Əli Məmmədov: "Bizim işimizdə təhlükə
qaçılmazdır"
"HOLLİVUDDA
İSTİFADƏ OLUNAN KASKADYORLUQ TEXNİKALARINI MƏN
ÖZÜM BURDA HAZIRLAYIB TEST EDİRƏM"
Uşaqlıqdan filmlərdə gördüyümüz təhlükəli səhnələrə heyrətlə, bir az da şübhə ilə yanaşdığımı xatırlayıram: Bir binadan digərinə tullanan, motosikleti, maşını yüksək sürətlə və qorxunc manevrlərlə sürən, o dəhşətli döyüşlərdə iştirak edənlər həmin aktyorlar idi, yoxsa kompyuter hiyləsi?
Sonradan öyrəndim ki, heç biri deyilmiş. Bizim qorxuyla izlədiyimiz o səhnələrə
çəkilənlər həmin aktyorlar olmasalar da, yenə
bizim kimi insanlardır. Adlarına da kaskadyor
deyirlər. Çox çətin,
ağır, həyatla və ölümlə oyun oynamaq kimi
bir şeydir mənə görə kaskadyorluq. Bu sənətin
tarixinə nəzər salsaq, iş başında həyatını
və ya ən yaxşı halda sağlamlığını
itirən kaskadyorlar heç də az deyil.
Amma yenə də bu sənətə maraq, həvəs
azalmır. Əməkdar incəsənət xadimi, Azərbaycan
Kaskadyorlar Assosiasiyasının sədri, Rusiya Kaskadyorlar
Assosiasiyasının üzvü Əli Məmmədovun
adı kino mühitinin insanları üçün çox tanış və doğmadır.
30 ildən artıqdır ki,
təkcə Azərbaycan kinosunda deyil, eləcə də
dünya kinosunda ən təhlükəli və çətin
bir işin icraçısıdır. Özündən əlavə, yetirmələri də
bu sahədə çalışırlar. Bu ay qeyd etdiyi 55
illik yubileyini önə çəkib, Əli Məmmədovla
sənətindən, fəaliyyətindən, bu sənətin
keçmişindən, gələcəyindən söhbət
elədik:
- Əli bəy, boks,
idman, rəssamlıq, kaskadyorluq... Bunların içərisində
rəssamlıq bir az qəribə
görünür. Axı digərlərində sərtlik olsa
da, bu sənət daha çox incə, yaradıcı ruh tələb
edir. Bunlar sizdə necə birləşir?
- Rəssamlıq
və kaskadyorluğa həvəs məndə uşaqlıqdan
var idi. Əslində, elə bütün sahələrə
böyük həvəsim olub. Çalışırdım
ki, hər sahəylə maraqlanım və orda nəsə
yeniliklər tapım. Rəssamlıq mənim
daxilimdir, içimdəki hisslərdir. Rəsm
çəkərkən dincəlirəm, özümü
yaxşı hiss edirəm. Eyni zamanda, rəssamlığın
mənim bu işimdə də böyük köməyi olur.
Səhnələri qurarkən artıq onları
tam şəkildə görürəm və harda boşluqlar
varsa, onları doldururam. Bu qabiliyyətin
özü də rəssamlıqdan gəlir. Həmçinin, səhnələrin gözəl
alınması üçün də rəssamlıq
böyük kömək edir.
- Niyə boksu davam etdirməyib rəssamlığa
yönəldiniz?
- Boksla
uşaqlıqdan məşğul olurdum. Mənim
bir müəllimim vardı, rəhmətlik Kamil müəllim.
O, əl işlərimi görəndə həmişə deyərdi
ki, sən çalış rəssamlığın
arxasıyca get. Doğrusu, onun sözlərindən
əlavə, mənim özümün də həvəsim elə
bu sahəyə idi. Ancaq hələ
zamanı gəlib çatmamışdı. Zamanı gələndə də rəssamlığa
üz tutmağa qərar verdim. Əzim Əzimzadə adına rəssamlıq texnikumuna qəbul oldum.
Ancaq idmanla da davamlı məşğul olurdum.
Onu heç vaxt atmadım.
- Kaskadyorluq böyük risk deməkdir.
Riski sevən insansınız, yəqin ki. Həyatda
daha hansı risklərə getmisiniz?
-
Kaskadyorluq çox riskli sənətdir. Bu, bir
elmdir. Mənim də bu elmə hər zaman
çox böyük marağım olub. Riski,
adrenalini çox sevən insanam, bu mənə rəhmətlik
atamdan keçib. Həmişə istəmişəm
ondakı o qəhrəmanlığı mən də
canlandıra bilim. Həyatımın bir
çox dönəmlərində risklər etmişəm.
Qarabağ döyüşlərində, filmlərdə
və sair risklərə getmişəm. Ümumiyyətlə,
fikirləşəndə görürəm ki, hər zaman
yaxşı şeylər üçün risk eləmişəm.
- Ən yaddaqalan işiniz
hansı olub?
-
Bilirsiniz ki, tək Azərbaycan deyil, bütün dünya film
sektoruyla əlaqədəyəm. Bu vaxta kimi həm
yerli, həm xarici çox filmlərə çəkilmişəm.
Bütün filmlərdə bir-birindən fərqli,
yeni tryuk səhnələri işləmişəm. Bunların hər biri ayrı-ayrılıqda
yaddaqalandır mənimçün.
- Hansı aktyorun tryukunu əvəz
etmək istərdiz? Azərbaycan və dünya
sənətçiləri - fərq etmir.
- Bu haqda
heç vaxt düşünməmişəm. Heç
bu cür şeylərin arzusunda da olmamışam. Hansı filmlər, hansı aktyorlar olmasına
baxmadan çalışıram ki, o səhnələri
gözəl, layiqincə yerinə yetirim ki, baxdığımda
ondan özüm də həzz alım.
30 ildən çoxdur ki, bu işlə peşəkar
şəkildə məşğulam. Hər adam
quruluşçu kaskadyor ola bilmir. Azərbaycanda
yeganə adamam ki, Rusiya Kaskadyorlar Assosiasiyasının
üzvüyəm. Onların xüsusi
saytlarında tryukların quruluşçu rejissoru kimi
qeydiyyatdayam. Dünyanın hər yerindən
o sayta girib mənimlə əlaqə saxlaya bilirlər. Yəni kiminləsə işləmək və ya
işləməmək kimi bir problemim yoxdur. Əsas odur gördüyümüz işi keyfiyyətli
şəkildə həyata keçirək.
- Heç seriallara dəvət
almısız?
- Mən
daha çox bədii filmlərdə işləmişəm. Gücümü ora sərf eləmişəm.
Çünki bədii filmlər bir əsərdir
və əsər olaraq da qalır. Seriallar
isə müvəqqətidir. Buna baxmayaraq,
seriallar da olub ki, işləmişəm. Məsələn,
Rusiya kinematoqrafçıları ilə birlikdə 11 seriyalıq
"Dronqo", 11-12 seriyalıq "Silah" filmlərində
işləmişəm.
- Kaskadyorluqdan əlavə, aktyor kimi
rol aldığınız filmlər də olub. Hətta bəzi
filmlərdə iki, tryukların quruluşunu da nəzərə
alsaq, üç işi görmüsünüz. Çətinlik yaratmırdı?
- Bəli,
o cür işlərim var, amma ordakı aktyorluğum qısa
olub. Ümumiyyətlə, filmlərdə
tryukların quruluşçu rejissorunun çəkilməməyi
daha doğrudur. Ola bilər, hansısa səhnədə
imzası kimi özünü göstərmək istəyər,
ancaq ümumiyyətlə, o, hər zaman filmin rejissoruyla bərabər,
monitor arxasından bütün səhnələri izləməli
və təhlükəsizliyin qorunması baxımından hər
bir şeyə nəzarət eləməlidir. Buna görə
də filmdə aktyor kimi çıxış etmək ona mane
ola bilər. Tryukların
rejissoru öz işiylə məşğul olmalıdır.
Mən də əksər zamanlarda məhz bunu
edirəm.
- Aktyorun edə bilmədiyini siz
edirsiniz. Sizcə, bu, sizin onlardan üstünlüyünüz
sayıla bilər?
- Aktyorun əvəzinə
hansısa tryuk səhnələrini etməyim ondan
üstün olduğum anlamına gəlməz. Aktyorun
öz işi, kaskadyorun öz işi var. Film kollektiv əmək
olduğu üçün hər kəs
çalışmalıdır ki, öz işinin öhdəsindən
yaxşı şəkildə gəlsin və nəticədə
film gözəl alınsın. Kimsə
sırf özü üçün
çalışmamalıdır ki, kimdənsə
üstün olsun, adı öndə çəkilsin, göz
önündə olsun. Mən həyatda da
belə şeyləri sevmirəm. Lovğa,
özünü bəyənən, başqalarına
yuxarıdan aşağı baxan insanları sevmirəm və
qəbul etmirəm. Çünki bu
xüsusiyyət mənim özümdə də yoxdur. Mən bütün filmlərimdə
çalışıram ki, hər bir aktyorun işi gözəl
alınsın, biz də filmə baxanda onunla fəxr edək.
- Bu qədər böyük risklərə
gedirsiniz, amma tamaşaçı sizi yox, aktyoru tanıyır.
Sizcə, sənətinizdə bir az da vəfasızlıq
yoxdurmu?
- Biz
kaskadyorların işi filmdə aktyorun çətin səhnəsini
gözəl icra etməkdir. Bu sahədə bizdə
aktyora qarşı elə bir qısqanclıq olmur. Ən azından, məndə olmayıb. Ancaq ümumi şəkildə danışsaq, məncə,
kaskadyorların da adı mütləq çəkilməlidir,
titrlarda yazılmalıdır. Filmlərin
premyerasına, ya da mükafat aldığı zaman
mükafatın təqdimetmə mərasiminə mütləq
tryukların quruluşçu rejissoru da dəvət edilməlidir.
Bu, bizim sənətimizə hörmətdən əlavə,
onların da borcudur. Bayaq da dediyimiz kimi,
film kollektiv əməyin məhsuludur. Orda
hər kəsin zəhməti var və bu zəhmət də
qiymətləndirilməlidir.
- Maraqlıdır, ailəniz bu
cür çətin və riskli sənətdə
olmağınıza necə yanaşır?
- Mən
ailə qurarkən yoldaşım qabaqcadan bilirdi ki, kiməm və
hansı sənətlə məşğulam. Ailəm
mənim bu sənəti çox sevdiyimi, bu sənətlə
yaşadığımı, nəfəs
aldığımı bilir. Ona görə
də heç bir narazılıq yoxdur, olmayıb da.
- İllər öncə
verdiyiniz müsahibədə Azərbaycanda kaskadyorluq sənətinin
inkişafından gileylənirdiniz. O vaxtdan indiyə nəsə irəliləyiş var,
yoxsa vəziyyət eynidir?
- O
zamanlarda bəli, kaskadyorlar az idi,
inkişaf görünmürdü. Amma indi bizdə
bu sənətə maraq daha çoxdur. Gənclərin
marağı getdikcə artmaqdadır. Bu
illər ərzində mən də bir yerdə
dayanmamışam, həvəsli gəncləri cəlb etməyə
və kaskadyorların sayını artırmağa
çalışmışam. Ömrümün
sonuna kimi, bacardığım qədər bu peşəni
davam etdirəcəyəm. Bizim əsas
problemimiz nədir? Mən Kaskadyorlar
Assosiasiyasının sədri olaraq, müvafiq qurumlara çox
müraciət etdim ki, bizim üçün baza
yaradılsın, təlimləri keçməyimiz, məşqləri
daha rahat etməyimiz üçün idman zalları, lazım
olan maşınlar, texnika, heyvanlar, atlar təmin edilsin. Amma lazım olan heç bir kömək edilmədiyi
üçün indiki vəziyyətdə məşğul
olmaq çətindir. Əgər bunlar
olsa, bizim üçün də rahat olar. Film
çəkilişləri hər zaman olub və olacaq da.
Bizdə də bu sahəyə mümkün qədər
dəstək var. Ölkə rəhbərliyi də
kinematoqrafiyanın inkişafı, yeni filmlərin çəkilişləri
üçün büdcədən vəsait ayırıb.
Düşünürəm, inşallah, hər
şey yaxşıya doğru dəyişər və vaxt gəlib
çatar ki, bizə də bu sahədə köməklik edərlər.
- Bəs bu şəraitdə
assosiasiya öz işini necə davam etdirir?
- Baza
olmadan davam etdirmək çox çətindir. Biz
də məhz buna görə çətinlik çəkirik.
Ancaq mən öz gücümə
çalışdığım qədər bunu inkişaf
etdirir, yerli və xarici filmlərdə çəkilmələri
üçün gənclər yetişdirirəm. Onlarla birlikdə bəzi testlər edir, yeni şeylər
öyrənirik.
Həvəskarlar həddindən artıq çoxdur. Baza olarsa,
onları daha çox inkişaf etdirə bilərəm ki,
bacarıqlarını yaxşı tərəfdən istifadə
eləsinlər. Məsələn, ola
bilər ki, hərbi xidmətə gedər, əsgərlik
dövründə vətəni qorumaq, filmlərdə,
dövlət tədbirlərində hansısa şou
proqramları həyata keçirmək üçün
lazım ola bilər və sair.
- Bizdə niyə kaskadyora müraciət
etmək istəmirlər, yoxdur deyə, yoxsa əlavə pul
çıxmaması üçün? Bu qədər risk tələb
edən sənət həm də bahalı olar, yəqin.
- Əslində, dəvət etmək istəyirlər,
sadəcə büdcələri çatmır. Bəli,
dediyiniz kimi, kaskadyorluq çətin və riskli olduğu
üçün onun qiymətində də fərqlər var.
Hər bir tryukarların ayrı-ayrılıqda riski olduğu
kimi, texnikaların hazırlanması, testləri də var ki,
bunların hamısı puldur. Filmlərin
büdcəsi nə qədər yüksək olacaqsa, o zaman səviyyəsi
yüksək, kaskadyor səhnələri də çox və
keyfiyyətli olacaq.
Kaskadyor sarıdan isə problem yoxdur. Texnikanı da
özüm həll edirəm. Hollivudda istifadə olunan
kaskadyorluq texnikalarını mən özüm burda
hazırlayıb test edirəm. Bilirsiniz ki, bunlar
hamısı çətin proseslərdir. Çünki
büdcə tələb edir. Cihazlar
heç də ucuz deyil, bahalıdır. Amma
yenə də çalışıram ki, gücüm
çatan qədər bu sahəni inkişaf etdirim.
- İş zamanı zədələndiyiniz
çox olub? Ən
ağır zədəni hansı filmdə
almısınız?
- Ən ağır zədəm "Dolu" filmində
olub - ayağımdan. O biri zədələrimin hamısı yüngül
idi. Düzdür, elələri olub ki, bir aya
özümə gəlmişəm (gülür). Ancaq qorxulu olmayıb. Bizim
işimizdə təhlükə qaçılmazdır, hər
addımbaşı risk var var.
- Hazırda nəylə məşğulsunuz?
- Azərbaycanda
20 Yanvar faciəsi haqqında tammetrajlı bədii film çəkəcəyik.
Bu filmin hazırlıqları gedirdi. Amma pandemiya ilə əlaqədar, karantin müddətində
işlərimizi saxlamalı olduq. İnşallah,
karantin bitdikdən sonra davam edəcəyik. Düzdür, bəzi səhnələri çəkmişik,
amma kaskadyor səhnələri hələ ki, qalıb,
onları çəkəcəyik. Evdə
otursam da, boş dayanmıram. Bu filmin
üzərində işləyirəm. İnşallah,
keyfiyyətli bir film çəkib təhvil verəcəyik.
- Bu ay ad gününüzü
keçirdiniz. Yubiley yaşınız idi.
Karantində necə qeyd elədiniz?
- Ad günümdə bəli, evdə idim, xüsusi şəkildə qeyd etmədim. Evdə oturub filmimizdə hansı işləri görəcəyiksə, onların üzərində çalışdım. Sağ olsun, dost-tanış unutmadı, zəng edib, mesaj yazıb təbrik elədilər.
- 55 ildə ən
böyük qazancınız nəyi hesab edirsiniz?
- Bu illərdə biliyimi, dünyagörüşümü artırdım, sənət qazandım, xarici ölkələrlə işlədim, filmlər çəkdim, hər gün kaskadyorluğun dərinliklərini öyrənmək üçün öz üzərimdə işlədim və yenə də işləyirəm. Yəqin ki, ömrümüzün sonuna qədər də öyrənəcəyik. Ancaq heyf ki, öyrənməkdən doymağa, ya da hər şeyi tam olaraq öyrənməyə ömrümüz yetməz.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 29 aprel.- S.24.