AŞIQ ŞƏMŞİRƏ TUMOV HAQQINDA

BƏZİ EPİZODİK MƏLUMATLAR

 

Dədə Şəmşir, Kəlbəcərdən xəbər tut,

Sənə duaçıdır eli-obası.

Bizim başımıza gör nələr gəlir,

Zəhmət çəkib bir qulaq ver, qadası.

 

Cırcırama olub tumovun təbi,

Gah sovuyur, gah güclənir qəzəbi,

Bircə həftə bağlamışıq məktəbi,

Zəqqum olub Kəlbəcərin havası.

 

Yorğan-döşəkdədir büsbütün şəhər,

Başımızı girləyirik birtəhər.

Alqış edir seyid-filan hər səhər,

Müstəcəb olaydı, barı duası.

 

Çoxlarının qulağını deşibdi,

Şeşələnib, bığlarını eşibdi,

Qoca-qaltaq tamam əldən düşübdü,

Tapılmayır dərmanı, davası.

 

Kimi görsən, ağız-burnu bulanır,

Qripin qəhrindən can çalxalanır.

Zalım Ölət yalım-yalım yalanır,

Fağır tapıb bizi dərdin yavası.

 

Ad çəkməsək tanıyarsan özün ,

Kosaların saqqal bitib üzündə,

Oda yanır bu qripin közündə,

Buz bağlayıb dostlarının yuvası.

 

Yaxşı saxlayıbdı Oktayı araq,

Xumarlanır gündə yüz-yüz vuraraq.

Əskinazda özgə cürdü kef-damaq,

Bir balaca nasazlayıb çağası.

 

İmansızdı, burda dostluq işdəmir,

Gödəkdimi, uzundumu, heç demir!

İşə bax ki, çinar boyda Daşdəmir

On altı gün olub yerdə yatası.

 

Fətullayev zökəmə nazirdi,

Dünənəcən çox havalı gəzirdi,

Xəstələri ipə-sapa düzürdü,

Bu gün olub xəstələrin atası.

 

Bir istədik Şamilə baş çəkək,

Başında çalması, əlində əlcək.

Kişinin iştahı pozulub gerçək,

Allah, bizə toxunmasın xatası!

 

Fərruxa hamımız ümid edirdik,

Axşam-səhər məsləhətə gedirdik.

Bir gün gəlib nələr gördük, gördük:

Heç olmadı dadımıza çatası.

 

İslam deyir: otuz iki növdədi,

Ona dözən gövdədi ki, gövdədi.

Kar eyləmir iynə, sədəf dəbdədi,

Dərmanın yox etibarı, vəfası.

 

Bizim Məcid tüstülənir eşqidən,

Qan ağlayır əhvalını eşidən,

Bulalanır, fərqi yoxdu teşidən,

Hal qalmayıb çöldə tonqal çatası.

 

Deyək sənə Fətəliyev Əhməddən,

Çox çalışdı, bar götürdü zəhmətdən.

Təzə-təzə can qurtarıb möhnətdən,

Axır onun zühr eylədi butası.

 

Qəsdə düşüb söyləyirlər qana-qan,

Bivecə bax, dağ dolanır qorxudan.

Yazıq-yazıq durub baxır arxadan:

"Yass" eyləsən, toyuq kimi yatası.

 

Qoşma yazıb ürkütmüşük Zəhranı,

O Zəhra ki, gülşən edər səhranı!

Yeddi batman ət götürüb hər yanı,

Nur dəryası çənəsinin çotası.

 

Leylanın yanağı bomboz olubdu,

Bürüşüb, domuşub, dumbuz olubdu,

Soyuyub nəfəsi, bumbuz olubdu.

Öskürməkdən kəlmə tutmur çənəsi.

 

Dözümlüdur, hər desən götürür,

Bir öynədə yeddi fətir ötürür,

Gündə beş-on kökə yapıb gətirir,

Beşimizə düşür bircə dənəsi.

 

Başın-gözün seyid kimi bağlayır,

Bir neçə sirrini pünhan saxlayır.

Axşam-səhər nöyütləyir, yağlayır,

Yenə qopmayıb qrip gənəsi.

 

Deyillər ki, pusqusuna yatıblar,

Milisələr çox günaha batıblar.

Litr yarım konyakını tutublar,

Yola salır dədəsini nənəsi.

 

Məmişov adlanan bir nəfər var,

Arxasını yerə qoymaz hər azar.

Biçarədə qrip qoymayıb tutar,

Deyən, olub ağır pirə gedəsi.

 

Aşağı məktəbdə Qəhrəman, Muxtar,

Yamanca tövşüyür, çətin ki, toxtar.

Səsi çoxdan batıb, oğulsan axtar!

Çoxdan gəlmir qulaqlara sədası.

 

Döşü atlanırdı, gülürdü Azay,

Kim ax-vay deyəndə deyirdi: "A zay!"

Ona lazım deyil günləri az ay,

Çox lazımdı: otuz bir gün hərəsi.

 

Sizdə var, olan bizə olubdu,

İtilənib, qrip nizə olubdu,

Xəstəxana hıqqıltıyla dolubdu,

Yer qalmayıb gizlənəsi, sinəsi.

 

burunda, başda var isdahat,

Dağala bax, heç götürmür məsləhət.

Gah sinənə, gah qıçına islaq at!

Od qalayıb, çətin ola sönəsi.

 

Kəsib səsi, elə susub loğazlar,

Bir görəsən, qırışıb qoğazlar.

Öskürəyə tab gətirmir boğazlar,

Heç olmasa ola sapı, pinəsi.

 

Buz bağlamış bir Tərtərik, Qarqarıq,

Bir səhərdə, bir axşamda qarqarıq.

Ölüsünə, dirisinə qarğarıq,

Hər kimsədə siftə olub binəsi.

 

Olmamışdı indiyəcən bu hədə,

Çətin bizdən əl götürə bir vədə...

Qoşun çəkib, halay vurub zirvədə:

Çətin ola bir ordan yenəsi.

 

Dədə Şəmşir, daim ümid bəslə sən,

Müdam varsan başımızın üstə sən!

Şəxsi halımızı bilmək istəsən:

Məmməddi, Qənbərdi dinəsi.

 

(25 fevral 1970)

Məmməd ASLAN

Qənbər ŞƏMŞİROĞLU

 

525-ci qəzet.- 2020.- 25 aprel.- S.21.