Maarifçilik tariximizin Nəriman

Nərimanov imzalı parlaq səhifələri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir tariximizdə öznəməxsus mövqeyi olan görkəmli yazıçı, maarifçi, həkim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Sərəncam imzalayıb.

N.Nərimanovun Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində, məktəb və maarifçi fikir tariximizdə xüsusi rol oynaması yüksək qiymətləndirilib.

Milli ədəbi və pedaqoji fikrin inkişafına "Nadanlıq" (1893), "Şamdan bəy" (1895), "Nadir şah" (1898), "Bahadır və Sona" (1896-1913), "Pir" (1913) adlı pyesləri, publisistik və elmi məqalələri ilə mühüm töhfələr vermişNəriman Nərimanovun həyatına nəzər salan zaman görürük ki, vətən fədaisi ömrü boyu yüksək amallarla çalışıb, fədakarlıqlar göstərib. Üzləşdiyi çətinliklərə, təzyiqlərə baxmayaraq, N.Nərimanov mənalı, şərəfli ömür yaşayıb, ömrünün sonunadək mütərəqqi pedaqoji ideyalar yayıb, doğma xalqının maariflənməsi yolunda yorulmadan mübarizə aparıb.

Azərbaycanın maarif və mədəniyyət tarixinə tanınmış pedaqoq kimi daxil olan Nəriman Nərimanovun müəllimlik fəaliyyəti fasilələrlə 1890-1902-ci illəri əhatə edir. Bu illər ərzində böyük pedaqoq"Kaspi", "Tərcüman", "Həblülmətin" kimi jurnal və qəzetlərdə çıxış edərək müəllimlik, ana dili və onun tədrisi, qadın təhsili, tərbiyənin məqsədi və rolu, rus dilinin milli məktəblərdə öyrədilməsi problemlərindən özünəməxsus ustalıqla bəhs edib, təlim və tərbiyəyə aid demokratik-maarifçifikirləri, mütərəqqi pedaqoji ideyaları, bəzən "sətirlər arasında"da olsa, oxuculara çatdırıb.

N.Nərimanovun məqalələrində qaldırılan mühüm pedaqoji problemlərə, habelə pedaqogika və psixologiyanın bir sıra nəzəri məsələlərinə diqqət yetirəndə məlum olur ki, o, dünya və rus klassik pedaqoqlarından Komenski, Russo, Pestalotsi, Uşinski və başqalarının pedaqoji fikirləri ilə yaxından tanış imiş. Pestalotsidən bəhs edən Nəriman Nərimanov yazırdı ki, "Bir müəllim müəllimliyə hazırlanarkən ola bilərmi ki, Henrix Pestalotsinin adını eşitməsin? Ola bilərmi ki, bunun uşaqlara olan məhəbbətini bilməsin? Təlim və tədrisə dair nəsihətlərini oxumasın?" Ədibin bu kimi görkəmli pedaqoqların həyat və yaradıcılığı ilə tanış olması onun Qori seminariyasında (1885-1890-cı illər) aldığı dünyəvi təhsildən irəli gəlirdi.

N.Nərimanovun pedaqoji görüşlərində təlim və tərbiyənin məzmununa, üsul, vasitə və tərzlərinə aid bu gün də çağdaş dövrümüzdə əhəmiyyətini saxlayan dəyərli fikirlər çoxdur. "Müəllim "Universitet nişanı" ilə deyil, əməli-pedaqoji fəaliyyəti ilə özünü göstərməli və fərqlənməlidir" qənaətində olan Nərimanov yazır ki, hər bir müəllim pedaqogikanı, təlim və tərbiyənin prinsip və üsullarını, psixologiyanı yaxşı bilməlidir. Müəllim əgər bunları bilərsə, o, şagirdlərin fərdi xüsusiyyətlərinə istinad etməyi bacarar, həmçinin, təlim və tərbiyə işində uğur əldə edər. Çünki "...hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağı binaən hamıya bir qayda və qanun ilə dərs vermək, hamıya bir dildə bəyan etmək olmaz. Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhmsiz, bir parasının qüvveyi-hafizəsi qüvvətli, bir parasınınki naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mühafızə edər, hər kəsin öz biliyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eyibinə görə çarə taparsa, əlbəttə, təlim və tərbiyə düz yol ilə gedib, tərəqqi əla dərəcəsinə çatar".

N.Nərimanovun publisist yazılarında təlimin məzmunu və üsullarına aid dəyərli fikirlər çoxdur. O, bir tərəfdən tərəqqiyə kölgə salan sxolastik məktəbləri, "zavallı uşaqların, gələcək millət balalarının fəhmlərini, zehinlərini korlayan", orta əsrlərdən qalma üsul ilə dərs keçilən mollaxanaları, digər tərəfdən isə dövlət məktəblərinin ruslaşdırma siyasətini kəskin tənqid və ifşa edirdi. Təlimin ana dilində aparılması ideyası Nərimanovun pedaqoji fikirlərinin əsasını təşkil edirdi. "Millətin dilini bilmədən, onun dərdinə dava etmək çətindir" - deyən Nəriman Nərimanov müasiri və məsləkdaşı Abbas Səhhət kimi müəllimliyi həkimlik peşəsi ilə müqayisə edir. Bildirir ki, "həkim azara görə dərman verdiyi kimi, müəllim də tələbə görə bilik verməlidir... Naxoşun ruhunu təmizləməkdənsə, qanını təmizləyin. İnsanın dili onun qanıdır. Qan təmiz olanda ürək yaxşı işlədiyi kimi, dilin də saf olması millətin tərəqqisinə səbəb olur".

N.Nərimanov həm də ana dilində dərslik yazaraq milli məktəblərdəki bu sahəyə dair boşluqları doldurmağa təşəbbüs göstərmişdi. Təbii ki, o dövrdə dərslik yazmaq mühüm hadisə kimi dəyərləndirilirdi. Müasir dövrümüzdən XIX əsrin ortalarına baxsaq, o dövrün dərslikləri müəllim və şagirdləri müalicə edən qüdrətli bir vasitə rolunu oynamışdı.

Ulu öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli Fərmanında XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid dərslik və dərs vəsaiti yazıb nəşr etdirənlərin cərgəsində Nəriman Nərimanovun da adı çəkilir: "Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərslik və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".

Milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyan N.Nərimanov, həmçinin, 1899-cu ildə nəşr etdirdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", "Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça", "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça" adlı dərsliklər hazırlayıb və bunlar bu gün də öz mənəvi əhəmiyyətini qoruyub saxlayan əsərlərdir.

N.Nərimanov anadilli məktəblərdə məqsədli şəkildə çarizmin ruslaşdırma siyasətinə qarşı da kəskin tənqidi münasibətini bildirmiş, etirazını açıq fikirlə ifadə etmişdi. Ana dilinə verilən dərs saatlarının proqramlardan çıxarılmasını istəyən, alqışlayan, əl çalan ruspərəst "ziyalıların", "müəllimlərin" xain istək və arzularına çata bilməyəcəklərini belə ifadə edirdi: "Qoy əl çalsınlar! Lakın haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətindəməknuz (qorunan) hissiyyati-elmiyyəni na-bud (məhv) edə bilməyəcəklər... Analarımızın laylalarını qulaqlarımızdan çıxarmağı bacarmayacaqlar, illərlə bilüzum bir şey kimi ayaq altına aldıqları o kəhəri (gövhər) qiymətdən sala bilməyəcəklər, ana dilimiz hər halda qüvvət tapacaqdır".

Nəriman Nərimanov ana dilinin təlim əhəmiyyətini göstərməklə yanaşı, onun tərbiyəvi rolunu, həmçinin, möhtərəm, müqəddəs, nə qədər əzmli bir qüvvə olduğunu belə bəyan edirdi: "Ana dili ...nə qədər ali, hissiyyatı oyandıran bir kəlmədir! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzmli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini... sənə o dildə bəyan edibdir, bir dil ki, sən hələ bələkdə ikən lay-lay şəklində öz mənafeyini sənə yetirib ruhun ən dərin güşələrində nəqş bağlayıbdır!"

N.Nərimanovun pedaqoji fəaliyyətində və görüşlərində əmək və əməyə məhəbbət məsələsi mühüm yer tutur. O yazır ki, hər hansı bir kəsdə dostluq, doğruçuluq, səmimilik, təvazökarlıq, sadəlik, insanpərvərlik, vətənpərvərlik kimi əxlaqı keyfiyyətlər görürsünüzsə, deməli, o xoşbəxt kəs əməksevər insandır. "Qabarlı əldə olan hünər, qeyrət perçatkalı əldə ola bilməz" - deyən görkəmli pedaqoqun fikrincə, hər kəs əməkdə iştirak edirsə, ona etibar edilmiş sahədə vicdanla, namusla işləyirsə, deməli, o, xalqının inkişafına, Vətənin tərəqqisinə çalışmış olur. "Şərq üçün nicat yolu" adlı məqaləsində oxuyuruq: "...Vətənin qədrini o kimsə bilir ki, Vətən ilə onun ruhani (mənəvi - K.C.) rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Ona binaən, lazımdır Şərqdə bu şüarı buraxmaq: hər kəs xüsusi özü üçün yox, ancaq Vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin. Bu, şura üsul-idarəsinin əsasıdır. Hər bir fərd əqlini, qüvvəsini məmləkətin hər cəhətdən tərəqqi tapmasına sərf etməlidir, yəni hər bir adam hamı üçün, hamı bir adam üçün işləməlidir".

Göründüyü kimi, N.Nərimanov insanın həm fiziki və həm də zehni əməyini cəmiyyətin əsası, dayağı hesab edirdi. Əməyi nəinki iqtisadi və sosial, həm də əxlaqi, tərbiyəvi, fizioloji mənada dəyərləndirirdi. Buna görə yazırdı ki, adamın əxlaqını saflaşdıran əməkdir. Uşaqlarda əməyə sevgi, məhəbbət oyatmağı valideynlərdən daha çox müəllimlərin birinci vəzifə borcu hesab edən N.Nərimanov 1924-cü ildə "Elmləri-ni yenicə tamam etmiş müəllimlərə açıq məktub"unda bu fikirlərə yer verib: "Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar. Yəni başqasının yox, öz zəhmətlərinin qüvvəti ilə ehti-yaclarını rəfedici olsunlar. Çünki insanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birinci zəhmətidir".

N.Nərimanov özünün "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" adlı dərsliyində uşaqlarda əməyə məhəbbət tərbiyə etmək üçün tərbiyəvi xarakterli mətnlərə də geniş yer ayırıb.

Görkəmli maarifçinin yaradıcılığını sərf-nəzər edən zaman görürük ki, o, şəxsiyyətin formalaşmasında, təşəkkül tapmasın dair siyyətdən və mühittən fərqli olaraq tərbiyə ilə təhsilin birgə roluna, təhsilin tərbiyəyə müsbət təsirinə yüksək dəyər verib. Fikrimizi əsaslandırmaq üçün "Gəncədə teatr barəsində bir neçə söz" adlı məruzəsinə baxaq: "Heç ata-analar istərlərmi uşaqları bədbəxt olsunlar? Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. Amma nə fayda bunların hamısını görürük və gözlərimizdən qan yaşlar tökülür. Bəs lazım gəlmirmi bu dərdin dərmanını tapaq?! Nə vaxtadək qoca ata və analarımız sudlara düşəcək? Günah kimdədir? Bəyəm günah qazamatda çürüyən uşaqlarımızdadır? Xeyr. Günah özümüzdədir. Vaxtında lazım olan tərbiyəni verməyib öz əlimizlə uşaqlarımızı odda yandırırıq. Bəs bunu bilə-bilə nə üçün uşaqlarımıza elə pərvəriş verməyirik ki, nadanlığın əlindən xilas olalar?"

N.Nərimanov tərbiyədə yaranan qüsurların səbəbini ilk növbədə valideynlərdə görürdü. Onun fikrincə, nə qədər  valideynlər uşaqlarını dərdin dərmanı olan məktəbdən, elmdən, təhsildən kənar saxlayarlarsa, bir o qədər də zillət, fəlakət girdabında yanıb qovrulacaqlar. Ədibin "Məktəb, məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edər", - deməsi fikrimizə əyani sübutdur.

Nəriman Nərimanovun tərbiyə və təhsillə birgə vəhdətin münasibəti tək publisist-elmi yazılarında, çıxışlarında, məruzələrində deyil, bədii əsərlərində də həyati faktlarla öz əksini tapıb. Hələ Qori seminariyasında oxuduğu illərdən üzərində işlədiyi və Borçalı qəzasının Qızıl Hacılı kəndində müəllim işləyərkən yazıb bitirdiyi "Nadanlıq" əsərində Ömərin dili ilə "nadanlığın", "avamlığın", "bimərifətliliyin" bariz təsvirini verib.

N.Nərimanov insanın insan tərəfindən istismarının, köləliyin qarşısının alınması, bəşəriyyətin nadanlıqdan xilas edilməsi üçün daima yollar aramışdır. Öz oğluna, ümumən götürsək, gəncliyə ünvanladığı "Bitməmiş məktublar"ında da bunun əyani təzahürünü görürük: "Əziz oğlum! Mən ictimai fəaliyyətdə təskinlik tapıram. Mən insanın insan tərəfindən istismarının, köləliyin əleyhinəyəm. Harada olur-olsun, bəşəriyyətin azad yaşaması üçün bütün qüvvəmi qoyuram və qoyacağam da. Mən bəşəriyyəti nadanlıqdan xilas etmək üçün yollar axtarırdım. Xüsusi olaraq mənim millətimin taleyi məni həmişə düşündürüb..."

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent, Əməkdar müəllim

 

525-ci qəzet.- 2020.- 25 aprel.- S.23.