Moskvada bir əfsanə
adam:
Ramiz Abutalıbov
İllər öncə Baninin kitablarını oxuyarkən,
onun maraqlı həyatı ilə bağlı tədqiqat aparanda qarşıma Ramiz Abutalıbov adı çıxmışdı. 1981-ci ildə Baninlə görüşüb söhbət
edən ilk azərbaycanlı
olaraq onu qısqanmışdım.
Sadəcə, Baninləmi? Almaniyadakı
azərbaycanlı legionerlər,
mühacirlər, Azərbaycan
Demokratik Respublikasının
qurucuları Məhəmməd
Əmin Rəsulzadə,
Əlimərdan bəy
Topçubaşov və
Azərbaycan üçün
xüsusi önəmə
sahib digər şəxsiyyətlər
haqqında da hansı mənbəyə
baxsam, qarşıma eyni ad çıxırdı:
Ramiz Abutalıbov.
Doğrusu, Ramiz bəyin həyatı, şəxsiyyəti
barəsində araşdırma
aparanda əlimə doğru-düzgün məlumat
gəlmədi. Amma tanış olmaq istədiyim üçün o adı unutmurdum. Nəhayət, təsadüfən 2018-ci ildə
Bakıda olduğum günlərin birində İçərişəhərdə məni onunla professor Çingiz Abdullayev tanış etdi. Ətrafımızdakı tünlük, səs-küy
üzündən Ramiz
bəylə ürəyim
istəyən kimi söhbət edə bilmədim. Tərslikdən onunla çəkdirdiyim
şəkillər də
keyfiyyətsiz çıxmışdı.
Amma hətta
o qısa görüşün
də faydası oldu. İkimiz də bir-birimizin
elektron ünvanlarını
aldıq, zaman-zaman yazışaraq, bir-birimizlə
qarşılıqlı məlumat
mübadiləsində olduq.
Ramiz hocanın təəssüf
ki, əsərlərinin
çoxu rusca nəşr olunmuşdu ki, mən də
rusca bilmirdim. Türkiyəyə getdiyimdə əldə
etdiyim tək əsəri "Odlar yurdu" adıyla çap olunmuş bir kitabı oldu. Kitabı böyük maraq
və həvəslə
birnəfəsə oxuyub
bitirdim.
Giorgi Mamulia ilə birlikdə hazırladıqları kitab
1920-1945-ci illər Azərbaycan
siyasi mühacirəti
tarixindən bəhs edirdi. İlk dəfə əldə
edilən arxiv materiallarından hazırlanan,
fədakarlıq nəticəsində
ərsəyə gələn
bir kitab idi.
Alman şərqşünas,
professor Udo Steinbachla Berlində görüşdüyümüzdə
ziyalılarımız haqqında
qısaca söhbət
etmişdik. Steinbach maraqlı
fikir səsləndirmişdi:
"Təəssüf ki,
bu dönəmdə dünya həm siyasətçi, həm də ziyalı qıtlığı çəkir".
Həqiqətən də on doqquzuncu
və ya iyirminci yüzil ziyalıları kimi cəsur, məlumatlı, yeni düşüncələr
ortaya atan ziyalıların azlığı
təkcə bizim ölkəmizdə deyil, bütün dünyada hiss
edilməkdədir. Ramiz hocanın
çalışmalarına və nəşrinə yardım etdiyi kitablara baxanda onda on doqquzuncu əsr ziyalısının
səbrini, məlumatlılığını,
çalışqanlığını görürəm. Yəqin
Ramiz bəydə olan bu keyfiyyəti
fransızlar da qiymətləndirdikləri üçün
onu "Ordre national de
la Legion d'honneur", yəni
"Fəxri legion" adlı
şərəf nişanı
ilə təltif etmişdilər.
Gerçək ziyalı dünyadakı fərqli mədəniyyətləri
yaxından bilərək,
tanıyaraq onların
arasında öz mədəniyyətini eyni
dərəcədə dünyaya
təqdim edə bilən insandır. Yəni Bethovendən
zövq duyarkən Üzeyir Hacıbəylini
də beynində dipdiri saxlaya bilməsi onun yerlidən beynəlmilələ
uzanan geniş dünyasından qaynaqlanır.
Yaxud öz xalqının apardığı mübarizə
və mücadilədən
duyğulara qapılmadan,
bir elm adamı ciddiliyi ilə başqalarına bəhs edə bilirsə və hər kəs tərəfindən
hörmətlə qarşılanırsa,
demək o, gerçək
aydındır.
Ramiz hocada bu cəhətlərin ikisi də var. O, həm bir avropalı
qədər Avropa mədəniyyətini bilir,
həm də xalqının ürəyindən
axıb gələn
"muğam"ı dünyaya
tanıtmağa cəhd
göstərir. Ayrıca Qarabağ savaşının
ən qızğın
və acılı dönəmində Qarabağ
haqqında Fransada 4 kitab nəşr etdirmək də gerçək bir aydının cəsarətinin,
çalışqanlığının nəticəsidir.
Ramiz hoca ilə o gündən bir araya gələ
bilməsək də,
yolumuz hər yerdə kəsişməkdədir.
Türkiyədə bir nəşriyyat üçün Qurban Səid və ya Əsəd Bəyin üç kitabını almancadan tərcümə etdim. Bu günə
qədər türkcəyə
tərcümə edilən
"Əli və
Nino", "İstanbullu qız"
əsərləri ingiliscədən
tərcümə edilmişdi,
içərisində yüzlərlə
səhv vardı. İlk dəfə almanca orijinaldan tərcümə
edərək kitablara uzun epiloqlar yazdım. Romanlarda adı keçən
şəxsiyyətlər, yerlər
haqqında türk oxucusuna izahat verdim. "Əli
və Nino" romanı
keçən həftə
Türkiyədə "Salt Okur" nəşriyyatında
işıq üzü
gördü. Kitabı sosial
mediada görən Ramiz hoca o an mənə məktub yazdı. Məktubun içində isə
mənim üçün
sürpriz arxiv məktubu var idi. Məktub mərhum Əlimərdan
bəy Topçubaşov
tərəfindən Alaş
Ordanın ən önəmli liderlərindən
olan qıpçaq türkü Mustafa Çokaya
yazılmışdı. Məktubda Əsəd bəylə bağlı fikirlər də var idi.
Əsəd Bəyin "Şərqdə
neft və qan" əsəri haqqında mənfi fikirlər yazmışdı.
Ramiz hocada, kim
bilir, bəlkə nə qədər bizim üçün əhəmiyyət kəsb
edən, axtardığımız
məktublar, əlyazmalar
və xatirələr
var.
Onun uzaqdan da olsa dostluğunu
qazanmaqdan şərəf
və sevinc duyuram. Ramiz hoca kimi ziyalılarımızın olması
sadəcə, mənim
üçün deyil,
bütün xalqımız
üçün də
bir qürur mənbəyidir. Onun indiyə
qədər müxtəlif
dillərdə yazdığı
on bir kitabdan əlavə, kömək edərək üzə çıxmasına səbəbkar
olduğu kitabların
hamısı həm Türkiyədə, həm
də Azərbaycanda yayımlanaraq gələcək
tədqiqatçıların istifadəsinə ötürülməkdədir.
Ramiz Abutalıbov
asan yetişən ziyalılardan deyil. Bu səbəbdən yaşadığı
müddətdə onun
bilgisindən, arxivindən
istifadə etmək hər türkün borcu olmalıdır.
Orxan ARAS
525-ci qəzet.- 2020.- 29 aprel.- S.15.