Azərbaycan dilinin
orijinal qrammatikası 400 il sonra
Kitab Azərbaycan –
İtaliya dostluğuna ithaf olunur
Məşhur
italyan səyyah və ədib Pietro della
Vallenin 1620-ci ildə qələmə aldığı
"Türk dilinin qrammatikası" (Azərbaycan dilinin
orijinal qrammatikası) əsəri bugünlərdə Azərbaycan
dilində geniş şərhlərlə çap olunub. Bu, türkologiya, Azərbaycan dilçiliyi və
dünya şərqşünaslığı
baxımından xüsusi önəm daşıyır. Azərbaycan dilinin orijinal qrammatikasını italyan
dilindən Azərbaycan dilinə professor İdris Abbasov və
fəlsəfə doktoru Günel Bayramova çeviriblər.
AZƏRTAC bu kitab haqqında Əməkdar elm xadimi,
akademik Nizami Cəfərovun qeydlərini təqdim edir.
İdris
Abbasov və Günel Bayramovanın "Pietro della
Vallenin "Türk dilinin qrammatikası"nın (Azərbaycan
dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və
şərhi" kitabı Azərbaycan dilçiliyində tərcümə,
tədqiq və şərhin sintezindən ibarət ikinci
böyük əsərdir. Xatırlatmaq yerinə düşər
ki, İdris Abbasov 2014-2017-ci illərdə hələ Mirzə
Kazımbəyin Azərbaycan dilinin ilk elmi qrammatikasının
əks olunduğu "Türk-tatar dilinin ümumi
qrammatikası"nın tərcümə, tədqiq və
şərhi" monoqrafiyası üzərində işləyərkən
M.Kazımbəydən əvvəl türk-Azərbaycan dilinə
dair yazılmış qrammatika əsərlərindən bəhs
edib, tədqiqatın gedişində F.Arcenti (1533), P.Ferraquto
(1611), G.Miqiza (1612), eləcə də Pietro della Valle (1620) və
onlarca digər Qərb dilçilərinin adlarını
sadalayıb, onların bəzilərinin qrammatika
kitablarının özəlliyi haqqında müxtəsər
məlumatlar verib.
Avropaya türk dilinin gəlişi türklərin Balkan
yarımadasında yerləşməsi, Osmanlı
imperiyasının qurulması və onun Qərbin ən
yaxın sərhədlərinə qədər kök
salması mərhələsinə təsadüf edir. Məhz tarixi
hadisələrin belə inkişafı bu mərhələyə
qədər bir növ diqqətdən kənarda qalan türk
dilinin əhəmiyyətini xeyli dərəcədə
artırırdı. Artıq Avropa türk
dilinin hegemon olduğu yeni bir reallıqla hesablaşmaq məcburiyyətində
qalırdı. Əlbəttə, ilkin mərhələdə
bu prosesin kütləvi şəkildə baş verdiyini demək
olmaz. Çünki hələ səlcuqlardan
başlayaraq Yaxın Şərqə doğru irəliləyən
türk tayfaları (bunların içərisində oğuz
qrupuna aid olan salurlar, bayatlar, bayandırlar, qaramanlar və s.
var idi) özləri də müxtəlif ləhcələrdə
danışırdı. Şərqşünas,
türkoloq Aleksandr Samoyloviç qeyd edirdi ki,
günümüzə gəlib çatan türk ədəbi
dilinə aid əsərləri XIII-XIV yüzilliklərə
aid etmək olar. Öz mənafeyi naminə
Osmanlıya xüsusi "diqqət" göstərən,
Aralıq və Qara dəniz hövzəsində özünəməxsus
mövqeyə malik Venesiya Respublikası bir-birinin ardınca
öz elçilərini şərq kəşfiyyatlarına
yönəltmişdir. Bu baxımdan bir tərəfdən
Qafqaz sərhədlərində yaranan Ağqoyunlu dövləti
və onun hökmdarı Uzun Həsənin sarayına, digər
tərəfdən Konstantinopola "Top Qapı"ya göndərilən
Venesiya elçilərinin orta əsr əlyazmalarında
türk-Azərbaycan, ərəb-fars mənşəli ifadələrin
əks olunması maraq doğurur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, türklər
ərəb dilini öyrənməyə üstünlük
verirdilər.
Bu onlara təkcə heyrətamiz nəcib dildə
yazılan Quranı oxumaq üçün deyil, həm də
müxtəlif elmləri öyrənmək məqsədilə
lazım idi. Ona görə də ərəb dili müdriklərin
yazdığı kitabların oxunması üçün latın dili qədər vacib idi.
Avropada türk-Azərbaycan dilinin ilk qrammatikasını
yazan şəxs messinalı italyan keşişi Pietro Ferraquto
olub. Onun "Grammatica Turchesca" əsəri türk-Azərbaycan
dilinin qrammatikasına dair Qərbdə nəşr olunan ilk
kitab sayıla bilər. Lakin o əsər
dünya miqyasında ilk deyil. Çünki
hələ XIII-XIV əsrlərdə qıpçaq türkcəsində
sözlük qrammatikalar yazılıb. İtalyan
P.Ferraqutonun bu kitabı Qərbdə Şərq dilləri
qrammatikasına aid yazılan kitabların beşincisidir.
Şərq dillərinə dair yazılan ilk dörd kitab
bunlardır: 1505-ci ildə Ərəb dilinin Əndəlus ləhcəsi,
1506-cı ildə ibranicə, 1548-ci ildə qədim həbəşcə,
1554-cü ildə siryanicə. Sadaladığımız
bu kitablar türk-Azərbaycan dili qrammatikasının pionerləri
sayılır və mətn baxımından çox önəmlidir.
Xorvat əsilli Batolemeo Georgiyeviç adında bir macəraçı
Qanuni Süleyman zamanında 1526-cı ildə Mohaç
savaşında əsir götürülmüş, 13 il
Anadolu və Suriyada qaldıqdan sonra öz yurduna qayıdaraq
Böyük Varadin şəhərində Dərviş Çələbi
adında bir şəxslə din haqqında diskussiyalar
aparmış, sonra topladıqlarını 1522-ci ildə
türklərin adət və ənənələri
haqqında latınca kitab şəklində ortaya qoymuşdur.
XVI-XVII əsr
İtaliyasında yaşamış Pietro della
Valle dövrünün məşhur səyyahı, Şərq
ölkələri üzrə ekspert, hüquqşünas,
musiqiçi, ədib olmuş, ən müxtəlif elm sahələrindən
baş çıxarmışdır. Bundan əlavə, Valle latın, yunan, ispan, fars, ərəb, qibti,
gürcü və s. kimi bir çox dilləri səthi də
olsa, bilmiş, müxtəlif ekspedisiyalarda iştirak
etmişdir. Valle dövründə elə
şöhrət qazanmışdır ki, Roma Papası VIII
Urban dini məsələlərdə ondan məsləhətlər
alırdı. Ədibin müxtəlif mədəniyyətlərə
yanaşması çox vaxt linqvistik müstəvidə ortaya
çıxır. Bir xalqı tanımaq, təhlil
etmək üçün Valle ilk növbədə bu
xalqın dilindəki sözlərin etimologiyasını,
onların tələffüz xüsusiyyətlərini,
insanların kommunikativ bacarıqlarını öyrənməyi
arzu edir və bunu mühüm şərt kimi irəli
sürürdü.
"Türk
dilinin qrammatikası" Pietro della Vallenin
çoxcəhətli yaradıcılığında nakam, nəşrinə
qovuşdurulmamış, "səsi boğulmuş" bir əsər
kimi tarixin arxivində qalmışdır. Əsərin
çapı italyan aristokratın əbədi arzusuna
çevrilmişdir. Onu XX əsrin birinci
yarısında italyan şərqşünas Ettori Rossi elm
ictimaiyyətinə tanıtsa da, əlyazmanın
çapına təşəbbüs etməyib. E.Rossiyə
elə gəlirdi ki, əsərin məzmunu və strukturu
lazımınca işlənməyib, yaxud Konstantinopol türkcəsi
və Persiyada danışılan türk dili ilə fərqliliklərə
az diqqət yetirilib və nümunələr
azdır. Fikrimizcə, kitab tarixi baxımdan dərin
məzmuna və struktura malik olub həmin dövrdə türk
dilinə dair qələmə alınan əsərlərlə
müqayisədə təkmildir, burada praktiki nümunələrlə
yanaşı, nəzəri müddəalar da mövcuddur.
P.Bitenholz, Vallenin türk dilini, onun ləhcələrini
və xüsusən də Səfəvilər dövlətinin
saray dili olan Azərbaycan dilini səlis bilməsini qeyd edərək
"Qrammatika" əsərinin hələ də işıq
üzü görməməsinə təəssüf edir. Bəzi Avropa
şərqşünasları Səfəvi imperatorluğunda
üstün mövqeyə malik Azərbaycan dilinin öyrənilməsi
üçün Vallenin "Türk dilinin qrammatikası"
kitabına ehtiyac olduğunu bildirirlər. Orta
əsr Qafqaz ərazilərində və xüsusən Azərbaycan
ərazisində mövcud olan bu dil formasının öyrənilməsi
baxımından Vallenin "Qrammatika" əsəri əvəzsiz
mənbədir.
Təqribən
bir il ərzində İstanbulda qalaraq
türk dilini öyrənməyə başlayan italyan aristokrat
Pietro della Valle bir neçə il sonra həmin dilin
qrammatikasını qələmə almağa başlayır.
O, "Türk dilinin qrammatikası" əsərini 1620-ci il sentyabrın 8-də İsfahanda yazıb
başa çatdırıb. Della Vallenin səyahət
etdiyi yerlərdə rastlaşdığı müxtəlif
dünya dillərinə dair mülahizələri, xüsusən
yazdığı "Türk dilinin qrammatikası" əsəri
ədibin dilçilik görüşlərini səciyyələndirir.
Araşdırmalar
nəticəsində məlum olur ki, Pietro della Vallenin qələmə
aldığı "Türk dilinin qrammatikası" əsəri
Səfəvilər dövlətində, ələlxüsus,
orduda xüsusi imtiyaza malik aborigen türk mənşəli
qızılbaşların danışdığı dilin
qrammatikasıdır. Valle qeyd edirdi ki, sarayda və
daha savadlılar arasında məhz bu dildə
(qızılbaşların dilində – N.C.)
danışılırdı.
Tədqiqatçı-müəlliflər
tərcümə, tədqiq və şərh prosesində
XII-XIII əsrlər İspaniyasında missioner fransisklər və
dominikanlar mühitində ərəb dilindən latın dilinə
tərcümə olunan əsərlərin linqvistik keyfiyyətini
ətraflı araşdırıb, Kanon Papa sarayı nəzdində
Paris, Oksford, Boloniya və Salamankanın ümumi elm sahələri
ilə yanaşı, yunan, ərəb və siryani dili
kafedralarının təsis olunması haqqında məlumatları
dəqiqləşdiriblər. Məlum olur ki,
Florensiya Şurası zamanı şərq dilləri əlyazmalarının
IV Papa Yevgeni Kondulmerə təqdim edilməsi Vatikan
Kitabxanasının Şərq kolleksiyasının nüvəsinə
çevrilmişdir.
Monoqrafiyada təsbit olunur ki, o dövrdə dilçilik
baxımından şərqşünaslıq
araşdırmalarının əsasında yəhudi və ərəb
dili qrammatikalarının yazılması dayanırdı. Türk-Azərbaycan dilinə
dair qrammatikalar ərəb və latın
dillərinin qrammatik modellərinə əsaslanırdı. Tərcümə, tədqiq və şərhdə
Valleyə istinad olunaraq türk-Azərbaycan dilinə dair
qrammatika kitablarının yazılması üçün ərəb
dilini bilməyin önəmi dəfələrlə
vurğulanıb, hətta fonetikanın ərəb dili
qrammatikası ilə sıx bağlı olduğu əyani surətdə
göstərilib. XIV əsrin başlanğıcında
Əcurrum adı ilə tanınan mərakeşli dilçi Məhəmməd
əs-Sanhacinin məşhur "Müqəddimə" əsəri
ilk dəfə 1592-ci ildə "Grammatica arabica in comppendium
redacta, quæ vocatur Giarrumia" adı altında Romada latın dilində nəşr olunub. Bundan başqa, T.Erpeniusun "Ərəb dili dərsləri"
(1620) kitabı kiçik həcmli olsa da, dövrünə
görə çox aydın və səlis yazılıb, dəfələrlə
alman, fransız və digər dillərə tərcümə
edilib. Qərbdə şərq dillərinə dair ilk
qrammatika əsərləri yazanlar sırasına Pyer d'Alkala,
Giyom Postel, Qavriel Sionita, Martellotto, Pyer Metossita, Qadaqnoli və
digərlərinin adlarını daxil etmək olar. Pietro della Valleyə qədər, ayrıca qeyd
etdiyimiz kimi, türk-Azərbaycan dilinin qrammatikasına dair
xeyli əsərlər qələmə alınıb, nəşr
edilib və tədris olunub. Həmin əsərlər
barəsində "Tərcümə, tədqiq və şərhdə"
müvafiq surətdə bəhs olunub.
Əlbəttə, Della Vallenin XVII əsrin əvvəllərində
italyan xalq danışıq dilində yazdığı əlyazmanın
spesifik üslubu, oxunmasındakı çətinliklər tədqiqatçıları
bu işdən çəkindirməyib və onlar bu işin
öhdəsindən layiqincə gəlməyi bacarıblar. Vallenin əlyazmasında
o dövr üçün xarakterik olan və dünya dillərinin
qrammatikalarından əxz olunaraq Azərbaycan dilinin
qrammatikasına tətbiq edilən bir sıra orijinal və
mürəkkəb terminlər mövcuddur. Məsələn,
Vallenin dəfələrlə işlətdiyi
"quiescente", "vocalazione", "dimonstrativo",
yaxud feillərdən bəhs edən beşinci kitabda türk
dilində sadə primitiv, sadə derivativ, mürəkkəb
primitiv və mürəkkəb derivativ feil istilahları. Vallenin işlətdiyi terminlərin,
konstruksiyaların mənasını dəqiqləşdirmək
üçün tədqiqatçı-alimlər müxtəlif
dillərdə olan mənbələrə baş vurub,
onların bildirdiyi mənanı mükəmməl şəkildə
izah ediblər.
İtalyan aristokrat əlyazmada Cambattista Raymondonun
adını tez-tez çəkərək fonetika və
orfoqrafiya məsələlərində, demək olar ki, əsər
boyunca onun "Ərəb əlifbası" kitabına
istinad edir. Ona görə də tədqiqatçı-şərhçilər
Raymondo haqqında daha ətraflı araşdırma apararaq,
şərq dillərini dərindən bilən kremonalı
missionerin dilçilik görüşləri haqqında
geniş məlumat əldə ediblər. Aydın
olur ki, Qavriyel Sionita yazdığı qrammatikada Raymondo və
Erpeniusun ardınca gedərək ərəb dilində fəthəni
"e" kimi transliterasiya edib. Əlbəttə,
türk dilini mükəmməl bilən Raymondo bu dilin leksika və
qrammatikasından fars dilini öyrənmək
üçün istifadə edirdi. O, həmçinin
İstanbuldan əsir alınaraq gətirilmiş Paolo Orsininin də
köməyindən yararlanıb.
Təqdim olunan monoqrafiya türk dillərinin morfoloji
modifikasiyalarını öyrənmək baxımdan da önəm
daşıyır. Əlyazmada bəhs olunan feil növləri,
şəkilləri, müxtəlif konstruksiyalar və s. tədqiqatçı-alimlər
tərəfindən nəzəri və müqayisəli
dilçilik baxımından araşdırılır, müəyyən
qənaətlərə gəlinir. Valle
türk və Azərbaycan dilləri arasındakı fərqlilikləri
ortaya qoyur. Müqayisədə
üstünlüyü ikinciyə verir.
XVII əsrin əvvəllərində labial saitlərin
ahəngi təkamül edirdi. Della Vallenin əsərini
araşdırdıqda məlum olur ki, türk dilinin şərq
dialektində labial, qərb dialektində isə qeyri-labial
formaya üstünlük verilib. O, bəzi tarixi-linqvistik
məqamlara toxunaraq çox vaxt Azərbaycan dilinin tələffüz
formasına öz şəxsi rəğbətini ifadə
etmişdir. Müəllif yazır ki, türk
dilində istər isim, istərsə də sifət
formasında sonu [vav] ilə bitən sözlərə
çox rast gəlinir. Valleyə görə, "Şərq
türklərindən hesab olunan tatarlar, skiflər və fəth
etdikləri Persiya imperiyasına aid ərazilərin ordusunda
xidmət edən, uzun illərdən bəri bu ərazilərdə
yaşayan və bu gün Qızılbaşlar adlanan türklər
antik dövrdən sözlərin şəkli xüsusiyyətini
saxlayaraq yazıldığı kimi oxuyurlar. Lakin
Konstantinopol və Aralıq dənizi sahillərində
yaşayan Qərb türkləri hesab edirlər ki, bir çox
cəhətdən onlar öz dillərini yeniləmiş və
gözəlləşdirmişdirlər". Lakin Valle şərq türklərinin (azərbaycanlıların)
tələffüz formasını daha təbii və orijinal
sayır.
İstər
Andre dü Ryenin 1633-cü ildə Parisdə latın
dilində çap olunmuş "Rudimenta Grammatices Lingua
Turcica" (Türk dili qrammatikasının əsasları)
kitabçası, istərsə də Don Françesko Maria
Maccionun 1643-cü ildə geniş və izahlı şəkildə
latın dilində nəşr etdirdiyi türk dilinin
qrammatikasına dair kitabı yüksək qiymətləndirən
Vallenin qələmə aldığı "Qrammatika" əsəri
bir çox cəhətləri ilə hər iki müəllifin
əsərindən üstündür. Bu barədə
araşdırmaçı Ettori Rossinin fikirləri ilə
tamamilə razılaşmaq olar. Təvazökar
və səmimi bir elm adamı kimi Vallenin hər addımda
özünə tənqidi yanaşmasının şahidi
oluruq.
Vallenin əsərinin strukturuna gəlincə, o, yeddi
kitabdan ibarətdir. "Müdrik oxucular"
üçün türk dilinin faydalılığı haqda
giriş hissədən sonra birinci kitab gəlir. Bu hissə hərflər, oxu qaydaları, üç
əsas dilin əlifbası, məna, transliterasiya və tələffüzünə
həsr olunub. Pietro della Valle bu haqda
müfəssəl bəhs etmək niyyətində
olmadığını, çünki fonetika və orfoqrafiya
haqqında Covan Battista Raymondonun aydın və mükəmməl
məlumatlar verdiyini söyləyir.
İkinci
kitab qısa paraqraflardan ibarət nitq hissələri, adlar,
cins, say və hallardan bəhs edir. Daha sonra
adların və sifətlərin səs sonluğuna görə
hallanma fərqləri verilir. Ayrıca bir
başlıq müqayisə və üstünlük dərəcələrinə
həsr olunub. Bu bölmədə tədqiqatçılar
modistlərin nitq hissələri təlimindən ətraflı
bəhs edərək bu barədə müəyyən təsəvvür
yarada bilmişlər. Çünki Vallenin
nitq hissələri bölgüsü müasir dilçilik
baxımından bir qədər fərqlidir. Burada ədədlərə və saylara daha çox
diqqət yetirilib, ərəb və yəhudi əlifbasından
istifadə etməklə sayların ifadəsi, yəhudi
numerologiyası qeyd edilib. Bu hissədə
astrologiyaya aid çoxlu məlumatlar, ezoterik rəqəmlər
və tarixlər haqqında məlumatlar var.
Üçüncü kitab şəxs, işarə, yiyəlik
əvəzlikləri və nisbi əvəzliklərdən bəhs
edir. Valle əvvəlcə sadə və mürəkkəb
əvəzliklərin üzərində dayanır. O, sadə
dedikdə mən, sən, biz, siz və s., düzəltmə
dedikdə mənim, sənin, bizim, sizin və s. kimi əvəzlikləri
nəzərdə tutur. İşarə əvəzliklərinə
və nisbi əvəzliklərə sadə əvəzliyin bir
növü kimi baxır, yiyəlik əvəzliklərini (mənim,
sənin, onun və s.) isə düzəltmə əvəzliklərə
aid edir. Tədqiqatçı-alimlər
Vallenin türk dilindəki yiyəlik əvəzliyinin adi
hallanma qaydasına müvafiq dəyişməsi fikrini irəli
sürməsini haqlı olaraq orijinal hesab edirlər.
Dördüncü kitabda feillərdən
danışılır. Feillər sadə və ya mürəkkəbliyindən
asılı olmayaraq, ya primitiv, ya da düzəltmə olurlar.
Sadə primitiv feillər bir sadə sözdən
ibarət olub bir təsdiq hərəkəti bildirir. Bu feillər ya aktiv, ya da neytral olur.
Beşinci kitab "Sadə derivativ feillər" adı
altında feillərdən bəhs edir. Burada sadə
primitiv feillər, sadə derivativ feillər, mürəkkəb
primitiv feillər, mürəkkəb derivativ feillər kimi
maraqlı qrammatik hadisələrin şahidi oluruq.
Altıncı kitab zərflər, sözönülər,
nidalar, bağlayıcılardan bəhs edir. Zərflərdən
sonra sözönülər başlığı gəlir.
Sonra nidalar, bağlayıcılar gəlir.
Bu hissədən başlayaraq Valle daha çox
türk dilinin nidalarla zəngin olmasına diqqət yetirir.
Yeddinci və axırıncı kitab "Konstruksiyalar
haqqında" adlanır, söz birləşməsi və
cümlə quruluşuna həsr edilib. Della Valle burada ad və əvəzlik,
feil, feili sifət, zərf, nida və bağlayıcı kimi
qrammatik kateqoriyaların hər birinə aid müəyyən
sayda "qaydalar" təqdim edərək sintaksislə
bağlı müəyyən izahlar verir.
Tədqiq və şərh prosesində Vallenin
sadaladığı dil faktlarına nəzəri və
müqayisəli dilçilik müstəvisində yanaşma tərzi
sonadək davam etdirilir. İstər fonetika və morfologiya, istərsə
də sintaksis bölmələrinə verilən şərhlər
Müasir Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə
araşdırılması üçün mühüm dəlillər
ortaya qoyur.
Pietro
della Vallenin səyahətnamələrindən
çıxış edərək XVII əsrin əvvəllərində
Səfəvilər sarayında təmiz Azərbaycan dilində
danışan Şah Abbasa dair, eyni zamanda, Albaniya şəhəri
Bakı, Xəzər dənizi, müalicəvi əhəmiyyəti
olan Bakı nefti haqqında maraqlı məlumatlar verilib, Azərbaycan
tarixi haqqında mühüm məqamlara toxunulub.
"Pietro
della Vallenin "Türk dilinin
qrammatikası"nın (Azərbaycan dilinin orijinal
qrammatikası) tərcümə, tədqiq və şərhi"
kitabı türkologiya, Azərbaycan dilçiliyi, dünya
şərqşünaslığı və ümumi
dilçilik baxımından önəm daşıyır.
Oxuculara təqdim olunan kitab türk-Azərbaycan dili tarixi
mütəxəssisləri, şərqşünaslar,
dilçi-filoloqlar, dil nəzəriyyəçiləri,
türkoloqlar, hətta romanşünaslar üçün qiymətli
mənbədir. Bu mənbədən ən müxtəlif
profilli dilçi-tədqiqatçılar, tarixçilər və
etnoqraflar faydalana bilərlər. Ana dilimizin orijinal
qrammatikasına dair yazılmış bu nadir əlyazma tarixin
arxivində az qala yaddan
çıxacaqdı. Dörd yüz il
sonra yenidən canlandırılan bu əsər Azərbaycan
dilinin tarixən beynəlxalq ünsiyyət vasitəsi
olması faktını bir daha sübut edir. Biz də,
öz növbəmizdə, milli-mədəni sərvətimizin
tərkib hissəsi olan bu tarixi mənbəni yüksək səviyyədə
araşdırıb elm ictimaiyyətinin istifadəsinə təqdim
edən tədqiqatçı-alimlərə təşəkkürümüzü
bildirir, onlara bol nailiyyətlər arzulayırıq.
Beləliklə,
İ.Abbasov və G.Bayramovanın "Pietro della
Valle. Türk dilinin qrammatikası (Azərbaycan
dilinin orijinal qrammatikası): tərcümə, tədqiq və
şərh" adlı monoqrafiyası Azərbaycan
dilçiliyinə, dünya şərqşünaslığına
və Azərbaycan – İtaliya dostluğuna dəyərli
töhfədir.
Cəfərov Nizami
525-ci qəzet.- 6 avqust.- S.12;13.