Ağarəhim Quliyev: "Fleyta ruhumla

musiqi arasında körpü oldu"

 

İstedadlı fleytaçı Ağarəhim Quliyev hələ çox gənc - 19 yaşında olsa da, Azərbaycanda və xaricdə qazandığı bir sıra mühüm uğurları ilə musiqi dünyasında adını tanıtmağı bacarıb.

Söhbətimizə onun sənət yolundan başladıq. Musiqiçi ailəsində doğulan, anası və nənəsi musiqiçi olan həmsöhbətim dedi ki, doqquz yaşından etibarən fleytada ifa etməyə başlayıb. L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində təhsil alıb. İstedadının və musiqi sevgisinin nəticəsidir ki, hələ 9 yaşında ikən "İlin kəşfi" mükafatını qazanıb. Sonradan o, bir neçə yerli və beynəlxalq müsabiqəyə qatılıb. İtaliya Fleytaçılar Akademiyasının prezidenti Salvatore Lombardi onun sənətini ən yüksək mükafatla dəyərləndirib. Ağarəhim Estoniyanın Narva şəhərində -"Baltika ulduzları" IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edərək birinci yeri tutub. 2012-ci ildə Bakıda İSESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsində "Qran Pri"yə, "Qızıl açarlar" beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə "Qızıl açar" mükafatına layiq görülüb.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülməklə adı gənc istedadların "Qızıl kitabı"na salınıb. 2018-ci ildə isə Gənclər üçün Prezident mükafatının verildiyi 6 gəncdən biri olub.

A.Quliyev Rusiyanın Samara şəhərində Yuri Başmet adına Musiqi Akademyasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, həmçinin, İtaliyada bir neçə il fleyta ifaçılığı üzrə təhsil alıb. Hazırda Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot Konservatoriyasının tələbəsidir.

- Musiqi aləti kimi niyə fleytanı seçdiniz? Bunun bir hekayəsi varmı?

- Bu suala dəqiq cavab verə bilmirəm. Əslində, elə bir hekayəsi yoxdur. Nənəmin məsləhəti ilə piano ilə məşğul olurdum. Dörd yaşımdan piano çalırdım. Sonra musiqi məktəbinə getdim. Musiqiyə çox bağlandım və həyatımı musiqiyə həsr etmək qərarına gəldim. Ancaq piano yox, fleyta ilə daha çox maraqlanırdım. Filarmoniyada konsertlərə gedirdim. Orada Xalq artisti Rauf Abdullayevin dirijorluq etdiyi konsertdə Müzəffər Ağamalızadə fleytada solo ifa edirdi. Onun ifasını çox sevirdim. Konsertdən sonra Rauf Abdullayev məni səhnə arxasına apararaq gələcək müəllimimlə tanış etdi. Beləliklə, Mstislav Rostropoviç adına 21 saylı musiqi məktəbində fleyta sinfinə getdim. Müəllimim hər zaman mənə yaşımdan yuxarı proqram verirdi. Bütün klassik alman əsərlərini öyrətdi. Filarmoniyada, konservatoriyada, müxtəlif konsertlərdə ifa etməyə başladım. Məktəbi bitirib Bakı Musiqi Akademiyasına daxil oldum. Sonra müəllimim mənə təhsilimi xaricdə davam etdirməyi məsləhət gördü. Həm də hazırda Fransada təhsil alıram. Mənə elə gəlir ki, məhz fleyta mənim ruhumla musiqi arasında körpü oldu.

- Fleytanı heç görməyən, dinləməyən birinə onu sözlərlə necə təqdim edərsiniz?

- Fleytanı sözlərlə anlatmaq mümkün deyil, məncə.

- Gənc yaşınıza rəğmən uğurlarınız heç də az deyil. Sizcə, yaxşı fleytaçı olmağınızın səbəbləri nədir?

- Uğurlarıma diqqət ayırdığınız və dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Məncə, bu da insanın özündən asılıdır. Digər tərəfdən lazımi anda lazımi yerdə olmaq da böyük rol oynayır. Məsələn, mənim müəllimlərim və oxuduğum məktəbin direktoru kimi. Onların mənim sənətimdə və uğurlarımdakı rolu əvəzsizdir.  Mənəvi anlamda isə hesab edirəm ki, mənim yolum məhz Tanrı tərəfindən müəyyən olunub. Mən sadəcə nə etməliyəmsə, onu da edirəm. Məncə, əsas səbəb Allaha inam və gündəlik məşqlərdir. Mən heç nəylə kifayətlənmirəm, bacardıqca hər zaman öz üzərimdə işləyirəm, daha çox öyrənməyə çalışıram. Elə Fransaya gəlməyimin səbəbi də bildiklərimlə kifayətlənməmək, daha çox öyrənmək eşqi idi.

- Azərbaycan Fransa musiqi mühitini heç müqayisə etmisinizmi? Ortaya necə bir mənzərə çıxır?

- Azərbaycan, Rusiya, Gürcüstan və sair - bu, bir məktəbdir. Avropa, Amerika və digərləri - bu isə başqa məktəbdir. Fransada musiqi ilə pul üçün deyil, sadəcə onu sevdikləri üçün məşğul olurlar. Burda təhsili olmayan musiqiçilər də var ki, bu səbəblərin ikisi üçün də bunu icra edirlər. Qabağa isə təhsilindən asılı olmayaraq, öz fikri, öz baxışı və bu sferaya aid olmaq üçün inanılmaz istəyi, məqsədi olanlar gedirlər. Burda bu cür insanlara maddi və mənəvi dəstək olan təşkilatlar da var. Mən Fransada yeni fikirlərə qarşı daha artıq azadlıq və açıqlıq hiss edirəm. Heç kim yeniliyin əleyhinə deyil, əksinə, daha çox dəstəkləyirlər. Fransada mənim klassik musiqiylə bağlı anlayışım axır 50 ildə olan yeniliklər səbəbindən daha da dərinləşdi.

- Fleytada ifa etməkdən ən çox zövq aldığınız əsərlər hansılardır?

- Bu suala cavab kimi mən ancaq bəyəndiyim bəstəkarların adlarını çəkə bilərəm, bəstələrin deyil. Çünki əgər bəstələrdən danışsam, siyahı bitməyəcək. Bəstəkarlardan ən çox sevdiklərim İohan Sebastian Bax, Georg Filipp Telemann, Dominiko Skarlatti, Frakis Poulenk, Qabriel Faure, Sergey Raxmaninov, Dmitri Şostakoviç, Sergey Prikofiev və başqalarını misal göstərə bilərəm. Ümumi şəkildə desəm, hər şeydən çox klassik musiqinin ifasından həzz alıram.

- Fleyta bir Qərb musiqi alətidir. Bəs Şərq musiqisi fleytaya necə yaraşır?

- Mənim fikrimcə, musiqi alətinin Qərb və ya Şərqə məxsus olması elə də vacib deyil. Vacib olan musiqiçinin istedadının çoxyönlü olmasıdır. Hətta sən bambukdan hazırlanmış fleytada belə çala bilərsən. Amma onunla auditoriyanı valeh edərsən.

- Səhnədə ən çox həyəcanlandığınız hansı çıxışınızı xatırlayırsınız?

- Səhnə elə bir yerdir ki, orada həyəcanlanmamaq mümkün deyil. Əgər sənətinə qarşı məsuliyyətin varsa, o zaman həyəcanın da olur. Hər çıxışıma belə məsuliyyətlə yanaşdığım üçün elə bir çıxışım olmayıb ki, həyəcanlanmayım. Az və ya çoxu isə deyə bilmərəm.

- Yəqin ki, insanın ifa zamanı özünü dinləməsiylə sonradan səsyazmadan, ya da videodan dinləməsi fərqli olur. Siz heç evdə öz ifanızı yazıb dinləyirsinizmi?

- Əlbəttə. Bu, bilavasitə bizim iş prosesimizə aiddir. Məşqlərimizin böyük hissəsi ondan ibarətdir ki, ən yüksək səviyyədə təmiz və xoşagələn səsə nail olaq. Xüsusi səsyazmanın üzərində işləməsəm, qulaq asmasam, analiz etməsəm və o səsyazmadakı səhvləri düzəltməsəm, inanmıram ki, öz ifamda ən yüksək peşəkarlığa nail ola bilərəm.

- Hansı fleyta ustalarını daha çox dinləyirsiniz?

- Jeyms Galvey, Emanuel Pahud, Denis Bouriakov, Sevverino Qazzeloni, Maksans Larrieu ən çox dinlədiyim və öyrəndiyim fleyta ustalarıdır.

- Fleyta daha çox orkestr aləti kimi tanınır. Siz isə indidən bir sıra solo konsertlər vermisiniz. Yəqin ki, bunu gələcəkdə də davam etdirəcəksiniz?

- 2013-cü ilin iyun ayında Kremlin Georgiyevsk sarayında orkestrlə birlikdə Rusiya prezidenti Putinin qarşısında polkovnik Orlovun dirijorluğu altında Demersmanın fleyta və orkestr üçün yazılmış konsertini ifa etdim və uğurlu alındı. 2016-cı ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi "Söz" poeziya gecəsində solo ifa etdim. 2016-cı ildə ölkəmizdə "Multikulturalizm ili" çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Prezident təqaüdçülərinin konsertində çıxışım oldu. 2017 və 2019-cu illərdə UNESCO-nun Parisdəki mənzil qərargahında solo ifa ilə çıxış etdim. Parisdə məşhur Salle Cortotda konsertim olub. Fransanın ən böyük kilsələrində, Azərbaycanın Fransadakı səfirliyində və Azərbaycan Mədəniyyət Evində konsertlərlə çıxış etmişəm. Əlbəttə, bu cür solo çıxışlarımı gələcəkdə də davam etməyi düşünürəm.

- Fleyta ifaçılığının yaşı və ya hansısa fiziki tələbləri varmı, yəni barmaqların, dodaqların quruluşu və sair mənasında...

- Bu, insanın özündən asılıdır. Elə insan var ki, yaş keçdikcə onunçün fleytada ifa etmək çətin olur. Çünki həqiqətən də fiziki hal musiqiçiyə mane ola bilər. Amma elələri də var ki, yaş mane olmur və əksinə, yaş artdıqca, təcrübə çoxaldıqca daha da peşəkarlaşırlar. Yaxşı musiqiçi olmağa isə əsasən, hisslər, duyğular və aldığı təhsilin keyfiyyəti təsir edə bilər. Mən şəxsən bunların hamısını vacib hesab edirəm.

- Sizcə, fleytaya hansı janrdakı musiqi daha yaxşı yaraşır?

- Bu, daha çox musiqi alətindən və musiqiçinin bacarığından asılıdır. Amma məncə, fleytaya klassik və ya caz daha çox yaraşır.

- zamansa fleyta ifaçılığına hansısa yeniliklər gətirəcəyinizi düşünürsünüzmü?

- Məncə, mən fleyta ifaçılığına yeni olaraq ancaq özümün musiqi duyğularımı gətirə bilərəm. Musiqi alətin ətrafında fırlanmır.

- Fleyta muğam... Belə bir sintez, sizcə, necə alınar?

- Fikrimcə, alınmaz. Onun üçün balaban var. Muğam balabanda daha gözəl səslənir.

- Fleyta ilə özünüzü xəyal etdiyiniz ən son nöqtə nədir?

- Arzuları ucadan deməzlər... Yoxsa onlar heç vaxt həyata keçməz.

 

MEHRİ

 

525-ci qəzet.- 2020.- 29 aprel.- S.12.