Qızlarımız xoşbəxt görünməsin... - Məhsəti Musadan yeni yazı

 

 

Günortayadək paytaxtda işlərimi bitirib rayona qayıtmağı planlaşdırsam da, alınmadı. Sabahkı işlərimlə bağlı onlarda qalası oldum.

 

Əslində, evin erkən ailə quran və üzündəki uşaqlıq cizgiləri hələ də çəkilməyən xanımına bir az qəribə baxsam da, o qədər qayğıma qaldı ki, əməllicə utandım. Sonra bir az dincəlmək üçün məni o biri otağa  dəvət etdi. Mən əyləşən kimi bir çanta gətirib çarpayının üstündə bardaş qurdu. Maraqla çantaya baxdım. O, çantadan bir-bir kosmetik vasitələr, ətirlər çıxarıb həvəslə məlumat verməyə başladı: bax, bu, filan firmanındır. Çox gözəldir. Həmişə bundan istifadə edirəm. Bu ətiri də yoldaşım ad günümdə almışdı. Hələ buna bax ey, bədən spreyidir. Gör nə gözəl qoxusu var. Buradan, qonşudan almışam. Endirim var idi...

 

O, çantadan çıxardığı kosmetikalar haqqında həvəslə danışdıqca mənim fikrim başqa yerə qaçırdı. Nə dediyini eşitmədən təəssüf hissi ilə düşünürdüm: bunun tayları gələcək üçün planlar qurur, oxumaq, təhsil almaq, karyera qurmaq istəyir, bu da şəhərin göbəyində gözünü açan kimi ərə gedib. İndi də qucağına verilmiş 3-5 dodaq, dırnaq boyası, sürmə, kirşan ilə xoşbəxtlik tapdığını düşünür. Ya bəlkə xoşbəxtlik elə budur? Bir insan bir dodaq boyası, bir ətirlə xoşbəxt olursa, qoy olsun. Bizim kimi Allah axtarışına çıxıb nəhayətsizlikdə itib-batmaqdansa, bəlkə elə bu, daha yaxşıdır? - deyə sərsəm şeylər düşünərkən birdən onun möhkəmdən gülərək mənə səsləndiyini eşitdim:

 

- Eeey, səninləyəm eee, deyəsən, çox yorulmusan.

 

Fikrimi cəmləyərək dedim:

 

- Yox, hərdən fikir dağınıqlığı olur məndə. Əhəmiyyət vermə. Nəsə deyirdin?

 

- Deyirəm ki, istəyirsən bu spreydən sənə də gətirdim. Sonra bu qiymətə tapmayacaqsan.

 

- Yox!  - dedim fikirli-fikirli - Narahat olma. İstəmirəm.

 

O, "özün bilərsən" tərzində alt dodağını çevirdi. Bir az əvvəl çantadan çıxardıqlarını yenidən bir-bir əlinə götürüb xoşbəxtlik yağan baxışlarla, fəxrlə süzərək yerinə yığdı.  Ağlamağa başlayan körpəsini yedirib yatırtdıqdan sonra  otaqdan çıxarkən qapını yarıyadək örtərək:

 

- Sən də bir az dincəl - dedi.

 

Yatmaq istəmədiyim üçün kresloya dirsəklənib telefonla başımı qatmağa başladım.

 

Bir azdan əri işdən gəldi. O, yaraşıqlı, boylu-buxunlu biri idi. İlk baxışdan mədəni, dünyagörüşlü insan təsiri bağışlayırdı. Ta ki ağzını açıb bir kəlmə deyənədək. Xasiyyətini sevmədiyim üçün istirahət etmək bəhanəsi ilə çıxıb görüşməməyə qərar verdim. Ömür boyu bədii kitab üzü açmayan, bir şeir kitabı vərəqləməyən qohumum məni  görən kimi yenə başlayacaqdı  tanınmış bir şairimizi (çünki ondan başqasının adını bilmir) tərifləməyə, ordan-burdan eşitdiyi şablon fikirləri bəlkə yüzüncü dəfə hüdüləyib tökməyə... Sonra da: "Niyə sən də dördbucaq şeirlər yazmırsan?" - deyib mənə "məsləhət" verməyə (bəndləri dördbucağa bənzədir).

 

Evin xanımı tez bir zamanda masanın üstünü hazırladı. Otağı tam görməsəm də, yarıyadək örtülü olan qapı arasından  qızın cəldliyini rahatca izləmək olurdu. Yaşına uyuşmayan səliqə-səhmanla, bacarıqla, elə cani-dildən işləyirdi ki, məəttəl qalırdım. Sinidə daşıdığı yeməyi, şirniyyatı, şirəni masaya düzdü. Bir az da ayaqda durub gözlədi (şahın hüzurunda əmrə müntəzir dayanmış kənizə bənzəyirdi). Daha heç nə lazım olmadığnı anlayınca gözünü ərindən çəkmədən bir-iki addım geri çəkilib yaxındakı stula əyləşdi. Hiss olunurdu ki, ondan çox çəkinir. Bu vaxt ağzı yeməklə dolu olan əri bağırdı:

 

- Ay qanmaz! Ay qan-maaaz! Korsan? Papağımın üstündə niyə oturursan?

 

Qız yerindən dik atıldı. Hiss etdim ki, mən olduğum otağa tərəf boylanmaq istəsə də, özünü toplayıb bunu etmədi. Həyəcanını izlədikcə ürəyim ağrıyırdı. Bir qız  sadəcə "ərdə olmaq" xətrinə bütün bunlara niyə dözür?  Bu yaşda nə vacib idi özünü oda atmaq?

 

Ər deyilən varlıq sonda qazlı şirədən içib bir dəfə gəyirəndən sonra  papağı başına keçirib iş yerinə qayıtdı.

 

Balaca qadın tez masanın üstünü yığışdırıb mətbəxə keçdi. Bir azdan işini bitirib mən olan otağa daxil olanda gözlərinin qızarmış olduğunu gördüm. Heç nə olmamış kimi davranmaq istədim:

 

- Söz deyirəm e, bayaq dediyin spreyi indi gətirdə bilərsən? Əslində, düz deyirsən, sonra tapmayacam.

 

O, cavab vermədən  yaxına gəlib çarpayıda - mənimlə üz-üzə əyləşdi. Yerə baxaraq titrək səslə  dedi:

 

- Əslində, mən də sənin kimi olmaq istəyirdim.

 

- Yəni?

 

- Sənin kimi ali təhsil almaq, iş qadını olmaq, kimsədən asılı olmadan yaşamaq istəyirdim. Öz ehtiyaclarımı  ödəyə bilmək istəyirdim...

 

- Bəs...

 

- Anamgil imkan vermədilər. Bunlar bizə elçi gələndə anam dedi ki, bir də belə şans ələ düşməyəcək. Bu imkansızlıqla, kirayələrdə yaşamaqla səni oxuda bilməyəcəm. Bundan əlini üz. Atam da onun dediyini dedi. Bu şansı qaçırmağı axmaqlıq bildilər. Əslində, mən orta məktəbdə çox yaxşı oxuyurdum.  Arzularım var idi. Həmişə fəal olmuşam.Tədbirlərdə aparıcılıq edirdim, təşkilatçılığım yaxşıydı. Kiçik hekayələr də yazırdım... Mən bu yaşda ailə qurmaq istəmirdim...

 

O, hələ də üzümə baxmadan danışırdı. Artıq olan olmuşdu. Bacardığım ancaq təsəlli vermək idi:

 

- Eh, şükür, nə olub ki? Ailən, gül kimi balan var, heç nəyin qayğısını çəkmirsən.

 

Dolmuş gözlərini üzümə dikib kədərlə gülümsədi:

 

- Nolar, mənə təsəlli verməyə çalışma. Sadəcə dinlə.

 

Susub dinlədim. Onun yumruq boyda ürəyində nə boyda ağrı, dərd yuva salıbmış. O, sevgiyə nə qədər möhtac idi. O, xoşbəxtliyin maskasını geyinməyə çalışırdı, bu yaşda bu məsuliyyəti çiyinlərində daşımağa məhkum idi... O, uşaq deyildi. Bayaq dodaq boyası ilə oynayan avam qızcığac indi yox olmuş, yerində ata-anasının, övladının, keçmişinin, gələcəyinin dərdini çəkən yetkin qadın əyləşmişdi...

 

Mən ümumiyyətlə, valideynlərin qızlarını erkən nikaha cəlb edərkən gətirdikləri bir bəhanəni heç vaxt anlamıram: "Saxlamağa imkan yox idi, məcbur qaldım". Bəzən rayon yerində  mal-qara saxlayanlar bu sözləri işlədirlər və kimsə də onları qınamır. Otunu, yemini almağa imkan yoxdur, xeyrindən çox ziyanını  görür, satır bir başqasına. O inək üçün fərqi yoxdur otu bu həyətdə yedi, ya başqa həyətdə. Müqayisəmə görə üzr istəyirəm. Bəs övlad?  Uşaqlığını doya-doya yaşamadan, gəncliyin dadını bilmədən ailə boyda məsuliyyəti necə qoya bilirsiniz onların bərkiməmiş çiyinlərinə? Bütün qızlarımız mənim yuxarıdakı həmsöhbətim kimi dözə bilirmi? Ayaqda durmağa çalışırmı? Əlbəttə ki, yox. Bir-iki il sonra qucağında iki körpəsi ilə geri qayıdan qızı bəs necə saxlaya bilirsiniz, ay "imkansız" valideynlər? Ya dözməyib ömrünün baharında canına qəsd edən balanızın taleyi rahat yaşamağınıza imkan verirmi? Yaxud bu qız kimi susub ömrünü sizin arzularınıza qurban edən balaların baxışındakı kədər, çiynindəki  dözülməz ağırlıq, heysiyyətinin tapdanması ağrıtmırmı sizi?  Bütün bunlar pullu bir oğlanla qohum olmaq üçündür. Bütün bunlar sadəcə "mənim də qızım ərə gedib" deyə bilməyiniz üçündür. "Yox" deməyin. Çünki bu halı tez-tez müşahidə edirik. Toy məclisləri ilə aram yoxdur. Həmişə qaçıram bu məclislərdən. Amma bəzən elə olur ki, qatılmağa məcbur oluram. 12-13 yaşlı qızlarınızı gözəllik salonunda 30-40 yaşlı qadın kimi bəzətdirib, uzun ətəkli, zərli-zibalı, sinəsi qabarıq ziyafət geyimləri, üstündə sərbəst gəzməyi belə bacarmadıqları hündürdaban ayaqqabılar  geyindirib fəxrlə toya gətirdiyinizi, çalınan hər musiqiyə oynamağa məcbur etdiyinizi, arxasıyca necə arsız-arsız irişdiyinizi, görüm qızıma kim baxdı fikri ilə ətrafa boylandığınızı çox görmüşəm. O qədər iyrənc səhnədir ki, bu. O qədər əcaib görünür ki, həmin  bəzəkli qızcığazlar... İmkansızlıq bir bəhanədir. Hamı yağ içində böyrək kimi bəslənmir. Rəfiqəsinin köynəyini, dostunun pencəyini geyinib dərsə gedən, bir kilo un alıb çörək bişirərək bir neçə günü onunla yola verən, bütün gününü bufetdən aldığı tək bir paxlava ilə ötürən universitet tələbələri  görmüşəm. Amma dözüblər, oxuyublar və bu gün hərəsi bir iş sahibidir. Çünki valideynləri arxalarında dayanıb, heç nəyi olmayanda da mənəvi dəstək olub, sabaha inam aşılayıb. Gülçöhrənin qızı ərə getdi, mənim qızım qaldı düşüncəsi ilə yaşamayıblar. Məni ağrıdan bilirsiniz nədir? Bu yazının yazıldığı zaman, vaxt. İllərdən bəri məlum mövzunun təkrar-təkrar qabardılması. Yəni hər dəfə buna ehtiyacın olması. Burada hamımız günahkarıq. Hamımız! Biri qızını 13 yaşında nişanlayanda susub keçən qohumlar, adı məktəb jurnalında olan şagirdin dəvətnaməsini götürüb onun toyuna gedən, bu qanunsuzluğa qarşı heç bir tədbir görməyən müəllimlər, məktəb direktorları, o toylarda bəh-bəhlə sağlıq deyib "7 oğul, 1 qız" istəyən əmilər, dayılar, erkən nigaha qarşı təşkil olunan tədbirləri görüntü xətrinə icra edib tələm-tələsik protokollaşdıran  təşkilatlar... Hamımız günahkarıq. Bu kimi halların çox olduğu kəndlərdə olmaq, söhbətlər aparmaq, valideynlərlə görüşmək, həyati misallar çəkmək, qanunları izah etmək, yeniyetmə qızlarla görüşlər keçirmək, hüquqlarını anlatmaq, təhsilə meylləndirmək lazımdır. Tədbirin qalmaqalsız, səliqəli alınması xətrinə 5-10  fəal qadını, idarə müdirini bir otağa yığıb bildikləri problemi təzədən onlara danışmaqla və bir-iki fotoşəkil çəkib paylaşmaqla bu problem həllini tapmayacaq. İşi ürəkdən görmək, təbliğat zamanı dinləyicini düzgün seçmək, onların etirazından qorxmamaq lazımdır.

 

O ki qaldı valideynlərə, övladlarınızın dəyərini bilin. Onların arzularını boğmayın. Gələcəklərini məhv etməyin. Sizin qucağınızın istisindən hələ doymayan, sizin sığalınıza ehtiyac duyan, sizin qayğınıza möhtac olan balalarınızı pula, vara, şöhrətə qurban verməyin. Vaxtsız soldurmayın onların gül üzünü. Qızlarınızın xoşbəxt görünməyinə yox, xoşbəxt olmağına  çalışın, analar! Xoşbəxt olmağına!

 

Məhsəti MUSA

525-ci qəzet.- 2020.- 12 avqust.- S.17.