Abşeron rəsmləri
- Cəlal Ağayev ilə müsahibə
Talelərin rənglərə hopmuş
halı
"Bir
rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı rəssam Cəlal Ağayevdir. Cəlal Ağayev
1983-cü ildə Bakıda anadan olub.
Uşaq
yaşlarından rəssamlıqla məşğuldur. Cəlal
bəylə görkəmli rəssam Tahir Salahovun
"Abşeron qadınları" əsəri haqqında
danışmağı nəzərdə tutmuşduq. Amma
iş elə gətirdi ki, "Abşeron
qadınları"na keçməzdən əvvəl onun
özünün çəkdiyi "Abşeron
bağları" əsərindən danışmalı
olduq.
- "Abşeron bağları"
rəsmi necə yarandı?
- Bu rəsm mənim uşaqlığımın rəsmidir.
Uşaqlığım Novxanı bağlarında
keçib. Oranın təbiəti,
mənzərəsi mənim
uşaq yaddaşımda
dərin izlər qoyub. Yadımda qaldığı kimi də təsvir
etmişəm. Ümumiyyətlə, uşaq olarkən gördüyümuz rəngləri
daha canlı hiss edə bilirik. Neçə il
keçməsinə baxmayaraq,
o mənzərə yadımızda
qalır. Ona görə də
bu rəsmi işləmək mənə
elə də çətin olmadı.
Çünki hər çalar
mənə doğma idi.
- Bu doğmalığın bağlarla
bağlı olması
təsadüfdürmü?
- Yox, mənim uşaqlığımın ən
gözəl günləri
o bağlarda keçib.
Nə yalan deyim, mən
məktəbi sevmirdim.
Bütün ili
səbirsizliklə bağ
mövsümünün gəlməsini
gözləyirdim. Şəhər evində yaşamaqla bağ evində yaşamaq bir uşaq üçün böyük fərq idi. O qumun istisi, ayaqyalın gəzmək, uşaqlarla kanalda çimmək və s. Bunlar hamısı xoşbəxtlik
verirdi. Uşaq olmağın ən
gözəl tərəflərindən
biri də hər şeydən zövq almaqdır. Bir də zövq aldığın, səni
xoşbəxt edən
şeyləri unutmamaq.
Məsələn, o bağlardan yadımda
qalan əsas şeylərdən biri yarpağın üstünə
düşən gün
işığıdır. Çox adam
bəlkə də, buna fikir vermir.
Detallı şəkildə baxmaq, o gözəlliyi kəşf etmək rəssamlara xasdır.
Yaxud bir divar gəlir
gözümün önünə,
divarın üstünə
düşən gün
işığı. Çox şey
yadımdan çıxa
bilər, ancaq bunlar dəqiqliklə xatirimdədir. Yəni uşaqkən
gördüyüm, yaddaşımda
iz buraxan şeylər bu rəsmin mayasındadır.
- Rəsmə baxarkən diqqət çəkən
məqamlardan biri də hasarların olmamasıdır. Hasarların olmaması
məqsədyönlü şəkildə
edilib, yoxsa?
- Hə, hasarları özüm təsvir etməmişəm. Çünki bizim dövrümüzdə
bağ evlərində
çox vaxt hasar olmurdu. İnsanlar arasında etibar var idi, güvən
var idi deyə,
hasarlara ehtiyac yox idi. Oğru yox idi, quldur
yox idi, əvəzində insanlıq
var idi. Əgər bir qonşunun ağacı o biri qonşunun həyətinə
düşürdüsə, ağacı kimin əkməsindən asıli
olmayaraq, meyvəni də bölərdilər.
Ancaq halallıq olmadan heç kim heç
kimin çöpünə
də toxunmazdi. Biri çətinə düşəndə
dərhal qonşuları
haraylayardı. İndi
bir qonşunun köməyinə çatmaq
üçün neçə
hasar aşmalısan.
Rəsmdə hasarlar çəkməyərək
demək istədiyim də əslində, məhz budur. Uşaqlıqda gördüyüm insanlıq, səmimiyyət
və etibar.
- Rəsmdəki rənglər
nələrdən xəbər
verir?
- Rəsmdə isti və soyuq rənglərdən
istifadə eləmişəm.
Ancaq rəng seçimində də uşaqlığımın
xatirələri var. Məsələn,
kölgələri soyuq
rənglə verirəm.
Uşaqlıqda biz bağda olarkən
çox vaxt ayaqyalın gəzirdik.
Ayağımızı qumun istisi yandıran kimi dərhal bir ağac altına bir kölgəliyə qaçıb ayağımızı
qoymağa tələsirdik.
Bu səbəbdən də soyuq rənglərlə
kölgə mənim xatirimdə bütünləşib.
İsti rənglərlə
isə günəşin
təsirini hiss etdirməyə
çalışmışam. Digər detallarda bağ mövsümünün incəlikləridir.
Məsələn, pərdənin əsməsi
ilə günorta vaxtı əsən xəzrini göstərmək
istəmişəm. Ümumiyyətlə, zaman olaraq fikrimdə
günortanı tutmuşam.
Rəsmdə insanın olmaması
da bununla bağlıdır.
Çox
vaxt günorta vaxtı gün vurmasın deyə evdən çıxmırdıq.
- Bu rəsm bizə nə deyir?
- Əslində, mən
sadəcə, hisslərimi
təsvir etmişəm. Yadımda qalan
hissləri rənglərlə
boyamışam. Uşaqlığı Abşeron bağlarında
keçən adamlar bu rəsmə baxanda mənim nə demək istədiyimi daha gözəl anlayırlar.
Çünki o talvarin
da, pərdənin də,
lap elə olmayan hasarların da bir xatirəsi var. Və ümumiləşmiş bir
adı: Günorta çağı Abşeron
bağları.
- Bildiyim qədəriylə
ən çox sevdiyiniz rəssam Tahir Salahovdur. Söhbətimizi elə Tahir
Salahovun "Abşeron
qadınları" rəsmi
ilə də davam etdirək. Abşeronun daha bir çaları...
- İlk növbədə onu qeyd edim
ki, mənim üçün Tahir Salahov dahi şəxsiyyətdir. Onun kimi
rəssamın işlərindən
danışmaq da çətindir.
Çünki o, heç nəyi
elə-belə çəkmir.
Onun rəsmlərindəki ən
adi nöqtə belə bir mesajdır.
"Abşeron qadınları" da buna
bariz nümunədir. Əsər ana və bacıların dənizdə
olan öz yaxınlarına görə
keçirdiyi həyəcanı
ifadə edir. Qadınların simasındaki hər
cizgi narahatlığı
əks etdirir. Çünki rəssam bu
rəsmi ürəklə
işləyib. Bu narahatlığı
bilən adam
üçün bu rəsm çox şey deyir. Uşaqlıqdan dənizə balığa
gedən insanların yaxınlarının keçirdiyi
narahatlığı çox
görmüşəm. Bu rəsmi ilk dəfə
görəndə sanki
o hissləri gördüm.
Fikir versəniz, rəsmdəki
hər kəs narahatdır, təkcə oturub qayıq düzəldən oğlan
uşağından savayı.
O, hər şeydən
xəbərsiz qayığını
düzəldir. Ancaq arxada
bir qız uşağı da var. O isə
narahatdır digər qadınlar kimi. Deyilənə görə, qız
uşaqları oğlan
uşaqlarından daha
tez böyüyüb,
həyatı daha tez dərk edir.
Baxın,
o qız uşağı
artıq həyatı
dərk edir. O, anasının dərdinə
şərikdir, balığa
gedən atası, qardaşı üçün
narahatdır. Ancaq oğlan
uşağı qayıq
düzəltməklə məşğuldur.
Bəlkə o da böyüyub bir qayıqla dənizə üz tutacaq. Bu arada,
uşaqlar ayaqyalındır.
Elə bizim uşaqlığımızdakı
kimi. Qadınların geyimləri Abşeron
qadınlarının o dövrdəki
geyimlərini tam əks
etdirir. İstifadə olunan rənglər
də ağır rənglərdir. Dənizin
rənginə baxanda
biz təlatümü hiss edirik.
Bu rəsm bizə
hər detalı ilə o qədər şey deyir ki. "Abşeron
qadınları" əsəri
talelərin rənglərə
hopmuş halıdır.
Həm də möhtəşəm halı...
Aytac SAHƏD
525- ci qəzet.- 19 avqust.- S.19.