Mədəniyyət
Nazirliyi ideya axtarışında .
Son
günlərdə aparılan kadr islahatları çərçivəsində
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə
təyin olundu və Mədəniyyət naziri vəzifəsinin
müvəqqəti icrası ona tapşırıldı.
Qeyd
edək ki, Anar Kərimov bundan öncə Azərbaycan
Respublikasının YUNESKO yanında daimi nümayəndəsi
vəzifəsini icra edirdi. Bir neçə gün öncə
Anar Kərimovu ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə
YUNESKO-nun baş ofisinin yerləşdiyi Fransada yaşayan və
mədəniyyət sahəsində aktiv fəaliyyət
göstərən həmyerlilərimizin Anar Kərimovun fəaliyyəti
ilə bağlı təəssüratlarını
oxucularımıza təqdim etdik.
Anar
Kərimov bu vəzifəyə təyin olunduğu ilk gündən
mühüm addımlar atmağa başladı. Onlardan biri də
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
idi.
Müraciətdə
bildirilirdi ki, ölkəmizdə, bütün sahələrdə
olduğu kimi, dövlət rəhbərliyinin yüksək
diqqət və qayğı göstərdiyi mədəniyyət
sahəsində də kompleks və sistemli islahatların həyata
keçirilməsi günün tələbidir.
İslahatların və görüləcək işlərin
daha keyfiyyətli və səmərəli olmasını təmin
etmək üçün mədəniyyətin müxtəlif
sahələrində fəaliyyət göstərən təşkilatlar
və fərdlərin iştirakı ilə məsləhətləşmələrin
aparılması və sahəvi inkişaf proseslərində
onların rəy və təkliflərinin nəzərə
alınması planlaşdırılır. Bu məqsədlə
nazirlik ictimaiyyətə üç sual ünvanladı:
1. Mədəniyyət
sahəsində siyasət və idarəetmədə gözləntiləriniz
nədir?
2. Mədəni
irsin mühafizəsi və inkişafı ilə bağlı
hansı təklifləriniz vardır?
3. Mədəniyyət
sahəsində yerli və beynəlxalq təbliğatın
gücləndirilməsi üçün nə kimi yenilikləri
təklif edərdiniz?
"525-ci
qəzet" ölkənin mədəniyyət və incəsənət
sferasının müxtəlif sahələrində
çalışan peşəkarlara mövzuyla bağlı
müraciət etdi və onların bu üç suala
cavablarını öyrəndi.
Bu
mövzuda ikinci yazını təqdim edirik.
***
Firudin
Allahverdi. bəstəkar:
- Mədəniyyət
sahəsində siyasət və idarəetmədə gözləntilərim
ilk növbədə dövlətin bu sahədə boynuna
götürdüyü yükün çoxundan
özünü azad etməsidir. Dövlətin mədəniyyət
və incəsənətlə bu dərəcədə
sıx əlaqəsi ötən əsrin 20-30-cu illərinə
xas trenddir və qərb cəmiyyətlərinin əksəriyyəti
60-70-ci illərdə buna son qoydu. Sadəcə olaraq, bizim də
daxil olduğumuz SSRİ-də bu proses getmədiyindən,
müstəqillik vaxtında isə başımız gah
müharibəyə, gah iqtisadi məsələlərə
qarışdığından bu sahədə islahatların zəruriliyinə
diqqət etmədik və bu - xeyli zərərli ənənə
indiyədək inersiya yolu ilə qalmaqda davam etdi. Bir sözlə,
nə qədər gecikmiş olsaq da, mədəniyyət və
incəsənət sahəsində ciddi Desovetizasiya prosesinə
ehtiyacımız var. Sovet İttifaqından qalmış
bütün "ənənələr" təftiş
olunmalı və saf-çürük edilməlidir. Bu sahədəki
bir çox ənənələrin - idarəetmədən
tutmuş dövlət-sənətkar münasibətlərinə
qədər - çoxunun kökü Sovet İttifaqı kimi
qeyri-adi dövlətin ən şübhəli zamanında
-1930-cu illərdə qoyulub. Sağlam məntiq deyir ki, bu ənənələr
XXI əsrin 1-ci rübünün bitməsinə az
qaldığı bir zamanda faydalı və effektiv ola bilməz.
Mədəni
irsin mühafizəsi və inkişafı ilə bağlı
təkliflərim əsasən bu sahədə qabaqcıl
ölkələrin təcrübəsindən yararlanmaqdır.
Heç kəsdən gizli deyil ki, bəzi maddi mədəniyyət
irsimizin təmiri və yenilənməsi zamanı müəyyən
səhvlərə yol vermişik. Hansısa abidəni
ehtiyatsızlıqla "şlifovka" edib eybəcərləşdirmiş,
hansınısa "yevroremont" edib qədimliyindən əsər-əlamət
qoymamışıq. Amma əgər söhbət qeyri-maddi
irsdən gedirsə, düşünürəm ki, onun
mühafizəsi ilə bağlı o qədər də narahat
olmağa dəyməz. Musiqi sahəsindən, məsələn,
muğamdan misal çəkim. Azərbaycan muğamının
son 120 illik dövrü çox yaxşı qeydə
alınıb. Yəni əgər bu gün kimsə Cabbar
Qaryağdıoğlunun "Heyratı"nı, ya da Xan
Şuşinskinin "Mirzə Hüseyn Segahı"nı necə
oxuduğunu bilmək istəsə, sadəcə Yutuba girməsi
kifayətdir. Amma bunun inkişafı barədə nəsə
demək də, etmək də çətindir. Sənətin
inkişafı, adətən, proqnozlaşdırıla bilməyən
şəkildə baş verir. Nə qədər proqramlar
yazılsa, planlar qurulsa da, yenə də cəmiyyətin
gözlənilməz seçimləri, habelə xarici mədəni
təsirlər öz sözünü deyir.
3-cü
məsələ barədə onu deyərdim ki, bu gün təbliğatın
heç bir xeyri olmur. Xüsusilə də bunun təbliğat
məqsədli olduğu hiss olunanda. Biz harada öz mədəniyyətimizi
təbliğ etmək istəyirik? Qabaqcıl ölkələrdə,
elə deyilmi? Onların isə böyük kolonial təcrübəsi
olduğundan, dünyanın altını da, üstünü
də bilirlər. Necə deyərlər, üzləri üzlər
görüb... Biz kifayət qədər vəsait sərf edib,
"özümüzü təbliğ etməyə"
çalışırıq, onlar isə sonda quruca "o...
sizin qədim mədəniyyətiniz var" deyib, yenə də
öz işləri ilə məşğul olmağa davam edirlər.
Bilmək də olmur ki, onlar o "qədim" ifadəsini
hansı mənada istifadə etdilər.
Ondansa
mədəniyyətimizin eksportu barədə düşünməliyik.
İndiyədək torpağımızın altındakı
maddi sərvəti eksport etdiyimiz kimi, bundan sonra da
torpağımızın üstündəki qeyri-maddi sərvətin
eksportunun yollarını tapmalıyıq. Elə etməliyik
ki, mədəniyyət xaricdən ölkəmizə valyuta gətirə,
idxalın mühüm faktoruna çevrilə bilsin.
Sözsüz, bu, çətindir, bunun üçün əvvəlcə
yaxşı və incəliklə
düşünülmüş strategiya qurulmalıdır;
strategiya qurulmazdan öncə isə dünyadakı mədəniyyət
biznesi detallı şəkildə monitorinq edilməlidir: nə
və necə "satılır"? Təsadüfi deyil ki,
bir çox qabaqcıl ölkələrdə dövlət sənət
xadimlərini məhz bu parametrlərə görə
mükafatlandırır.
Fehruz
Şamıyev, Bakı Beynəlxalq Qısa Filmlər
Festivalının direktoru, prodüser:
-
Doğrusu, hələlik mədəniyyət sahəsində
görünən budur ki, nazirin səlahiyyətlərini icra
edən Anar Kərimov yaşlı əməkdaşları
işdən uzaqlaşdırmaqdadır. Bu da onu deməyə əsas
verir ki, nazir müavini gənc kadrlarla işləməyə
daha çox üstünlük verəcək. Düşünürəm ki, ilk
olaraq tarixi abidə və muzeylərimizlə bağlı yeni
iş planları hazırlanacaq. Hələlik sadəcə
intuisiyam bunu deməyə əsas verir ki, yeniliklər sürətlə
olacaq. Amma haradan başlanacaq, harada bitəcək, bu haqda fikir
bildirmək çətindir.
Yerli
və beynəlxalq təbliğatın gücləndirilməsi
barədə onu deyə bilərəm ki, ölkəmizin
dünyada mədəniyyət mərkəzlərindən biri
olmasını, sivil, tolerant bir ölkə olmamızı
nümayiş etdirmək üçün təkcə
hansısa elmi praktik konfranslar, forumlar keçirilməli deyil.
Məlumdur ki, hansısa forum və ya konfrans
iştirakçısı bura gəlir və bir neçə
gündən sonra başqa bir ölkədəki toplantıya
gedir və bu tip insanlar öz ölkələrindəki
insanlara ölkəmiz haqqında çox az məlumat
ötürə bilirlər. Azərbaycanı dünyaya sivil
bir ölkə kimi tanıtdırmağın yolu beynəlxalq
mədəni layihələrdir. Başlıca olaraq kino bu
istiqamətdə ən vacib sənət növüdür.
Xarici televiziyalarla əlaqə, xarici kino şirkətləri
ilə müştərək layihələrin
reallaşması çox vacibdir. Bu layihələr bizim
haqqımızda milyonlarla xarici vətəndaşa
informasiyanın çatdırılmasına səbəb olur.
Ölkəmizə gəlmədən baxdığı filmdə
adətləri, coğrafiyamızı tanımış,
görmüş olacaq. Bu, həm ölkəyə turist
axınına səbəb ola bilər, həm də ölkəmizin
dünyadakı portretini cızmış olacaq.
Yerli
və xarici dildə fəaliyyət göstərən operativ
informasiya saytları yaradılmalıdır. Xüsusən
xarici dillərdə. Bizim dünyanın aparıcı dillərində
fəaliyyət göstərən informasiya
portallarımız, kiçik təqdimat videolarımız yetərincə
deyil. Bu sahədə ciddi boşluqlarımız var. Ola bilər
ki, hansısa tarixi abidə və ya mətbəximizdən sənədli
filmlər hazırlanıb. Amma indi internet üzərindən
qısa və operativ videomaterialların nəfis təqdimatı
daha çox izlənilir. Fikrimcə, müasir dünyadakı
medianın rolunu qiymətləndirmək lazımdır.
İnternet üzərindən ölkəmiz haqqında xarici
dillərdə yetərincə videomateriallar
yayılmalıdır. Axtarış platformalarında Azərbaycan
adı gələndə başqalarının
haqqımızda hazırladığı mənfi xüsusiyyətli
videolar yox, öz hazırladığımız
görüntülər ilk olaraq önə
çıxmalıdır. Bütün bunlar mədəniyyətimizin
informasiya siyasətidir, onun bir parçasıdır.
Xarici
mediada özümüzü təqdim etməyi bacarmalı,
xarici, beynəlxalq festivallarda sənədli və bədii
filmlərimizlə mütləq iştirak etməli və bunun
üçün də müştərək layihələrə
daha çox yer verməliyik. Bundan başqa, xarici şirkətlərin
Azərbaycanda film istehsalına birbaşa şərait
yaratmalı, onlara müxtəlif güzəştlər verməliyik.
Audiovizual məhsulların istehsalında Azərbaycanın
coğrafi üstünlükləri çoxdur. Amma biz hələ
də bu imkanlardan istifadə edə bilmirik. Bu yaxınlarda
dünyaca məşhur "Sonuncu krallıq"
serialını izləyirdim. Məlum oldu ki, həmin serial
Macarıstanda çəkilir. İngiltərə şirkəti
özləri haqqında olan tarixi serialı Macarıstanda
çəkir. Çünki macar hökumətinin şərtləri
onlar üçün daha uyğundur, orada istehsal daha ucuz
başa gəlir deyə şirkət Macarıstana üz tutub.
Bu amillər vacibdir. Azərbaycan, dediyim kimi, həm coğrafi
həm də müştərək istehsal baxımından
xarici şirkətlərlə əməkdaşlıq etməlidir.
Düşünürəm ki, bu istiqamətdə yetərincə
görülməli işlər var.
Sevda
Sultanova, kinoşünas, yazar:
-
Kino sahəsində ilk növbədə kadrlarla bağlı
islahat gözləyirəm. Amma bu kadrlar təkcə peşəkar
deyil, həm də vicdanlı olmalıdır ki, kino siyasətində
uğurlar əldə edə bilsinlər. Müstəqil maliyyə
ilə film çəkən rejissorlara ən azından texniki
dəstək göstərilməlidir. Yeni fikirlərə
açıq olsunlar.
Bizdə
sənədli və qısametrajlı filmlər festivalları
keçirilir ki, onların genişləndirilməsini istərdim.
Azərbaycan Qafqazda yeganə ölkədir ki, tammetrajlı
filmlər festivalı yoxdur. Bu, bizim üçün
utancvericidir. Çünki festivalın olması kino prosesinin
yaranmasının əsas təkanvericisidir və ölkə
filmlərinin dünyaya çıxmasına şərait
yaradır.
Mədəni
irsin mühafizəsi də önəmli məsələdir.
Bir neçə film var ki, onları axtarmışam, amma tapa
bilməmişəm. Onlardan biri "Firəngiz" filmidir.
1975-ci ildə çəkilib, amma heç yerdə yoxdur.
1975-ci ilin filmi necə olmaya bilər? Bildiyimə görə,
Moskvadadır. Bir ara ordakı filmlərin tapılıb gətirilməsini
elədilər, amma davamlı olmadı. Bu cür filmlərin
yenidən tapılıb üzə
çıxarılmasını istərdim. Çünki
bunlar bizim irsimizdir.
Ondan
başqa, XX əsrin ortalarına aid sənədli
xronikalarımız var. Düzdür, ideoloji plandadır, amma
önəmli deyil, yenə də tarixdir. Bunların
yayılmasını, əlçatan olmasını istərdim.
Vaxtilə
yazmışdım ki, bu gün Mədəniyyət Nazirliyinin
görməli olduğu ən vacib məsələ Azərbaycanın
"Eurimages" fonduna üzv olmasıdır. “Eurimages” Avropa
Şurasının 1988-ci ildə yaratdığı fonddur.
Fond bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi
verir, filmlərin müştərək istehsalını, prokatını
təşkil edir, distribusiyasına yardım göstərir.
İstehsal olunan filmlər isə nüfuzlu festivallarda
nümayiş olunur, mükafatlara layiq görülür. 40-a
yaxın ölkə “Eurimages”in üzvüdür.
Eyni
zamanda, Azərbaycan kinosunun dünyaya çıxması
üçün gənc, istedadlı rejissorlara dövlət dəstəyi
olmalıdır. Nazirlik bunu etsə, ən böyük işi
görmüş olacaq.
Qəmər
Bağırova, Cəfər Cabbarlı Ev Muzeyinin direktoru:
- Azərbaycan
öz zəngin mədəniyyəti ilə müxtəlif
istiqamətlərdə formalaşıb. Bu istiqamətləri
daha da inkişaf etdirmək üçün müəyyən
yaradıcı təcrübəsi olan, milliliklə
yanaşı yeni ideyalı kadrların bacarığı nəzərə
alına bilər. Mədəniyyətin hər bir vacib sahəsinə
eyni səviyyədə münasibət, mövcud problemlərə
vaxtında müdaxilə işin müsbət həllinə
kömək edə bilər.
Mədəni
irsin mühafizəsi hər bir vətəndaşın
borcudur. Bu baxımdan maarifləndirmənin daim diqqətdə
saxlanması vacibdir.
Mədəni
sahədə yerli və beynəlxalq təbliğatın
gücləndirilməsi məsələsində maraqlı
işlər görülə bilər. Mədəniyyətin
vacib sahələrindən olan kinonun, teatrın, musiqinin, o
cümlədən, mədəni irsimizin qoruyucuları olan
muzeylərin işi bu baxımdan müəyyən diqqət tələb
edir. Ölkəmizdə keçən əsrin 80-cı illərindən
yaradılan və Azərbaycanın bir sıra görkəmli
şəxsiyyətlərinin, elm, mədəniyyət və
incəsənət xadimlərinin həyat və
yaradıcılığını əks etdirən muzeylər
zəncirini diqqətə çatdırmaq istərdim. İlk
baxışdan kiçicik görünən bu sənət
ocaqları mədəniyyətimizin çox önəmli bir
dövrünü qoruyur. Həmin muzeylərin yüksək səviyyədə
bərpası, fond materialları əsasında beynəlxalq aləmdə
sərgilərin təşkili, mövzu ilə bağlı
müəyyən ədəbiyyatın xarici dillərə tərcüməsi
ölkəmizlə yanaşı, xaricdə də həm milli ədəbiyyatımızın,
musiqimizin, təsviri incəsənətimizin və başqa
önəmli sahələrin təbliğinə, eləcə
də görkəmli şəxsiyyətlərimizin
tanınmasına kömək edə bilər. Bu sahədə
beynəlxalq konfransların təşkili də diqqətdə
ola bilər. Müasir dövrdə elektrotexnikanın
inkişafı fonunda elektron vasitələrdən geniş
istifadə olunması da vacibdir.
Yusif
Mirzə, rəssam:
- Azərbaycan
mədəniyyətinin qorunması, inkişaf etdirilməsi, zənginləşdirilməsi
və təbliği bizim üzərimizə düşən
missiyadır. Bu tərəqqi üçün çox real
imkanlar var. Əvvəla, indi müstəqil ölkəyik.
Bütün sahələrdə olduğu kimi, burada da tamamilə
müstəqil siyasət yürüdən hakimiyyət və
onun marağı, iradəsi var. Prezident cənab İlham
Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər
zaman Azərbaycan mədəniyyətinin qoruyucusu, himayədarı
kimi fəaliyyət göstərirlər. Dövlət tərəfindən
hər zaman vəsait ayrılır, kömək göstərilir. Fikrimcə, mədəniyyətin
inkişaf konsepsiyası hazırlanması üçün
müxtəlif sahələrin mütəxəssislərindən,
elm və sənət adamlarından, iqtisadçılardan
istifadə olunmalıdır. Problemlər
araşdırılmalı, onların aradan
qaldırılması yolları tapılmalı,
özünü doğrultmayan, effekti olmayan metodlardan imtina
olunmalıdır. Mədəniyyət təhsil, kitab,
poliqrafiya, iqtisadiyyat, turizm kimi sahələrlə sıx
bağlıdır. Bu bağlılıqlar, inteqrasiya öyrənilməli,
planlar, lahiyələr tərtib olunmalı, əməli
işlər görülməlidir. Ayrılan dövlət vəsaitinin
təyinatı üzrə xərclənməsinə ciddi nəzarət
olmalıdır. Bu istiqamətdə dövlət
başçısının nəzarəti ilə
başlayan, həyata keçirilən tədbirlər var. Bu tədbirləri,
kadr dəyişikliklərini alqışlayırıq. Vəziyyətin
yaxşılaşmasına ümid bəsləyirik. Mədəniyyətin
qorunması, inkişafı işini təkcə dövlətin
üzərinə qoymaq düzgün deyil. Bütün ictimaiyyət
bu işdə maraqlı olmalıdır. Potensial imkanlardan
istifadə olunmalı, biznesin bu sahəyə cəlb
olunması təşviq olunmalıdır. Mədəniyyətin
inkişafına vəsait xərcləyən biznesmenlərə
güzəştlər verilməlidir. Yaradıcı sənət
adamları üçün şərait yaradılmalı,
qayğı göstərməlidir.
Mədəni
irsin qorunması həm ölkənin, xalqın imic məsələsi,
həm tariximiz, qan yaddaşımız, həm də gələcək
nəsillərə mirasdır. Ciddi dövlət nəzarəti
ilə bərabər, ictimai nəzarət olmalıdır.
Media bu işi daim diqqətdə saxlamalı, ikrah doğuran
şou biznes xəbərlərindən, dedi-qodulardan imtina edərək
ölkə və xalqımız üçün vacib, həyati
əhəmiyyətə malik məsələləri
işıqlandırmalıdır.
Rastlaşdığımız acı təcrübə
göstərdi ki, biz öz irsimizə sahib çıxmasaq, bədnam
qonşularımız onu məharətlə
mənimsəmək qabiliyyətinə malikdirlər. Bu sahədə
dövlətin həyata keçirdiyi tədbirlər vacib və
əhəmiyyətlidir. Yaxşıdır ki, son dövrdə
insanlar bu məsələyə diqqət yetirir, sosial şəbəkələr
vasitəsiylə öz fikirlərini, narahatlıqlarını
bildirirlər. Təəssüf ki, olduqca gözəl sənət
əsərləri gözlərimiz qarşısında məhv
edildi, dağıdıldı. Onların arasında unikal divar
rəsmləri, mozaik pannolar, heykəltəraşlıq əsərləri
vardı. Məncə, hansı dövrdə yaranmasından
asılı olmayaraq, onlar qorunmalı və gələcək
nəsillərə çatdırılmalıdır. Onsuz da
işğal olunmuş ərazilərimizdə yüzlərlə,
minlərlə sənət əsərləri oğurlanıb,
talan edilib və yaxud məhv olub. Oğurlanmış sənət
əsərlərini indi düşmənlərimiz öz
adlarına çıxırlar. Mədəni irsin qorunması
üçün lahiyələr işlənib həyata
keçirilməlidir. Vaxtilə Norveç və Azərbaycanın
birgə layihələrində iştirak etmişəm. Bunlar
musiqi proyekti və Şəkidə Kiş kilsəsinin, Qəbələdə
Nic kəndində kilsənin bərpa lahiyələri idi.
Şahidiyəm ki, bu layihələr Azərbaycanın mədəni
irsinin, tarixinin Norveçdə, Skandinaviyada, dünyada təbliğ
olunması üçün necə böyük əhəmiyyət
daşıyır. Mədəni irsin qorunması işində
Heydər Əliyev Fondunun və fondun Prezidenti Mehriban Əliyevanın
gördüyü böyük işləri qiymətləndirmək
lazımdır. Onun Azərbaycan muğamı üçün
etdikləri ən yüksək alqışlara layiqdir.
Mədəniyyətin
təbliğatı kampaniya şəklində deyil, davamlı
proses olmalıdır. Təbliğat işi qurulmalı, xalq
öz sənətkarlarını, sənət əsərlərini
tanımalıdır. Bunun üçün bütün
imkanlardan istifadə olunmalıdır. İctimaiyyətin bu
işə geniş marağına nail olmaq lazımdır.
Bunun üçün formalar tapılmalıdır. Təhsil sahəsində mədəni sərvətlərin,
irsin, incəsənət əsərləri, sənətkarların
tanıdılması, təbliği istiqamətində iş
aparılmalıdır. Körpə yaşlardan, uşaq
bağçalarından başlamaq lazımdır. Uşaq və
gənclərin marağına, həvəslərinə diqqət
yetirilməlidir. Onların yaradıcılığa həvəsləndirilməsi,
yaradıcılıq işlərinin qiymətləndirilməsi
üçün mütəxəssislərin təcrübələrindən,
biliklərindən istifadə olunmalıdır. Mədəniyyətin
və incəsənətin xarici ölkələrdə təbliğinə
böyük ehtiyac var. Şübhəsiz, ayrı-ayrı sənətkarların,
yaradıcı insanların uğurları az deyil. Lakin bu
uğurları artıraraq, genişləndirərək
bütövlükdə ölkəmizin uğuruna çevrilməsinə
nail olmalıyıq. Bu işdə xarici ölkələrdəki
Azərbaycan diasporunun potensialından da yararlanmaq olar. Artıq
heç kimə sirr deyil ki, Azərbaycan incəsənətinə,
musiqisinə, tarixinə xarici ölkələrdə
böyük maraq var. Mən rəssamam və öz
müşahidələrim, şəxsi təcrübəm əsasında
deyə bilərəm ki, maraq çox böyükdür. Biz
öz nailiyyətlərimizi kifayət qədər
professionallıqla xarici ölkələrdə təbliğ və
təqdim etməliyik. İnanıram ki, gözəl nəticələr
əldə edəcəyik. Məsələn, heç
ağlıma da gəlməzdi ki, rəsmlərim Pikassonun,
Tamayonun, Uorhollun, Pollokun və Amerika avanqardının digər
korifey sənətkarlarının əsərləri ilə
bir sırada asılsın. Amma bu, bir həqiqətdir və Azərbaycan
incəsənətinin gücünü göstərir. Sadəcə
işləmək, çalışmaq və məqsədə
doğru can atmaq lazımdır.
Nüşabə
Ələkbərova, Səbail rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru:
- Mədəniyyət
cəmiyyətin maddi, mənəvi, intellektual və emosional
xüsusiyyətlərini müəyyənləşdirən mənəvi
dəyərlər sistemidir. Kitabxanalar isə mədəni
işin ayrılmaz bir sahəsi, xüsusi istiqamətləri
olan mədəni-maarif prosesidir. Bu sahədə
yürüdülən siyasət və onun idarə edilməsi
bütün kitabxana işini və kitabxana sistemini əhatə
edir. Müasir mərhələdə kitabxana işində
siyasət və idarəetmənin daha da inkişaf etdirilməsi
sahəsində yeniliklərin tətbiqini gözləyirik.
Hesab edirik ki, kitabxanaların fəaliyyətinə, mövcud vəziyyətinə,
maliyyə imkanlarının artırılmasına xüsusi
diqqət verilməlidir. Bu işdə kitabxanaların büdcədənkənar
fondlarının formalaşdırılması və
qeyri-dövlət dəstəyinin də gücləndirilməsi
çox vacibdir. "Kitabxanaların qeyri-dövlət
inkişaf fondları
haqqında" qanunun hazırlanması daha yaxşı
olardı. Belə ki, bu, bir çox ictimai təşkilatların,
müəssisələrin və fiziki şəxslərin
kütləvi kitabxanalara könüllü
ayırmalarını və yardımlarını qanuniləşdirər
və kütləvi ktabxanaları da dövlətə gəlir
gətirən müəssisələrə çevirərdi.
Kitabxanaların ədəbiyyatla komplektləşdirilməsi
mühüm məsələdir. Kitabxana fondları yalnız bədii
və uşaq ədəbiyyatından deyil, həm də elmi və
elmi-kütləvi ədəbiyyatdan, dərslik və dərs vəsaitlərindən
də ibarətdir. Məhz buna görə də elmi,
elmi-kütləvi ədəbiyyatın kütləvi şəkildə nəşr
olunmasının həyata keçirilməsi fondların zənginləşdirilməsinə
yaxından kömək edə bilər. Bu gün uşaq
yazıçılarının sayı, uşaqların həyatı,
dünyagörüşü, psixologiyasını bədii
şəkildə oxuculara çatdıran kitablar çox
azdır. Elə buna görə də kitab fondlarına
müasir uşaq ədəbiyyatı nümunələri az
daxil olur. Kitabxanaların elektron
kataloq və elektron fondlarının
formalaşdırılması və aparılması
qaydaları təkmilləşdirilməli, onlardan istifadə
qaydaları istifadəçilər üçün daha rahat
və əlverişli olmalıdır. Kitabxanalar kompüter və
şəbəkə avadanlıqları ilə təmin edilməlidir.
Onlayn rejimdə oxuculara yüksək səviyyədə xidmətin
göstərilməsi üçün yalnız internetə
qoşulmaq kifayət deyildir. Kitab fondunu oxucuların
qarşısında açmaq, sorğularına uyğun ədəbiyyatı
vaxtında və lazım gəldikdə, uzaq məsafədən
çatdırmaq, nəşrlərin tammətnli elektron
resursları işlənib hazırlanmalıdır. Buna görə
də, rəqəmsal aparatlar, robot-skaner və digər
texnoloji avadanlıqlarla təmin edilmə bütün kütləvi
kitabxanaların maraq dairəsindədir. Kütləvi
kitabxanaların kadr təminatında peşə-ixtisas təhsili
olan şəxslərə daha çox üstünlük
verilməlidir. Kitabxanaçıların peşə təhsilinin
və biliyinin yüksəldilməsini təmin etmək
üçün müxtəlif təhsil proqramlarının
hazırlanması, ixtisasartırma kurslarının yenidən
dövlət səviyyəsində təşkil olunması da
günün vacib tələbləri sırasındadır.
Kitabxanaçı Gününün qeyd olunması
kitabxanaçı əməyinə verilən ən
yaxşı töhfələrdən biri hesab olunar. Həmin
günün 1894-cü ildə görkəmli
yazıçı-dramaturq, ictimai və dövlət xadimi Nəriman
Nərimanovun Azərbayanda ilk milli ictimai qiraətxananın
açdığı vaxtda - avqust ayında qeyd edilməsi
yerinə düşər. Kitabxana işi sahəsində layihələrin
hazırlanması həyatın tələbinə
çevrilib. Kitabxana binalarının təmir edilməsi də
diqqətdən yayınmamalıdır. Hazırda bu fəaliyyət
sahəsində yeni quruculuq işlərinin aparılması
üçün qarşıya qoyulacaq tələblər
bütün kitabxanaların diqqət mərkəzindədir.
Kitabxanalar
mədəni irs obyektlərinə daxil olan müəssisələrdən
biridir. Onlar qeyri-maddi mədəni irs nümunələrini
özündə saxlayır. Respublikanın aparıcı
kitabxanaları ilə yanaşı, kütləvi
kitabxanalarında da çoxlu sayda az istifadə olunan, lakin hələ
də ehtiyac duyulan elmi, tarixi və bədii əhəmiyyətini
saxlayan nəşrlər var. Həmin nəşrlərin gələcək
nəsillərə ötürülməsi üçün onların
düzgün mühafizəsi əhəmiyyətlidir. Onlar eyni
zamanda, oxucu sorğularının daha ətraflı ödənilməsində
mühüm rol oynayırlar. Buna görə də kitab
fondları ilə bağlı məsələlər həmişə
diqqət mərkəzində olmalıdırlar. Kitabxanalar mədəni-tarixi
yaddaşımızın daşıyıcıları
olduğuna görə bura təşkil olunan ekskursiyaların
sayı da artırılsa daha yaxşı olar. Bu,
diyarşünaslıq turizminin inkişafına, yüksək
mənəvi mövqeyin formalaşmasına kömək edə
bilər. Mədəni irsin mühafizəsi və
inkişafı məqsədilə kitabxanalar muzeylər,
teatrlar, qalereyalarla işlərini daha səmərəli
qurmağa çalışmalıdırlar.
Kütləvi
kitabxanalar kitabxana işi sahəsində ictimai birliklərlə,
qeyri-hökumət təşkilatları, müxtəlif fondlarla
əməkdaşlıq edə bilirlər. Kitab fondları
keçirilən müxtəlif tədbirlərdə ətraflı
təbliğ edilir. Bu əlaqənin daha da genişləndirilməsi
çox yaxşı olardı. Kitabxanalar beynəlxalq kitabxana
təşkilatlarının işində, xarici ölkə
kitabxanalarının təcrübə mübadiləsində
yaxından iştirak edirlər. Kitabxana işi sahəsində
kitabxanalararası beynəlxalq əməkdaşlığın
daha da genişlənməsini istərdik. Beynəlxalq kitabxana
təşkilatlarının, Avropa və Amerikanın milli, ali
məktəb və ictimai kitabxanalarının
hazırladığı layihə və proqramlarla, xarici dillərdə
yazılmış və kitabxana .
Müşfiq Şahanə
.
525-ci qəzet.- 2020.-
15 avqust.- S.15.