Gənc rəssamın "Gizli aşiq"i

 

Rubrikamızın budəfəki qonağı gənc rəssam Elçin Hüseyndir. Elçin Hüseyn 1996-cı ildə Bakıda dünyaya gəlib. Uşaq yaşlarından rəssamlıqla məşğuldur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib. Hazırda sənətşünas, rəssam kimi fəaliyyət göstərir. Gənc rəssamla onun "Gizli aşiq" adlı rəsmindən danışmışıq.

 

 

- "Gizli aşiq" necə yarandı?

 

- Əslində, rəsmin cəmi bir yaşı var. Keçən il Nəsiminin 650 illiyi münasibətilə çəkmişəm. İstəmədim Nəsiminin sadəcə, portretini çəkim. Ona görə bir xeyli araşdırma etdikdən sonra məhz bu rəsmi çəkməyə qərar verdim. Ümumiyyətlə, Nəsiminin həm şeirlərini, həm fəlsəfəsini çox sevirəm. Mənim həyat fəlsəfəmə çox yaxındır. Bu səbəbdən rəsmi sevə-sevə çəkdim.

 

Rəsmə ilk baxanda seyrci yalnız bir əl görür. İlk baxışdan bu əlin Nəsimi ilə əlaqəsini müəyyən etmək olmur. Təbii ki, hekayəni bilmirlərsə.

 

Rəssam rəsm vasitəsilə izləyici ilə danışır. Biri var, bu danışığı bir kəlmə "salam" deyib bitirəsən. Biri var, uzun-uzadı danışıb rəsmə baxan adamı düşündürəsən. Mən həmişə ikincini seçmişəm. Çox vaxt sərgilərdə rəsmlərimi dayanıb kənardan müşahidə edirəm. Əgər tamaşaçı sadəcə, baxıb keçirsə, buna pis olaram. Ancaq dayanıb rəsmə baxan, düşünən adam görəndə bunu özüm üçün uğur saymışam. Eyni şey bu rəsm üçün keçərlidir. Rəsmə baxan tamaşaçı hekayəni bilirsə, bu rəsm onu düşündürəcək. Yaxud maraqlı gəlsə, hekayə ilə maraqlanacaq. Bu arada hekayəni bilməyənlər üçün danışmaq istəyərdim. Deyilənə görə, dərisi soyulan şair özünü axıradək mərd dəyanətlə aparıb. Edam prosesində iştirak edən din xadimlərindən biri Nəsimini lənətləyərək deyir ki, onun qanı murdardır, hara düşsə, gərək o yer qılıncla kəsilsin odda yandırılsın. Təsadüfən Nəsiminin qanından bir damcı sıçrayıb həmin sözü deyən adamın barmağına düşür. Meydana yığışmış kütlə tələb edir ki, onun barmağı kəsilib tonqala atılsın. İşi belə görən zahid dediyini danır. Ölüm ayağında olan Nəsimi bədahətən bu misraları deyir:

 

Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,

 

Gər bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz...

 

- Əlin qeyri-estetik təsviri zahidin mənəvi dünyası ilə bağlıdırmı?

 

- Bəli. Bu, onun daxili aləmini təcəssüm etdirir. Onun zahid kimi tutduğu mövqeyi barmağındakı üzük biləyindəki işləmələrlə vermişəm. Yəni o, zahid olaraq cəmiyyətin sayılıb-seçilən adamlarındandır. Ancaq üzük, bahalı geyim onun xəbis ruhunu gizlədə bilir. Uzanan barmaq isə Nəsimiyə işarədir. Günahkar kimi. Çəkilən xətt barmaqla əli ayırır. Barmağa sıçrayan qanın rənginin açıq olması da təsadüfi deyil. Mən bu qan rəngini lavaya bənzətmişəm.

 

 

 

 

 

- O zaman sarı rəng kontur da təsadüfü seçilməyib.

 

-  Əslində, sarı qara ranglərin ikisinin bir rəsmdə olmasına çox rast gəlinmir. Xüsusilə qara konturdan istifadə səhv kimi göstərilir. Hətta Rusiyanın Repin Akademiyasında rəng alarkən qara rəngi qutudan çıxarıb atırlarmış ki, qara rəng rəssama lazım deyil. Çünki qara təbiətdə yoxdur. Mən burda məsələyə tamamilə başqa cür yanaşaraq fəlsəfi baxışdan çıxış etmişəm. Sarı rəng Nəsiminin nurunun işarəsidir. Zahidin əlinin kənarındakı qara kontur isə onun Nəsiminin nurundan pay ala bilməməsinə işarədir. Rəssamlıqda sarı rəngdən, günəşdən bu cür istifadəyə bir çox məşhur rəssamların əsərlərində rast gəlmək olar. Məsələn, Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsərində yalnız İsanın başının üstündə pəncərə var. Bu da onun fərqidir.

 

- "Gerçək aşiq" rəsmi əslində deyir?

 

- Mən bu rəsmdə hansıa bir mesaj çatdırmaqdan daha çox, hisslərin təsvirinə önəm vermişəm. Mənim üçün ötürə bildiyim emosiya önəmlidir. Rəsmin dediyi rəsmə baxanın hiss etdiyinə bağlıdır. İnsanlar bu rəsmə baxanda hiss edirsə, bu rəsm onu deyir.

 

Aytac SAHƏD

525-Qəzet.- 5 avqust.- S.21