Eldarın dördüncü həyatı
Leyla
xanım Əliyevanın nəcibliyinə və mədəniyyətimizə
yanan həssas ürəyinə ithaf edirəm
Artıq neçə gündür ki, saatlarla,
dönə-dönə onu dinləyirəm.
Daha heç vaxt dünyanın nə
çox, nə az məşhur operalarının səhnələrində,
daha heç bir zaman dünyanın nə böyük, nə
kiçik konsert salonlarında canlı eşidə, seyr edə
bilməyəcəyim bir-birindən gözəl ifalarına
baxıram, qulaq asıram, təkrar-təkrar məftun
oluram, qəhərlənirəm.
Azərbaycan opera tarixinin ən təkrarsız
və ən gözəl müğənnilərindən biri
Eldar Əliyev oxuyur.
"Müğənnilərdən biri"
yazıram və daxilən narahatlıq keçirirəm ki, onu
sadəcə ən yaxşılardan biri sayan bu deyişlə
Eldarın ruhunu incidirəm.
Axı Eldar Əliyev kimi bir bas, bu parlaqlıqda
ifaçı bizdə olmayıb və dünya
operasının tarixində də Eldar müstəsnalardandır.
Ekrandakı Eldardır. Şöhrət yolunun
başlanğıcı. 1994-cü
ildir. İtaliyada, "Comunal di Treviso" teatrının səhnəsindədir.
Volfqanq Motsartın "Sehrli fleyta"sında Sarastro
rolundadır.
Gözəldən gözəldir!
Dinləyirəm Eldarı. 1998-si ildir. İspaniyada, Real de Madrid
teatrının səhnəsindədir. Cakomo
Puççininin "Turandot"unda Timurun partiyasını
ifa edir.
Möhtəşəmdir!
Eldara baxıram. 1999-cu ildir. "La Skala" səhnəsindədir.
Cüzeppe Verdinin "Taleyin gücü"
("La Forza del Destino") operasında Markiz di Kalatrava
rolundadır.
Şahanədir!
Oxuyan
Eldardır. 2000-ci il, Bakı, Konservatoriya səhnəsi,
Vokalçıların Bülbül adına İkinci Beynəlxalq
müsabiqəsi, Verdinin "Atilla"sından Hun
hökmdarının ariyasını ifa edir.
Heyrətamizdir!
Bu da
Eldardır. Almaniyadadır, Bremen Dövlət
Filarmonik Orkestri çalır, səslənən Cüzeppe
Verdinin "Mi minor rekviyemi"dir, Konfutatisi oxuyur.
Mat qalmamaq
mümkünsüzdür!
... Günəş dan üzündən axşamacan nur
saçır, sonra axşam gəlir, qaranlıq
qatışır, gecə düşür.
Yay ötür, payız yetişir, qış
qapını döyür.
Bizə
fasiləsiz aydınlıq, işıq, istilik
bağışlamış günəşin əsl qiyməti və əvəzsizliyini,
elə bil ki, o batandan, aləm zülmətə qərq
olandan, soyuqlar-sazaqlar bizi incidəndən sonra daha artıq dərk
etməyə başlayırıq.
Artıq
Eldarsızıq!..
Dəfə-dəfə
dinləyirəm onu, bir dəfə dinlədiyimə növbəti
dəfə qulaq asanda yenə valeh oluram, növbəti dəfə
məftun kəsilirəm və çox, lap çox kədərlənirəm...
2008-ci ilin son oktyabr günlərində Müslüm
Maqomayevdən əbədi ayrılarkən də oxşar hisslər
keçirmişdim.
Müslümün həyatı bitmişdi,
dünyanın bütün ağrı-acısından canı
qurtarmışdı. İndi tam rahat idi.
Amma oxuyurdu.
Moskvanın müxtəlif telekanalları, bizim
televiziyalarımız onun haqqında silsilə verilişlər
göstərirdilər, ayrı-ayrı illərə aid
ifaları səsləndirilirdi və heç birinə həyəcansız
qulaq asa bilmirdim.
Oxuyurdu, ürəyim sıyrılırdı, onun
duyğulu səsi və oxusu hər dəfə
boğazımı yandırırdı, doluxsundururdu məni.
Son nəğməsini,
elə bil ki, məhz özü üçün bir rekviyem
kimi bəstələdiyi Sergey Yesenin sözlü "Prohay,
Baku"nu - "Əlvida, Bakı"nı
oxuyurdu.
Dözmək olmurdu.
Mən məəttələm,
o nəğmə Bakıda, böyük sənətkarla vidalaşma
dəqiqələrində, səhnəsinə
Müslümün cənazəsi qoyulmuş filarmoniyada səslənəndə
həyat yoldaşı Tamara xanım Sinyavskaya necə tab gətirirdi!
Üstündən nə qədər müddət
keçib. Sanki itkinin acısı çoxdan toxtamalıydı.
Lakin yenə Müslüm hər dəfə
oxuyanda istər-istəməz həmin ifanın hansısa məqamında
içərimi bir xiffət bürüyür, yenə qəhərlənirəm.
Müslümü şəxsən tanıyırdım,
babası haqqında ayrıca kitab yazmışdım.
Elə o kitabın yazılmasına səbəb də
Müslüm özü olmuşdu.
1985-ci ilin payızı idi. Günlərin birində
unudulmaz bəstəkarımız Tofiq Quliyev mənə zəng
vurmuşdu ki, təcili bizə baş çək.
Gəlmişdim
Tofiq müəllimin ovaxtkı məşhur "Təranə"
musiqi kitabları mağazasının üstündə,
"Bəstəkarlar evi" deyilən binadakı tanış mənzilinə.
İri, köhnə bir çamadanı qoymuşdu
qarşıma.
Demişdi ki, buradakıların hamısı əlyazmaları,
məktublar, fotolar, müxtəlif arxiv sənədləridir.
Müslüm bunu bizim
Əlyazmaları Fonduna (indi Məhəmməd
Füzuli adına Əlyazmaları İnstitutu) vermək istəyir,
xahiş edir baxasan, təxmini bir qiymət deyəsən.
Elə ilk tanışlıqdanca anladım ki, xəzinə
ilə üz-üzəyəm.
Baba
Müslümün oğlu, nəvə Müslümün əmisi
Cəmaləddin Maqomayev illərcə atası ilə
bağlı bütün sənədləri - onun gündəliklərini,
ayrı-ayrı yazışmalarını, tərcümeyi-halı
ilə bağlı çeşidli arayışları, ona
yazılmış, özünün müxtəlif şəxslərə,
o sıradan oğullarına, zövcəsinə göndərdiyi
məktubları, bir sözlə, bir ömrü
dolğunluğu ilə görməyə bəs edəcək
nə vardısa hamısını toplamışdı.
Mən bir neçə gün sonra Moskvaya uzunmüddətli
ezamiyyətə yola düşəcəkdim.
Tofiq
müəllimə dedim ki, burada sənədlər çox, həm
də dəyərlilik dərəcəsinə görə
müxtəlifdir. Aparım evə, bu gecə müfəssəl
araşdırım, ortalama bir qiymət çıxarım, sabah çamadanı qaytararam.
Yükümü də götürüb taksi ilə
birbaşa Elmlər Akademiyasının əsas binasına
yollandım.
O vaxt surətçıxarma məsələsi indiki kimi asan
deyildi. Bütün Bakıda 3-4 yerdə iri
kserks aparatı vardı. Ən
yaxşılarından biri Elmlər Akademiyasında idi və
işlədəni də mənim dostum, 1930-1940-cı illərdə
Azərbaycan operasının aparıcı simalarından
olmuş Şirzad Hüseynovun oğlu Seyran idi.
Gəldim onun yanına. Bu görüşümüzdən az öncə radioda Şirzad Hüseynovun
müğənnilik, aktyorluq, xanəndəlik fəaliyyəti
haqqında geniş veriliş hazırlamışdım. Ailəsi mənə minnətdar idi.
Seyrandan rica etdim ki, bu gün işdə gecələsin,
özüm də yanında oturacağam, haqqını tam
ödəmək şərti ilə bu çamadanda
olanların hamısının surətini
çıxarsın.
Dediyim
kimi də etdi və səhər elə Akademiya
binasındakı poçtdan sənəd surətlərinin
hamısını 10-a yaxın qutuya yığaraq Moskvaya,
öz adıma Mərkəzi Poçtamta yolladım ki, bir
neçə gün sonra oraya gedib götürə bilim.
Müslüm
həmin sənədləri az sonra
Əlyazmaları Fonduna təqdim etdi, qəbul olundu və
yalnız üstündən 10-12 ildən də çox ötəndən
sonra bütün bunları kataloqlaşdırdılar.
1987-ci ildə isə artıq mənim bəstəkar
Müslüm Maqomayevin enişli-yoxuşlu ömür yolu
haqqında "Yaşıl yarpaq" adlı əsərim
işıq üzü görmüşdü.
Müslümün xahişi ilə həmin essenin rusca tərcüməsinin
əlyazmasını da ona göndərmişdim. Danışmışdıq.
Fikrim vardı ki, nəvə Müslüm
Maqomayev haqqında da yazım və onların surətlərinin
qovuşduğu "İki Müslüm" adlı yeni iri
bir kitab yaransın.
Təəssüf, ömrünün son
parçasındakı səhhət böhranları və həm
mənim, həm onun cürbəcür işlərimiz imkan
vermədi ki, ardıcıl görüşək, söhbətləşək,
həyatının bir çox anları ilə bağlı təfərrüatlı
danışaq.
Ancaq geci-tezi var, həmin kitab mütləq
yaranacaq. Heyiflər ki, Müslümün
özünün iştirakı olmadan.
Eldar Əliyevin itkisi mənə Müslümdən sonra
ən ağır təsir edən bir gediş oldu.
Baxmayaraq ki, onunla bircə dəfə də
görüşməmişdim.
Baxmayaraq ki, Müslüm Maqomayev və Eldar Əliyev
ayrı-ayrı səviyyələrdir.
Onlar tam fərqli ömür yaşayaraq, tam fərqli sənət
yolu keçiblər.
Fəqət onları mənə qəlbən yaxın
edən hər ikisinin sadəcə böyük sənətkar
olmaları yox, fövqəladəlikləri, tam təkrarsızlıqları
və boş qalacaq, heç kəsin heç vaxt doldura bilməyəcəyi
yerləridir.
Parlayaraq tez sönənləri bəzən şairanə
bir bənzətmə ilə şimşəyə
oxşadırlar.
Bu deyim hamıdan çox opera müğənnisi Eldar
Əliyevə yaraşır.
Nə taleyi, nə sənətinin gücü, nə də
işığının yayılma miqyası ilə opera
tariximizdə ona çatan ikincisi yoxdur.
Tarixdə belə şey olmamışdı. O, tələbəlikdən
birbaşa dünyanın ən məşhur opera teatrına -
"La Skala"ya işə qəbul edildi. 10 il
par-par parladı. 10 il İtaliya və
dünya səhnələrində möcüzələr
yaratdı. Elə möcüzələr ki, həmin
tamaşaları seyr etmişlərin, həmin səsi dinləmişlərin
yaddaşında həmişə qalacaq.
Ancaq insan hafizəsi etibarsızdır.
Çünki sonludur, insanla birgə o da tamamlanır,
insanla bərabər, xatirələr də ölür.
Nə yaxşı ki, Eldarın hamısı olmasa da, əksər
misilsiz ifaları video və audioyazılarda qalır.
Gələcək zamanlar boyunca da bu səsi
çoxları dinləyəcək və bütün dəhşəti
ilə hiss edəcəklər ki, biz - Azərbaycan və
dünya musiqi sənəti necə bir zirvəni itirib.
Həyatdır, hər gələn bir gün getməlidir. Eldar hadisəsində
isə yandıran və həmişə ağrıdacaq odur
ki, onu biz və dünya opera sənəti vəfat etdiyi 2020-ci
ilin 4 avqustunda, 49 yaşında ikən deyil, hələ
2004-2005-ci illərdə itirmişik.
Eldar
indiki yaşınadək səhnədə olsaydı,
oxumağında davam etsəydi, lap bir gün səhnədə
ifa etdiyi anda keçinsəydi, bu, bəlkə də, nə qədər
qəmli olsa belə, məntiqi anlaşılan ölüm
sayılardı.
Ən
acınacaqlısı odur ki, ömrünün son 15 ilində
(əgər bu illərə "ömür" demək
yaraşarsa) Eldar oxumadı, səhnəsiz oldu, duman kimi,
kölgə kimi mövcud oldu, "canlı meyit" güzəranı
sürdü.
Di gəl, yaddaşlara və ürəklərə izini
necə dərin qoyubsa, 15 ilin susqunluğu belə onu unutdura
bilməyib.
Bu itkiyə
qəlbən acıyanlardan olan musiqişünas Zümrüd
Dadaşzadə götürüb məşhur serb
müğənnisi, vaxtilə Eldarla eyni səhnədə
oxumuş Mila Vilotiyeviçə məktub yazıb. Xanım
Mila da sanki 18-19 il əvvəl deyil, Florensiyada, görkəmli
dirijor Piter Maaqın idarəsi ilə səslənən
orkestrin müşayiəti ilə Eldarla birgə Motsartın
"Böyük messa do minor" ("Grasse Messe") əsərini
ifa etmələrini bir an öncə baş veribmiş kimi
heyranlıqla yada salıb: "Nə qədər bənzərsiz
müğənni, necə nazik qəlbli bir insan idi Eldar!"
Vəfatı xəbəri yayılınca İtaliyada,
İngiltərədə, Almaniyada, Fransada, İspaniyada... mətbuat
onun haqqında yazdı, bu gedişi dünya sənətinin
böyük itkisi kimi yozdu.
İngilis sosial şəbəkəsində Norman
Lebrextin 12 avqustda yaydığı "La Skala" ulduzunun
faciəsi" (slippedisc.com) adlı məqaləyə
yazılan şərhlərdən hiss etmək olur ki, vaxtilə
çıxış etmiş olduğu Londonda Eldara illər
ötəndən sonra da necə məhəbbət bəslənir. Kluntu
Buşmazneman yazır ki, onun canlı ifasını bircə dəfə
dinləmişəm və unuda bilmirəm. Dinlədikcə
onun ruhunun dərinliyini hiss edirdim. Bu nəsə
başqa aləmlərdən (otherworldly) gələn səs
idi.
Bir
başqası - Edqar Self Eldarıın taleyini və gözəl
sənətini bənzər taleyi yaşamış,
"Metropoliten opera"nın aparıcı solistlərindən
olmuş məşhur müğənni Cerri Hadlinin aqibəti
ilə müqayisə edərək yazır ki, Cerri də
2002-ci ildə Con Harbisonun "Böyük Qətsbi"
("The Great Gatsby") operasında baş rolda
çıxış etdikdən sonra hansısa uğursuzluqdan
çıxılmaz depressiyaya mübtəla olur, teatrdan gedir,
başlayır səfil həyat sürməyə və 2007-ci
ildə canını tapşırır.
Madriddən,
Romadan, Parisdən, Berlindən, Mexikodan... gələn əks-sədalarda
Eldar Əliyevin səsi qulaqlarından getməyən musiqisevərlərin
hər dəfə azərbaycanlı olduğunun altını
cizdikləri bir nömrəli opera ulduzunun vaxtsız
ölümünə səmimi qəlb ağrısı
sezilir.
Diqqət edilsin - Eldar Əliyev 15 ildir səhnədə
yoxdur, oxumur.
Musiqinin, müğənniliyin, sənətin amansız,
etibarsız bir tərəfi də var. Nə qədər
göz qabağındasan, adın dillərdədir. Səhnədən,
sənətdən aralanınca sürətlə unudulursan,
önə yeni gələnlərin adları
çıxır.
İndi hesabı özünüz götürün ki,
Eldar necə parlaqdan-parlaq iz qoymağı bacarıb ki, adı
çəkilincə onun haqqında bu gün də
dünyanın dörd bucağındakı sənət
xiridarları vəcdə gələrək bəhs edirlər.
Aydın gecələrdə səmada sayrışan
saysız-hesabsız ulduzlar var ki, əslində, çoxdan
sönüblər. Amma işıqları yüzillərdi gəlir,
hələ neçə yüzillər də diri ulduzların
nuru kimi bizə doğru gəlməkdə davam edəcək.
Bu elə Eldarın da alın yazısıdır.
Tədricən onun lentlərdə, disklərdə qalan
bütün oxuları toplanacaq, o, hələ uzun zaman sevərək
dinləniləcək, bütün yaratdıqlarına toplu
halında baxanda bəlkə işığını indikindən
də qat-qat artıq duyacağıq.
Amma elə indi, isti-isti də dünya Eldar itkisinin necə
ağır olduğunu yetərincə hiss edir.
Marinna
Vazzananın "Gündəlik Milan" ("IL GIORNO
MILANO") qəzetinin 2020-ci il 12 avqust sayında dərc
edilmiş "La Skala" səhnəsindən Milandakı
Prekotto rayonunda yedəkli maşındakı bədbəxt
sonluğa qədərki qəribə yol" sərlövhəli
ürəkağrıdan məqaləsi "Bas-profondo Eldar
Əliyevlə son vidalaşmamız" ithafı ilə
başlanır: "Evsiz-eşiksiz qalanadək o, ən məşhur
dünya səhnələrini fəth etmişdi. Əvvəlki həyatında dünyanın ən
mötəbər səhnələrində ən məşhur
operalarda qəhrəmanlarına öz gözəl bas-profondosu
ilə həyat bağışlayan bu insan həyatının
son illərindəMilanın Prekotto rayonunun küçələri
və parklarına sığınmışdı. Bu rayonda yanaşı yaşadıqlarının
heç də hamısı onun əvvəlki şöhrətindən
xəbərdar deyildi. Səhnənin bərq
vuran bəzəklərindən və məxmər pərdələrindən
imtina edərək o, hər kəs üçün
görünməz, bilinməz qalmaq istəyirdi. Rayonun sakinləri danışırlar ki, o, son 15 ildə
çox ağır, dözülməz şəraitdə
yaşayırdı. Ötən həftənin
dördüncü günü o, həyatdan öz
arzuladığı kimi bir ruh kimi getdi. Prekotto
rayonundakıların "Sevimli evsiz"("Un clochard
benvoluto") adlandırdığı bu insan heç vaxt
heç kimi narahat etmirdi. Ona bir mərhəmətli
italyanın bağışladığı kiçik yedəkli
maşınında əvvəlcə Via Karnovali, axır
vaxtlarsa Via Marianidə yaşayırdı. Həmin rayonun sakinlərindən birinin söyləməsincə
isə, daha əvvəllər parkda skamyalarda
yatırmış. O, qızıl ürəkli, çox
yaxşı insan idi. Nəcib varlıq! ("Era un uomo buono, con un cuore d'oro. Un'anima nobile").Ona yardım etmək istəyənlərdən
yalnız pul götürürdü. Kimsə 10
avroluq əsginaz uzadanda "Çox verirsiniz" deyə
özünə 2 avro saxlayaraq dərhal 8 avronu
qaytarırdı. Bu davranışı
şəhər sakinlərində ona münasibətdə həm
heyranlıq, həm də hörmət oyadırdı. O,
tam tənha idi.
Vəfat etdiyini ilkin bilmiş tibb işçiləri
əvvəllər ona dəfələrlə müraciət edərək
əziyyət çəkdiyi müxtəlif patologiyalardan
müalicə etməyə təşəbbüs göstərsələr
də, özü buna etiraz etmişdi.
Heç kim bilmir ki, onu səhnədən aralanaraq
özünüunuduluşa və belə əzablara məhkum
qılmağa nə vadar edib. Dünyaca məşhur
"La Skala" teatrının reklam lövhələrində
isə onun adı indiyədək qalmaqdadır".
Bu yazıda məni ən çox təsirləndirən
həyatının bunca sıxıntılı günlərində
belə Eldarın ona İlahidən nəsib olmuş daxili
kübarlığını, ləyaqətini, mənəvi zərifliyini
qoruyub saxlaya bilməsi ilə bağlı soraqlardır.
Biz demirik bunları. Bir italyan müxbirə
şəhərin hər gün Eldarı görən sakinlərinin
söylədikləridir bunlar.
Ona "qızıl ürəkli" deyirlər,
"yaxşı adam" deyirlər, "nəcib
varlıq" deyirlər.
Eldar həyatının elə parçasını
yaşayırdı ki, onun kimsəyə yaxşılıq etməyə,
nəsə köməklik göstərməyə nə
halı, nə imkanı vardı.
Avropanın
şəhərlərində, parklarında, küçələrində
o qədər yurdsuzlar var ki!
Amma Eldar
yalnız səhnələrdən könülləri ram edən
füsunkar sənəti ilə deyil, adamlığı ilə
də o qədər böyükmüş ki, hətta bu
zavallı durumunda da insanlarda özünə rəğbət,
sayğı, heyranlıq oyada bilirmiş.
Yadıma
Bəxtiyar Vahabzadənin misraları düşür:
Həyat
səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm.
Ömrün
rəvan davam edəndə nəcib görünməyə nə
var ki! Suda boğulanda, qəzaya uğrayanda, həyatın
tükdən asılı olanda gəl görüm nə qədər
nəcibsən!
Avropanın ən nüfuzlu maestroları Eldar Əliyevə
"dahi müğənni" deyib.
Skamyalarda uyuyan bu nimdaş geyimli adamın vaxtilə
böyük müğənni olmasından xəbərsiz sadə
italyanlar isə onu "qızıl ürəkli"
adlandırıb.
Sənətinin
qiyməti elə, insanlığının qiyməti bu sayaq!
Biz belə
bir Eldarı itirmişik!..
Eldarla birgə işləmişləri də
tapacağıq, dindirəcəyik, güman ki, onun tənhalığa
qapılmasının gerçək səbəblərini də
bütün ayrıntıları ilə əvvəl-axır
öyrənəcəyik. Gün gələcək, opera
tarixinin (yenə dəqiqləşdirirəm: tək bizim yox,
dünya operası tarixinin) ən nadir simalarından olan Eldar
Əliyevin macəralı həyatı, nahamvar yolu haqqında,
zəfəri və süqutu barədə kitablar da
yazılacaq, filmlər də çəkiləcək. Görürəm ki, indi bəziləri Eldarı
"Azərbaycan Şalyapini" adlandırırlar.
Söz yox, Fyodor Şalyapin (1878-1938) qüdrətli sənətkar
olub, dünyaoperası tarixində də silinməz izi var.
Lakin müqayisə edin: tərəzinin bir gözündə
Şalyapinin vallarda qalan oxuları, digər gözündə
Eldarın ifaları.
Eldarın səsindəki məlahət, tembrindəki
cazibədarlıq, oxu anında qeybdən gəlirmiş kimi
ifasını süsləyən bir-birindən bənzərsiz
melizmlər elə zənginlik yaradır ki, bunları
Şalyapin eşitmiş olsaydı, o da şlyapasını
çıxarardı.
Eləcə
də ölməz opera dürləri doğurmuş əbədiyaşar
bəstəkarlar!
Kimin bu
müşahidəmə şəkki var, Eldarı dönə-dönə
dinləsin və oxularını başqa məşhurlarla
tutuşdursun!
Eldar böyük sənətə, dünya operasına
bir meh kimi yox, qasırğa kimi gəldi.
Gəldi
və keçdi!
Dilimizdə "keçmək" yalnız
ötüb-getmək anlamında deyil, sönmək mənasında
da işlənir.
Eldarın
işığı da gözqamaşdırıcı
parlaqlığı ilə 10 il boyunca
Avropa səhnələrini nurlandırdı, silkələdi və
keçdi - söndü.
Eldar hələ
2000-ci ildə Azərbaycanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professoru Leyla Məmmədova-Fərəcovaya yorğun bir
etirafını edibmiş. Söyləyibmiş
ki, "La Skala"da oxumaq, publikanın sevimlisi olmaq, repertuarda
fəal yeri olmaq, bolluca qastrollar nə qədər xoşdursa
da, bunun pis tərəfi də var ki, ixtiyarım öz əlimdə
deyil. Nə xəstələnə bilərəm,
nə şəxsi işlərimə vaxt ayırmağa
fürsətim var. Mən maşın kimiyəm. Həm də bu maşın daim işlək vəziyyətdə,
formada olmalıdır. Əks təqdirdə
dərhal mənə əvəz tapacaqlar. Mənsə
özümü səhnəsiz təsəvvür edə bilmirəm.
Səhnəsiz mən heç kəsəm, heç nəyəm!
Amma indi mən maşınam, fasiləsiz çapan at kimiyəm...
Şübhələnirəm,
ehtimal edirəm ki, 2004-2005-ci illərdə bir ara səhhətində
yaranan əngəllər bais olub ki, hansı məqamdasa Eldar
onu daxilən daim səksəkədə saxlayan maşın
olmaq vəzifəsini lazımi səviyyədə yerinə
yetirə bilməyib, haradasa büdrəyib və o anlarında
qolundan yapışanı olmayıb, söykənəcəyi
kürək tapılmayıb.
Və o, asta-asta kökdən düşüb. Nəticədə
də qorxduğu "heç kimə çevrilmək" qəzası
başına gəlib.
Yenə Müslüm canlanır xəyalımda.
Onun da o qədər
paxılları, maneolanları, ən ali kürsülərdə
əyləşən əleyhdarları vardı ki!.. Elə bircə onu
gözümçıxdıya salan SSRİ Mədəniyyət
naziri Yekaterina Furtseva (1910-1974) bəs idi ki, kitabı həmişəlik
bağlansın.
Ancaq Müslüm Maqomayevin və musiqinin üzünə
iqbalın gülümsəməsidir ki, bu əvəzsiz
müğənninin Heydər Əliyev kimi arxası,
dayağı, söykənə biləcəyi kürək
oldu.
Heydər Əliyev onu daim qorudu. Yalnız kənar bəd
qüvvələrdən deyil, Müslümün
özünü özündən də, dürlü ipə-sapa
yatmazlıqlarından daqorudu.
Və nəticədə Müslüm
yıxılmadı, küncə qısıldıla bilmədi,
məğlubedilməzləşdi, yüksəldikcə
yüksəldi.
Tale belə
bir xeyirxah və güclü himayədarı, belə bir
canıyanan yönəldicini, belə bir qədirbilən
qoruyucunu Eldardan əsirgədi...
... Eldar artıq yoxdur. Onun sərgüzəşti
dərs almaq, ibrət götürməkçün daha bir
göynəkli örnəkdir.
Heyhat, dərs almaqda, ibrət götürməkdə həmişə
ləngik.
Kimisə son mənzilə yola salırıq. Qəbiristanlıq
yolunda, məzar həndəvərində sanki içərimizdə
nəsə durulur, həyatın keçəriliyi,
dünyanın vəfasızlığı haqqında
düşünürük, daxilən tövbə eləməyə,
dəyişməyə hazırlaşan kimi oluruq. O məkandan
ayrılınca dönüb oluruq əvvəlki adam,
bayaqkı saf düşüncələr də uçub
buxarlanıb gedir, yenə bu təhər fikirləşməyimiz
qalır növbəti mərhumu yola salmağımıza.
Lazımi səviyyədə qiymətini vermədiyimiz, qədrini
bilmədiyimiz, laqeydlik göstərdiyimiz Eldarlar məgər
yalnız dünənlərdədir?
Elə biri Eldarın İtaliyaya göndərilməsinin
səbəbkarı olmuş bəstəkar və müğənni
Rizvan Sədirxanov.
Rizvan Azərbaycan ziyalılığı və Azərbaycan
musiqi mədəniyyətinin ən qiymətli simalarından
biridir.
1992-ci ildə İtaliyada, Ozimo Musiqi Akademiyasında təhsil
alıb Bakıya qayıdandan sonra Operamızda işə girmək
istədi.
Solist qəbul etmədilər ki, yaşın çoxdur,
təcrübəçi də götürə bilmərik,
ayıbdır, siz yetkin sənətkarsınız.
Orada, İtaliyada bir neçə çox ciddi beynəlxalq
müsabiqədə qalib olmuşdu, bu gün bəstələdiyi
mahnı və romansların miqdarı 1000-i çoxdan
aşıb, İosif Kobzon ona mahnılar sifariş edirdi,
özünü də ayrı-ayrı konsertlərinə
yalnız bir bəstəkar deyil, müğənni kimi də
oxumağa dəvət edirdi.
Bir dəfə afişanı hazırlayanda orada Rizvandan
soruşmuşdular ki, sizin titulları göstərəndə
Xalq artisti olmağınızdan başqa nələri yazaq?
Rizvan
utana-utana dillənir: "Elə adımı-soyadımı
qeyd etsəniz kifayətdir. Heç bir fəxri
adım yoxdur".
2019-cu ildə
Rizvanın üzərində 40 il işlədiyi və Azərbaycanın
ilk rok-operası olan "Səyyah Sindbad", nəhayət
ki, Heydər Əliyev Sarayında ilk dəfə nümayiş
etdirildi və premyera çox uğurla keçdi, ölkəmizdə
və xaricdə əhəmiyyətli əks-səda oyatdı.
Amma Mədəniyyət Nazirliyinin rəhbərliyindən
bircə nəfər belə tarixi hadisə sayılası o
tamaşaya gəlmədi, ikinci və sonrakı nümayişlərinə
də şərait yaradılmadı. Bəstəkarın
özünə isə bilirsinizmi nə qədər müəllif
haqqı yazıldı?! - 126 manat!
Nə rejissora, nə rəqslərin
quruluşçusuna, nə də ifaçılara pul
yazmışdılar. Gətirdikləri səbəb bu idi ki, onlar öz
işçilərimizdir, onsuz da bizdən maaş
alırlar.
Yalnız rok-operada şeirləri yer alanların hər
birinə 15 manat neçə qəpiksə ödəməyi
qət ediblərmiş.
Rizvan
"Səyyah Sindbad"a bir sıra xalqların təmsilçilərinin
surətlərini də daxil etmişdi və kolorit naminə qədim
Çin poeziyasından tutmuş rus və Azərbaycan klassiklərinə
qədər xeyli şairin əsərlərindən istifadə
edilmişdi, bir neçə parçanı da mən
yazmışdım. Mühasibatda alacağı
müəllif haqqı ilə bağlı sənədi
imzalayanda Rizvan masanın üstündə şairlərə
aid həmin siyahını görür və birinci də
Konfutsinin adı. Özünəxas mədəni
mülayimliklə qayıdır ki, heç olmazsa Konfutsiyə
aid olan məbləği ifaçılardan birinə verin.
Mühasibat işçisinin sifəti ciddiləşir:
"Siz nə danışırsınız! Bunlar
hamısı yazandır, birdən götürüb şikayət
elədi? Yox, bizdə elə şeylər
olmur. Hər kəs qonorarını
özü almalıdır!"
Bu da belə!..
Rizvanı Azərbaycan musiqisinin üst qatında
olanların hamısı tanıyır və yaxşı
tanıyır.
Haçansa maraqlanıblarmı ki, illərdir bu adam haradasa işləyirmi, haradansa məvacib
alırmı, ailəsini nəylə dolandırır?
Yaxşı ki, Rizvan içərisindən güc
almağı bacaran, baş verənlərə fəlsəfi
yanaşan, ruhdan düşməyən, təskinliyi
doğurduqlarında tapan məsum bir yaradıcıdır.
Bəs daha neçə Rizvanımız var - musiqidə,
elmdə, ən fərqli sahələrdə?
Burada - ölkəmizdə və sərhədlərimizdən
kənarlarda?
Axı bu insanlar Pərvərdigarın bizə səxavətlə
əta etdiyi sərvətdir.
Bütün
yeraltı və yerüstü sərvətlərimizdən dəfələrlə
dəyərli olan sərvət, yurdumuzu və millətimizi
ucalardan-uca göstərməyə qadir sərvət!
Elə edək
ki, burada Azərbaycandakı Eldarların da, Vətəndən
uzaqlardakı Eldarların da nəfəsini həmişə
duyaq, bir əlimiz həmişə onların nəbzində
olsun ki, itirə-itirə getməyək!..
...Böyük
müğənni Eldar Əliyevin həyatı qürbətdə
sona çatdı. O, Vətəndən uzaqlarda canını
tapşıran ilk sənətkarımız deyil. Hələ
XX yüzilin başlanğıcında ən üstün xanəndələrdən
sayılmış, Seyid Şuşinskiyə bərabər
tutularaq fəxrlə "bakılı Seyid"
adlandırılmış Mirtağı Mirbabayev də, ötən
yüzildə ləhni məclislər bəzəmiş,
avazı hopmuş vallar əl-əl gəzmiş Məşədi
Məmməd Fərzəliyev də Azərbaycandan kənarda
yaşamağa məcbur oldular, sonacan da yurd həsrəti
içərilərində çırpındı, məzarları
da xaricdə qaldı.
Onlardan sonra da neçələrinin qədəri belə
nisgilli oldu.
Mahir
pianoçumuz, sənəti musiqimizdə bir mərhələ
olan Çingiz Sadıqov həyatla,ömrünün
axır illərini yaşadığı, Amerika Birləşmiş
Ştatlarında vidalaşdı. Azərbaycan
dövlətinin qayğısıyla Vətənə gətirildi,
burada torpağa verildi.
Müslüm Maqomayev də Moskvada yaşayırdı, elə
ürəyi də orada dayandı. Rusiya
Müslümü elə bizim qədər sevir,
özününkü sayır və onu elə orada da ən təntənəli
şəkildə dəfn etmək istəyərdilər.
Ancaq Azərbaycan dövləti qəti iradəsini
ortaya qoydu və Müslüm doğma Bakısına
qayıtdı, son ucda Vətəninə qovuşdu.
İndi Eldar da həsrətlərdən sonra Vətəninə
qayıdır.
Eldar
Əliyevləbu ilk ayrılıq günlərində onu dünyada
məşhur olan bas, görkəmli opera müğənnisi
kimi təqdim edən Almaniyanın SWR (Südwestrundfunk)
İctimai Teleradio Şirkəti "Əsrarlı karyera"
adlı məqaləsində sənətkarın bir neçə
qitənin şöhrətli teatrlarında
çıxışlarını, məhzun sonluğunu
xatırladaraq müğənninin "obiri həyatında
"La Skala"da oxuduğunu" vurğulayır.
"Obiri həyat". Bu deyiliş nə qədər
qüssəli və həm də, təəssüf ki, sərt
həqiqəti ifadə etdiyindən necə də ürəkdağlayandır!
Lakin gerçəkdə Eldarın ömrünün son
15 illik parçasından əvvəldə yalnız bir deyil,
iki "obiri" həyatı olmuşdu.
Bakıda yaşadığı illər,
uşaqlığı, yeniyetməliyi, gəncliyi,
Konservatoriyada tələbəlik dövrü. Sarsıntıları,
üzüntüləri olsa da, hər halda sabaha ümidlərin,
hər şeyin yaxşı olacağına inamın ürəyində
aşıb-daşdığı çağlar.
Bu, bir həyat idi. Ardınca ikinci həyat gəldi.
Eldarıntərcümeyi-halında 1992-ci ildən
başlanan dövr, İtaliyaya, Ozimo Musiqi Akademiyasına təhsil
almağa getdiyi zamandan sonrakı ömür parçası
sadəcə əvvəlki həyatının davamı deyil. Bu,
büsbütün başqa bir həyat idi.
1992-ci ildən 2005-ci ilədək Eldarın
yaşadığı ömür bir nağıl idi,
şirindən-şirin, yuxu sayılacaq qədər məsud
bir film idi.
Nə özünün, nə başqalarının xəyala
belə gətirə bilməyəcəyi, indiyədək
heç bir soydaşının yüksəlmədiyi ən
uca zirvələrə sanki sehrli çubuğun hökmü
ilə ildırım sürəti ilə ucalışlar. Başgicəlləndirici
şöhrət, sel kimi alqışlar, qaynar sevgilər,
dünyaya gələn övladları, xoşbəxtliyin piki.
Və üçüncü həyat. Haqqında
danışmağa dil dönməyən, bütün
işıqların söndüyü, guya ən sonda ölməli
olan ümidlərin də öldüyü, kimsəsizlik, tənhalıq,
boşluqzolağı.
Amma Allah insaflı Allahdır və Eldarın qismətinə
3 "obiri" həyatından sonra yaşayacağı
dördüncü həyatı da yazıbmış.
Gələcəyə
ümidlərsiz, boşalmış, solmuş, erkən
qocalmış ürəyində - o həssas, o qızıl
kimi, o nəcib qəlbində yalın səhradakı təkcə
fidan kimi bircə arzusu qalıbmış - Azərbaycana
qayıtmaq, uşaqlığının, gəncliyinin şəhərinə
son dəfə dönmək, doğma torpaqda əbədi
rahatlığını tapmaq.
Eldar hər halda xoşbəxtdir ki, həyatının
bu son və yeganə arzusuna çatır.
O hələ
bu fani dünyanın üstündə, bu torpağın
üzərindədir. Vətəninə gəlir.
Qayıdır ki, daha heç vaxt bitməyəcək
dördüncü həyatını başlasın!..
Axı bu
gəlişin baş tutmaması hürküsü də
vardı!
Bir Allaha
bəllidir ki, bu arzunun gerçəkləşməsi
üçün çalışan bizlər -Bakıda Rizvan
Sədirxanovla mən, İtaliyada, Milanda gənc, istedadlı
opera müğənnimiz, Ozimo və "La Skala"
akademiyalarının məzunu Məhərrəm Hüseynov,
Moskvada jurnalist, ictimai fəal dostumuz Azər Cahangirov nə qədər
nigaranlıq keçirdik, ruhi gərginlik və həyəcan
yaşadıq.
Bütün səylərimizə rəğmən, bu istək
gerçəkləşməyə də bilərdi.
Son anda uzanan xeyirxah əl kömək oldu ki, arzumuz
gözümüzdə qalmasın və Eldar son istəyinə
çatsın.
Belə nəcibliklər
heç vaxt unudulmaz!
Kədərli və zəfərli ömründə
doyunca ana nəvazişi görməmiş Eldar Əliyev ana
torpağın qucağında həyatının son 15 ilindəki
ən rahat yuxusuna dalmaq üçün Vətənə
qayıdır.
Azərbaycan
xanəndəlik sənətinin zirvələrindən olan
Ələsgər Abdullayev məzara endiriləndə ustadlar
ustadı Cabbar Qaryağdı oğlu kövrələrək
demişdi ki, biz bu gün Şəkili Ələsgəri
torpağa basdırmırıq, bu gün biz daha heç vaxt
heç kimin onun kimi məharətlə oxuya bilməyəcəyi
"Rahab"ı dəfn edirik.
Eldar Əliyev Azərbaycan musiqi dühasının
doğurduğu bir inci idi.
O,
dünya operasının səhifələrinə elə bir
möhtəşəm imza atıb ki, həmin xətt həm
Eldarın özünün, həm millətimizin
istedadının nişanəsi kimi gələcək boyunca hər
zaman görünəcək.
Eldarla da yol bitməyəcək. Yeni büllur kimi saf səslərimiz
də doğulacaq, işığı dünyaya yayılan təzə
ulduzlarımız da yetişəcək, Eldarın ifa etdiyi
rolların da, əfsunlayıcı səsi ilə can verdiyi
ariyaların da başqa yaxşı ifaçıları
mütləq olacaq.
Amma
çox, lap çox, həddən ziyadə çox
arzulayıram ki, Eldarı Vətən torpağına
tapşıracağımız gündə, onun haqqında ən
hərarətli sözləri dilə gətirəcəyimiz
saatda yalnız bu parlaq övladımızı deyil,
istedadlarımıza, dəyərlilərimizə, əvəzsizlərimizə,
geniş üfüqlərə uçmaqçün qanadı
olanlara qarşı içərimizdəki həsədi, biganəliyi,
təkəbbürü, hikkəni, soyuqluğu da biryolluq dəfn
edək.
Böyük millət olmağın,
yaxşı millət olmağın, sağlam, güclü
millət olmağın ən vacib yollarından biri elə bu təmizlənmədən
keçir...
Rafael HÜSEYNOV
525-ci
qəzet.- 2020.- 19 avqust.- S.12-15.