Əsrlər boyu, bəşəriyyətin yaşam tarixində zaman-zaman ağır yoluxucu xəstəliklər meydana çıxıb, bu xəstəliklər insanların həyatını təhdid edib, kütləvi itkilərlə nəticələnib. Epidemiyalar eyni zamanda, insanların yaşam tərzini, həyata baxışını dəyişib, yeni dünya düzənini onların qarşısına şərt kimi qoyub.

Bu cür hallar tarixin müxtəlif dönəmlərində mütəfəkkirlərin, ədəbiyyat adamlarının həyatında (Məhəmməd Füzulinin timsalında) və yaradıcılığında öz əksini tapıb. Əgər bu cür bəlalar baş verəndə yetkililər xəstəliyin qarşısının alınması ilə bağlı mübarizə tədbirləri görürsə, təbiblər çarə, əlac, dərman axtarışında baş sındırırsa, ədəbiyyat adamları məsələyə daha çox fəlsəfi yanaşma tərzi ilə seçilir və bu düşüncələrini əsərlərində əks etdirirlər. Bu mənada ustad sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin korifeyi Dədə Şəmşirin əsrin əvvəllərində (1919-1920) Azərbaycanda, eləcə də ətraf ölkələrdə geniş yayılmış ağır zökəm-qrip xəstəliyi ilə bağlı qələmə aldığı "Zökəm" adlı şeiri öz dövrünün məlum hadisəsini sənətkarlıqla əks etdirməsi ilə yanaşı, sanki bu günümüzə də ayna tutur, eyni zamanda, müdrik el ağsaqqalının, mütəfəkkir ədəbiyyat adamının fəhmi və uzaqgörənliyi qarşısında bizləri heyran qoyur. Bu gün dünyanı cənginə almış, bəşəriyyətin hələ ki çarəsini tapa bilmədiyi koronavirus adlanan bəla ilə baş-başa qaldığımız günlərdə ustad sənətkarın şeiri üstündən bir əsr keçsə də, günümüzlə həmahəng səslənir.

... Dədə Şəmşir bu mövzuda 70-ci illərdə də şeirlər yazıb. Həmin şeirlərin yazılma səbəbi ilə bağlı danışan el ağsaqqalı Qənbər Şəmşiroğlu deyir ki, 1970-ci ilin fevralında Kəlbəcərdə möhkəm qrip tüğyan eləyirmiş. Demək olar ki, rayonda bu yoluxucu xəstəliyə tutulmayan qalmayıbmış. O zaman Qənbər Şəmşiroğlu Məmməd Aslanla birgə yazdıqları şeirlə Dədə Şəmşirə üz tutub müdrik el ağsaqqalından onlara yol göstərmələrini xahiş ediblər. Dədə Şəmşir də öz növbəsində bu amansız xəstəliklə bağlı "Həkimlər", "Gəl", "Qorxuram", "Halımız" adlı şeirlərini yazıb. Şeirlərdə xəstəliyin gətirdiyi ağrı-acı, insanların bu bəladan qurtulmaq üçün çarə axtarması bədii detallarla əks olunub.

... Bu gün bütün dünyada, eləcə də ölkəmizdə yayılan koronavirus xəstəliyi ilə də bağlı bədii nümunələr yaranır. "Ustad oğlu şəyird olmaz" - ifadəsini bütün ömrü boyu öz davranışı, həyat tərzi və yaradıcılığı ilə isbatlayan müdrik el ağsaqqalı, Dədə Şəmşirin övladı şair Qənbər Şəmşiroğlu da bu mövzuda qələmini sınayıb, bu faciənin ağrı-acılarını poeziyanın dili ilə yüksək sənətkarlıqla ifadə edib. Həm də o, bununla varislik prinsipinə sadiqliyini nümayiş etdirərək Dədə Şəmşir ənənələrini bu yöndə də davam etdirib.

"525-ci qəzet"in dəyərli oxucuları! Yuxarıda haqqında bəhs etdiyimiz poeziya nümunələrinin hər birini bu giriş yazısı ilə birgə ustad Dədə Şəmşirə rəhmət, ustad oğlu Qənbər müəllimə isə sayğı və ehtiramla sizlərə təqdim edirik, hər birinizə can sağlığı, xoşbəxt günlər arzulayırıq. İnanırıq ki, məhz xalqımızın birliyi sayəsində biz bu sınaqdan da üzüağ çıxacağıq. Möhtərəm Prezidentimizin dediyi kimi: "Biz birlikdə güclüyük!"

 

Ələmdar CABBARLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 25 aprel.- S.20.