Xumar Qədimova: "Sevdimmi,
adam kimi sevərəm"
Özü kimi sənəti də,
mahnıları da nazlı-qəmzəlidir. Az görünsə
də, efirlərə çox çıxmasa da, insanlara
haqqında danışdırmağı, özünü dinlətməyi
çox yaxşı bacarır. Bəzi həmkarları öz
mahnıları üçün asan, yaddaqalan, bəsit söz
axtarışına çıxanda, o, klassiklərin,
tanınmış şairlərin məna yükü dərin,
sevilən şeirlərinə müraciət edir.
O, şeirləri seçməklə
kifayətlənmir, bəstələdiyi gözəl, fərqli
musiqilərlə onlara həm də nəğmə
ömrü bəxş edir.
Səhnəyə
çıxdığı ilk gündən adından söz
etdirməyi bacaran Əməkdar artist Xumar Qədimovadan
danışırıq. Aprelin
26-sı ad gününü qeyd edəcək Xumar xanımla əlaqə
saxlayıb, həm qəzetimiz adından təbrik etdik, həm
də doğum günü ərəfəsində təkcə
sənətdən, musiqidən, mahnılarından yox, bir
çox başqa mövzulardan da danışdıq. Suallarımızı özümüzə bələdçi
edib Xumar Qədimova dünyasını səyahətə
çıxdıq.
"Xarizma insanda ya var, ya da,
ümumiyyətlə, yoxdur"
- Xumar xanım, bu günləri necə
keçirirsiniz?
- Bu
sualınıza ölməz Əhməd Cavadın "Mayıs"
şeirindən iki bəndlə cavab verə bilərəm:
Mən hər
ildə bir mayısa
Lap çox ümidlər bağlaram.
Hər gələcək
mayıs üçün
Nisan ağlar, mən ağlaram.
Düşdüm
çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl
mayıs ümid səna
Hər
yan ağlar, mən ağlaram!
- Sizi daha çox "Səhnəmizin
nazlı Xumarı" adlandırırlar. Xaraktercə beləsiniz,
yoxsa bu, sizin səhnə imicinizdir?
- Bir
qadın kimi də, insan kimi də bunu özümdə hiss
edirəm. Həm özüm hiss edirəm, həm də ətrafdan
görünür ki, təbiətən ruhumda da,
davranışımda da bir zəriflik var. Bu, məndən
asılı olan bir şey deyil, ümumiyyətlə,
fizionomiyam belədir, zərif adamam. Məncə,
o naz da həmin o zəriflikdən yaranıb, doğulub.
- Nələrdən zövq
alırsınız? Zamanla zövqlərinizin dəyişdiyi
olurmu?
-
Çox şeydən zövq ala bilərəm. Zövqlərin
çoxalması, yenilərinin əlavə olunması da
mümkündür, sabit qalması da. Əvvəldən
zövqümü nə oxşayırsa, onu dəyişə
bilmərəm, o qalır, amma zamanla zövqlərimin
arasına yeniləri də əlavə edilə bilir - yeni kəşflər
olduqca zövqlər də arta bilər.
- Sizin başqalarından fərqiniz
nədir?
- Əgər xırdalıqlara varsaq, ayrı-ayrı
götürəndə bir çox xüsusiyyətim məni
başqalarından fərqləndirir. Belə deyək də,
başqalarından fərqim, məncə, elə fərqliliyin
özüdür (gülür). Ürəyimdir,
Allahın verdiyi xarizmadır fərqim. Sənətdə
də, görünüşdə də, xarakterdə də
olan xarizmamdır məni başqalarından fərqləndirən.
Xarizma insanda ya var, ya da, ümumiyyətlə,
yoxdur.
- Həyatda elə dərslər
varmı ki, onu təhsillə yox, yaşla, təcrübə
ilə öyrənmisiniz?
- İndi məndə elə xüsusiyyətlər var
ki, gəncliyimdə də belə idim. Elə bir
böyük fərqim yoxdur. Onda da indiki
Xumar olmuşam. Amma az hallarda ola bilər
ki, gənc qız bu cür düşünsün, dərk eləsin.
Və təbii ki, yaş artdıqca, zaman
keçdikcə nələrsə dəyişir, kamilləşirsən.
O da fərdi bir şeydir, məncə. İnsana
görə dəyişir.
"Özümü göstərim,
özümdən çox danışım,
ortalıqda olum - bunlar mənə yad şeylərdir"
- Vikipediyada sizin
haqqınızdakı məlumatlar çox az,
yaradıcılığınız haqda isə hətta yox dərəcəsindədir.
Bundan xəbəriniz var? Nə
əcəb dəyişmirsiniz?
- O
Vikipediya, Yutub, İnstaqram - bu mövzular nəsə məni
heç vaxt narahat etmir. Bir az
özümü tərifləyim də (gülür). O da, məncə,
yaradıcı, mükəmməl olmaqdandır. Yəni sənətinə güvəndiyin
üçün səni başqa heç nə narahat eləmir.
Məsələn, müğənnilər var
ki, İnstaqramda izləyici saylarını artırırlar,
Yutubda baxış saylarını həmişə diqqətdə
saxlayırlar və sair. Ramiz Rövşənin
tez-tez işlətdiyim bir sözü var, deyir, "hamı mənə
sarı gəlir, mən durmuşam yerimdə". Həqiqətən də mən hər zaman öz sənətimlə
yerimdə durmuşam. Bir də
baxmışam ki, mahnılarım öz-özünə məşhur
olur, izləyici toplayır. Mən
bunların arxasınca heç vaxt qaçmamışam.
Özümü tanıdım, özümü
göstərim, özümdən çox danışım,
ortalıqda olum - bunlar mənə yad şeylərdir. Bəlkə də, bayaq dediyimiz o xarizma, sənət,
mahnılar özü məni təqdim edir insanlara. Ta əvvəlindən
belə olub. Məhz bunlar məni insanlara
tanıtdırdı, sevdirdi, özüm bunun üçün
əlavə heç nə etmədim. Amma
dediyiniz mövzuyla bağlı yenə də maraqlanaram. Siz dediniz, indi eşidirəm, xəbərim yox idi.
- Deyəsən, doğum
gününüz belə səhv yazılıb orda.
- Əslində, Vikipediyada yazıblar ki, mən
fevralın 1-i anadan olmuşam. Əvvəllər həmin
gün məni çox təbrik edənlər olurdu, indi
artıq ordakı səhvi bilirlər. Mən
doğum günümü qeyd etməyi, həmin günü
deməyi heç sevmirəm. Hətta əvvəl
Vikipediyada bu səhvin getməyinə sevinirdim ki, nə
yaxşı, qoy elə səhv bilsinlər. Doğum günlərini elə də önəmsəmirəm,
ad günümün keçirilməsi, hər kəsin bunu
bilməsi vacib deyil mənimçün. Mütləq
olan mənim varlığımdır. Tamaşaçı
üçün nə göstərmişik, nələr
etmişik, ruhunu oxşaya bilmişikmi, ürəklərindən
keçəni, dilinin ucunda olanları deyə bilmişikmi -
bax, vacib olan budur.
Əslində, mən yazda doğulmuşam. Elə bu ay,
aprelin 26-sı doğum günümdür. Karantində doğum günü keçirmək də
yazılıbmış taleyimizə, qismətimizə.
Yeri gəlmişkən, bu ay yazılarını sevə-sevə
oxuduğum Seymur Baycanın da doğum günüdür. Bu günlərdə
onun "Seymur Baycan-44" adlı yazısını oxudum,
çox təsirləndim. Mən onu da təbrik
edirəm, ona ən gözəl arzularımı
çatdırıram. Virusa
yoluxmağını heç istəmirəm (gülür).
Həmçinin, çox hörmət etdiyim jurnalist Lalə
Yusifqızı da bu ayda doğulub. Onu da təbrik edir,
gözəl günlər arzu edirəm. Ondan başqa,
aprel ayında anadan olan məni sevənləri, mənim sevdiklərimi,
hər kəsi təbrik edirəm!
- Şou-biznesin içərisində
ola-ola bu qədər uzaq qalmağı necə
bacarırsınız?
- Məncə,
şou-biznesin içərisində deyiləm, elə kənardayam.
Ona görə də kənar ola bilirəm.
- Nədənsə, həmişə
sizin insanlardan uzaq durduğunuzu, qaçdığınızı
düşünmüşəm.
- Əslində, insanlardan qaçmıram. Sadəcə,
hər adamla yaxınlıq, dostluq edə bilmirəm. Bu, heç mümkün də deyil. Bəlkə də o cür olmasam, bu gün Xumar
olmazdım.
- Sizcə, insanın ruhunu kirlədən
nədir: daxili, yoxsa ətrafı?
- İnsanın ruhunu kirlədən birmənalı şəkildə
ətrafdır. İnsandır insanın ruhunu kirlədən.
Hətta təbiəti belə kirlədən
insandır. Yəni insan insanı istəsə,
yaşada da bilər, məhv eləyə də.
- Platonik sevgiylə bağlı nə
düşünürsünüz? Heç
platonik sevgi yaşadığınız olub?
- Vay, vay,
platonik sevgidən danışma. O qədər olub ki, platonik
sevmişəm, vurulmuşam, nəinki sevmək, hətta bundan
ötrü əziyyət də çəkmişəm. Amma
çox az sürüb. Çünki
məncə, sevgi qarşılıqlı olmalıdır.
Qarşılıqsız sevgi çox davam edə
bilməz.
- "Daha səni üzməyəcəm"
deyəndə kimə söz vermisiniz?
-
Ümumiyyətlə, insanları üzməyi sevmirəm. Qarşımdakı səhv olarsa, onu üzə bilərəm.
Amma o, mükəmməl olsun, doğru olsun, mən
onu üzüm, bu, mümkün deyil. Mən
doğruluğu, düzgünlüyü xəstəlik dərəcəsində,
ifrat şəkildə sevənəm. Hətta
bəzən bu mövzuda özümə yazığım gəlir.
Qarşımdakı günahkar olsa belə, onu
üzəndən sonra yenə də pis oluram ki, gərək
etməyəydim. Bu xasiyyət yaxşı
deyil amma. Çünki
qarşımdakı ondan istifadə edə bilər, bəlkə
də edir.
- İstifadə demişkən,
etibarınızdan istifadə edənlər olubmu?
- Əlbəttə, etibarımdan istifadə edən
çox olub.
Elə bu yaxınlarda ailə etibarımızdan
istifadə eləyən biri də oldu. Belə
insanlara nə deyəcəyimi özüm də bilmirəm.
O, etibardan istifadə etmək də deyil, bununla insan öz tərbiyəsini
nümayiş etdirir. Hər insan
özünü yaşayır. Yəni mən
qarşımdakı kimi ola bilmərəm
axı. Mən özüməm, necə deyərlər,
özüm olması gərəkənəm. Amma bəzən belə olmaq da doğru deyil. Çünki insan inanmağının,
etibarının zərbələrini də görə bilir.
- Xumar Qədimova necə
anadır?
- Həddindən
artıq həssas anayam. Narahat, çox diqqətli,
qayğıkeş, sahiblənə bilən anayam, insanam.
Məncə, insan mükəmməldirsə,
sevməyi bacarırsa, o, təkcə ana kimi deyil, yar kimi də,
bala kimi də mükəmməl olacaq, canla, içdən sevəcək.
İstərdim ki, belə olmayım. Çünki bu xüsusiyyətim məni
ağrıda da bilir. Mən sevdimmi, adam
kimi sevərəm.
"Qadınlar mənimlə Xumar Qədimova
ola bilməməyin düşmənçiliyini
aparırlar"
- Möcüzəyə
inanırsınız? Həyatınızda
yaşadığınız ən böyük möcüzə
nə olub?
-
Möcüzələrə çox inanıram. Allahıma minnətdaram ki, mən o insanlardanam.
Həyatım boyunca bir neçə dəfə
Allah mənə gözəl möcüzələr
yaşadıb. Ağlıma gəlməyən,
düşünməyəcəyim möcüzələri
göndərib Allah mənə. Həmin
möcüzələrdən zamanında dəyərləndirdiyim
də olub, bu dəqiqə belə
peşmançılığını
yaşadığım, dəyərləndirmədiyim də.
Onlar üçün indi də heyfislənirəm.
- Bir psixoloq deyirdi ki, kədərin ən
pik anında insan gülür, sevincin ən pik anında isə
ağlayır. Güldüyünüz dərdiniz,
ağladığınız sevinciniz olub heç?
- Bir
söz də var, deyir, elə bədbəxtliklər var ki,
ondan xoşbəxtlik yaranır. Məhz onu
yaşamaq mənə qismət olub. Sevincdən
ağlamaq isə, təbii ki, olur. Allahdan
arzu edirəm, bütün insanlar sevincdən ağlasınlar.
- Deyirlər, qadının
düşməni elə qadındır. Qadınlar
ən çox sizinlə nəyin düşmənçıliyini
aparıblar?
-
(gülür) Məncə, qadınlar mənimlə Xumar Qədimova
ola bilməməyin düşmənçıliyini
aparırlar.
- Həmişə sakitsiniz,
müsahibələrinizdə də soyuqqanlı
görünürsünüz. Xumar xanımı
nə özündən çıxara bilər?
-
Haqsızlıq. Bu, qətiyyən dözmədiyim,
qəbul etmədiyim bir şeydir. Haqsızlığa
bağıraraq etiraz edə bilərəm. Məncə, insanda mütləq vacib olan şey
vicdandır. Vicdanı olan adam nə
haqsızlıq edər, nə də haqsızlığa
dözər. Mən də dözə bilmirəm.
"Ədəbiyyata vurğun insan
heç vaxt pis ola bilməz"
- Sizcə, yaradıcı insan necə
olmalıdır?
- Məncə,
yaradıcı insan elə yaradan olmalıdır,
yaratmalıdır, vəssalam.
- "İnsanlar ədəbiyyatı
sevsələr, cinayət etməzlər" deyirsiniz. Bəs onda yüz illərdir, ədəbiyyat və
musiqi insanlığı niyə dəyişə bilmir? Təkcə lazımınca sevilmədiklərinə
görəmi?
- Nə
bilim, bəlkə də səhv düşünürəm,
amma məncə, şeiri, poeziyanı sevən, ədəbiyyata
vurğun insan heç vaxt pis ola bilməz
(gülür). Amma doğru deyirsiniz ki, yüz
illərdir ədəbiyyat, musiqi insanlığı dəyişə
bilmir. Nə bilim...
- Rəşad Məciddən
bir neçə şeir oxumusunuz. Onun yaradıcılığında diqqətinizi
çəkən nədir?
- Rəşad Məcidin şeirlərində nəğmə
var. Yəni şeiri oxuyursan, o nəğmə içindəcə
doğulur. Onun şeirlərinin çoxunda özümü
görürəm. İnsan o misraların
arasında öz düşüncələrini,
yaşadıqlarını tapa bilir. Onda da
musiqi, nəğmə yaranır. Çox sevinirəm ki,
onun üç şeirinə mahnı oxumuşam: "Bir də
gəlməyəcək", "Səbəbi sənsən"
və "Daha səni üzməyəcəm". Üçü də necə məşhur oldu,
İlahi, necə sevildi. Bu sevginin
özü çox ləzzət eləyir. Maşallah.
- Xumar tək qadın bir də kimin həyatına
gəlməyəcək?
- (gülür) Elə Rəşad Məcidin.
- Yaradıcılıq və siyasət,
sizcə, birgə ola bilər?
- Nəinki
birgə olmaq, məncə, siyasətçi həm də
yaradıcı olsa, əksinə, çox gözəl olar. Onda o, həm də çox gözəl siyasətçi
olacaq. Belə nümunələr heç də az deyil.
"Mahnılarımı özüm
də çox sevirəm"
- Xumar xanım, kimin ruhuyla
yaşayırsınız?
- Bu sual yəqin
ki, mənim "Ruhumla yaşayıram" mahnımdan
doğulub. O, çox gözəl bir nəğmədir. Mənim bəstələrimin ən gözəlidir
demək olar. İnsanlar o mahnını
çox sevirlər. Hətta o
mahnını rəhmətlik klarnet ifaçısı Zahid
Sabirabadlı da ifa eləmişdi. Onun da sənət
həyatında o mahnının çox böyük rolu oldu.
Çox sevildi. Gözəl əsərdir,
məncə.
Sualınıza gəldikdə isə, kimin ruhunla
yaşamağa qalanda, məncə, elə o mahnının
adında olduğu kimi, mən də öz ruhumla öz ruhumu
yaşayıram.
- Mahnılarınızda qəribə
sehr var - insanı həmin an üçün dünyadan
qoparmağı bacaran sehr. Bunun səbəbi nədir,
sizcə, musiqiniz, mahnıya seçdiyiniz sözlər, səsiniz,
ya ifa tərziniz?
- Vallah, mən
özüm də çox sevirəm mahnılarımı,
onlara seçdiyim sözləri. Dinləyəndə
deyirəm ki, İlahi, bu, nə gözəl sözlər, nə
gözəl musiqi, nə gözəl ifadır. Heç özüm də bilmirəm o sehr nədir,
hardandır. Mənə də
maraqlıdır (gülür).
- Sənətinizə nələri
qurban vermisiniz?
- Sənətimə
heç nəyi qurban verməmişəm. Amma əfsuslar
olsun ki, sənətimi nələrəsə qurban verdiyim olub.
Bunun da peşmanlığını çəkmişəm.
- Sizi İranda, Türkiyədə və
başqa ölkələrdə də sevənlər az deyil. Xüsusən, Təbrizdə
çox sevildiyiniz bilinir. Gələcəkdə oralarda
da konsert vermək fikriniz ola bilərmi?
- Yerində,
vaxtında verilmiş sualdır bu. Novruz bayramında Azərbaycan
və Türkiyə iş adamlarının birgə dəvəti
ilə Türkiyədə böyük konsert proqramım
olmalı idi. Çox öncədən dəvətli
idim, planlaşdırılmışdı, amma məlum hadisələrlə
bağlı gedə bilmədim. İnşallah,
dünyamız düzəlsin, bu bəlalar çəkilib
getsin, Türkiyədə çox gözəl bir konsertim
olacaq.
İrandan təkliflər, istəklər çoxdur. Təbii ki,
orda da konsert verməyi çox istəyərəm. Eyni zamanda, İrandakı qanunlarla bağlı deyəsən,
konsert məsələləri çətindir. Amma yaxşı, ürəyimizcə təkliflər
olsa, dəyərləndirərik İnşallah. Mən fars musiqisini çox sevirəm. Türkiyə
musiqilərini də zaman-zaman ifa edirəm. Hətta türk mahnılarını onlardan da
gözəl oxuyuram. Yaxında Ququşun da
bir mahnısını oxuyacağam. Aranjemanı
hazırdır. Mənim bəstələrim,
musiqilərim həm İran, həm də türkiyəlilərə
yaxındır. Məncə, o səbəbdən
çox sevirlər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 25 aprel.-
S.14-15.