Sönmüş ulduzun səssiz gedişi - Rafael Hüseynov yazır

 

 

Növbəti yay səhəri - avqustun 8-i mənimçün kədərli xəbərlə başlandı.

 

Bəstəkar, müğənni dostum Rizvan Sədirxanov zəng vurmuşdu və həmin acı sorağı çatdırdı.

 

Bu, elə xəbər idi ki, onu bir cümləylə ifadə etmək olardı: "Azərbaycan xalqına çox ağır itki üz verib".

 

Bəli, sadəcə ağır deyil, son dərəcə ağır itki!

 

Amma xalqın bundan xəbəri yox.

 

Yazıq xalqın nə təqsiri!

 

Gərək DƏYƏRLƏRi xalqa tanıdasan ki, o da hansı sərvətin sahibi olduğunu bilsin!

 

Tanımadığının, yetərincə bələd olmadığının qədrini haradan biləsən?!

 

Vətəndən uzaqlarda, İtaliyada kimsəsiz halda müğənni Eldar Əliyev vəfat edib.

 

Sadəcə müğənni yox, böyük müğənni Eldar Əliyev!

 

Bir sənətkarın adı qarşısında "böyük", "görkəmli", "dahi", "parlaq" kəlmələrinin adicə təşbeh kimi işlədilməsinə adət etmişik.

 

Lakin bu dəyərləndirmələrdən hər birinin öz mühüm məna yükü və çəkisi var ki, əslində, hər yetənə, lap yaxşı sayılan sənətkara da şamil edilə bilməz.

 

Xalis peşəkarlar, əsl mütəxəssislər, zəngin biliklərinin səviyyəsi ilə seçilənlər belə qiymətləri verə bilər və məhz onların dilindən səslənəndə bu təyinlər gerçək tutumunu qazanır.

 

Maestro Franko Korelli (1921-2003) adı yalnız vətəni İtaliyanın deyil, dünyanın vokal sənəti tarixində həmişə yaşayacaq müstəsna sənətkarlardan idi, 28 il "Metropoliten opera"nın solisti olmuşdu, 1950-60-70-ci illərdə onun məlahətli səsi "La Skala"nın, "Kovent Qarden"in, Avropa və Şimali Amerikanın ən məşhur opera teatrlarının səhnələrindən ucalaraq insanları məftun etmişdi.

 

Səhnədən ayrılandan sonra da Korelli fəal musiqi həyatını davam etdirirdi və həm bir ustad, həm də yüksək səviyyəli vokal müsabiqələrinin təşkilatçısı kimi töhfələrini verirdi.

 

1998-ci ildə Franko Korelli ona doğma olan "La Skala"da Motsartın "Sehrli fleyta" operasını növbəti dəfə seyr edəndən sonra bacısı oğlu, opera vurğunu və sərrafı Maurisio Morikiyə zəng vurur ki, bu axşam dahini dinləmişəm.

 

Korellinin "baso russo" kimi təqdim etdiyi, "dahi" adlandırdığı, "Sehrli fleyta"da Zarastronu ifa etmiş həmin müğənnini - Eldar Əliyevisə Maurisio yaxşı tanıyırdı və dərhal dayısına anladır ki, o, rus yox, azərbaycanlıdır.

 

Sıradan olan bir opera həvəskarının yox, tükü tükdən seçən, dünyanın bir nömrəlilərindən olan Franko Korellinin ilk dəfə eşidincə verdiyi "dahi" qiyməti çox şey demirmi?!

 

Eldar Əliyevin İtaliyaya gedib çıxmasının səbəbkarlarından biri Rizvan Sədirxanov olmuşdu.

 

1992-ci ildə İtaliyada, Ozimo Musiqi Akademiyasında təhsil alaraq vətənə qayıdan ilk azərbaycanlı olan Rizvan orada qazandığı hörmət və etimaddan nəcib bir məqsəd üçün istifadə edir.

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru Fərhad Bədəlbəyli ilə məsləhətləşdikdən sonra Opera Studiyasında elan asırlar ki, İtaliyaya təhsil almağa göndərilmək üçün seçim ediləcək.

 

60-70 nəfər gənc ifaçını Fərhad Bədəlbəyli, Ramiz Məlikaslanov, Rizvan Sədirxanov dinləyirlər və qulaq asdıqlarından dördünü ən yaxşı sayırlar: Eldar Əliyevi, Nərgiz Kərimovanı, Adil Axundovu, Emil Əliyevi (Rizvanın bu yaxşılığını, ilk xeyirxah yolaçanı olmasını Eldar unutmurdu və 2000-ci il oktyabrın 6-da Bakıda çıxan "Nedelə" qəzetində dərc edilən müsahibəsində minnətdarlıqla xatırlayırdı).

 

İşıq gurdursa, o, harada olur-olsun, mütləq görünəcək, nəzərləri cəlb edəcək.

 

Ozimoda təhsil aldığı vaxtlarda Eldar bir-birinin ardınca qatıldığı neçə müsabiqənin qalibi çıxır.

 

İştirak etdiyi növbəti bir müsabiqədə isə bəxti lap gətirir.

 

Budəfəki təltif nə böyük məbləğdə pul idi, nə hansısa medal.

 

Bu dəfə onun qismətinə az-az ifaçıya nəsib olan uğur düşmüşdü.

 

Qazandığı mükafat qeyri-adi və istənilən başqa təltiflərdən qat-qat faydalı olan priz idi - "La Skala" teatrında təcrübə keçən olmaq!

 

Rizvan bunu da söyləyir ki, 2001-ci il idi, Fərhad Bədəlbəyliylə Milanda idik, Maurisio ilə həyat yoldaşı, şairə Silvano Parini də yanımızda idi.

 

... "La Skala"nın əsas tamaşalarının və aparıcı ifaçılarının rəsmi afişasını görəndə Fərhadın gözləri yaşarır.

 

Dünyanın ən aparıcı opera teatrlarından və sənət məbədlərindən hesab edilən "La Skala"nın rəsmi afişasında ən başda seçmə ifaçıların adları gəlirdi: Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni və Eldar Əliyev.

 

Azərbaycanlı Eldar Əliyev!

 

"La-Skala"nın rəsmi solistləri cərgəsinə qoşulan ilk Azərbaycan müğənnisi.

 

Fərhad fərəhindən, duyduğu sonsuz qürurdan necə qəhərlənməyəydi?!.

 

Maurisio Fərhadın həyəcanını, doluxsunduğunu görüncə canıyananlıqla Rizvandan soruşur: "Nəsə itkisi varmı, kimisə vəfat edibmi dostumuzun?"

 

Rizvan cavab verir ki, Fərhadı riqqətə gətirən Eldarın adının belə zirvə sənətkarlarla bir cərgədə olmasıdır...

 

Rizvan Ozimo Akademiyasında necə xoş təəssürat qoyubsa, orada təhsil alarkən qələbələr qazandığı müsabiqələrdə istedadının və ünsiyyətlər əsnasında insanlığının bütün çalarları ilə necə yadda qalıbsa, bugünədək həmin şöhrətli vokal ocağının sevimlilərindəndir.

 

Danışır ki, bir dəfə Ozimo Akademiyasının direktoru Venanso Sarbini ilə kafedə əyləşib söhbət edirdik. Yaxınlıqda müxtəlif not kitabları satılan yaxşı bir musiqi mağazası vardı. Venansoya dedim ki, mənə göstərdiyiniz bütün diqqətlərə görə sizə bir hədiyyə vermək istəyirəm. Hansı klavirləri istəyirsinizsə söyləyin, bu dəqiqə alım gəlim.

 

Venansio gülümsünür: "Mənə ikinci Eldarı ver, ən gözəl hədiyyə bu olar!"

 

Hələ 2000-ci il sentyabrın 18-də, Bakıda Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində 14 ölkədən 79 ifaçının qatıldığı mötəbər sənət yarışmasının laureatları sırasında yer alan Eldar Əliyevin ifasına heyrətini gizlətməyən münsiflər heyətinin sədri, 32 il Böyük Teatrın solisti olmuş görkəmli sənətkar, SSRİ Xalq artisti İrina Arxipova azərbaycanlı müğənninin digərlərindən kəskin səviyyə fərqini nəzərə alaraq onun bu müsabiqədə iştirakına iradını da ifadə etmişdi: "Bu, nə dərəcədə düzdür? Axı Eldar dünya səviyyəli müğənnidir, "La Skala"nın solistidir".

 

Fərhad Bədəlbəylinin cavabı ləngiməmişdi: "İrina Konstantinovna, Eldarın bu müsabiqədə iştirakı bütün şərtlərimizə tam uyğundur. Axı onun cəmi 24 yaşı var!"

 

İrina Arxipova elə müsabiqə başlanınca, birinci turdaca Eldarla düşünüşmüş, onu ikinci tura buraxmaq istəməmişdi. İş ondadır ki, qəbul olunmuş qaydalara görə, Eldar Əliyev də digər müsabiqə iştirakçıları kimi səhnəyə frakda çıxmalı idi.

 

Lakin o, yetərincə sərbəst geyimdə, köynəkdə, özü də dirsəyədək qolu çırmalanmış halda çıxır.

 

Birtəhər xanımı yola gətirirlər ki, növbəti turadək səbir eləsin.

 

Cəfər Cabbarlıyla Asəf Zeynallının Vətən Himni siqlətli "Ölkəm" romansını ilk oxuyan Bülbül olub. Elə füsunkar bir gözəllikdə ifa edib ki, bu gün də dinləyəndə ürəklərimiz riqqətə gəlir.

 

Sonralarsa çox vokalçılarımız bu musiqi incimizə üz tutublar.

 

İkinci tur başlanır, Eldar ilk olaraq "Ölkəm"i oxuyur.

 

Başda Fərhad Bədəlbəyli olmaqla o günə qədərki bütün Azərbaycan vokalçılarının oxuduğu "Ölkəm"i dinləmişlərin hamısı şahid idi ki, o dəqiqələrdə indiyədək ifa edilmişlərin heç birinə oxşamayan, təsvirəsığmaz məlahətli yeni "Ölkəm" doğulur.

 

Eldardan incik, ona əmma qoymağa fürsət arayan (amma xalis peşəkarlığına görə də insaf və gözəlliyə heyrət hissini heç vaxt itirməyən) böyük müğənni İrina Arxipova gənc ifaçının götürdüyü ilk notlardan sonra istər-istəməz gülümsünür.

 

Bu, avazın sehri, səsin qələbəsi idi!

 

Ardınca Eldar Cüzeppe Verdinin "Atilla"sından Hun hökmdarının ariyasını oxuyur, sonra Sergey Raxmaninovun "Aleko"sundan Qocanın, dalınca da Volfqanq Amadey Motsartın "Don Juan"ından Filipp "Don Juan"ın ariyasını...

 

Sərt münsif kimi müsabiqə qaydalarına qətiyyən uyğun gəlməyən sürəkli alqışlara, qucaq-qucaq çiçək dəstələrinə etiraz etməli olan İrina Arxipova bütün bunları sadəcə məmnun təbəssümlə izləyir.

 

Ömrü boyu özü də gözəllik yaratmış, heyrət doğurmuş və bunun qarşılığında da ən sonsuz feyzi minnətdar tamaşaçı alqışlarından almış ustad sənətkar gözəllik qarşısında başqa cür rəftar edə bilərdimi?

 

Bütün bunlar Eldar Əliyev səsi və sənətinə ali peşəkarların verdiyi qiymətlərdir.

 

Amma onun ən sıravi dinləyicilərindən olan bir nəfərin də dəyərləndirməsi mahiyyətcə eyni heyranlığı çatdırır.

 

Hər ikisi "La Skala" Akademiyasının məzunları olan, hər ikisi də artıq bu əfsanəvi teatrın səhnəsində dönə-dönə çıxış etmiş istedadlı gənc vokalçılarımız Məhərrəm Hüseynov və Azər Rzazadə söyləyirlər bunu.

 

Əhvalat baş verib 2014-cü ildə.

 

O vaxt Məhərrəm Ozimodakı Musiqi Akademiyasında təhsil alırmış, Azər "La Skala" Akademiyasına daxil olmaq ərəfəsindəymiş.

 

Bir həftə sonra Bakıya uçacaqlarmış, qət edirlər ki, bu bir neçə günü Milanı gəzib-dolansınlar. Fürsətkən "La Skala"da bir tamaşaya da baxmaq istəyirlər. Kassalarda biletlər çoxdan satılıb qurtarıbmış. Ümid, adətən, teatrın həndəvərində var-gəl edən bilet alverçilərinə qalıbmış. Hərəkətindən elə gendən biletsatanlara oxşayan bir yaşlı kişi ilə söhbətləşirlər, xeyli artığına o axşamkı tamaşaya bilet alırlar. Həmin kişi cavanların haralı olduğunu soruşur.

 

Cavab verirlər ki, Bakıdanıq, azərbaycanlıyıq.

 

Biletsatan kişinin çöhrəsi işıqlanır: "Həə, siz həmin məşhur Eldar Əliyevin yerlilərisiniz! Onu bu teatrın tamaşalarında çox dinləmişəm, fövqəladə dərəcədə gözəl ifasından hər dəfə ləzzət almışam".

 

... Biz burada, Bakıda, Azərbaycanda Pavarottini, Dominqonu, Frenini dünya vokalının əlçatmaz zirvələri sayırıq.

 

Onlar Eldarı özlərinə bərabər sənətkar kimi qəbul edirdilər!..

 

Eldar 1971-ci il iyunun 28-də Bakıda doğulmuşdu.

 

Bütün uşaqlar kimi xoşbəxt, qayğısız, sabahın kəc döngələrindən, dar dalanlarından xəbərsiz!

 

Artıq məktəb illərində oxumağa başlamışdı.

 

1991-ci ildə Konservatoriyaya qəbul edilir. Vokal üzrə ilk müəllimi Kamal Kərimov olur, daha sonrakı pedaqoqu isə professor Gülcahan Güləhmədova.

 

Taleyin hökmü ilə qısa müddət sonra öyrəncisinə çevriləcəyi "La Skala"da isə müəllimi Verdinin operalarından partiyaları bənzərsiz ustalıqla ifa etməsi ilə şöhrət tapmış Karlo Berqonsi (1924-2014) idi.

 

"La Skala"da təcrübə keçən kimi dərs aldığı ikinci ilin ortalarında Eldar daha bir nailiyyət əldə edir.

 

Trevizoda keçirilən Toti del-Monte adına Beynəlxalq müsabiqədə onun qazandığı mükafat "Debüt" adlanırdı.

 

İtaliyanın vokal dairələrində bu da hər ifaçının həsrətində olduğu təltiflərdəndir. "Debüt" qazanmaq o deməkdir ki, səni sadəcə teatra işə götürmürlər, birbaşa "La Skala" səhnəsində oynanacaq konkret tamaşada konkret rolu alırsan.

 

Bu minvalla əldə etdiyi "Debüt" mükafatı Eldar Əliyevə sonralar maestro Korrelini də heyran qoyacaq Zarastro partiyasını "La Skala"da ifa etmək haqqı verir.

 

Tamaşanı oxuyur, zərin qədrini yaxşı bilən zərgərlər necə bəyənirlərsə, necə vəcdə gəlirlərsə, ən qısa müddətdə Eldarın məişət problemini də həll edirlər - ona ev verilir.

 

Eldar zirvəyə yolunu özü açmışdı.

 

Allahın ona bəxş etdiyi nadir səs və istedadı bahasına.

 

Bəs biz Azərbaycandan uzaqlarda öz gücünə parlayan, sözün birbaşa mənasında zəfər qazanan Eldara necə münasibət bəslədik?

 

Yüksəlişlərinə, irəliləyişlərinə kömək etmək, təkan vermək məsələsini hələ qoyuram bir qırağa.

 

Heç olmazsa artıq parlamış, dünyanın ulduzları cərgəsinə qoşulmuş bir sənətkara yiyə durduqmu?

 

Bu göynəkli nöqtəyə toxunarkən təkcə Eldarı, yalnız musiqi ifaçılarını, ümumən incəsənəti nəzərdə tutmuram. Eldarları düşünürəm!

 

Bir xalq kimi istedadlıyıq axı, parlaqlarımız tarixin hər dönəmində, hər sahədə olub və bu gün də boldur axı!

 

Xalqın belə "qızıl külçələri"nə həssas münasibət bəsləmək, kimin hansı vəzifə tutmasından asılı olmayaraq, milli qeyrət məsələsi, vətəndaşlıq borcudur.

 

Təsadüfən kiminsə hansı ölkədəsə şöhrətlənməsindən sonra onun haqqında xəbər bilib nəsə etməyə cəhd göstərmək doğru yol deyil.

 

Gərək dövlətin humanitar siyasətini idarə edən qurumların, Mədəniyyət Nazirliyi və şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq digər nazirliklərin, Diaspora komitəsinin bununla bağlı ortaq layihəsi və yol xəritəsi hazırlana ki, iş sistemli şəkil ala.

 

Bunu etməkçünsə sabit məram, qəti iradə, bəlli siyasət, mütəmadi və sistemli aparılan bir xətt olmalıdır.

 

Yeri gəlmişkən, Heydər Əliyev Fondu xarici ölkələrdə təhsil almış, ilk uğurlarına imza atmış cavan musiqiçilərlə bağlı son illərdə qayğı örnəyi sayılası xeyli təqdirəlayiq işlər görüb.

 

Lakin Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətlərində bu, sadəcə istiqamətlərdən biridir, hər sahəninsə dövlətdə, hökumətdə bilavasitə cavabdeh olan quruluşları var və ən əvvəl onlar bu işləri görməli, həm də göstərdiyimiz kimi, bütün ayrıntıları ilə işlənmiş dövlət proqramı üzrə gerçəkləşdirməlidirlər.

 

Özü də xaricdəki istedadlarımızla əlaqədar belə iş bunun onun, onun bunun üstünə atması ilə deyil, hərəkəti bu qurumun obirisindən, digərinin bubirisindən gözləməsi şəklində yox, əl-ələ, müştərək, davamlı aparılmalıdır.

 

Qarşımızda ümummilli maraqları düşünərək tərtib edilmiş siyahımız olmalıdır ki, bilək kimimiz haradadır.

 

Onlarla mütəmadi yazışmalıyıq, telefonlaşmalıyıq, dərd-sərləriylə maraqlanmalıyıq, uğurlarına sevindiyimizi bildirməliyik, daim anlatmalıyıq ki, bizimləsən, səninləyik.

 

Daimi təmaslarımız olmalıdır ki, lazım olan anda səslərinə səs verə bilək.

 

Kamil millət olmağın yolları uzun, sınaqlı, enişli-yoxuşludur.

 

Mətləbdən bir qədər aralanası olsam da, görk sayılası bu əhvalatı gərək nəql edəm.

 

2015-ci ilin 30 sentyabrında "Demokratik cəmiyyətdə din azadlığı və birgəyaşayış" adlı məruzəmin Avropa Şurası Parlament Assambleyasında müzakirəsi aparıldı və 2076 saylı qətnamə qəbul edildi.

 

Adətən, AŞPA-da bir məruzə üzərində təqribən il yarım iş gedir. Məruzə hazırlanır, bir neçə dəfə müvafiq komitədə müzakirə edilir, müxtəlif ölkələrdə məruzə ilə bağlı kənar mütəxəssislərin cəlb olunması şərti ilə kollokviumlar keçirilir.

 

Məruzəmdə yetərincə həssas olan bir məqam vardı və əslində, məruzənin özəyini də həmin problem təşkil edirdi.

 

Bəzi avropalı deputatlar bir sənəd hazırlamışdılar və həmin sənədin qaldırdığı problemin bu məruzədə də əksini tapmasına cidd-cəhd edirdilər.

 

Bu, sünnət edilməsini uşağa qarşı işgəncə faktı kimi qəbul edərək Avropada cinayət məcəlləsinə belə hərəkətlərə görə cəza müəyyənləşdirən maddənin daxil edilməsini nəzərdə tuturdu.

 

Hiyləgərliklə düşünülmüş bu ideyanın ardında xristian aləmi ilə müsəlman və yəhudiləri qarşı-qarşıya qoymaq məkri vardı.

 

Təsəvvür edin ki, bu ideya keçdiyi təqdirdə Avropada yaşayan bir müsəlman, yaxud yəhudi öz övladını sünnət etdirərsə, cinayət məsuliyyətinə cəlb ediləcək, həbsə alınacaqdı.

 

Bunun ardınca törənə biləcək fəsadların həndəsi silsiləsini özünüz ehtimal edin.

 

Təbii ki, mən məruzədə bu fikrin absurdluğunu bəyan edir və qənaətlərimi də lazımi dəlil-sübutlarla əsaslandırırdım.

 

Lakin məruzənin hər müzakirəsində çox çılğın opponentlərim mətndə düzəliş edilməsi təklifini dilə gətirir, məruzədə həmin maddənin məhz onların təklif etdiyi şəkildə yazılmasını tələb edirdilər.

 

Əvvələn, mən Parisdə Hüquqi işlər və insan haqları komitəsinin iclasında məruzəçi təyin edilərək Bakıya qayıtdıqdan bir neçə gün sonra İsrailin ölkəmizdəki səfiri görüşümə gəldi. Məruzənin bütün gələcək müzakirələrində mənə lazımi kömək və dəstək göstərməyə hazır olduqlarını bildirdi və əlavə etdi ki, bunu ona öz Xarici İşlər Naziliyindən tapşırıblar.

 

2003-cü ilin sonundan ta məruzə Assambleyada qəbul edilərək qətnaməsi 2005-ci ilin sentyabrında təsdiqlənənəcən hansı ölkədə, hansı şəhərdə, hansı səviyyədə müzakirələr keçirilirdisə, toplantıdan bir qədər əvvəl həm yəhudi mənşəli ayrı-ayrı deputatlar, həm yəhudi icmasının nümayəndələri, həm İsrail Xarici İşlər Nazirliyinin təmsilçiləri yaxınlaşaraq bildirirdilər ki, mənimlədirlər, möhkəm dayanım, məni hər məqamda müdafiə edəcəklər.

 

Onlar millətin taleyi ilə bağlı olan və onun gələcəyində müəyyən fəsadlar yarada biləcək bircə cümlənin belə Avropa Şurası sənədində yer almaması üçün sayıqlıqla davamlı mübarizələrini apardılar, mənə axıradək dəstək oldular, yekun mətn də bizim istədiyimiz kimi qəbul edildikdən sonra sakitləşdilər.

 

Az sayı ilə dünyanı idarə edən millət cərgəsinə ucalmağın sirri lazım gələndə hətta üzdən çox kiçik görünə biləcək bir pülük hadisəsində də heç bir biganəliyə yer qoymayaraq bunca səfərbər olmağı bacarmaqdadır.

 

Böyük millət, güclü millət, tarix dolaylarında təhlükələrdən qoruna bilən millət olmağın yolu xalqın müqəddəratına dəxli olan hər bir məsələyə belə mütəşəkkil vasvası, inadkar, ləyaqətli münasibətdən keçir.

 

Milli sərvət sayılan Eldar kimi istedadlarla davranmaq da daim bu düstura uyğun həllini tapmalıdır.

 

***

 

Adamın gərək vaxtda da bəxti gətirə.

 

Eldar 1994-də şimşək kimi parladı və bu bərqvurma 2005-ci ilədək çəkdi.

 

Şübhə etmirəm, bu müddət 5-10 il də uzansaydı, Eldar asta-asta qeybə çəkilməsəydi, dövlətin ən yuxarı qatından ona da layiq olduğu diqqət müyəssər olacaqdı.

 

Fəqət belə diqqətləri göstərməyə məsul qurumlar elə o vaxtlar da hamısı yerində idi və məgər onlara hər göstəriş yuxarıdan verilməlidir ki, edin, sonra tərpənməlidirlər?

 

Əsas işi görməli olan məmur qatı təşəbbüslərin əsas qaynağına çevrilməyincə bu qəbil narahatlıqlarımız bitməz.

 

Eldar Azərbaycanın Əməkdar artisti deyildi, Xalq artisti deyildi, Bakıda heç vaxt heç bir konserti, Opera teatrında heç bir çıxışı təşkil edilməmişdi.

 

Zamanında fəxri adların sənətkarın ömründə məxsusi yeri olub, yüksəlişlərinə, özünüifadəsinə daha geniş meydan açıb, ona imtiyazlar verib, ifası üçün aldığı haqqın artmasına səbəb olub.

 

Bu gün bu adların əsasən mənəvi dayaq olmaq anlamı var.

 

Burada Eldardan səviyyəcə qat-qat əskiklərə verilmiş, Eldardansa əsirgənmiş adlar və mükafatlar, təşkil edilməmiş konsertlər onun deyil, bizim itkimizdir.

 

Haçan təqdimatlar hazırlandı ki, bu fəxri adları verməkdən imtina edilsin, haçan konsertlər təşkil edildi ki, kimsə buna "yox" desin?!

 

Belə işləri icra etməkçün məvacib alanlar etmədilər ki, olmadı.

 

"La Skala"nın məşhur solisti hər hansı bir Avropa səhnəsində çıxış edəndə, ya xaricdə adıkeçən hansısa afişada soyadının yanında onun Azərbaycanın da Əməkdar, ya Xalq artisti olmasının göstərilməsi elə yurdumuzun, xalqımızın təbliği demək olardı.

 

Bakıda keçirilməli olub keçirilməmiş konsertləri, onun iştirakı ilə Opera teatrımızda qoyulmalı olub qoyulmamış tamaşalar həm Azərbaycan musiqisevərlərinə əvəzsiz sovqat olardı, həm də Eldarı həyata, doğma yurduna daha artıq bağlayardı.

 

Etmədik...

 

Diqqətsizlik, laqeydlik və yiyəsizliyin ucbatından Eldarı itirdik.

 

Həm də Eldarı biz indi 2020-nin 4 avqustunda itirməmişik ki!

 

Əslində, bu, xeyli əvvəl baş verib. Təqribən də 15 il əvvəl.

 

Əgər qırılmaz əlaqələrimiz olsaydı, dərhal bilərdik ki, o vaxt 34 yaşında olan ulduzumuzun başı dərddədir, büdrəyib, onun qolundan yapışmalıyıq, macal verməməliyik ay-ay, gün-gün çöksün.

 

Eldar bir ilə ölməyib, o, 15 il ərzində yavaş-yavaş əriyib, buxarlanıb, qeybə çəkilib.

 

2020-nin 4 avqustunda baş verən sadəcə statistika idi. Ölüm faktının dəqiqləşdirilməsi!

 

49 yaşında onunla görüşəcək ölümünə doğru Eldar Əliyev dərin depressiya caynağında 35 yaşından addım-addım gəlmişdi.

 

1994-dən 2005-dək kim idi Eldar Əliyev və nə möcüzələr doğurmuşdu?

 

Bir yetim bakılı balası vardı ki, Milandakı "La Skala"nın, Lozannadakı "Theatre Municipal"ın, Boloniyadakı "Teatro Comunale"nin, Berlindəki "Staatsoper Unter den Linden"in, Münxendəki "National theater"ın, Venesiyadakı "Teatro La Fenice"nin, Parisdəki "Opera National"ın, Londondakı kral operası "Covent Garden"in, Brüsseldəki "Theatre de la Monnaie"nin, Romadakı "Teatro dell'Opera"nın, Madriddəki kral operası "Teatro Real"ın və onlarca digər məşhur opera teatrlarının səhnəsinə çıxırdı, yüz dəfələrlə ən seçmə vokalçıların ifasında səslənmiş bəlli partiyaları ifa edirdi və dinləyənlər tilsimlənmiş kimi mat qalırdılar.

 

Onun Cüzeppe Verdinin "Trubadur"undakı Ferrandosu, "Makbet"indəki Bankosu, "Riqoletto"sındakı Sparafuçilesi, Cakomo Puççininin "Turandot"undakı Timuru, Nikolay Rimski-Korsakovun "Çar Saltan haqqında nağıl"ındakı Çarı, Qaetano Donisettinin "Luçia di Lammermur"undakı Raymondosu, "Lukresi Borcia"sındakı Astolfosu eşidənləri əfsunlayırdı, Eldar Əliyevin məxməri bası onları elə alıb aparırdı ki, sanki bu partiyaları əvvəllər heç eşitməyiblərmiş, sanki bu partiyaları bəstəkarlar məhz elə bu cavan üçün yazıblarmış...

 

Bir ara - 2000-ci illərin əvvəllərində o qədər populyar imiş ki, ömrü-günü elə yollarda, təkərlər üzərində, hava gəmilərində ötürmüş, bəzən bir ayda 4-5 səfərə çıxırmış.

 

Avropadan Kanadaya, Yaponiyadan Şimali Amerikaya...

 

Harada oxuyurmuşsa, diksindirirmiş, heyrətləndirirmiş, vurğun kəsdirirmiş.

 

Hansı televiziyamız, hansı kinostudiyamız Eldarın hansı səhnədəki ifasını lentə alıb, onunla bağlı veriliş hazırlayıb, film çəkib?

 

Heç biri!

 

Mən bütün bunları Eldara ağı kimi yazmıram.

 

Olan oldu, bitən bitdi.

 

Həyat davam edir axı!

 

İkinci Eldar Əliyev olmayacaqsa da, hər halda yeni eldarlar var, təzələri də gələcək.

 

Mən istəmirəm bu macəralar təkrarlansın, çox arzulayıram ki, belə acı dərslərdən hamımız dərs alaq.

 

Eldarı biz - mən hamımız deyirəm, heç kəs yaxasını qırağa çəkməsin - çoxdan nəzərimizdə saxlamalı, bunca ali sənət mərtəbəsinə ucalmış istedadımızı himayə etməli, buralara daha artıq bağlamalı, onun vasitəsilə qüdrətli həmkarlarının da Azərbaycanla əlaqələrinin qüvvətlənməsinə çalışmalıydıq.

 

Bütün bunları etməkçün gərək həm işin içində olasan, həm yönəltdiyin sahənin mükəmməl peşəkarı olasan və həm də ən vacibi - canın yana!

 

Bu millətə və bu dövlətə!

 

Belə diqqətdən, belə qayğıdan, belə münasibətdən çox aralıda qalan Eldar 5-6 il "La Skala"nın aparıcı solistlərindən olandan sonra xəstələnir, günlərin birində tamaşadan əvvəl hiss edir ki, heç özündə deyil, oxuya bilməyəcək.

 

Buradan gedib orada qalanlardan biriylə məsləhətləşir ki, vəziyyət belədir, neyləyim?

 

O da xoşmu, naxoşmu niyyətlə Eldara sakitləşdirici verir.

 

Qəbul edir, halı babatlaşır, çıxır, oxuyur.

 

Üç dəfə, beş dəfə, tədricən çevrilir aludəçiyə.

 

Və solmağa başlayır...

 

Allah Eldara səxavətlə parlaqdan-parlaq istedad bağışlamışdı.

 

Ancaq bəxt sarıdan o zavallı uşaqlıq illərindən yarımamışdı.

 

12 yaşı olanda həyatının ilk müdhiş faciəsini yaşamışdı.

 

Atası onun gözləri qarşısında anasına qəsd etmişdi.

 

Bir anın içərisində həm anasız, həm atasız qalmışdı.

 

Atası heç həbsdən qayıdıb gəlmədi, deyirlər, onun da həyatı orada bitib.

 

Nənəsi böyütmüşdü onu.

 

(Eldar özü həyatının müxtəlif epizodlarını həmişə bir neçə versiyada nağıl edərmiş. Ona görə indi bu sərgüzəştli ömürdəki əsl həqiqətlə fantaziyaların, qeybətlərin sərhədini dəqiq müəyyənləşdirmək müşküldür və buna heç gərək də yoxdur.

 

Qatar getdi, yol bitdi...

 

Elə anasına qəsd edənin doğma atası Tofiq yox, ondan ayrılandan sonra anasının ərə getdiyimi, ya vətəndaş nikahındamı yaşadığı birisinin olduğu da söylənir.

 

Faciəni hansı əlin törətiyi önəmli deyil, ağrılı olan budur ki, həmin müsibət uşağın gözləri önündə baş vermişdi və 12 yaşlı yeniyetmə varlığındakı zəlzələsi zaman-zaman afterşoklar verən sarsıntını bütün dəhşətiylə yaşamışdı).

 

Eldar ailə həyatı qurdu, 1996-da oğlu, 2 il sonra qızı dünyaya gəldi.

 

Di gəl, burada da yarımadı. Dağıldı ailəsi. Təzədən evləndi. Bu izdivac da yarımçıq qırıldı.

 

Amma çıxırdı səhnəyə, rollarını oynayırdı, oxuyurdu və həmin anlarda o, başqa adam idi, özgə həyatı yaşayırdı.

 

Və belə məqamlarda da o, səhnədə sultan idi, qüdrətli idi, bəxtiyar idi.

 

Hər güclü sənətkarın daim yanında olan, ona qayğı və düz yol göstərən, tövsiyələr verən, yönəldən bir hamiyə, ustada, müəllimə, böyüyə, ağsaqqala ehtiyacı var.

 

İllah da Eldar kimi taleyi zədəli bir insanın!

 

(Pərvərdigarın lütfüdür ki, hələ 3 yaşındaykən atası İkinci Dünya müharibəsində həlak olan Müslüm Maqomayevi başsız qoymadı, onu öz övladı kimi qanadı altına alan, ömrünü tənzimləyən Cəmaləddin kimi müdrik, zabitəli əmi bağışladı. Fitrətdən gələn azad ruhu, ipə-sapa yatmaz təbiəti ilə həyat meydanında tək qalan Müslümə çərxi-fələk hansı gözlənilməz ssenarilər cızmazdı?!).

 

Eldarın ömrü belə himayədarlığı başqalarına nisbətən bəlkə daha artıq umsa da, lap əvvəldən bunsuz idi, qəliz həyatla təkbətək idi.

 

İstedadlarsa gündəlik həyatın içində adi adamlardan da qat-qat zəif, çarəsiz olurlar.

 

... Eldar həyat dənizində ən nəhəng gəmilərlə yanaşı üzən yelkənsiz qayıq idi.

 

Onu dalğalar uddu...

 

Allah şans vermişdi, dövlət quşu gəlib qonmuşdu başına.

 

Ən əvvəl özündən oldu, bir az da məndən, səndən, bizdən oldu.

 

Küsdü hüma quşu, uçub getdi...

 

(2018-ci ilin mayında ona Allah bilir son illərdə neçənci dəfə düşdüyü Milan xəstəxanalarından birindən verilən arayışa baxıram, qəlbim sıyrılır.

 

Yol rəvan davam etmiş olsaydı, Eldar öz parlaqlığı ilə həmin dövrdə bir ovuc ən məşhur italyanın cərgəsində olardı.   Lakin yaşından qat-qat qoca, üzgün görünən bu heydən düşmüş ixtiyarı həmin xəstəxana arayışında "Avropa İttifaqı ölkəsinin vətəndaşı olmayan, sərsəri yaşayışına görə pulsuz müalicəyə alınan şəxs" kimi qeydiyyata salıblar.

 

Ən möhtəşəm teatrların səhnələrində 2000, 2001, 2002-ci illərə aid ifalarının videoyazılarını seyr edirəm.

 

Səsi səhnəni titrədir.

 

Fəxr edirəm!

 

2017-ci ilin 20 noyabrında "San Raffael" xəstəxanasından Eldara verilən arayışda ictimai statusunu nişan verən kəlmələrə baxıram, qüssələnirəm: "Persona senza fissa dimora" (mən bu ifadəni ən yumşaq şəkildə belə çevirdim)- fəqir.

 

"Fəxr" və "fəqir" sözləri səslənişcə bir-birinə çox oxşayır.

 

Amma biri dağın başı, biri dərənin dibi!..

 

... Eldarın halsız vaxtının fotolarını qaldırıram. Diri olan bircə gözləridir. Baxışları qaranlıq içərisindəki işıq kimi parlayır.

 

Bəs həmin pərişan çağlarında səsi necəymiş görən?

 

Oxumamağa necə tab gətirirmiş?

 

Axı oxumaq onunçün yaşamaq demək idi!

 

Axı o, dünyaya oxumaqçün gəlmişdi!..).

 

... Təkcə ifalarına valeh olan sadə insanların deyil, dahilərin "dahi" adlandırdığı misilsiz bir azərbaycanlını beləcə cavan yaşında itirdik.

 

İndi çalışırıq ki, məzarı qürbətdə naməlum qalmasın deyə barı külü vətənə gəlsin.

 

Bizə onun hələ bundan sonra onillərcə oxuyub zəfərlər qazanacağı səhnələrə səpilən gülləri görmək gərək idi, külünü qarşılamaq yox!

 

Yanmamaq olmur...

 

525-ci qəzet.- 2020.- S.13-14.