Yazıçı Şain Sinarianın yeni kitabı çap olundu

 

Bu günlərdə Fransada yaşayan həmyerlimiz kinorejissor, yazıçı Şain Sinarianın "Bir ömür iki tale" kitabı işıq üzü görüb.

 

"Teas PRESS" nəşriyyatında çap olunan kitab İkinci Dünya müharibəsində iştirak etmiş həmyerlimiz, Fransada "Akmed Mişel" adı ilə tanınan "Xarqo" ləqəbli Əhmədiyyə Cəbrayılov haqqındadır.

 

1966-cı ildən indiyədək, yəni 50 ildən çoxdur televiziyada, radioda, mətbuatda, kitab filmlərdə əfsanəvi qəhrəman kimi təqdim olunan, Fransa prezidenti Şarl de Qollun dostu silahdaşı sayılan, "Fransanın Milli Qəhrəmanı" adlandırılan bu adam əslində, kim olub? Necə olub ki, 21 yaşında orduya çağırılan bu gənc azərbaycanlı aqronom Fransanın azadlığı uğrunda vuruşub? Doğrudanmı Hitler Almaniyası onun başına 10 min mark pul qoyub? Onun de Qoll ilə dostluğu həqiqət idimi? Fransa Kommunist Partiyasının rəhbəri Moris Torezlə şəxsi tanışlığı barədə deyilənlər doğrudurmu? Yalan idisə, bu, kimlərin fantaziyasının məhsulu idi? Bu insan niyə yalnız 1966-cı ildə - müharibədən 21 il sonra yada düşdü? Sovet İttifaqı Qəhrəmanı adı verilməyən bir adama üçün "əfsanəvi qəhrəman" deyirlər?

 

II Dünya müharibəsində ad qazanmış azərbaycanlılar arasında Əhmədiyyə Cəbrayılov qədər təzadlı taleyi olan, həyatı da, ölümü ağlasığmaz əhvalatlarla zəngin ikinci bir şəxs yoxdur. Onun oxuculara ilk dəfə təqdim olunan bu rəsmi bioqrafiyası çoxillik araşdırmaların nəticəsidir. Fransa arxivlərindən tapılan materiallar, muzeylərdəki tarixi sənədlər, habelə fransız tarixçiləri Akmed Mişelin cəbhə yoldaşları ilə söhbətlər əsasında yazılmış bu kitabda oxucu Əhmədiyyə Cəbrayılovun əsl kimliyi barədə müfəssəl bilgi ala biəcək.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2020.- 15 avqust.- S.18.