Tarixin qara qutusunu axtaran
alim - Qafar Cəbiyev-70
Tarix yalnız
müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi
deyil. Tarix
yer üzündə yaşamış və köçüb
getmiş insanların tarixi portretləri qalereyasıdır.
D.Volkoqonov
Müdriklərdən tarixi "ölülərlə
dirilərin və hələ doğulmamışların
birliyi" adlandıranlar da, tarixi hadisələrin romanı
sananlar da olub.
Tarixi olduğu kimi qərəzsiz yazmaq, ölülərlə
dirilərin vəhdətini yaradıb gələcək nəsillərə
ötürmək tarixçilərin və arxeoloqların
işi olmaqla yanaşı, həm də bir vicdan məsələsidir...
Bəşər
sivilizasiyasının ən qədim ocaqlarından olan Azərbaycanın
tarixi ərazilərində
aparılan arxeoloji qazıntılar - Azıx adamının alt
çənə sümüyünün 350-400 min illik tarixi,
Qobustan qayaları üstündəki mezolit dövrü təsvirləri,
tunc dövrü mədəniyyət nümunələri Azərbaycan
xalqının şərəf səlnaməsinin bizə gəlib
çıxmış ən qədim nümunələridir. Təbii ki, zaman-zaman torpağımıza əl
uzadanlar əvvəlcə tariximizə dil uzatmağa
çalışıblar. Tariximizi
saxtalaşdırmağa, özününküləşdirməyə
cəhd ediblər. Nə yaxşı ki,
düşmənin qabağına hər zaman qolun, zorun dili ilə
deyil, ağlın, zəkanın, idrakın gücü ilə
də çıxılır.
Elminin, zəkasının
gücü ilə millətin yoluna işıq tutanlar,
torpağı vətən, milləti xalq edən şəxsiyyətlər
həmişə olub, sayları az olsa da nə
yaxşı ki, indi də var. Belələrindən biri də
Qafar Cəfər oğlu Cəbiyevdir.
Onu necə təqdim edim? Çoxuşaqlı
ailənin birinci övladı kimi? Ömrünə
sığışandan çox iş
görən bir insan kimi? Viranə qalmş sarayların, zəlzələdə
batmış şəhərlərin,
işğalçıların dağıdıb məhv etdiyi
məmləkətimizin min il əvvəlini ələyib, ələkdən
keçirən, tapdığı daşda, əşyada Vətənimizin
tarixini bu günə gətirib, "Can Azərbaycan" deyə
sabaha yol açan bir arxeoloq kimi?
Bəlkə xalqımızın və vətənimizin
dünəni ilə yaşamaqla gələcəyin elmi ilə
məşğul olan bir alim kimi?
Bir dəfə Aqata Kristidən soruşurlar ki, arxeoloqlar
kimdir? "Onlar keçmişin dedektivi, gələcəyin
uzaqgörənləridir" - cavabını verir.
Bəlkə Qafar müəllimi "tarixin qara
qutusu"nu axtaran, tarixi həqiqətlər sevdalısı
olan əsl Azərbaycan kişisi kimi çağıraq?
Bəlkə
onu gecəsini gündüzünə qatıb torpağın
"altını üstünə" çevirib bu yurdun
kimliyini, bu vətənin mənəvi pasportunu yazan adlandıraq?..
Hərdən arxeoloqları siyasətçilərin
torpağa basdırdığı tarixi "dirildən"
insan kimi də təqdim edirlər. Elə Qafar müəllim də
neçə batmış şəhərimizə can verib,
ömrünə ömür calayıb, dirildib, bu
günümüzə gətirib çıxarıb, gələcəyinə
işıq salıb...
Qafar Cəbiyevin
ömür kitabını vərəqlədikcə qram-qram
torpaq qazan, ulularımızı bizə tanıdan bir bərpaçını,
özü və sözü bir olan bir jurnalisti, əməli və
elmi bir olan, sinəsi vətən sevgisi ilə
alışıb yanan, ürəyində Azərbaycan boyda bir
yurd sevgisi daşıyan, tarix yazmaqla tarix yaradan, yaşı vətənin
yaşı qədər uzun, ömrü bu yurdun
keçmişi və bu günü qədər şərəfli,
tuncdan tökülmüş mətin bir Azərbaycan
oğlunun obrazını görürük.
Qafar
müəllimlə söhbət edərkən insan xəyalı
istər-istəməz sinəsi rəsmlərə
çevrilmış Qobustandan keçib, yüz min il əvvəli soraqlayır. Vətənimizin
qürur dolu tarixi zənginlikləri ilə tanış
olub iftixarla "Bura Vətəndir" deyib gücün
yetdikcə hayqırmaq istəyirsən.
Evlərinin
cəmi beş addımlığında
yerləşən Cavanşir qalasının
qalıqlarını gördükcə, tarixin min illiyinə
şahidlik edən daşa, divara baxdıqca, ayağını
hər qarışında tarix yatan bu torpağa basdıqca
ürəyindən bir arzu keçirdi balaca Qafarın.
Bacardıqca tez böyümək, tarixçi olmaq, yurdunun və
millətinin tarixini aramaq, araşdırmaq, yazmaq...
- 10
uşaqlı ailədə yaşamağın, ailənin
birinci övladı olmağın öz qanunları, birgəyaşayış
qaydaları var. Atam necə deyərlər, qara fəhlə
idi. Alnının təri, əlinin qabarı ilə
böyüdüb bizi. Evimizdə süfrənin
üstündə bir şey olanda biri olmurdu. Məni qınamayın, atamın qabarlı, işləməkdən
damarları çıxmış arıq əllərini Azərbaycanın
xəritəsinə bənzədirdim. Tez
böyümək, atama kömək olmaq keçirdi
könlümdən. Hər bir işdə
ailəmizə, atama, anama kömək olmağa
çalışırdım. Əlimdən bir iş gəlməyəndə,
qoy məndən kiçik, hələ həsi-hüsü
qanmayan bacı qardaşlarım doyunca çörək yesin
deyə süfrədən tez çəkilirdim... Vətən sevgisi, millət sevgisi, yurd sevgisi dərsini
də valideynlərimdən aldım. Halallıqla
yaşamağı, alnıaçıq, başı dik
yaşamağın nə olduğunu onlardan öyrəndim.
Cavanşir qalasının qalıqlarını
mənə göstərən atam "sən də
böyü, onun kimi qəhrəman ol" deyərdi.
Qafar müəllim Cavanşir kimi
döyüşçü olub, yurdumuzu yağılardan qorumaq
yolunu tutmasa da, tariximizi saxtalaşdıranların
qarşısına çıxan bir elm sərkərdəsi,
bir yurdsevər, vətənsevər olmağı bacardı.
Qafar Cəbiyev həmişə axtarışda olan,
çalışan, əslində, nə deyilənlə, nə
də etdiyi ilə qane olmayan, inkişafa, tərəqqiyə
can atan bir elm adamıdır. 1986-cı ildən Qəbələ,
İsmayıllı, Kürdəmir, Şamaxı, Ağsu
rayonlarında arxeoloji tədqiqatlar aparan, elmi ekspedisiyaların
rəhbəri olmaqla bir sıra ilklərin müəllifi
olmuşdur.
Qafar müəllim möcüzə yaratmır, yaratmaq
Ulu yaradanın işidir - deyir. Lakin bizə
möcüzə kimi görünən, əsrlərlə
torpağın altında qalan qədim qalalara, batıb
getmiş şəhərlərə can verir, nəfəs
verir. Yurdumuzun yer üzündə qədim
sivilizasiyanın mərkəzlərindən biri olduğunu
faktlarla sübut edir. Qafar müəllim
bütün bunları peşəsi, vəzifəsi olduğu
üçün etmir, bu yurdu, bu vətəni ilahi bir eşqlə,
təmənnasız bir məhəbbətlə sevdiyi
üçün edir.
Tarixi mənbələrdə Girdiman knyazları və
yepiskoplarının hələ Arşagidlər dövründə
ölkədə böyük nüfuz sahibi olduqları qeyd
olunur. Arşagidlərdən sonra siyasi arenaya gələn
Mehranilər isə Girdiman feodalları olaraq
bütövlükdə Albaniyada siyasi hakimiyyəti ələ
alıblar. 5-8-ci əsrlərdə Girdiman
hökmdarları tərəfindən tikilən əzəmətli
məbəd, qala və istehkamlar haqqında Albaniya tarixi
konteksində məlumat verilsə də, indiyə kimi öyrənilməmiş
qalırdı. Mehranilərin tikib
qoyduqları və sonralar Girdiman vilayətinin paytaxtı olan
Mehrivan şəhərinin tarixi mənbədə adı
çəkilsə də, şəhərin özü və
yeri sirr olaraq qalırdı. 2004-cü ildən Qafar Cəbiyev
tərəfindən başladılan və 2013-2015-ci illərdə
inadkarlıqla davam etdirilən arxeoloji tədqiqatlar nəhayət
öz nəticəsini verdi. Beləliklə,
Ağsu rayonunun Bəyimli kəndi yaxınlığında 12
hektar əraziyə malik qala yerinin Mehrivan şəhərinin
qalıqları olduğu elmi cəhətdən əsaslandırıldı.
Eyni zamanda, Qafar Cəbiyevin rəhbəri
olduğu Ağsu ekspedisiyası tərəfindən
2010-2014-cü illərdə Orta əsr Ağsu şəhəri
yerində 1.5 hektar sahə tədqiq və konservasiya edilərək
Azərbaycanda analoqu olmayan dünya standartlarına uyğun səviyyədə
arxeoloji-turizm kompleksi yaradılmışdır. Ağsu arxeoloji-turizm kompleksi bu gün ölkəmizə
gələnlərin ən çox üz tutduqları, ziyarət
etdikləri tarixi zonalardan biridir. Onu da qeyd edək ki, bu
qiymətli tarixi abidəyə ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə Dövlət
Qoruğu statusu verildi...
İnsanın əməli ilə işi bir olanda, fikri ilə
etdikləri üst-üstə düşəndə o insan
kamil insan kimi qəbul olunur. Qafar müəllim yazdıqları və
etdikləri ilə özünü dürüst ifadə etməyi
bacaran az insanlardandır. Onun
gözü, könlü toxluğu el malına sədaqətin
ən yaxşı ifadə formasıdır. Son 100 ildə Azərbaycan arxeoloqları arasında
ilk dəfə qızıl pullardan ibarət dəfinə Qafar
müəllimin rəhbərlik etdiyi Ağsu arxeoloji
ekspedisiyası tərəfindən aşkar olunaraq Milli Azərbaycan
Tarixi Muzeyinə verilib. Ümumiyyətlə,
onun rəhbərliyi ilə öyrənilən bütün
arxeoloji abidələrdən çox qiymətli
tapıntılar, o cümlədən, qızıl məmulatları
aşkar olunub. Sonuncu dəfə 2017-ci ilin may ayında
onun rəhbərliyi ilə Dəmirçi nekropolunda
(Şamaxı rayonu) tədqiqatlar zamanı 3-cü əsrə
aid hökmdar və sərkərdə qəbirləri, Roma və
Parfiya pulları, silahlar, küllü miqdarda gətirilmə və
yerli istehsalat olan bəzək əşyaları, o cümlədən,
ləl-cəvahiratla bəzədilən nəfis qızıl
sırğalar aşkar olunub. 2010-2012-ci illərdə
Ağsu və Kürdəmir rayonları ərazisində daha
iki gümüş və mis pullardan ibarət dəfinə
tapılaraq, tədqiq edilərək dövlətə təhvil
verilib. Kürdəmir rayonu ərazisindən tapılan və
Sirvanşahlara aid 1131 ədəd sikkədən ibarət
Muradxan dəfinəsinin tədqiqinə həsr olunan
"Muradxan dəfinəsi" adlı albom-kataloqu 2012-ci ildə
Elmin İnkişafı Fondu tərəfindən nəşr
olunaraq xüsusi mükafatla layiq görülüb.
Qafar müəllim yorulmadan, böyük enerji ilə
tapdığı tarixi abidələrlə millətimizin
tarixini bərpa edib, yenidən yaradır. Bəzən görülən
işlərin məcmusuna nəzər salanda bu qədər
işin bir insanın ömrünə sığışa biləcəyinə
adam inanmaq belə istəmir.
Güclü müşahidə qabiliyyəti, hadisələrə
vaxtında və obyektiv reaksiyası, tükənməz
enerjisi, dürüst təhliletmə bacarığı,
analitik düşüncəsi və ən başlıcası
məsələyə obyektiv münasibəti Qafar müəllimi
həm də müasir jurnalistikamızın nadir qələm
sahiblərindən biri kimi səciyyələndirməyə
imkan verir. Qafar müəllim bədii sözlə publisistik
üslubu sintez etməyi bacaran, Azərbaycan dilinin incəliklərindən
həssaslıqla istfadə edən bir jurnalistdir. O, əlahəzrət
sözün üstündə əsən, sözə qüdrət
verən, sözün qüdrətindən istifadə edən əsl
söz, fikir adamıdır. Qafar müəllim
gözəl bilir ki, insan anatomiyası müxtəlif maddələrin
birləşdiyi hüceyrələrdən ibarətdirsə,
insanın məzmunu onun əməlindən və
sözündən ibarətdir. İnsan tarixdə
etdiyi əməli və sözü ilə qalır. Bəlkə də tarixi dəyərlərə
üstünlük verdiyi üçün, tarixdən dərs
götürüləsi şeyləri çox bildiyi
üçün Qafar müəllimi bu günümüzlə
bərabər, həm də tarix üçün yaşayan
insan da adlandırmaq olar. Onun jurnalist kimi
sözün üstündə əsməsi də tarixə
hesablanıb. Qafar müəllim elə ona
görə də, inamla "Yazılan qalacaq" deyə
bilir. Qafar Cəbiyev o insanlardan, o
yazarlardandır ki, yazdıqlarının qaldığına əmindir
və sözü havaya sovurmadığına, sözə ehya
verdiyinə inanır.
Bitib-tükənməz bir enerji ilə
çalışan, ömrünün ahıl
çağını yaşayan, müdrikliyin, elmin zirvəsinə
doğru inamla irəliləməyi bacaran Qafar Cəbiyev
ömrün 70-ci ilini yola salır. Onun ömür yolu
çoxcildlik bir kitaba bənzəyir. Elə
bir kitaba ki, bu kitabı oxuduqca daha çox öyrənmək,
öyrəndikcə həyatda tətbiq etmək istəyirsən.
Bu kitabı vərəqlədikcə
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin məşhur,
"Soruşma ki, ölkən sənin üçün nə
edib, soruş ki, sən ölkən üçün nə
etmisən" kəlamını xatırlayıram. Bəli, Qafar Cəbiyev bu ölkə
üçün əlindən gələni edənlərdəndir.
Nə edibsə ölkəsinin, xalqının, bu vətənin
adına edib. Bu gün bu qədim
diyarımızın hansı bir guşəsindən keçsən,
hansı bir ərazisinə ayaq bassan, daşı da,
torpağı da, sıldırım qayaları da burdan bir Qafar
keçib deyər. O Qafar ki, adını
bu vətənin tarixinə yaza bilib.
70
yaşınız mübarək, Qafar muəllim! Elmin zirvəsinə və müdrikliyə gedən
yolda yaradıcılıq enejiniz heç zaman bitib tükənməsin.
Ağarəhim Rəhimov
Elşən Qəni
525-ci qəzet.- 6 avqust.- S. 10.