Demişdilər ki,
"Mən azərbaycanlıyam" verilişi
üçün "Oleq" adı təəccüblüdür..."
" Müsahibimiz Rus Dram
teatrının aktyoru, "Mən azərbaycanlıyam"
milli bilik yarışının aparıcısı Oleq
Əmirbəyovdur
"Anam
aktyor olmağımı istəmirdi"
- Oleq,
söhbətimizə uşaqlığınızdan
başlamaq istərdik. Necə
xatırlayırsınız o illəri?
-
Uşaqlığım 1980-ci illərin axırı, 90-cı
illərin əvvəllərinə -çətin, dramatik
dövrə təsadüf edir. O illərə aid əsas xatirələrim
təbii ki, teatrla bağlıdır. Çünki
anam Əməkdar artist Rita Əmirbəyova Rus Dram
Teatrının aktrisasıdır. "Teatr
uşaqları" deyə bir anlayış var. Sənətçilər
iş çoxluğundan uşağını qoymağa yer
tapmayanda teatra gətirirlər. Mənim də
uşaqlığım demək olar ki, teatrda keçib. Başqa xatirəm isə rəhmətlik nənəm
və babamla bağlıdır. Onların
yeganə nəvəsi idim və məni hədsiz sevirdilər.
Hamı üçün çətin dövr
idi. İnsanların vəziyyəti
ağır idi. Amma onlar
çalışırdılar ki, mən bunu hiss etməyim.
Kiçik kaprizlərimi sevə-sevə yerinə
yetirirdilər. Bir əhvalat danışmaq
istəyirəm. Yadınızdadırsa, o
vaxtlarda milli bayramlarda, ya da hansısa ölkə
başçısı Azərbaycana səfər edəndə
iri prospektləri bayraqlarla bəzəyərdilər. Bir dəfə babamla trolleybusla gedirdik. Yenə şəhər o cür bəzənmişdi.
Babama dedim ki, bu bayraqdan xoşum gəlir, istəyirəm ondan
məndə də olsun. Onda bayraq mağazalarda
satılmırdı, yox idi. Başqası olsa,
"uşaqdır" deyib yola verərdi, amma babam, qoca kişi axşam durub gedib o dirəyin
üstünə qalxmağa çalışıb ki,
bayrağın birini götürüb mənə gətirsin. Polis tutub, təbii ki. O da nəvəsi
üçün elədiyini izah edib, buraxıblar
(gülürük). Yəni onların bu dərəcədə
böyük sevgiləri vardı mənə. İkisi də ağır xəstə idilər.
Babam onkoloji, nənəm isə insult
keçirmişdi. Bir gündə -1997-ci
ilin 27 sentyabrında ikisi də rəhmətə getdi. Atam 1987-ci ildə rəhmətə gedib, valideynlərini
də itirəndən sonra anam bir uşaqla tək qaldı.
Çətin dövrlər yaşadıq.
Sanki onların gedişi ilə mən də
böyüdüm. İndi təəssüflənirəm
ki, onlar uğurlarımı görmədilər.
- Sizcə,
sizin aktyor taleyiniz hələ doğularkən
yazılmışdı?
- İnsanın taleyinin əvvəldən
yazıldığına inansaq, bəli, deyə bilərik. Amma bir neçə faktor da
var. Uşaqlıqdan teatr mühiti ilə tanış
olanın bu, ya xoşuna gəlmir, ya da gəlir. Teatrın sehri deyilən bir şey var. O, səni
maraqlandırırsa, gələcəkdə də çox
güman, bu sənətlə məşğul olacaqsan. Mənim başqa seçimim vardı, əslində.
Aktyor olmaq fikrim yox idi. Çünki
hər aktyor valideyn bu peşənin çətinliyini dərk
edir və istəməz ki, onun uşağı da bu çətinliklərlə
qarşılaşsın. Ona görə
anam da istəmirdi. Mənim xarici dillər,
beynəlxalq münasibətlər, hüquqa daha çox
marağım vardı. İndi də
dünyada gedən bu proseslərlə maraqlanıram. Amma sonra tale belə gətirdi ki, bu sahəyə gəldim.
Peşman deyiləm. Bəlkə
həqiqətən də, əvvəldən
yazılıbmış taleyim.
- Səhnəyə
ilk çıxışınız yadınızdadır?
- Bəli,
çox yaxşı yadımdadır. Hərdən
elə pyeslər səhnəyə qoyulur ki, orda uşaq
obrazları olur. Kollektivdə uşaq
olmadığından kənardan dəvət etməli olurlar.
Teatrımızın baş rejissoru Aleksandr
Şarovski belə bir zərurət yarandıqda həmişə
anama müraciət edirdi, amma mən imtina edirdim, istəmirdim.
1997-ci ildə Rüstəm İbrahimbəyovun
"Döngə" pyesi səhnələşdirilirdi.
Orda II Nikolayın oğlu Aleksey obrazına
uşaq lazım oldu. Mənə təklif
edəndə nədənsə, razılaşdım. Çar ailəsinin taleyi, dramı maraqlı gəldi.
Çünki əvvəldən kitablardan da
oxuyurdum. İlk çıxışım
da həmin tamaşa oldu. Sonra teatr
işçilərinin uşaqlarından ibarət nağıl
tamaşa qoyuldu, orda da çıxış elədim.
"Azərbaycan
dilində danışmağa 12-13 yaşımdan sonra
başlamışam"
- Sizi
tanımayan sıravi tamaşaçıları bəzən
"Oleq" adı çaşdırır. Siz
də bu cür reaksiyalarla
qarşılaşmısınızmı?
-
Çox görmüşəm. Düzdür,
axır vaxtlar azalıb, amma vaxtilə çox olub. Bu, normaldır. Çünki
"Oleq" milli mənşəlli ad deyil. Azərbaycan dilində danışmağa 12-13
yaşımdan sonra başlamışam. Məktəbdə
rus bölməsi idi, yekaterinalar da vardı, German da. "Oleq" elə də orijinal ad deyildi. Ona
görə bir fərq hiss etmirdim. Amma sonralar
çox oldu. Məsələn, elə
"Mən azərbaycanlıyam" bilik yarışmasına
aparıcı kimi təklif olunanda bu cür reaksiya verilib.
Mən verilişin 3-cü
aparıcısıyam. Öncə Ramiz
Novruz və Dilarə Səlim aparıblar. O vaxt AzTV-nin sədri
mənim namizədliyimi verəndə çox təəccüblənmişdilər.
Verilişin dəstəkçisi olan Gənclər
və İdman Nazirliyində demişdilər ki, "Mən azərbaycanlıyam"
verilişi üçün "Oleq" adı təəccüblüdür.
Amma Prezident Administrasiyasına təqdim edəndə
deyiblər ki, bu, multikultural siyasətə uyğundur. Tamaşaçılar da artıq bu verilişdən
tanıdıqlarından, daha belə reaksiyalarla çox
qarşılaşmıram.
- Bu
verilişi özünüz istəyirdiz, ya təklif olundu?
- Təklif
olundu. Mən əvvəllər idman verilişi
aparırdım, sonra hava məlumatına keçdim. O
layihə bağlanandan sonra bir dəfə AzTV-nin sədri məni
teleşirkətin həyətində gördü. Zarafatla
soruşdu ki,
havasız qalmısan? Dedim, bəli.
Dedi, bir şey fikirləşərik. Sonra bura təklif
aldım. Amma burda da zalda iştirakçılar,
tamaşaçılar olacaqdı deyə, bir az
çəkindim. Çünki həmişə
xəbərlər formatına, yəni studiyada tək
olmağa öyrəşmişdim, alınarmı deyə tərəddüd
edirdim. Amma sonradan, məncə,
alındı. Artıq 5-ci
mövsümdür ki, burdayam.
"Rejissor
konstruksiyası olmayanda tamaşa ayrı-ayrı aktyorların
etüdləri olur"
- Teatrda fəaliyyətiniz
necə gedir? Karantin zamanında nələr
etdiniz?
- Bu, əslində,
böyük problemdir. Çünki mart
ayından teatrların fəaliyyəti tam
dayandırılıb. Teatr da elə sənətdir
ki, canlı ünsiyyət tələb edir. Onu heç bir virtual platformada reallaşdırmaq
mümkün deyil. Bunu tək biz yox,
dünya teatr xadimləri deyir. Fəaliyyətimizin
nə vaxt bərpa olunacağı sual altındadır. Çünki bu, konkret epidemioloji vəziyyətdən
asılıdır. Şəxsən mən
aktyorların səhnədə sosial məsafə
saxlamaqlarını, maskada oynamaqlarını təsəvvür
edə bilmirəm. Tamaşaçılar
da maskada otura bilməzlər. Həm onlar
üçün 2-3 saat bu cür oturmaq çətindir, həm
də aktyora tamaşaçının reaksiyasını
görmədən oynamaq. Biz çalışdıq
"Zoom" proqramında məşq edək, amma mənim
şəxsi fikrim ondan ibarətdir ki, onun da bir həddi var.
Ondan sonrakı mərhələ səhnəyə
çıxıb mizanlar qoymaqdan ibarətdir. "Zoom" əsərlə
tanış olmaq, obrazlar arasındakı
münasibətləri anlamaq, təhlil etmək
baxımından faydalı oldu. Ondan sonrası
üçün isə məncə, virtual məşqlərin
heç bir mənası yoxdur. Çünki
səhnəyə çıxanda hər şey təzədən
başlamalıdır.
-
Heç ananızla bir səhnəni
bölüşmüsünüz? Necə
hissdir?
- Bəli,
iki dəfə. Rita xanımla biz bir
tamaşadayıqsa, mütləq ana-balanı oynayırıq.
Biri "Azad kəpənəklər"
tamaşası idi. Bu, mənim səhnədəki
ilk böyük işim idi. İkinci dəfə
isə anamın 60 illik yubileyinə həsr olunmuş
"Blislər ailəsi" tamaşasında oynadıq.
Onunla bir səhnəni bölüşmək
gözəldir, amma böyük məsuliyyətdir. Çünki Rita xanım böyük aktrisadır.
Psixoloji dram aktrisası kimi nadir sənətkarlardandır.
Çox tələbkardır, qarşısındakı kim olur-olsun istisnaları yoxdur. Onunla
səhnədəykən bir şeyə fikir vermişəm ki,
bir vaxtdan sonra obrazdan çıxıb oğlu kimi onun
üçün həyəcanlanıram, hansısa
sözü unutmasın, nəsə səhv olmasın və
sair. Amma istərdim ki, Rita xanımla səhnədə
daha çox görüşək.
-
Seriallarda çəkilmisiniz? Bu sahə haqda nə
düşünürsüz?
- Bu sahə
haqda nəsə deyə bilmərəm, çünki izləmirəm.
Ümumən deyə bilərəm ki,
iş gedir, müəyyən addımlar var.
Çatışmazlıqların aradan qalxması
üçün zaman lazımdır. "Ağabəyovlar"
və "Həyat çiçəyi" seriallarında
çəkilmişəm. Sonra dəvət
olsa da, razılaşmadım. Mənimçün
ssenari, çəkiliş qrupu və qonorar məsələsi
vacibdir.
- Kaprizli
aktyorsunuz?
- Yox, deməzdim.
Əksinə, mənə görə rejissorla iş çox
vacibdir. Bir yerdə ki, rejissor
"özünüz nəsə fikirləşin" deyirsə,
bunu qəbul edə bilmirəm. Bu, belə
olmamalıdır. Rejissor konstruksiyası
olmayanda tamaşa ayrı-ayrı aktyorların etüdləri
olur. Əslində isə rejissor istiqamətini,
tapşırığını verməli, aktyor da öz
daxilinə, xarakterinə görə bunu özəlləşdirməlidir.
Bu, kollektiv bir sənətdir. Həmişə rejissorun dediyinə əməl etməyə
çalışıram. Bəli, bəzən olur, hiss
edirəm ki, rejissor doğru demir. Onda da bunu
bildirirəm. Bəlkə bunu etməməliyəm,
amma təbiətim belədir, hansısa məntiqsiz, səhv
addım görəndə dilə gətirirəm.
- Bu sahədə
inkişafı nədə görürsüz?
- Peşəkarlıq,
güclü truppa lazımdır. Hər yoldan
ötəni teatra buraxmaq olmaz. Teatrın məktəbini
keçməlisən. Belə olmayanda
tamaşaçı gəlir bir tamaşaya baxır,
görür sənin aktyorunun nə plastikası var, nə səsi
çıxır, nə də ümumiyyətlə
aktyorluğu bacarır. Onda o da ikinci dəfə
gəlməyəcək. Onu qınamalı
deyil. Biz üzərimizdə daim işləməli,
özümüzü inkişaf etdirməliyik. Bu, çox sistemli bir problemdir və məncə, hər
tərəfdən bəzi dəyişikliklərə ehtiyac
var.
"Təhsil
və ailədaxili tərbiyə vacib faktordur"
-
Hazırda təəssüf ki, televiziyamızda intellektual
verilişlər çox deyil. Bunun səbəbini
nədə görürsünüz?
-
Ümumiyyətlə, dünyada intellektual verilişlərin
sayı şou verilişlərdən çox ola
bilməz. Sadəcə, bizdə balans daha
qabarıq pozulub. Təhsil və ailədaxili
tərbiyə vacib faktordur. Əvvəl
tamaşalarımıza tələbələr, məktəblilər
çox gəlirdilər. İndi azlıq
təşkil edir. Çünki teatr da
repertuarında onları nəzərə almalıdır.
"Mən azərbaycanlıyam" verilişinə
maraq böyükdür. Bölgələrə
gedəndə görürəm ki, məni o verilişin
aparıcısı kimi daha çox tanıyırlar. Bu cür verilişlərdə şou olmur, reklam
xarakterli deyil. Sırf öz layihəmizdən
danışsaq, devizimiz "Azərbaycanı tanıyaq və
tanıdaq"dır. Bizdə 5 mövzunun
hamısı sırf Azərbaycanla bağlıdır. 2-ci belə bir layihə yoxdur. Halbuki
olmalıdır. Hədiyyələrimiz də
pis deyil. Bu mövsümdən müraciət
elədik, Heydər Əliyev Fondu xanəndələr,
xalçalar, mədəniyyətimizlə bağlı nəfis
nəşrlərindən bizimçün göndərdilər.
Təbii ki, belə verilişlərin sayı çox
olmalıdır. Bizim verilişin 10 il efirdə olması da onu göstərir
ki, maraq var. Reklamımız olmasa da, Təhsil, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar, Gənclər və
İdman Nazirlikləri bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm.
-
Verilişinizdə iştirakçılarınız yeniyetmələr,
gənclərdir. Onların intellektual biliklərilə
bağlı təəssüratlarınız necədir?
- Bu, oyun
olduğuna görə, burda savadı, intellekti fərqli
uşaqlar iştirak edirlər. Məsələn,
bu gün 2 finalçımız vardı, ikisi də çox
bilikli, dünyagörüşlü idilər. Mənimçün əsas faktor da məhz budur.
Məktəb proqramındakı fənlərdə
çox da problem olmur, amma təəssüf ki, Mədəniyyət
və incəsənət mövzusunda bilikləri çox
azdır. Bizim verilişdə ən nadir
seçilən bölmə də məhz budur. Çünki uşaqlar xanəndələr, rəssamlar,
aktyorlar - mədəniyyətimiz haqda çox da məlumata
malik deyillər. Bu, böyük problemdir,
çıxış yolunu tapmaq lazımdır. Biz öz növbəmizdə çalışırıq,
nəsə edək. Amma fundamental həll
olmalıdır. Bu mənada yeni təyin
olunmuş Təhsil nazirinə, Mədəniyyət nazirinin vəzifələrini
icra edən birinci müavinə böyük ümidlərim
var. Ümummilli lider Heydər Əliyevin sözüdür ki,
təhsil millətin gələcəyidir. Deməli,
təhsilin səviyyəsi yüksək olmalıdır. Bu sahədə müəyyən işlər
görülsə də, mədəniyyətimizin məktəb
proqramında tədrisi baxımından da ciddi addımlar
atılmalıdır, məncə.
"Azərbaycan
gəncinin vətənə sevgisi çox
güclüdür"
- Bu
gün Azərbaycan gəncinin vətənə, millətə
və tarixə münasibətini necə dəyərləndirirsiz?
-
Münasibəti çox yaxşı, sevgisi
güclüdür. İyul ayında Ermənistan-Azərbaycan
sərhədində yaşanan gərginlik zamanında biz bunun
da şahidi olduq. Vətənpərvərlik
hissləri yaxşıdır, amma tarixi bilgilərə yiyələnməkdə
yenə də problemlər var. Məsələn, bizim
hazırda ən böyük dərdimiz Qarabağdır.
Hamı Qarabağ deyir. Amma
sıravi vətəndaşlardan Qarabağ probleminin, ermənilərlə
yaranmış bu qarşıdurmaların tarixini xəbər
alsaq, çoxu bilməyəcək. Axı
bu, 1988-ci ildən başlamayıb, tarixi kökləri var.
Bunları bilmədiyimiz üçün bəzən
informasiya müharibəsində uduzuruq. Bəli,
biz bilirik ki, Qarabağ bizimdir. Amma 3-cü
bir ölkə üçün bu, aydın deyil, onun
üçün Qarabağ mübahisəli ərazidir. Vikipediyanın bu barədə rus-ingilis mənbələri
biabırçılıqdır. Ermənilər
özlərinə sərf edən yalançı tarixi
yazıblar ora. Fikrimcə, bununla kimsə məşğul
olmalıdır. Bəli, gənclərimiz
məşğul olurlar, amma məncə, hansısa nazirliyin
yanında informasiya təhlükəsizliyiylə bağlı
mərkəzləşdirilmiş şöbə
yaradılmalıdır ki, fərqli dilləri bilən mütəxəssislər
bunlara mütəmadi nəzarət etsinlər.
Təəssüf, öz içimizdə düşmənə
işləyən xainlər də var. Onlar da Qarabağ
haqqında ermənilərin dediyini təsdiq edirlər. Onların
psixoloji problemlərinin olduğunu düşünürəm.
Çünki normal adamın öz vətəni
haqqında bu cür əks danışmasının heç
bir məntiqi yoxdur.
- Təbliğat
necə aparılmalıdır?
- Təbliğat
çox incə, düşünülmüş və peşəkarları
cəlb edərək olmalıdır. Ondan
çox şey asılıdır. Ermənilərdə
bu, çoxdan başlayıb. Əsrlər
boyu onların dövləti olmadığından, hər yerdə
özlərini göstərməyə, sübut eləməyə
çalışıblar. Ona görə
bütün dünyada varlar. Biz niyə
yoxuq? Çünki bizim əzəldən
torpaqlarımız olub və hamımız oraya
yığılmışıq, özümüzü
sübut eləmək, torpağımız, mədəniyyətimiz
haqqında "bizimdir" deyib qışqırmaq
ehtiyacımız olmayıb. Axı bilirik
ki, bizimdir. Təbliğat baxımından
passivliyimizin bu cür təbii səbəbi var. Əlimizdə
tarixi sənədlər var. Bizim üçün həmişə
o sənədlər danışıb. Amma
tarix belə gətirib ki, belə həyasız
qonşularımız olub və maraqlıdır ki,
bütün dünya onlara inanır. Səbəb
isə odur ki, yalan nə qədər hündürdən deyilsə,
o qədər inandırıcı olur. Onlar
da balacasından böyüyünə kimi hamısı bu
yalanları qışqırırlar. Bizim
təbliğatımız isə aqressiv deyil, düşünülmüş
aparılmalıdır.
"Milli-mənəvi
dəyəri çox vaxt səhv anlayırlar"
- Sizcə,
gənclərdə milli-mənəvi dəyərlərə
sevginin artırılması üçün hansı
addımlar atılmalıdır?
- Milli-mənəvi
dəyəri çox vaxt səhv anlayırlar. Məncə,
valideynə qayğı, böyüyə hörmət, öz
torpağına, vətəninə bağlılıqdır
milli-mənəvi dəyər. Geyim və
bu kimi xırda məişət problemləri deyil. Bu, yenə də uşaqlıqdan, ailədən gəlir.
Valideyn hansı tərbiyəni alıbsa,
övladlarına da onu ötürəcək. Bu sahədə ictimai qınaq da mühüm rol
oynayır. Məncə, hər şeyin
öz yerini tutması üçün bir neçə nəsil
dəyişilməlidir. Bizdən sonra gələn
hər nəsil öncəkindən savadlı olmalıdır.
Bu da məktəbin üstünə atmaqla olmaz.
Hər valideyn kiçik yaşlarından öz
övladı ilə məşğul olmalıdır. Bu
karantin zamanı mənə də göstərdi ki, sən demə,
nə qədər az diqqət
ayırırammış uşaqlara. Valideynin
onlara diqqəti çox vacibdir. Çünki
onlar üçün dünyanın mərkəzi bizik. Uşaqlara vətənpərvərliyi
aşılamaq çətindir. Çünki
anlamırlar. Amma mən bunun da yolunu
tapmışam. Tez-tez onlarla rayonlarımıza
səfər edir, onları tarixi yerlərə aparıb,
gördüklərimiz haqda məlumat verirəm. Görürəm ki, onlara da maraqlı gəlir.
İndiki mərhələdə, məncə,
bu, bəsdir. Gələcəkdə daha
mürəkkəb məlumatları əldə edəcəklər,
çünki ilkin bazaları olacaq. Bu, mənim
üsulumdur. Bəlkə başqaları fərqli
variantlara əl atırlar, ola bilər. Necə olur olsun, təki olsun.
"Keçmişsiz
gələcək yoxdur, keçmişsiz bu gün ola bilməz"
- Sizcə,
mədəniyyətin və cəmiyyətin inkişafı
dünyaya inteqrasiya ilə olmalıdır, yoxsa,
keçmiş ənənələri örnək almaqla?
- Buna
cavabı işlədiyim Rus Dram Teatrını misal göstərərək
vermək istəyərəm. Bu il
teatrımızın 100 illik yubileyi olacaq. Bu o deməkdir ki,
teatrın bir əsrlik tarixi ənənələri var.
Keçmişsiz gələcək yoxdur, keçmişsiz bu
gün ola bilməz. Amma hər
bir şeyin həddi olmalıdır. Heç
nədə fanatizmin tərəfdarı deyiləm. Düzdür, Avropadan texnologiyanı, bizə
lazım olan nələrisə götürməliyik, amma
lazımsızlar qalsın özlərində. Bəlkə bizdə ondan daha üstün nələrsə
var ki, onlar bizdən götürməlidirlər?! Avropadır deyə, hər şey
yaxşıdır, hamısını götürək - olmaz
axı. Qloballaşma pis şey deyil, amma həddi
olmalıdır. Çünki bizim ənənələrimiz
var. Keçmişi örnək alaraq xaricin təcrübəsindən,
mütəxəssislərindən yararlanmalıyıq. Məsələn, bizdə yeni nəsil peşəkar
rejissorlar çox azdır. Bu sahədə
xaricdən rejissorlar dəvət etməyə, onların təcrübələrindən
yararlanmağa ehtiyacımız var. Ümumiləşdirsək,
hər ikisindən öz həddində istifadə etməklə
inkişaf əldə etmək olar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 5
avquast.- S.14