Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən alim

 

Bir vətənin və millətin varlığının əsas şərti övladlarının onun yolunda göstərdiyi fədakarlıqdan asılıdır. Biz  Vətən sərhədlərində sinəsini sipər edən əsgərlərimizlə qürur duyduğumuz kimi, mənəvi dəyərlərimizin, mədəniyyət və elmimizin sərhədlərində dayanan və bu dəyərlərin coğrafiyasını böyüdüb inkişaf etdirən ziyalılarımızla da hər zaman qürur duymuşuq.

 

Belə işıqlı şəxsiyyələrdən biri də istedadlı alim və fədakar pedaqoq, haqqında keçmiş zamanda söz açmaq istəmədiyimiz filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Jurnalistlər birliklərinin üzvü, fəal ictimai xadim, 55 yaşının tamamına iki ay qalmış ikinci dünyasına, yeni cahanına köç etmiş Hüseyn Həşimlidir. O, bu dünyada çox gözəl bir iz qoydu: elmdə, təhsildə, ictimai fəaliyyətdə, dostlarının, tanışlarının, tələbələrinin xatirələrində... Təkcə xatirələrdə qalmadı, özündən, elmindən, alimliyindən, milli ziyalı kimi örnək şəxsiyyət olmasından hərəyə bir əmanət və borc qoyub getdi. Verdiyi əmanəti   gələcək nəsillərə ötürə-ötürə onun özünə olan borcu qaytarmaq mümkündür...

 

Hüseyn Həşimli Azərbaycan ədəbiyyatşünaslıq elmində, türk xalqlarının mədəniyyət tarixində elmi əsərləri ilə adını əbədiləşdirmiş alimlərimizdəndir. O, Naxçıvan ziyalı mühitinin Azərbaycan elminə bəxş etdiyi ən ləyaqətli simalardandır.  Öz araşdırmalarından əvvəlki tədqiqatlara yaxından bələd olan alim, heç zaman deyilənləri təkrar etmədi, daima yeniliyə can atdı.

 

Onu tələbəlik illərindən tanıyırdım. Elmi fəaliyyət yolunu tutan tələbələrini bir-birinə dəstək, fikir mübadiləsi üçün  əlaqələndirən akademik İsa Həbibbəyli bizi tanış etmişdi, Hüseyn Həşimlinin gələcəyinə böyük ümidlər bəslədiyini söyləmişdi. Mənim Bakıda aspiranturada təhsil aldığım vaxtlar Hüseyn müəllim tələbə idi. Həmin illərdən artıq kimsə onun istedadına və gələcəkdə elmdə qazanacağı böyük uğurlara şübhə etmirdi.

 

İsa müəllimin  tələbələrinin əksəri kimi, Hüseyn müəllimin də XX əsrin ilk onilliklərinin - millət kimi özünü təsdiqetmə dövrünün nəzəri problemlərinə marağı  güclü idi. Elə bu səbəbdən də aspiranturaya qəbul zamanı mövzu seçərkən üzərində çox az durulan "Azərbaycan ədəbiyyatında sentimentalizm" probleminə müraciət etdi.

 

İsa müəllimin auditoriyada aşıladığı bir fikir onun yetirmələrinin fəaliyyətində dərin iz buraxır. Bizə dərs dediyi zamanlar bu müddəanın üzərində israrla durardı ki, özünüzdən əvvəl yaşayan tədqiqatçıların haqqını tapdamayın, ani bir qığılcımla fikrinizə aydınlıq gətirənə hörmətlə yanaşın, ancaq heç vaxt deyilənləri təkrar etməyin, kiçik bir yazınızda belə öz fikriniz, baxışınız, elmi yeniliyiniz olsun, yoxsa dedikləriniz maraq oyatmayacaq və  faydasız olacaq. Başqa bir tapşırığı isə ondan ibarət idi ki, fakta söykənməyən nəzəriyyəçilik etməyin; bu süni modabazlığa bənzəyir və faktsız nəzəriyyə şişib-şişib havada partlayır, nəzəriyyə, xüsusən də müasir nəzəriyyələrlə əsaslandırılmayan fakt yığımı da yaratmayın, o da nizamsız anbar təsəvvürü oyadar və siz elmi  fikirdən geridə qalarsınız...

 

Hüseyn müəllim bütün elmi fəaliyyəti boyunca daima gedilməyən yollarda yürüməyə, nəzəri biliklər işığında faktları dəyərləndirməklə elmimizi zənginləşdirməyə xidmət etdi. O, "Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda tədqiqata başlayarkən ədəbiyyatşünaslığımızda həmin cərəyanın mövcud olub-olmaması  mübahisəli məsələ idi. Hətta ciddi arqumentlər irəli sürən mübahisə tərəfləri belə yaranmamışdı. Sentimentalizmin ədəbiyyatımızda mövcudluğu haqda bir-iki müəllifin söylədiyi fikirlər ümumilikdə  bir-iki səhifəni keçmirdi. Lakin Hüseyn müəllim  sentimentalizmin  Qərbdə öz təsdiqini tapmış fəlsəfi-estetik hadisə olmasıyla bərabər, milli ədəbiyyat ənənələrimizlə sintezləşməsi problemi, cərəyan və  üslub variantları haqda ciddi bir tədqiqat ərsəyə gətirdi və onu son dərəcə inam və təvazökarlıqla müdafiə etdi.

 

"Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" elmlər doktorluğu dissertasiyası  ədəbi-nəzəri fikir tariximizdə özünəməxsus yeri olan çox əhəmiyyətli elmi əsərdir. Monoqrafiya kimi də çap olunan bu  tədqiqat işi XX əsrin başlanğıcı Azərbaycan poeziyasının zənginləşməsində Qərb şeir şəkillərinin yerini və rolunu müəyyənləşdirməklə məhdudlaşmır, həmin janrların poeziyamıza daxil olma yollarına, səbəblərinə, tarixinə, yeni mühitdə uğradığı dəyişikliklərə, kimlərin yaradıcılığında ilk nümunələrinin görünməsinə, yayılma arealına, ədəbi coğrafiyasına, təzə mühitin onlar üçün əlverişli olub-olmaması məsələlərinə elmi aydınlıq gətirir.

 

Hüseyn Həşimlinin 30-a yaxın kitabı (12-si monoqrafiya olmaqla), 500-ə qədər məqaləsi  ədəbiyyatşünasların etibarlı mənbə kimi istinad etdiyi qaynaqlar sırasındadır. Monoqrafiya və məqalələri təkcə Azərbaycan yox, eyni zamanda, müxtəlif xarici ölkələrdə kənarda nəşr olunan nüfuzlu nəşrlərdə də işıq üzü görüb. Əsərləri Türkiyə, İran, Misir, Bolqarıstan, Rusiya, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan və s. ölkələrdə çap olunaraq elmi ictimaiyyətə çatdırılıb. Dəfələrlə beynəlxalq konfranslarda iştirak etdiyim vaxtlar alimlər məndən Hüseyn Həşimlinin tədqiqatlarını necə əldə edə biləcəkləri haqda soruşublar. Bir neçəsinin ünvanını alıb Hüseyn müəllimə vermişəm, o da əsərlərini poçt vasitəsilə göndərib.

 

Hüseyn müəllimin əsərləri hər zaman məsləkdaşlarının istinad qaynağı olacaq. Tədqiqatlarından hansının daha çox əhəmiyyətli, faydalı olması istiqamətində dəyərləndirmə aparmaq  çətindir. Fəlsəfə doktorluğu dissertasiyasının avtoreferatı, "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar",  "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir", "Səid Səlmasi", "Məmmədəli Sidqi və "Şeypur" jurnalı", "İzzəddin Həsənoğlunun ədəbi irsi" monoqrafiyaları, "Yeni Füyuzat" və "Şeypur" jurnal komplektlərinin Hüseyn müəllim tərəfindən əski əlifbadan  latın əlifbasına transleterasiya edilərək kitab halında çap  olunmuş variantları və başqa  kitabları rəfimdə tez-tez istinad etdiyim qaynaqlar sırasındadır.

 

XX əsrin əvvəllərində xalqın maariflənməsi və elmi inkişafı məqsədilə yazılan ədəbiyyat dərslikləri  haqda ilk  monoqrafik tədqiqatlar Hüseyn Həşimliyə aiddir.

 

XX əsr mətbuatı sahəsində bir  sıra qaranlıq məqamların aydınlığa çıxarılması da Hüseyn müəllimin  zəhməti və elmi araşdırmaları sayəsində mümkün olub.   "Yeni Füyuzat"  jurnalını ərəb əlifbasından transleterasiya edərək çapa hazırlaması, jurnal üzərində apardığı araşdırmaları kompakt halda  "Ön söz" qisminə sığışdırması, "Şeypur" jurnalını  yüksək mətnşünaslıq məsuliyyəti ilə latın əlifbasına çevirib çap etdirməsi, həmin jurnal əsasında  Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat hərəkatını "Molla Nəsirəddin" ənənələriylə əlaqələndirən   monoqrafiya yazması ilə humanitar elmi fikrimizin inkişafına əsaslı töhfələr verib. "Naxçıvanlı yazıçılar və "Məktəb" jurnalı" monoqrafiyasında Naxçıvan ədəbi mühitinin mühüm bir dövrünün  təmsilçilərinin mətbuatla əlaqəsinə  işıq salıb, Bakıda çap olunan həmin jurnalda Naxçıvandan olan müəlliflərin (Hüseyn Cavidin,   Məmmədəli Sidqi Səfərovun, Əli Səbri Qasımovun, Ələkbər Qərib Naxçıvanlının və b.)  jurnaldakı mətbuat fəaliyyətlərinə  aydınlıq gətirib.

 

Hüseyn müəllim ədəbiyyat tariximizdə layiqli yerini hələ də almayan bir sıra müəlliflərin fəaliyyətini izlədikdən sonra onlara həsr etdiyi monoqrafiyalarla bu boşluğu doldurmağa çalışıb. Belə monoqrafiyalardan biri, Hüseyn müəllimin 2020-ci ilin yazında çap olunan "Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı" əsəridir.

 

Professor Hüseyn Həşimli XIX əsrin sonu, XX əsrin başlanğıcı Azərbaycan ədəbiyyatını tədqiq edərkən Azərbaycan ədəbiyyatını dünya, xüsusən də Türkiyə ədəbiyyatı ilə sıx əlaqədə  öyrənib. Türkiyə və Azərbaycan ədəbiyyatları arasındakı paralellərin müəyyənləşməsi istiqamətində çoxsaylı məqalələr, Azərbaycan və Türkiyədə çap   olunan monoqrafiyalar ("Azərbaycan ədəbi mühiti və türk dünyası", "Türk halklarının edebiyat ilişgilerine dair araştırmalar") müəllifidir.

 

Hüseyn müəllim daha çox XX əsr Azərbaycan ədəbiyyatı mütəxəssisi kimi tanınmasına baxmayaraq, Naxçıvan Dövlət Universitetində uzun müddət Orta əsrlər Azərbaycan ədəbiyyatı fənnini tədris edib. O, həmin mərhələyə də məqalələr, "İzzəddin Həsənoğlunun ədəbi irsi", "Azərbaycan dilində lirik poeziyanın inkişaf yolu (XIII əsr-XIV əsrin əvvəlləri)" kimi monoqrafiyalar həsr edib.

 

Hüseyn müəllim üçün elmlə məşğul olmaq daxili tələbat və həyat  missiyası idi.  O, bütün elmi fəaliyyəti boyunca öz sənətinə sədaqət nümayiş etdirdi. Əslində, onun sədaqəti Vətənə, mənsub olduğu millətədir. Ədəbiyyat bu sevgi və sədaqət, təmənnasız xidmət üçün əlverişli  vasitədir. Təsadüfi deyil ki, ədəbiyyatşünas-alim, professor Hüseyn Həşimli həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V, VI çağırış deputatı, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin sədri olub.

 

Bir insan kimi öz təvazökarlığı ilə çox fərqlənirdi. Böyük zəhmət hesabına başa gələn əsərlərini təmənnasız şəkildə insanlara bağışlayırdı.  Heç vaxt yazdığını oxuyub-oxumadığımızı soruşmazdı. Sadəcə,   bizim üçün də çox faydalı olan kitablarını öz əli ilə yandırdığı bir şam kimi paylayırdı... O, kitabların təkcə yazmaq zəhmətini çəkmirdi, həm də öz zəhməti hesabına qazandığı  vəsaitlə  onları çap etdirirdi.

 

25 avqust 1965-ci ildə dünyaya qədəm qoyan Hüseyn müəllim 55 yaşına 2 ay qalmış - 20 iyun 2020-ci ildə dünyasını dəyişdi...

 

Hörmətli Hüseyn müəllim, Siz öz missiyanızı ləyaqətlə yerinə yetirdiniz! Çoxlu məsləkdaşlarınızda ziyalılığın, gerçək alimliyin mükəmməl modelindən izlər qoydunuz. Saysız-hesabsız yetirmələriniz var; onlara bir ordu demək olar.   30 ildən artıq daxil olub, dərs dediyiniz auditoriyalara ürəyinizin  istisini, işığını yaymısınız, millətə, vətənə, elmə, maarifə sevgi, sədaqət toxumu səpmisiniz, həyat-fəaliyyətini, ideallarını tədris etdiyiniz şəxsiyyətlərdən uzaq düşməyən fəaliyyətinizlə özünüz də ideallaşmısınız.  O toxumlar yeni bar verəcək və əməllərinizi, yarıda qalan işlərinizi davamçılarınız başa gətirəcək. Siz arxanızda təkcə övladlarınızı, bacı-qardaşlarınızın yadigar varislərini qoyub getmədiniz. Davamçılarınız, suallarının cavabını Sizdə arayan çoxlu tələbələriniz qaldı... Məsləkdaşlarınız onların əlindən tutacaq, suallarını cavablandıracaq və Hüseyn davamçıları Sizi yaşadacaq... Bu, onların borcu və əmanətə sədaqət haqda ilahi ədalət qanunudur...

 

Məmməd Tahirə

525-ci qəzet.- 2020.- 18 avqust.- S.14