralar
İttifaqdan ayrılmada baş nazirin zəif hərəkət
etdiyini əsas gətirib, nazir vəzifəsindən istefa verdi. Meyin özü istefa verdikdə isə
partiyadaxili demokratik qaydalar əsasında Conson baş nazir
seçildi və o, 2019-cu il 31 oktyabrına qədər
heç bir sövdələşmə olmasa belə,
İttifaqdan İngiltərənin
çıxacağını vəd etdi. Bu isə bəzi
ekspertlərin rəyinə görə, İngiltərə
iqtisadiyyatına ağır ziyan vuracağı ilə
yanaşı, ölkə ərazisinin parçalanmasına da
səbəb ola bilərdi. Şotlandlar
Böyük Britaniyadan ayrılmaq və Avropa İttifaqında
qalmaq istəyirlər. 5 oktyabr 2019-cu ildə
Şotlandiyada bu məqsədlə 100 minlik mitinq
keçirilmişdi. Consonun hərəkətləri
müxalifətin ciddi qəzəbinə səbəb oldu və
onun vəzifədən getməsi tələbləri səsləndi.
Parlamentin işinin əsassız olaraq
dayandırılıb, onun kanikula göndərilməsini məhkəmə
qanunsuz hesab etdi. İşə başlayan
parlamentin iclasında Conson özünü Prometeyə bənzətdi,
yunan mifologiyasının qəhrəmanı insanlara odu bəxş
etdiyinə görə Qafqaz dağlarında qayaya
mıxlanmış və qartal hər gün gəlib, onun bərpa
olunan qaraciyərini dimdikləyib yeyirdi. Boris
Conson isə breksitin necə iqtisadi və sosial problemlər
yaradacağını, əhalinin maddi vəziyyətinin pisləşəcəyini,
ölkənin parçalanmaq təhlükəsi ilə üzləşəcəyini
nəzərə almır, öz inadkarlığını
davam etdirirdi. Onun ziyan verəcək breksit
variantının həlli sahəsindəki fəaliyyəti ilə
Prometeyin qəhrəmanlığının heç bir əlaqəsi
yoxdur və natiq bu vaxt olduqca uğursuz paralelə əl
atmışdı.
Conson barədə
Ezopun bir təmsili yada düşür: dolaşa uçan vaxt
qartalın şığıyıb sürüdən quzunu
caynaqları ilə götürüb göyə
qaldırdığını görəndə, onun əməlini
təkrar etmək istədi. Şığıyıb
sürüyə yaxınlaşanda quzunun balaca olduğuna
görə qoçu götürüb qaçmağı qərara
aldı. Göydən aşağı enib, bir qoçun
bədəninə zəif caynaqlarını soxmaq istədikdə,
onlar qoçun yununa ilişdi, ordan xilas ola
bilmədi və ağzı aşağı qoçun
böyrünə sallandı. Çoban onu azad
edib ayaqlarını bağladı və evinə,
uşaqlarına gətirdi. Övladları bunun nə
olduğunu soruşduqda, ataları dedi ki, bu quş
dolaşadır, ancaq özünü qartal hesab edir. Özünü Prometeylə müqayisə edən
Conson da gülünc lovğalığı ilə həmin
dolaşanı yada salır.
Britaniya parlamentinin müqaviməti nəticəsində
Consonun planları baş tutmadı və
inadkarlığının əbəs olduğu qənaətinə
gəlməklə, breksitin 2020-ci ilin 31 yanvarınadək təxirə
salınması barədə onun xahişi ilə Avropa
İttifaqı razılaşdı. Fakt orasındadır ki, Conson ruhdan
düşmədi, breksit uğrunda mübarizəsini daha
güclü qaydada davam etdirdi və onun səyləri öz
parlaq nəticəsini verdi. 12 dekabr 2019-cu
ildə keçirilən parlament seçkilərində
başçılıq etdiyi Mühafizəkarlar partiyası
inandırıcı qələbə qazandı və ümumən
650 yerdən 365 parlament kürsüsü və ya əsas rəqibi
olan Leyboristlər partiyasından 1,8 dəfə
artıq yer əldə etməyə nail oldu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 25 aprel.- S.22.