Əməkdar artist, dostum Ağalar Bayramov 30 ildən artıqdır ki, Azərbaycan ədəbiyyatının sözçüsüdür.Sinəsi doludur, bədii qiraət, oxu ustasıdır. Ən qədim dövrlərdən üzü bəri poeziyamızda elə bir dəyərli şair yoxdur ki, Ağalar irili-xırdalı məclislərdə, efirdə onun şeirlərini səsləndirməsin. O, yaradıcı ömrünü bu işə sərf edir. Həmişə səhnədə, ziyalılar arasında, el-oba içindədir.Koronavirusun tüğyan etdiyi bu günlərdə Ağalar sosial şəbəkələrdən düşmür, yorulmaq bilmədən mənəviyyatımızı zənginləşdirir, "evdəqal" kampaniyasına qoşulanları darıxmağa qoymur.Növbəti dəfə aktyor dostumu dinləyəndə onun adından bu şeiri yazası oldum.

 

Mənəm, Ağalaram!

 

Tarçı, həzin-həzin dilləndir tarı,

Götür apar bizi muğama sarı.

Hərdən nalə çəksin kaman qardaşım,

Yaman kövrəlmişəm, yaman, qardaşım,

Balaban işləyib qanıma mənim,

Yenə ud gəlib yanıma mənim,

Sazın simlərindən asılmağım var,

Qaboyun səsinə qısılmağım var.

Xeyirdir, inşallah, xeyir deyirəm.

Mənəm, Ağalaram, şeir deyirəm,

 

***

 

Mənəm məclislərin Qorqudu, mənəm,

Köhnədən, təzədən doludur sinəm.

pəl vur, ki, işimə qarış,

Məndən Füzulini, Seyyidi soruş,

Nəsimi ruhuyla doldurum səni,

Sabir zirvəsinə qaldırım səni,

Qoşum Ələsgərin qoşmalarına,

Vurul gözəllərin yosmalarına,

Ustadlar düzünü deyir, deyirəm,

Mənəm, Ağalaram, şeir deyirəm.

 

***

 

Bir şeir deyərəm Xəlil Rzadan,

Yerlə göy alışar bircə misradan,

Səsimə səs verər ustad Şəhriyar,

Vurğun, Rəsul Rza, Müşfiq, Bəxtiyar,

Üz tutsam Vahidin qəzəllərinə,

Gözünüz düşəcək gözəllərinə.

Kim şeiri şeirlə döyürsə, qardaş,

Kim şair xətrinə dəyirsə, qardaş,

Mənim xətrimə dəyir, deyirəm,

Mənəm, Ağalaram, şeir deyirəm.

 

***

 

Başımın havası el havasıdır,

Davam haqq davası, yurd davasıdır.

 "Qarabağ" deyirəm xeyirdə-şərdə,

Yağı da gözünü döyür, bəşər .

Məni öz yolumdan kimsə soyutmaz,

Məndən səs qazanmaz, məndən "oy" udmaz.

Səsim tutulunca qıy vuracağam,

Vətən, vətən deyib hayqıracağam!

Niyə yad haqqımı yeyir deyirəm,

Mənəm, Ağalaram, şeir deyirəm.

 

***

 

Söz Musa Yaquba dönəcək məndə,

Qabil, Məmməd Araz dinəcək məndə,

Kimdən az demişəm, mənə borc olsun!

Borcum çox, Əjdər OL, yenə borc olsun!

Fikrət Qoca demiş, qanım oynayır,

Başım yırğalanır, canım oynayır,

Şeir qarşısında, söz qarşısında,

Azərbaycanımın öz qarşısında

Ağalar başını əyir deyirəm,

Mənəm, Ağalaram, şeir deyirəm.

 

26.04.2020

 

Əjdər OL

 

525-ci qəzet.- 2020.- 29 aprel.- S.17.