Elmi və ictimai
mühitimizin
Abuzər Xələfov
itkisi
Əməkdar
elm xadimi, Əməkdar mədəniyyət işçisi,
Birləşmiş Millətlər Təşkilatı
yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının həqiqi üzvü, Azərbaycan
Respublikası Prezidentinin “Fərdi təqaüdçü”sü,
Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Prezidenti,
Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri
doktoru, “Şöhrət” və “Şərəf” ordenli Abuzər
Alı oğlu Xələfov 70 il milli mədəniyyətimizə
şərəflə xidmət edib.
Həyatı
gərgin elmi axtarışlarla keçən,
ömrünü Azərbaycan mədəniyyət tarixinin dərinliklərinin
araşdırılması, kitabxanaşünaslıq elminin məzmun
dərinliyinin, elmi sanballılığının, nəzəri
fundamentallığının artırılmasına, yeni
şəraitdə müasir elmşünaslığın
qarşıya qoyduğu tələblərə
uyğunlaşdırılmasına, onun perspektiv inkişaf
istiqamətlərinin optimal mexanizminin müəyyənləşdirilməsinin
inkişafına həsr edən görkəmli alim,
xalqımızın müdrik elm xadimi, qabaqcıl təhsil təşkilatçısı,
ustad müəllim, mahir pedaqoq Abuzər Xələfov
bütün şüurlu həyatı və fəaliyyətini
bilavasitə Vətən elminin, təhsilinin, mədəniyyətinin
hərtərəfli inkişafına, kompleks tərəqqisinə
həsr edib. O, fundamental əsaslara malik olan elmi məktəb
formalaşdırıb, xalqımıza, millətimizə və
dövlətçiliyimizə böyük alim, pedaqoq və vətəndaş
kimi sədaqətlə xidmət edib, xalqımızın
çoxəsrlik tarixi-mədəni ənənələrinin
elmi-nəzəri əsaslarının
araşdırılmasına, öyrənilməsi və
ümumiləşdirilməsinə böyük əzmlə
çalışıb.
Professor Abuzər Xələfov özünün
çoxşaxəli fəaliyyəti ilə xalqının
xidmətində sədaqətlə dayanıb. Bu fəaliyyətin
hər bir istiqaməti öz fundamentallığı, məzmun
rəngarəngliyi, mahiyyət dolğunluğu ilə geniş
xarakterizə edilən mütərəqqi istiqamətlər
kimi qiymətləndirilir. Bu istiqamətlərin
hər biri haqqında ayrı-ayrı dövrlərdə
müxtəlif mütəxəssislər, elm-mədəniyyət
xadimləri, peşə-sənət adamları, təhsil
işinin nümayəndələri geniş bəhs etmiş,
alimin kompleks fəaliyyətinin müxtəlif tərəflərinə
işıq salmışlar. Biz də öz növbəmizdə
böyük ustadımızın yüksək amallar, uca hisslər,
müqəddəs ideyalarla əlamətdar olan şərəfli
ömrünün, mənalı həyatının, müstəsna
fəaliyyətinin olduqca mühüm istiqamətindən - ali
kitabxanaçılıq-biblioqrafiya-informasiya peşə-ixtisas
təhsili sahəsindəki xidmətlərinin bir sıra
komponentləri haqqında bir ümumiləşdirmə aparmaq
fikrindəyik. Qeyd edək ki, böyük alimin həyat
və fəaliyyətinin müxtəlif aspektləri
sırasında müstəsna yer tutan bu istiqamətin
bütün komponentləri haqqında müfəssəl bəhs
etmək olduqca böyük məsuliyyət tələb edir.
Professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətində
kitabxanaçı kadrların hazırlanmasının aktual
problemləri mühüm yer tutur. O, kitabxana işinin tarixi və nəzəriyyəsi
problemləri ilə yanaşı, müntəzəm olaraq Azərbaycanda
kitabxanaçılıq təhsilinin nəzəri və
metodoloji məsələlərini hazırlayıb tətbiq
etməklə məşğul olmuşdur. Professor Abuzər Xələfov
bu istiqamətdə yazıb nəşr etdirdiyi
çoxsaylı məqalə və monoqrafiyalarında, habelə
elmi məclislərdəki məruzə və
çıxışlarında Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin
müasir konsepsiyasının əsasını
formalaşdırmışdır. Elmi cəhətdən
hərtərəfli əsaslandırılmış həmin
konsepsiya ölkəmizdə kitabxana işinin nəzəriyyə
və təcrübəsinin müasir tələblərinə
cavab vermək iqtidarındadır. Uzun illər
ərzində səmərəli pedaqoji fəaliyyət
göstərib, fakültə dekanı və kafedra müdiri vəzifələrində
çalışaraq tədris prosesinə uğurla rəhbərlik
etmiş professor A.Xələfov həm də səriştəli
və bacarıqlı tədris-tərbiyə işi təşkilatçısı
kimi böyük nüfuz qazanıb. Bakı Dövlət
Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin
dekanı işlədiyi dövrdə o, fakültəyə tələbə
qəbulunun sayının ildən-ilə
artırılmasına, Azərbaycan bölməsinin qiyabi və
axşam şöbələrinin, həmçinin rus
şöbəsinin açılmasına, qısası, elm və
tədris sahəsində ciddi kəmiyyət və keyfiyyət
dəyişikliklərinin baş verməsinə nail olub.
Milli
kitabxanaşünaslıq elminin məhək daşı,
kitabxanaçılıq-biblioqrafiya-informasiya təhsilinin
fenomen memarı, elm və mədəniyyətimizin
böyük ağsaqqalı, professor A.Xələfovun qurucusu
olduğu Kitabxanaçılıq-informasiya fakültəsi XX əsrin
II yarısından başlayaraq respublikamızda
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq üzrə elmi-tədqiqat işinin mərkəzinə
çevrilib. Həmin elm sahələrində
çalışan mütəxəssislər fundamental elmi tədqiqatlar
aparıb, doktorluq və namizədlik dissertasiyaları
müdafiə edib, yüzlərlə elmi məqalə,
monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri
çap etdiriblər.
Ali təhsil sistemində tədris proseslərinin mahir bilicisi kimi tanınan professor A.Xələfov istər respublikamızda, istərsə də Bakı Dövlət Universitetində ali təhsilin yenidən qurulması və optimallaşdırılması ilə bağlı mühüm məsələlərin həllində yaxından iştirak edərək, bu sahəyə öz sanballı töhfəsini verib. Professor A.Xələfov Respublika Təhsil Şurasının, Ali Təhsil üzrə Vahid Şuranın Rəyasət Heyətinin üzvü kimi, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin kitabxanaçılıq-biblioqrafiya təhsili üzrə Vahid Şurasının bölmə sədri kimi ölkəmizdə ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində də səmərəli fəaliyyət göstərərək, məqsədyönlü elmi tövsiyələr formalaşdırıb. O, tələbələrin elmi dünyagörüşlərinin genişləndirilməsi, peşə hazırlığının təkmilləşdirilməsi, kütləvi, elmi və xüsusi kitabxanaların iş təcrübəsi ilə ixtisas təhsilinin qarşılıqlı əlaqəsi, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin kitabxana proseslərinə tətbiq edilməsi kimi mühüm məsələlərlə əlaqədar bir sıra təşəbbüslər irəli sürüb, onların həyata keçməsi üçün əməli fəallıq göstərib və uğurlu nəticələr qazanılmasına nail olub.
Professor A.Xələfovun yüksək ixtisaslı kitabxanaçı kadrlar hazırlanmasının xüsusiyyətləri və metodikası sahəsində orijinal ideyaları təcrübədə öz uğurlu tətbiqini hələ 1969-cu ildə tapıb. Belə ki, Bakı Dövlət Universiteti Kitabxanaçılıq fakültəsinin fərdi tədris planının işlənib hazırlanması, bu sənədin SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən Sovet İttifaqının kitabxanaçılıq fakültəsi olan bütün universitetləri üçün nümunəvi plan kimi təsdiq edilməsi məhz onun başçılığı ilə həyata keçirilib. A.Xələfov həmçinin təcrübəli ali təhsil işçisi kimi tədris müəssisələrində islahatların keçirilməsi prosesində fəallıq göstərib, 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Kitabxanaşünaslıq və biblioqrafiya” istiqaməti və ixtisası üzrə Dövlət Standartlarını hazırlayan işçi qrupunun rəhbəri olub.
Professor A.Xələfov “Kitabxanaçılıq informatikası”, “Kitabxanaçılıq pedaqogikası”, “Kitabxanaçılıq psixologiyası”, “Kitabxana iqtisadiyyatı”, “Kitabxanaçı peşəsi” kimi kitabxanaşünaslıq sahələrinin formalaşmasına, geniş profilli kitabxana işçilərinin hazırlanmasına dair perspektivli ideya və təkliflər verib. Bu isə öz növbəsində Bakı Dövlət Universitetində yeni ali təhsil sisteminin-bakalavriatura və magistratura pillələrinin əsasını təşkil edib. O, eyni zamanda BDU-da kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informatika fənlərinə dair tədris plan və proqramlarının əsas müəllifidir. Kitabxanaçılıq-informasiya fakültəsinin magistraturasında dissertasiya tədqiqatları mövzularının işlənib hazırlanması prosesi də məhz professor A.Xələfovun rəhbərliyi altında keçirilib. O, pedaqoji fəaliyyəti dövründə demək olar ki, kitabxanaşünaslığa dair bütün fənləri tədris edib. Alim eyni zamanda həm ayrı-ayrı kitabxanalarda, həm də fasiləsiz fəaliyyət göstərən mədəniyyət işçilərinin ixtisasartırma kurslarında kitabxana işçiləri qarşısında mühazirələr oxuyub. Professor A.Xələfov mühüm kitabxanaşünaslıq və biblioqrafiya fənləri silsiləsi üzrə bütün dərsliklərin, proqramların, tədris və metodik vəsaitlərin müəllifi, həmmüəllifi, redaktoru, yaxud tərcüməçisi olub. Xüsusilə yeni tarixi şəraitdə professor A.Xələfovun rəhbərliyi ilə Azərbaycanda ali kitabxanaçılıq təhsilinin yeni konsepsiyası əsasında kitabxanaşünaslıq fənləri silsiləsi proqramlarının yeniləşdirilməsi üzrə xeyli işlər görülüb.
Qeyd etmək lazımdır ki, ali kitabxanaçılıq-informasiya peşə təhsilinin inkişafında professor A.Xələfovun müstəsna xidmətləri sırasında onun xüsusilə diqqət yetirdiyi bir məsələ - yüksək ixtisaslı mütəxəssis kadrların hazırlanmasında istehsalat təcrübəsinin uğurlu təşkili məsələləri də əsaslı yer tutur. Belə ki, Kitabxanaçılıq-informasiya fakültəsində istehsalat təcrübəsinin düzgün aparılması tələbələrin təcrübi vərdişlərə yiyələnməsinə və tədris prosesində qazandıqları nəzəri biliyi kitabxana işinə tətbiq etmələrinə geniş imkan yaradır. Fakültə indiyədək tədris bazası kimi respublikamızın ən böyük kitabxanalarından istifadə edir. Məhz A.Xələfovun mütərəqqi elmi uzaqgörənliyindən doğan perspektiv forma və metodlar əldə rəhbər tutularaq fakültədə yeni tələbata uyğun olaraq yüksək ixtisaslı kitabxanaçı kadrlar hazırlamaq üçün tədris prosesinin daha da təkmilləşdirilməsi, mütəxəssis hazırlığı keyfiyyətinin yüksəldilməsi, tələbələrdə işgüzarlılıq və elmi səriştəlilik, ideya inamı formalaşdırmaq sahəsində geniş elmi-metodik və təşkilati iş aparılır.
“Gələcəyin kitabxanaçıları elmi-texniki tərəqqinin sürətləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında yaxından iştirak edən mütəxəssislər olmalıdır. Məhz buna görə də indiki dövrün kitabxana mütəxəssisi müasir iqtisadi və siyasi təfəkkürə, idarəetmə və təşkilatçılıq işi vərdişlərinə, kitabxana fəaliyyətinin profilinə müvafiq surətdə informasiya texnikasından istifadə metodlarına yiyələnmiş bir şəxs olmalıdır” - deyə A.Xələfov qeyd edir. Alim bu fikirlərini “bir sözlə, yüksək ixtisaslı kitabxanaçı kadrlara böyük tələbat hiss edilən müasir şəraitdə Kitabxanaçılıq-informasiya fakültəsinin qarşısında daha böyük vəzifələr durur” - deməklə məntiqi tamamlayır.
Çoxillik elmi-nəzəri və pedaqoji fəaliyyətində həmişə zamanla səsləşən başlıca aktual məsələlərin reallaşdırılmasını öz iş prinsipinin başlıca əsaslarından biri kimi müəyyən edən A.Xələfov müasir şəraitdə - yeni informasiyalaşdırılmış cəmiyyət şəraitində bütün sahələrdə olduğu kimi, kitabxana işində də müasir texnologiyaların tətbiqini, yeni qabaqcıl texnoloji vasitələrdən, informasiya texnologiyalarından istifadənin zəruriliyini əsaslandırmağa çalışmış və bu istiqamətdə konkret fundamental-əməli addımlar atmışdı. 1999-cu ildə professor A.Xələfov Azərbaycanda ilk dəfə olaraq Kitabxanaçılıq-informasiya fakültəsinin nəzdində “Kitabxanaların kompüterləşdirilməsi Elmi-Tədqiqat Laboratoriyası”nın yaradılmasına nail oldu.
Görkəmli alim, böyük müəllim Abuzər Xələfov öz tələbələrinə obyektivliyi, səmimiyyəti, mehribanlığı və xeyirxahlığı ilə bağlanan, onların müdafiəsində dayanan, doğma övladları kimi hər cür qayğı və diqqətini əsirgəməyən yüksək səviyyəli şəxsiyyət, mahir pedaqoq olub. Professor A.Xələfov yazırdı: “Şüurlu həyatım və fəaliyyətim boyu qazandığım ən böyük sərvətim mənim tələbələrimdir. Tələbə-müəllim münasibəti təhsil sisteminin həmişə aparıcı həlqələrindən biri olmuşdur. Mən bütün şüurlu həyatım boyu bu münasibəti böyük pedaqoqların dediyinə uyğun olaraq ən yüksək, ən ülvi, ən təmiz, ən pak münasibət kimi qoruyub saxlamağa çalışmışam. Tələbələrim mənim iftixarımdır. Mən onlarla öyünür, özümü böyük və zəngin mənəvi sərvətin sahibi hesab edirəm. Tələbələrin mənə olan səmimi hörməti həmişə qəlbimi fərəhləndirir, məni cavan saxlayır. Azərbaycan mədəniyyətinin təbliğatçıları, görkəmli, xeyirxah ziyalılar kimi onlar cəmiyyətimizdə özünə yüksək mövqe tutmuş şəxsiyyətlərdir”.
Daim halal zəhməti, sadəliyi, intellekti, bilik və savadı, obyektiv fikri və işi öz fəaliyyətinin qayəsinə çevirərək, məhz bu ülvi amallarla ucalan, yeni elmi zirvələrə ucalan, ucaldıqca özü də ülviləşən böyük alim, dəyərli şəxsiyyət, mahir pedaqoq və müəllim A.Xələfov hər zaman alovlu vətənpərvər kimi də səmimi vətəndaşlıq mövqeyini ortaya qoya bilən şəxsiyyətdir. Onun xalqımızın müstəqilliyinə, vətənimizin azadlığına, millətimizin firavan həyatına olan səmimi sevinci, qüruru, iftixarı bu aspektdə qələmə aldığı yüksək səviyyəli əsərlərində öz geniş ifadəsini tapmışdır. Xüsusilə xalqımızın ümummilli lideri, milli müstəqilliyimizin və milli dövlətçiliyimizin təminatçısı və xilaskarı, millətimizin fəxri, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin xalqımız, millətimiz və dövlətimiz qarşısında müstəsna xidmətlərini alim-vətəndaş kimi yüksək qiymətləndirən A.Xələfov məhz Ümummilli Liderin Azərbaycanda mədəniyyətin, kitabxana işinin inkişafına verdiyi əvəzsiz töhfələri ona həsr etdiyi böyük elmi-nəzəri və ideya-siyasi əhəmiyyətə malik olan əsərlərində (monoqrafiya, dərslik, dərs vəsaitləri, məqalələrində və s.) bacarıqla ümumiləşdirib.
Kitabxananı xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandıran, kitab və kitabxanaya hörməti xalqın mədəniyyətini göstərən bir amil kimi qiymətləndirən Ulu Öndərin ölkədə kitabxana quruculuğu sahəsində müstəsna fəaliyyəti, elmi-nəzəri irsi haqqında professor A.Xələfov tərəfindən 2004-cü ildə nəşr edilən “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı fundamental monoqrafiya ciddi elmi əhəmiyyətə malikdir. Monoqrafiyada alim belə bir elmi nəticəyə gəlmişdir ki, Ümummilli Liderin kitabxana quruculuğu haqqındakı çıxışları, həmçinin imzaladığı qanunlar, fərmanlar, sərəncamlar və müəllifi olduğu Azərbaycançılıq ideologiyası, milli Azərbaycançılıq fəlsəfi konsepsiyası Azərbaycan milli kitabxanaşünaslığının inkişafında mühüm elmi-metodoloji əhəmiyyət kəsb etmişdir.
Professor A.Xələfov Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi şəraitində xalqımızın, millətimizin, milli dövlətçiliyimizin kompleks inkişafı naminə həyata keçirdiyi böyük fəaliyyətə yüksək dəyər verərək, Prezident İlham Əliyevin fəaliyyətinin, həyata keçirdiyi işlərinin xalqımızın parlaq gələcəyinə aparan məqsədyönlü yol olduğunu vurğulayıb. Alim qeyd edirdi ki, Prezident İlham Əliyevin cəmiyyətin informasiyalaşdırılmasına yüksək qiymət verməsi, informasiya texnologiyalarının sürətli tətbiqi, respublikamızın informasiya texnologiyası istehsal edən bir ölkəyə çevrilməsi haqqındakı göstərişləri ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına və bilik cəmiyyətinə keçilməsinə böyük təkan verir. Alimin qənaətincə, Prezidentin “informasiya-kommunikasiya texnologiyaları”na həsr edilmiş elmi konfransdakı çıxışında ölkədə biliyin yüksəldilməsini cəmiyyətin inkişafının mühüm amili kimi qiymətləndirərək, “Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbi təbii ehtiyatlar deyil, məhz bilik, məhz savad, yeni texnologiyalardır - bunlar ölkəyə uğur gətirir, inkişaf, müasirlik gətirir” - deməsi onun tərəfindən elmin, biliyin, intellektin sərhədsiz imkanlarının hər bir xalqın xoşbəxtliyi və uğurlu inkişafının əsası kimi dəyərləndirilməsini əyani sübut edir. A.Xələfov Prezident İlham Əliyevin xüsusilə müasir informasiya əsrində elmin, mədəniyyətin, təhsil və tərbiyə prosesinin optimal təşkili və hərtərəfli inkişafında əvəzsiz rol oynayan kitabxana işinə, onun hərtərəfli tərəqqisinə verdiyi töhfələri böyük ümummilli əhəmiyyət kəsb edən məsələ kimi şərh etmişdi. Ölkə Prezidentinin müasir şəraitdə kitabxana işinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirərək, bu istiqamətdə konkret əməli tədbirlər həyata keçirməsini, beləliklə, ölkəmizdə bu sahənin yeni qloballaşan dünyanın, informasiya əsrinin qarşıda qoyduğu tələblərə uyğun dinamik inkişafa apardığını vurğulayırdı.
Prezident İlham Əliyev tərəfindən xalqımızın çoxəsrlik tarixi multikultural ənənələrinin yeni ictimai-tarixi şəraitdə, dünyada baş verən qlobal dəyişikliklər, etno-mədəni, milli, irqi, dini və sair qarşıdurmalar şəraitində qlobal miqyasda dirçəldilməsini, onun vətənimizin bütün dünyada multikulturalizm beşiyinə çevrilməsi istiqamətində apardığı böyük ümummilli və beynəlxalq əhəmiyyətə malik siyasi-mədəni fəaliyyətini, eləcə də bu fəaliyyətin kitabxana-informasiya mühitinə, kitabxana-biblioqrafiya-informasiya təhsilinə müxtəlif aspektlərdən təsirinə dair A.Xələfovun qələmə aldığı məqalələr də öz kompleks mahiyyəti etibarilə əhəmiyyətli elmi-nəzəri, metodoloji və ideoloji dəyərə malikdir. Bu baxımdan xüsusilə alimin "Respublika" qəzetinin 20 sentyabr 2016-cı il tarixli sayında “Multikulturalizm dəyərlərinin kitabxana-informasiya məkanında təbliği problemləri” adlı yüksək elmi-monoqrafik əhəmiyyət kəsb edən məqaləsi mühüm aktuallığa malikdir. Alim burada milli elmşünaslığın qarşıda qoyduğu vəzifələrə, özünün çoxillik elmi-nəzəri tədqiqatçılıq ənənələrinə uyğun olaraq müvafiq aspektdə tarixi prosesin lap erkən qatlarına baş vurmuş, sistemli təhlil və obyektiv elmi yanaşmalarla tarixi gedişatın sonrakı mərhələlərini müasir dövrə qədər izləmiş, beləliklə, multikulturalizmin kompleks mahiyyəti, tarixi inkişafda keçdiyi mərhələləri, dünya xalqları arasında multikultural dəyərlərin inkişaf qanunauyğunluqlarının tarixi xronikası, xüsusilə dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının bəşəri inkişaf prosesində multikultural dəyərlərin formalaşması və inkişafına verdiyi töhfələr, xalqımızın ümumbəşəri multikulturalizm beşiyinə çevrilməsi və s. kimi fundamental prosesləri böyük ustalıqla, əsaslı elmi-analitik təhlil və izahlarla sistemləşdirmiş, o cümlədən müasir şəraitdə - Azərbaycan Respublikasının beynəlxalq məkanda multikulturalizmin beşiyinə çevrilməsi şəraitində bütün mədəniyyət təsisatlarının, mədəni-maarif müəssisələrinin, xüsusilə kitabxanaların, kitabxanaçılıq təhsili müəssisələrinin, onların professor-müəllim heyətinin, bu sahəyə inzibati idarəçiliyi həyata keçirən strukturların başlıca vəzifələrinə dair konseptual elmi-nəzəri və metodoloji konsepsiya irəli sürülmüşdür.
Professor A.Xələfov vətənimizin sərhədlərindən kənarda da böyük ehtiram qazanmışdı. O, keçmiş SSRİ-də də kitabxanaşünaslıq elminin formalaşmasında və inkişafında öz dəst-xətti olan alimlərdəndir. Belə ki, professor Abuzər Xələfov uzun müddət Bakıda, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Kiyevdə və digər şəhərlərdə kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinə dair müdafiə edilmiş 5 doktorluq və 20-dən çox namizədlik dissertasiyasının rəsmi opponenti olub. İştirak etdiyi çoxsaylı beynəlxalq elmi konfranslarda, simpoziumlarda maraqlı çıxışları, məntiqi mühakimələri, elmi diskussiyaları ilə hamının diqqətini cəlb edib.
Professor A.Xələfovun çoxşaxəli elmi-tədqiqat və ictimai fəaliyyəti SSRİ-nin ayrı-ayrı dövlət qurumları tərəfindən yüksək qiymətləndirilmiş və o, vaxtaşırı müxtəlif mükafatlara layiq görülmüşdü. Digər alimlərdən fərqli olaraq, o, elmi əlaqələri müasir dövrümüzdə də davam etdirmiş, Rusiya, Ukrayna, Qazaxıstan, Litva, Estoniya elmi məktəbləri ilə banisi olduğu Azərbaycan kitabxanaşünaslıq məktəbinin elmi təmaslarının uğurlu inkişafına nail olmuşdu. Məhz bunun məntiqi nəticəsidir ki, A.Xələfov 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdi. 2001-ci ildə professor A.Xələfov həmçinin bu mötəbər Akademiyanın və Rusiya Yazıçılar İttifaqının “Xeyriyyəçilik və maarifçilik” medalı ilə təltif edilmişdi.
Professor A.Xələfovun Azərbaycan elmi, təhsili və mədəniyyəti qarşısındakı müstəsna xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, ölkəmizin ən ali dövlət mükafatlarına layiq görülmüşdü. Abuzər Xələfov 2000-ci ildə xalqımızın Ümummilli Lderi Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2001-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, elm, təhsil və mədəniyyət sahəsinə inzibati idarəçiliyi həyata keçirən bütün strukturlar tərəfindən mükafatlandırılmışdı. Alimin 70, 75, 80 və 85 illik yubileyləri respublikamızda yüksək səviyyədə qeyd edilib.
Bütün bunlarla yanaşı, bir mühüm məqama da toxunaq: Bakı Dövlət Universitetinin canlı korifeylərindən biri, Azərbaycan xalqının böyük alimi, möhtərəm ağsaqqalı, nüfuzlu müəllim-pedaqoqu, mahir elm və təhsil təşkilatçısı olan Abuzər Xələfov 2016-cı ildə ömrünün 85-ci ilində Universitetin Böyük Elmi Şurasının qərarı ilə Bakı Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülüb. Bütün şüurlu həyatını və fəaliyyətini həsr etdiyi, doğma vətəni, ailəsi qədər sevdiyi Bakı Dövlət Universitetinin alimləri sırasında ilk olaraq bu ada layiq görülmək kitabxanaşünas alimin fədakar əməyinə, məhsuldar fəaliyyətinə verilən yüksək obyektiv qiymətin bariz nümunəsidir.
Professor A.Xələfovun Azərbaycan elmi, təhsili, mədəniyyəti və ictimai həyatındakı müstəsna xidmətləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2019-cu ilin noyabrında Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Universitet əməkdaşlarının yüksək dövlət mükafatları ilə təltif edilməsi barədə Prezidentin müvafiq sərəncamı ilə şüurlu həyatının və fəaliyyətinin 70 ilini məhz bu ali təhsil ocağına, Müsəlman Şərqinin ilk Avropa tipli elm və təhsil məbədgahına sərf etmiş böyük alim Azərbaycan Respublikasının ali dövlət mükafatı - “Şərəf” ordeni ilə təltif olunub. Hesab edirik ki, bu böyük addım ölkə başçısı tərəfindən Azərbaycan kitabxanaşünaslıq elminə, ali kitabxa-naçılıq-informasiya təhsilinə və kitabxana ictimaiyyəti nümayəndələrinə, bütövlükdə milli mədəniyyətimizə yüksək ümumdövlət qayğısının parlaq təzahürü kimi qiymətləndirilməlidir.
Müdrik alimin ömrünün ən şərəfli mərhələləri onun xalqına, millətinə, dövlətçiliyinə göstərdiyi xidmətlərin qayəsi ilə naxışlanır. Abuzər Xələfov ömrünün mərhələləri ülvilik, müqəddəslik, paklıq, ali hisslər, uca məqamlar, ləyaqət, sədaqət naxışlarından toxunan çələngə bənzəyir.
Professor Abuzər Xələfovun fitri istedada malik novator alim, sevimli müəllim və qayğıkeş bir insan kimi yaşadığı 89 illik mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Görkəmli alim, pedaqoq, əsl ziyalı Abuzər Alı oğlu Xələfovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Azad QURBANOV
BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı
Nigar İSMAYILOVA
BDU-nun Elmi
Kitabxanasının direktoru
525-ci qəzet.- 2020.- 29 aprel.- S.11.