Ağalar Qutun "Unudulan işarə:

Naz" yazısı haqqında bir dəyərləndirmə

 

Gənc araşdırmaçı Günel Məmmədovanın təqdim etdiyimiz bu yazısı hazırda Avropada yaşayan azərbaycanlı yazar Ağalar Qutun bu günlərdə yayımlanaraq geniş mübahisələrə səbəb olmuş "Unudulan işarə: Naz" essesinə cavab-münasibət kimi yazılıb. Qeyd edək ki, A.Qutun sözügedən yazısını həm ictimaiyyətə xeyli dərəcədə məlum olduğu, həm də G.Məmmədova onun konkret fikirlərini misal çəkməklə münasibət bildirdiyi üçün təkrar dərc etməyə ehtiyac duymadıq. 

 

***

 

Günel Məmmədova 1988-ci il Şərur rayonunda doğulub. 1995-ci il ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 2006-cı ildə Bakı Şəhəri Xətai rayonu 171 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinə daxil olub. 2011-ci ildə Müəllimlərin İxtixasatırma İnstitutunda Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına da yiyələnib. Bir müddət Türkiyədə On Dokuz Mayıs Universitetində Fəlsəfə və din bilimləri bölümündə də təhsil alıb. İndi Bakı şəhərində yaşayır və "Azra Tim" MMC şirkətində çalışır.

 

***

 

Yaradıcılığına hörmət etdiyim, istedadına inandığım Ağalar Qutun, əfsuslar olsun ki, son dövrlərdə qələmə aldığı bəzi məqalələrinin nə fəlsəfi, nə də sosioloji mahiyyətinin olduğunu düşünürəm. Əsasən də "Unudulan işarə: Naz (Hə ilə yox arasında sevgi rəqsi)" məqaləsindəki Şərq mədəniyyəti, qadın, din, eşq əhatəsində heç bir fəlsəfi tutarlılığı olmayan yazısı mənim bir oxucu kimi etirazıma səbəb olmuşdur.

Əvvəla, Ağalar bəy kontrolunda olmayan bilgi ilə yazısına başlamışdır. Nizaminin bir şeirindən yola çıxaraq "naz" sözü haqqında fikrlərini bəyan etmişdir. Halbuki bildiyim qədəri ilə Ağalar bəy fars və başqa şərq dilləri bilmir. Sadəcə olaraq tərcüməyə dayanaraq fikir bildirmişdir. Orijinal mətndə "naz" sözünün keçib-keçmədiyindən əmin ola bilməz. Orijinalda "naz" sözü yoxdursa, bu sözə yaxın məna daşıyan bir sözü şeirin ölçüsünə görə tərcümədə naz kimi tərcümə edə bilərlər. Bu haqda Ağalar bəy məlumat verməmişdir. Bunun üçün orijinal mətni diqqətlə oxumaq və sonra da "naz" sözü orada keçmişsə, hansı mənada keçdiyini incələmək lazımdır, daha tərcüməçinin verdiyi sözü deyil. Zənnimcə, belə ciddi mövzularda tərcüməyə güvənmək olmaz. Çünki "naz" sözü Nəsiminin, Füzulinin və digər şairlərin yaradıcılıqlarında da çox istifadə edilən sözlərdən biridir. Həm də naz sözünün məzmunu da bu şeirlərdə açıqlanıbdır və yenidən bu sözə fərqli bir anlam yükləməyə gərək yoxdur. Çünki əsrlərdir ədəbiyyatda istifadə edilən və məzmunu açıqlanan bir sözə yeni məna yükləndikdə Ağalar bəyin etdiyi kimi, həqiqi tutarlılığı olmayan fikirlərə meyililik yaranır. Məsələn, Ağalar bəy deyir ki, "naz" sözü türk dilində olan "Qıncanmaq" sözündən əmələ gəlmiş ola bilər. Belə bir iddiaya milliyyətçilik təmayüllərini qatdığından ciddiyyət əvvəlcədən yox olur. Çünki ensiklopediyalar yazılan vaxtlardan və sözlərin etimologiyası haqqında tədqiqatın aparıldığı dövrlərdən az zaman keçməyibdir. Naz sözü türkcə ola bilməz. "Naz" şəhər həyatına adət etmiş cəmiyyətə xasdır. Dillərin formalaşdığı dövrlərdə türklərdə şəhər həyatı olmayıb axı. Buna görə də mədəniyyətin strukturunu təşkil edən "divar, pəncərə, küçə, dəhliz, mətbəx, təndir, kümə, masa, çıraq, novruz, həftə, şalvar, tuman, corab, kənd, şəhər, taxça, dirək, naz, nemət..." kimi sözlər qeyri-türk dillərindən alınma sözlərdir. Bəli, "naz" sözü təmiz fars sözüdür və türk dili ilə bir əlaqəsi yoxdur. Bədii ədəbiyyatın gündəmində olan və müxtəlif şairlərin yazılarında, mahnı sözlərində təkrarlanan bu sözün kökünü türk dilinə bağlamaq mümkün deyil. Naz sözü Qıncanmaq sözünün deformasiyaya uğramış şəkli ola bilməz. Bəzi çoxhecalı sözlər deforma edilmiş söz ola bilər, ancaq təkhecalı sözlərin deforma edilməsi də asan deyil.

Naz sözünün erotik qatlarını açıqlamağa gəlincə, yenə də etibarlı olmayan tərcümə mətnlərinə baş vurmağa gərək yoxdur. Tərcümə qaynaqları bizi yanlışlığa sürükləyə bilər. Öz dilimizdə olan mətnlərdən yardım almalıyıq. Çünki Füzuli və Nəsimi kimi şairlər Nizaminin mənsub olduğu eyni ədəbi məktəbin davamçılarıdır. Füzuli naz sözünün Nizami, Mövlanə, Xaqani... kimi şairlərin istifadə etdiyi anlamda istifadə etməsəydi, onun yazdıqları qədimdən var olan idrak ənənələrinə tabe olmazdı. Bu da mətnin anlaşılmasında problem yaradardı. Ona görə də tərcümə qaynaqlarını buraxıb orijinal qaynaqlara müraciət etmək daha doğru metod ola bilər. Füzulinin naz sözünü necə açıqladığına dair nümunələr verək:

 

"Qız, nərgisi məst edib füsun saz,

Oğlana satanda işvə vü naz.

Oğlan necə səbr pişə qılsın?

Vər səbri həm olsa, nişə qılsın?"

 

Bu misralardan da anlaşıldığı kimi, "naz" fitri bir davranışdır. Bu fitri qadınsızlıq bəzi qızlarda aşırı, bəzilərində normal, bəzilərində də olmaya bilər. Necə ki, Məcnun məktəbdə ancaq Leylidə belə bir nazın olduğunu görür. Demək ki, Naz qadın əfsunkarlığıdır. Erotizmlə gözəlliyin vəhdətindən meydana gələn bir fenomendir. Erotizm Şərq ölkələrinin sosial həyat tərzində yasaqlandığı üçün gizlin ədəbiyyata yüklənmişdir. Əslində, Şərq şeirində erotizmin bu qədər güclü olması qadağaların, yasaqların nəticəsi olmuşdur.

Şərqdə Ağalar bəy kimi qadın şəxsiyyəti və təbiəti üzərinə düşünmək dərin bir ənənə olmuşdur və hələ də kişilər bu köhnəlmiş xasiyyətlərindən vaz keçmirlər. Halbuki qadın kişilərin anlatdığı kimi deyildir, kişilərin anlatdıqları qadın üzərinə onların duyğu və düşüncələridir. Hər şeydən əvvəl qadın müstəqil zövq və həyat duyğusuna sahib olan insandır ki, bunu da kişilərin tarix boyu qaba tətbiqatları imkan versə, qadınlar özləri sərgiləyib isbatlamalıdırlar. Mövlanənin, Füzulinin qadınları necə anladıqları onların şəxsi kişi problemləridir. Ən doğrusu onlar qadınların özlərini anlatmalarına imkan yaratmalıydılar.

Naz əməlinin şüurlu və ya şüursuz davranış olduğu da əhəmiyyətli bir mövzudur. Ancaq hər halda naz bir əməldir. Bir "etmək"dir. Bunu anlaya bilməmiz üçün Şəhriyarın şeirləri də bizə kömək edə bilər. Çünki o, fars dilinin və türk dilinin böyük şairidir. Şəhriyar yaradıcılığındakı "naz" sözünün mahiyyəti 1000 illik bir məna ənənəsini bəyan edir. Eyni zamanda, Şəhriyar yaradıcılığı pozitiv və təbii bir xəttədir. Şəhriyar belə demişdir:

 

"Çoxlar incikdi ki,

sən onlara naz eyləmisən,

Mən də incik ki,

mənim nazımı az eyləmisən".

 

Deməli, "naz" bir hərəkət, bir faktdır. Gözəlliyin rəmzi olan qadın adlı varlığın səliqəsindən, duruşundan, davranışından, gülüşündən, görünüşündən ifraz edən cazibəli və təsirli bir enerjidir.

Göründüyü kimi, dilimizdə naz sözünün mahiyyətini açıqlayan möhkəm bilgilər varkən tərcümə qaynaqlarına dayanıb tutarsız izahlarda bulunmanın bir mənası yoxdur.

Ağalar bəyin "Naz kahinlərin üslubudur" ifadəsinin heç bir tutarlılığının olmadığını da söyləməliyəm. Çünki kahinliklə naz tamamilə fərqli, hətta ziddiyyətli mövzulardır. Naz bəzi qadınların təbiətində var olan bir qüvvədir. Naz erotik duyğu istehsal edən təbii davranışdır və hər qadında da olmaz. İnsanlar təbiətləri etibarı ilə dörd qismə ayrılırlar: 1- Cazibəsi az, dafiəsi (uzaqlaşdırıcılığı) çox olan, 2 - Cazibəsi və dafiəsi arasında tarazlıq olan, yəni ikisi də bərabər olan. 3 - Nə cazibəsi, nə də dafiəsi olan. 4 - Cazibəsi dafiəsindən güclü olan. Bax bu dördüncü xarakter bir qadında olduğunda və onun zahiri gözəlliyi ilə bütövləşdiyində naz ortaya çıxar. Çünki naz qadın gözəlliyində mərkəzləşmiş cazibənin, hətta yıxıcı gücün adıdır. Burada Ağalar bəyin soruşduğu sual da cavablanır ki, bəli, kifirin nazının cazibəsi olmaz.

Ağalar bəy istər bu yazısında, istər digərlərində olsun, Şərqi öyərək Qərbdən daha üstün görməyi bəyan etməyə çalışır. Əvvəla, bir sual soruşmaq istərdim ki, Şərq haradır? Ərəbistanın quraq və qumlu çölləri? İranın, Əfqanıstanın yağışsız ucsuz-bucaqsız bölgələri? Mərkəzi Asiyanın faydasız və istidən qovrulan torpaqları? Bu Şərq haradır? Dəclə və Fərat çayları bir-birlərinə yaxınlaşıb dənizə qovuşduqları yerdə qismən məhsuldar kiçik bir bölgə təşkil edir. Buraya Mesopotamiya demişlər. Haradasa təxminən Naxçıvan böyüklüyündə bir regiondur. Şərq buradırmı? Bu Şərq deyilən mədəniyyətin beşiyi haradır və o mədəniyyətin konkret elementleri nələrdir? Məsələn, Renesasdan başlayaraq modern Qərb mədəniyyəti qədim yunan mədəniyyətinin möhtəşəm kitablarını özünə örnək və tarixi dayaq nöqtəsi olaraq seçib yüksəlmişdir. Soruşmaq istəyirəm ki, bu öyülən Şərqdə də bir renesans gerçəkləşsə, hansı tarixi dövrü örnək alıb yüksələ bilər? Platonun, Aristotelin və digərlərinin əsərləri kimi sistemli bir düşüncə mirası varmı? Yoxsa məsələn, Mövlanənin bir şeirində öyüb digər şeirində qəbul etmədiyi sistemsiz şeirlərimi nümunə alaq? Mövlanəni hansı yunan mütəfəkkiri ilə müqayisə etmək olar? Heç birisiylə. Çünki Mövlanə sadəcə olaraq şairdir. Şərqçilər mədəniyyətin nümunəsi olaraq tarixdə sistemli bir nümunə tapa bilmədikləri üçün eşq haqqında danışırlar. Eşq nədir? Məsələn, hal-hazırdakı pandemiya dünyanı təhdid edərkən eşq bəşərə necə yardım edə bilər? Bəşər yenə də ağla ehtiyac duymaqdadır. Çünki eşq əməklə əldə edilməz. Bəşərin doğasında eşq və tutqu vardır ki, çox vaxtda zərərli olur. Məsələn, qərbdə Eqzistensial fəlsəfənin banisi sayılan danimarkalı filosof Kierkegaard insan fərdini və onun inkişaf mərhələlərini eşq, iman əhatəsində qələmə almışdır. Amma onun bu fəlsəfəsində eşq də, din də insanın həqiqi azad varlığa yönəlməsinin pillələrində yer alır. Kierkegaarda görə insan varlığının həqiqi mahiyyəti əvvəlcə hissi təbiətindən, sonra ümumbəşəri səbəbdən üstün olmalıdır. Kierkegaard mövzusu bu mövzuyla hardasa əlaqəlidir, amma çox da dərin fəlsəfi mövzudur (bu mövzunu dərinləşdirmək olar). Keçək Ağalar müəllimin şərq-qərb qarşılaşdırmasına.

Şərq-Qərb qarşılaşdırılması fəlsəfənin mövzusu deyil, sosiologiyanın mövzusudur. Sosiologiya bir fenomeni məkanda, tarix isə zamanda araşdırır. Şərq və Qərb məkandır. Hər məkanın bəzi imkanları və imkansızlıqları vardır. Şərq-Qərb qarşılaşdırılması fəlsəfənin mövzusu deyildir. Fəlsəfə dil-düşüncə-varlıq (kainat) üçbucağında sorub soruşduraraq bilik yaradır. Bu səbəbdən fəlsəfə regional işlərlə məşğul olmur, insanı və onun ehtiyaclarını bir bütün olaraq incələyir. Şərq-Qərb qarşılaşdırılması kültür fərqliliklərini incələyən sosiologiyanın mövzusudur. Şərq heç vaxt öz varlığının bilincində olmamışdır. Şərqin öz varlığının bilincində olmasını bərqərar edən də Qərb olmuşdur. Qərbdəki kəşflər, gəlişmələr, metodoloji yanaşmalar şərqşünaslıq deyə bir elm sahəsi yaratmışdır. Bizim Dədə Qorqud kimi kitablarımız belə Qərbin arxivlərində qalmasaydı, itib batacaqdı və onun varlığından xəbər tutmayacaqdıq. Öz varlığının idrakında olmayan varlıq var deyildir, yoxdur. Şərqin öz varlığının idrakında olmasına dair hansı məlumat qaynağı və kitablar vardır? Şumerləri kim kəşf etdi? Şərqlilərmi? Qərbin mütəxəssisləri iynə ilə onillər boyu qazıntı apararaq Şumerləri kəşf etmədilərmi? Ən önəmlisi axı bu Şumerlərdə nə var? Hansı mədəniyyət izi var? Bir Qılqamış mifi ilə mədəniyyət olar? Miflər gerçək tarix deyildir. Gerçək tarixin paralelində təxəyyülün məhsuludur. Yəni Qılqamış dastanı kimi bir tarixi fakt Şumerlər zamanında olmamışdır. Bizə uşaqlıqda danışılan nağıl kimi bir macəradır Qılqamış dastanı. Gerçək tarix Şumerlərlə bağlı belədir ki, Şumer kralları öldüyü zaman minlərlə kölə və kənizlərini o dünyada da kralın xidmətçiləri olsunlar deyə diri-diri onun yanında gömürdülər. Budurmu Ağalar bəyin öydüyü unudulmuş möhtəşəm Şərq mədəniyyəti?

Hindistan və Çinə gəldikdə isə onlar başqa iqlimdədilər. Şərqin o bölgəsini tanımaq ayrıca metod tələb edir. Çünki orada yağış çox yağır. Torpaq olduqca məhsuldardır. Oralarda belə, yunan mədəniyyəti kimi sorğulayıcı mədəniyyət doğulmamışdır. Sadəcə olaraq praktik ağıl inkişaf etmişdir və nəzəri ağıl inkişaf etməmişdir. Kantın "Praktik ağlın tənqidi" kitabı da nəzəri dərinlikdən məhrum olan Çin ağlı kimi ağıl növlərinə yönələn tənqidi yanaşmadır. Necə ki, Bertran Rassell kimi modern dövr filosofları da deyirlər ki, renesansdan sonra Qərbin kəşf etdiyi rasionalizm 2500 il öncədən Çində var idi. Rasionalizm teknik bilgidir. Əşyanı maddi rifah üçün istifadə etmə bilgisidir. Çində olan da bu idi və indi də budur. Lakin qədim Çində var olmayan 18-ci əsrdə Avropada baş qaldıran intellektualizm ağlı idi. İntellektual çalışmalar ağlın işıqlanmasına, aydınlanmasına şərait yaratmışdır. Maddəni maddəyə qatıb texnologiya düzəltmə əməlində aydınlanma yoxdur. Ağalar bəyin təriflədiyi Orta Şərqdə də bunların heç biri olmamış, ola da bilməzdi. Niyə? Çünki su yoxdur. Su olmayan yerdə mədəniyyət olmaz, savaş və xaos olar. Ona görə də, Orta Şərq xaos və savaş iqlimidir. Yoxsulluq iqlimidir. Elit təbəqə və aristokratiya bu iqlimdə doğa bilməzdi. Orta Şərq iqlimi köçəri həyat məkanıdır. Dumanın arxasınca sürünmək. Burada da köklü və soylu mədəniyyət doğa bilməz, doğa bilmədi. Doğması da ehtimal edilmir. Ona görə də, şərqlilər hər zaman Qərbə doğru mühacirət edən xalqlar olmuşlar. İmkan olduğunda Əhəmənilər, Hunlar, Səlcuqlular və Osmanlılar və digərləri nəticədə Qərbə yürüş etmişlər. İmkanları olmadığında da günümüzdə olduğu kimi, mühacirlər olaraq Qərbə tərəf axın etmişlər. Bax mədəniyyət də budur. Mədəniyyət Ağalar bəy kimi yaşamağa məkan axtarana həyat haqqı tanıyan Qərb humanist mədəniyyətidir.

Mədəniyyət sadəcə cəmiyyətin həyatında təsiri olmayan 2-3 şeir parçası deyil. Mədəniyyət bütün elementleri öz yerində olan mürəkkəb bir sistemdir. İş bölümü, əxlaq ölçüsü, din anlayışı, sənət olqusu, şəhər həyatı, kanalizasiyası, məhəlli kültür varlığıyla bir yerdə bir bütündür. Bu sistemdə hər kəsin Mövlanə, Füzuli kimi olmasına gərək yoxdur. Bu sistemdə hər kəsin insanca yaşama haqqına sahib olması gərəkir.

"Qadın mövzusu Şərqin ən ilk sirlərindən biri, bəlkə də birincisidir. Şərqin ilk məbudu, bütü qadındır, dişilikdir, tarladır..." bu iddiaların heç bir tutarlılığı yoxdur və şərqçi milliyyətçiliyin təməlsiz iddialarından başqa bir şey deyildir. İnsanın instinkləri, fitrəti hər yerdə eynidir. Şərqdə qadın heç bir zaman mədəniyyətin mövzusu olmamışdır və deyildir. Mifləri bir yana buraxmaq lazımdır. Füzuli kimi bir fanatın hansısa şeirində qadın kimliyini aramaq tutarlı axtarış deyil. Sosial həyatda qadın harada olmuşdur? Niyə böyük islam filosofu İbni-Rüşd "Şərqin ilk problemi qadına haq tanımaması, onu sosial həyatdan uzaq tutmasıdır və bu problem həll olunmadıqca da Şərqin qurtuluşu yoxdur" deyə yazmışdır? Niyə görəsən? İndi gerçək sosial tarixi buraxıb və bir şairin xülyalarındakı düzməcələrinimi tarix yerinə qoyaraq qadın kimliyini araşdıracağıq? Modern Qərb mədəniyyəti qadına şərəf, haqq və azadlıq tanımışdır. Bu azadlığı əldə etmək üçün Qərbin ziyalı cəsur və qorxmaz qadınlarının necə mübarizə etdikləri başqa mövzudur.

"Qərbdə allah dövlət kimi yerə endisə (Hobbes, Hegel), Şərqdə allah qadın kimi yerə endi". Dövlətin mənasını da Ağalar bəy burada doğru göstərməmişdir. Əvvala, Hobbes-Hegeldən əvvəl Roma mədəniyyəti olmuşdur. Hüquq olmuşdur. Qanun və məclis olmuşdur. Dövlət bəşərin ən böyük kəşfidir və ondan daha böyük kəşf yoxdur. Çünki güvənlik olmayan yerdə nə eşq olar, nə də həyatın başqa gözəllikləri. Yağma və soyğun, güclünün-gücsüzün namusuna təcavüzü olar. Şərqdə Allahın qadın kimi göydən yerə enməsi də bir yalandır. Məncə, belə qeyri-elmi  düşüncənin qarşısında olan ifadələri artıq dialoqlardan və yazılardan çıxartmaq lazımdır. Göy nədir? Göy haradır? Göydən yerə necə enmək olar? Artıq elm isbatlayır ki, sadəcə bir tək kosmos var və yer özü də onun boşluğunda hərəkət edir. Göydən heç bir şey enə bilməz. Yağış belə göydən yağmır. Yağışın göydən yağması ibtidai inancların nəticəsidir. Çünki yağışın yağdığı o yüksəklik hələ də yerdir.

Bir fikri daha cazibəli göstərmək üçün xürafata baş vurmağa gərək yoxdur. "Şərqdə qadın Allah kimi yerə enmişdir" nə deməkdir? Qadın niyə Allah kimi olmalıdır? Qadın sadəcə olaraq insan olmalıdır. Sanki Allah kimi olmaqla onun məqamı yüksəlir? Yox, yüksəlmir. Tam tərsinə, bu kimi şablon ifadələrlə guya qadın yüksəldilir, əslində isə Şərqin qədim və çürük ideyalarının tutarsızlığı içində qadının sosial və yüksəlmə, azad və hətta istərsə tək yaşama haqqı əlindən alınır. Bu tutarsız, ancaq təmtəraqlı cümlənin arasında qadına hörmət yoxdur, hörmətsizlik var. Çünki qadının nə olacağına dair qərar vermək onun öz işidir. O, insan olmaq istəyir və yerə enmiş Allah olmaq kimi gərəksiz sözlərin içində özünü həbs etmək istəmir. Humanist qanunların hakim olduğu azadlıq mühitində yaşamaq istəyir.

Çox uzun olmasın deyə, bir cümlənin də antitezisini müdafiə edərək bitirmək istəyirəm. "Qərbdə dövlət din kimidirsə, Şərqdə eşq din kimidir". Bu cümlə heç bir tarixi gerçəkliyə dayanmır. Bunun üçün həm şərqşünas, həm də qərbşünas olmaq lazımdır. Heç bir məzmunu yoxdur. Səslənişi də xoş deyildir. Çünki sosioloji tutarlılığı yoxdur. Nə Qərbdə dövlət dindir, nə də Şərqdə din eşq olmuşdur. Bunlar subyektiv bir görüşdür və heç bir obyektiv tərəfi yoxdur. Qaynaqlara görə, Qərbdə dövlət vətəndaşın güvənliyini qoruyan ən möhtəşəm mürəkkəb alətdir. Elə möhtəşəm alət ki, Şərqin də miskin aydınları can güvənliklərini qoruya bilmək üçün Qərbin bu vasitəsinə sığınırlar. Şərqdə isə, eşq din deyildir və heç bir zaman olmamışdır. Şərqin hansı qaynağında eşqin din olduğu yazılmış? Heç bir qaynağında. Eşqin din olması gözəl bir şey deyil ki. Hər birinin öz yeri var. Din kollektiv həyatı, sosial münasibətləri, ibadət şəklini, halalı-haramı, cənnət-cəhənnəmi müəyyən edər, ancaq eşq fərdidir. Fərd öz davranışlarını göstərər. Kollektivləşən eşq qədər mənasız bir şey ola bilməz. Eşq fərdin daxili sirri və tutqusudur. Din isə kollektivin həyat və ibadət tərzini ehtiva edər. Ağalar bəy bu yazıda qadın-din-eşq mövzusu üzərinə çox tutarsız söhbətlər etmişdir, onları bir-bir burada incələsək, çox uzun olar. Sadəcə bir cümlə ilə bitirim ki, Ağalar bəyin bu tutarsız iddiaları Şərqin quraq çöllərinin bərəkətsiz torpaqları kimidir. Deyəsən, Ağalar bəy, hələ yaxşı tanımadığı Qərbdə azad qadınların öz əməkləri hesabına kişimərkəzli tarix basqısından azad edildikləri üçün bir az narahat olub. Bu narahatlıq yazdığı yazının qatmanlarında açıq şəkildə hiss edilir.

 

Günel MƏMMƏDOVA

 

525-ci qəzet.- 2020.- 29 aprel.- S.20-21.