"Ən çətin müştəriyə
kitabı özüm aparıram"
"BU DÖVR
İNSANLARIN YADDAŞINDA TAM FƏRQLİ RƏNGDƏ, TAM
FƏRQLİ BİÇİMDƏ QALACAQ"
Bir aydır ki, ölkədə
karantin rejimi elan olunub. Bir çox iş yerləri
bağlanıb, insanlar onlayn şəkildə işlərini
davam etdirirlər.Evdə qalmaq vaxt bolluğuna, vaxtın
bolluğu isə müəyyən zamanlarda darıxmağa səbəb
olur. Darıxmağın qarşısını alan əsas vasitələrdən biri isə,
şübhəsiz, kitabdır, mütaliədir.İnsanların
bu günlərdə mütaliə faizinin artdığı
müşahidə olunur. Buna görə də
onlara bu gün kitab əvvəlkindən daha çox
lazımdır.Uzun illərdən bəri Azərbaycanda
insanların kitab ehtiyacını ödəyənlərdən
biri "Qanun" nəşriyyatıdır. Əvvəlki kimi, indi də nəşriyyat məhz
bu ehtiyacı ödəmək üçün iş
başındadır.Bu gün onlayn şəkildə fəaliyyətini
davam etdirən nəşriyyatın direktoru,
yazıçı, tərcüməçi Şahbaz
Xuduoğlu hətta kitab sifarişlərini ünvanlara
özü çatdırır. Eyni zamanda, Şahbaz bəy
sosial şəbəkə hesablarından videolar, canlı
yayımlar paylaşaraq insanlarla ünsiyyətdə olur, onlara
kitablar tövsiyə edir, suallarını cavablandırır.Biz
də bu günlərdə Şahbaz Xuduoğlu ilə əlaqə
saxlayıb, bütün bunlar və digər məsələlərlə
bağlı həmsöhbət olduq:
- Şahbaz bəy, karantin
elan olunsa da, siz işləyirsiniz. Bu, ən çox sizin işinizə həvəsinizdəndir,
yoxsa insanların kitaba?
- Biz 1/3 tərkiblə
işləyirik. Çalışırıq ki,
kitab çatdırmaları edək. Yeni
bir vəziyyətdir. Bu vəziyyətin
şərtləri ağırdır. Hələ
ki, öhdəsindən gəlirik. Kitab
oxuyanların sayı artıb.
- "Qanun"un
işçiləri bəs necə, karantindədirlər, yoxsa
onlar da gəlirlər işə?
- İşçilərimizin çox böyük hissəsi
evdə qalır, amma kitab çatdırılması ilə məşğul
olanlar işdədirlər. Eyni zamanda
çalışırıq ki, işimizi online, internet üzərindən
quraq. Əsas işçilərimizlə də
bu şəkildə əlaqə saxlayırıq. Amma əməkdaşlıq
etdiyimiz çox adam evdən işləyir-tərcüməçilər,
redaktorlar, hətta kitab dizaynerləri də.
- Uzaq məsafələrə kitab
sifarişlərini özünüz
çatdırırsınız. Bu zamanda nələr
müşahidə edirsiniz? Bu günlərdə
maraqlı hadisələr də yəqin az
olmur.
-
Ümumiyyətlə, karantin elan olunan ilk gündən mən
bütün kollektivlə söhbət etdim və vəziyyəti
dəyərləndirdik. Onda dedim ki, ən çətin
müştəriyə, ən uzaq yerə kitabı
özüm aparacam. Hələ ki,
sözümün üstündə dururam. Maraqlı müşahidə odur ki, sifarişlər
daha çox Badamdardan gəlir və Milli Məclisin
yaxınlığına sifariş edirlər. Amma gedəndə bəlli olur ki, evləri
Teleqüllədən də o tərəfdədir. Ümumiyyətlə, özümçün
Badamdarı kəşf elədim bu dönəmdə. Orda çox böyük villalar, evlər,
küçələr, məhəllələr varmış,
sən demə. Bir sifariş isə tam
qeyri-adi oldu. Mənə link
atmışdı və naviqatorla ünvana doğru hərəkət
edirdim. Getdim, bu naviqator məni Badamdar qəbiristanlığına
apardı. Girişdə şlaqbaum var idi.
Yaxınlaşan kimi öz-özünə
açıldı. Sən demə, qəbiristanlıq
Badamdarın ən son nöqtəsi imiş. Ondan sonra Bayılın üstündəki yamac gəlir.
Qəbirlərin arası ilə gedirəm, ancaq nə bir insan
var, nə də bir ev. Qəbiristanlığın
sonuna çatdım, gördüm ki, böyük bir qreyder yol
düzəldir. Qreyderin böyük cüssəli
sürücüsü kabinədən başını
çıxarıb dedi ki, burdan o tərəfə yol yoxdur. Amma mənim naviqatoruma görə sifarişçi
bax elə o ətrafda olmalı idi. Məsələnin
pis olan tərəfi o idi ki, sifarişçinin telefonu cavab
vermirdi. Birdən telefon səsi eşitdim.
Dönüb səs gələn tərəfə
baxdım. Təzə qəbir
üstündə üzü tüklü,
bükülmüş halda bir nəfər oturmuşdu. Mən özüm də çaşdım ki, yəni
həqiqətən də kitabı sifariş verən odurmu.
Yaxınlaşıb sual verməyə özümdə cəsarət
tapmadım...
Əslində, maraqlı deməzdim. Yeni təcrübələr
qazandım bu günlərdə. Biz insanlara
daha yüksək xidmət yolunu öyrənməliyik. Demək olar ki, kitab apardığım hər kəs
məni tanıyırdı. Özümün
kitab çatdırmağım oxucuların çox xoşuna
gəlir.
- Sizcə də, bu pandemiya və
karantin insanları kitaba yaxınlaşdırdı?
- Əlbəttə, öz təcrübəmizdən bunu
görürəm. Hər gün iki-üç
çatdırma edirəm. Əsasən
sifarişçilər gənclərdir. Hətta
onların arasında azyaşlılar da var. Sifariş olunan
kitablarla artıq sifarişçinin xarakteri müəyyən
olur. Bu mənada bəzən onlarla
rahatlıqla ünsiyyət qurub, nələrisə müzakirə
edirik.
- Bu günlərdə insanlar daha
çox hansı kitabları sifariş edirlər?
- Daha
çox motivasiya, özünüinkişaf kitablarını
sifariş edirlər. Bu arada uşaq
kitablarının da satışı xeyli artıb.
- Bir neçə gün öncə
canlı yayımla insanlara nələri oxumalı sualına cavab
verdiniz. Maraqlıdır, ondan sonra sifarişlər
dəyişdimi? Adlarını çəkdiyiniz
kitablara maraq necə oldu?
- Dərhal
nəticəsi olur. Haqqında
danışdığın, məlumat verdiyin kitablar diqqət
görür. Bəzən mənə kitab
tövsiyəsi ilə bağlı yazırlar, mən də məmnuniyyətlə
onlara geniş izahat verirəm. Ümumiyyətlə,
istəyirəm ki, oxucularla daha intensiv, daha interaktiv əlaqədə
olum. Onlarla oxu mübadiləsi edək,
kitablar haqqında söhbətlər təşkil edək.
Bu, həm seçim etməyə, həm də
hər hansı bir kitab haqqında müəyyən bir qənaətə
gəlməyə kömək edir.
- Bir neçə gün ard-arda
günlük müşahidələrinizi şəhərdən
reportaj kimi yazdınız Feysbukda. Amma axır
günlərdə bunu görmürük. Niyə
dayandırdınız?
- Əslində, paylaşmadığım günləri
də yazmışam. Amma vaxt edib qol-budağını düzəldib,
Feysbuka qoya bilmədim. Mən şəhərdə
maşınla hərəkət edirəm. O gündəliklər
də həmin o ritmlə yazılır. Çalışıram
təkrar olmasın. Həm də
yazdıqlarımla insanların özünütədric şəraitində
onlar üçün bir panoram yaratmaq istəyirəm. Hər gün gördüklərini təsəvvürlərində
canlandırmaq fərqli bir yanaşmadır.
- Bunları yazarkən
gördüyünüz, amma müəyyən səbəblərdən
yazmadığınız, ya da yazıb sildiyiniz hadisələr
oldumu heç?
- Əlbəttə, olub. İnsanların əhvalını
korlayan, onların indiki durumuna ağırlıq gətirən
məqamlarolanda yazmamağa çalışıram. Bəzən də yazıb, sonra silirəm.
- Sizcə, bu pandemiya insanlarda nəyi
dəyişəcək?
- İlk növbədə münasibətlər sistemi dəyişəcək,
biznes aləmində çox böyük dəyişikliklər
baş verəcək. Pandemiyaya qədər zəngin olan bəzi insanlar, ondan
sonra müflis də ola bilərlər. Dəyərlər sistemində dəyişiklik
baş verəcək. İnsan faktoru önə
çıxacaq. İnsanlıq yenidən dəyər
qazanacaq.
- Dünyanın, əsasən də
Bakının bu günləri sizə hansı əsərləri
xatırladır?
- Karantin
yeni elan olunanda mən "İbn Sina" filminə baxdım.
Eyni zamanda, əlimdə Əlif Şəfəqin
"Ustam və Mən" əsəri vardı. Orda bir səhnə var, İstanbulun pandemiyaya
qarşı dirənişi haqqında. Amma
bu pandemiyanın yayılma üsulu mənə daha çox
"Korluq" əsərini xatırlatdı. Axı orda da hər şey bir nəfərin kor
olmasıyla başlayır və bütün ölkənin
korlaşmasıyla nəticələnir. Hərşey
çox qısa zamanda və çox sürətlə baş
verir. Bir anlıq təsəvvür edin.
Hər kəs kordur. Kor insana
nə lazımdır? Ona işıq
lazım deyil, ona heç yaşayış yeri də lazım
deyil. Ona sadəcə bir
şeylazımdır - yemək. Və itlər ulaşan
bir şəhərdə insan sürüsü bir qarın yemək
axtarır... Kamyunun "Taun", Markesin "Vəba günlərində
eşq" - bu əsərlər əslində, pandemiyanın
dəhşətindən bəhs edir, onun necə qorxunc
düşmən olması haqqındadır.
- Bir naşir kimi dünya ədəbiyyatını
yaxından izləməkdəsiniz. Pandemiyanın ədəbiyyata
ciddi təsiri olacaqmı, sizcə?
- Belə
hadisələr ədəbiyyata və incəsənətə
həmişə təsir edib. Məncə,
insandan yazan ədəbiyyat nümunələri çoxalacaq.
Təsəvvür edin ki, 42 gün evdən
bayıra çıxmayan insanlar var. Mən belə ailələri
tanıyıram. Baş çəkdiklərim
də var. Asan deyil. Bu, istər-istəməz
özünütədric, həm dəözünüyaratmağa
gətirib-çıxarır. Məhz bu səbəbdəndir,
sosial şəbəkələr arxiv fotolarıyla dolub, hər
kəs xatirə janrında yazır. Kədərlidir
hər gün pəncərədən canlı həyata
tamarzı nəzərlərlə baxmaq. Kədərlidir,
ən yaxın insanları həm də virus
daşıyıcısı kimi görmək. Və ən qorxuncu odur ki, sən o virusu kiməsə
aparıb ötürəsən. Bu dövr
insanların yaddaşında tam fərqli rəngdə, tam fərqli
biçimdə qalacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 25 aprel.- S.9.