Rəhman Mirzəlizadənin
şeirləri
özümdən yaşca
böyük bir sükutla
silkələyib tökürəm
nar budağındakı
qarışqaları.
yandırın məni
bir qarışqa yuvasına ac qayıtsa...
bir gün getsəm,
kimsəsiz kitablarıma
bağışlayın məni...
sərgərdan günəşin
qürub çağı
göy üzün
də buraxdığı
narıncı ləkələrdən
süzülüb gəlir
bu hüzn.
yenə öz zirvəsinə çəkilmiş
bir dağ -
hamıdan, hər
şeydən uzaq
yaşayır öz tənha yüksəkliyini...
mənsə...
bax bu qocaya -
çaldığı neyə
ikicə dəfə
dodağını vurmaqdan
iyrənəcək qədər
nifrət edir özünə...
özünü əynindən
çıxarıb yuyası
gəlir adamın,
sonra zivədən asmağı...
zivənin altına
tutub ağzını
özündən damcı-damcı
süzülən suyu
içəsi gəlir
adamın...
söndür işığı,
anam...
qaytar məni bətninə;
dünyada başlamayan
varlığıma...
dəli edir adamı
kimsəsiz küçəni
işıqlandıran lampanın
şüursuzluğu..
söndür işığı,
anam...
qaytar məni bətnindəki qaranlığıma...
***
görəsən, atılmışlar
hələ də tənhadırmı?
yenə uzaqdan gəlir at ayağı səsləri
bu yollar uzun çəkdi, bu yollar xatırladır
işgəncə otağına
aparan dəhlizləri...
alçaldılmış bir bədən.. sahilə
vurmuş ömür...
günahdan qorxmayana
ölüm cazib görünür
tənhalıqdan üşüyən
kəfəninə bürünür
iz də yoxdur... Saxlamır kəfən barmaq
izləri.
azadlıqdır hamıdan
tək yaşamaq əzabı
azadlıq simvoludur
sınıq, külsüz
külqabı
neyləyir tənha
insan müstəhəbi,
savabı?
tanrının mərmisindən
ayrılıb gilizləri.
***
çöl qumrularının
qanadlarının altını
təmizlədiyini görüb
heyrət etdim onların bu həyat sevgisinə
və təəssüfləndim
qanadımın olmadığına...
zivədə asılmış
qupquru uşaq paltarlarını qucaqlamaq
da bəs etmədi
özümü durulamağa...
dişin damağa
pərçimləndiyi kimi
bərkindim sənə...
ümid yenə də
kəlbətinin paslı
insafına qaldı.
"uzaq" deyəndə
ağlıma üfüq
xətti -
yə
ni uzağın ən əlçatmaz halı gəlir.
biz üfüq xətkeşiylə
ayrı düşdük
bir-birimizdən
bəs kim, hardan tapıb bu boyda xətkeşi?
mənə görə,
dünyanın bütün
yolları,
su boruları,
və sevgiləri
üfüq xəttindən
keçir.
indi isə üfüqə doğru,
"8"
yazan addımların içində
diksindim bir anlıq,
külək qumları
üzərinə düşən
kölgəmlə birlikdə
apardı sandım.
mən uduzmaq üçün girdiyim savaşı
qazandım, Sev...
saatın divara söykənən,
yəni,
zamanın ən bulanıq tərəfi
necə də doğmadır mənimçün.
Sev, mən hər dəfə qaldığım
yox,
qayıtdığım yerdən
başlayıram yaşamağa...
***
Gecə işıqları və sərçə.
qaranlığı qurcalayan
bir fənər
sərçə olub ovucunda gizlənər
susub gecə...Susub sərçə...Susub fənər...
bir də sən...
(saçlarının arasında işıldaquş
görsənər...)
xırdalanar uşaqlığa,
qocalığa işıqlar
hərəsi bir soyuq ələ sərçə olar,
hərəsi bir qaranlıqda işıldar...
fənər, görən,
hara sarı dartınır?
yorğun-arğın sarı işıq
ovucundan uzaqlara incələr...
əlindəki o sərçənin
bəlkə canı sıxılır?
aman allah, darıxmasın sərçələr!...
ölü gecə!
yanmış saman qoxusu da darıxdırır
adamı...
baş qatmaqçün
yorğun-yorğun
yandırasan-söndürəsən fənəri...
tənhalığın gecəsini
gündüzünə qatasan!
bezikəsən...
axırda da
o sərçənin dimdiyindən
öpüb sonra yatasan...
ha qovuram, fikir çıxmır başımdan:
görəsən, əlindəki
fənərdir, yoxsa sərçə?
fənərdirsə, işıq
niyə darıxır?
sərçədirsə, üşüyürmü
eləcə?..
***
indi hardasa
bir uşağın
beyni hamilədi,
özünə ana doğmaq istəyir...
sancı qarında
olanda doğuş,
beyində olanda
ölüm olur...
***
Qəbiristanlıqda.
eheeyy!..
hansınızın ölülüyü çatar
mənimlə yarışmağa?!.
***
bir azdan
azad olacağıq...
aşırdın taburetləri!
***
necə də
azadıq!
yerə çəkilmiş
quş şəkili
kimi...
***
elə bilirəm,
mən ölsəm,
cəmi 3-4 ac
uşaq qalacaq dünyada...
Mirzəlizadə Rəhman
525-ci qəzet.- 2020.-
15 avqust.- S.25.