Üzeyir Hacıbəyli "Azərbaycan"
qəzetində: mətbuat tariximizin mühüm mərhələsi
Azərbaycan jurnalistikası tarixində elə şəxsiyyətlər
var ki, onların mətbu fəaliyyətlərini
araşdırmaqla tarixin konkret bir dövrünün həqiqət
və gerçəkliklərini ortaya qoymaq
mümkündür. Azərbaycan müstəqillik əldə
etdikdən sonra, yəni mənəvi dəyərləri qlobal
surətdə yenidən qiymətləndirmə dövründə
bu klassiklərə və onların yaradıcılıq fəaliyyətlərinə
yenidən nəzər salınmağa başlanıldı.
Azərbaycanda yenidən latın
qrafikasına keçid ədəbi-bədii irsin yenidən tədqiqi
üçün imkanlar yaratmaqla həm mətbuatın, eləcə
də publisistikanın istər mövzu-ideya, istərsə də
sənətkarlıq baxımından yeni baxış
bucağından araşdırılması zərurətini və
hər şeyə obyektiv tarixi qiymət vermək kimi təxirəsalınmaz
vəzifəni ortaya qoydu. Bu sırada əsərlərinin bir
hissəsi nəşrlərdən kənarda qoyulmuş, bir
hissəsi isə ixtisar edilmiş, yetmiş ildə jurnalistik və
publisistik fəaliyyətinə nisbətdə musiqi fəaliyyəti
daha çox qabardılan, mətbuatını və eləcə
də dövlətini azad və demokratik, millətini isə
savadlı və dünya xalqları içərisində
öz yerini tutan görmək istəyən və bunun
üçün mətbuatı tribunaya çevirən şəxsiyyətlərdən
biri - Üzeyir Hacıbəylinin irsinin öyrənilməsi də
aktual bir problem olaraq tədqiqatçıların
qarşısında duran mühüm bir vəzifə kimi qiymətləndirilməlidir.
Üzeyir
Hacıbəylinin - "Kaspi"dən tutmuş, "Azərbaycan"a
qədər olan - publisistikasını izləsək, görərik
ki, bu irsin ictimai xarakteri, janr palitrası, mövzu rəngarəngliyi
və toxunduğu problemlərlə çağdaş
dövrümüzün gerçəklikləri arasında bir
bağlılıq, paralellik özünü göstərir. Yəni bu irslə müasir dövrümüz
arasında maraqlı tarixi paralellər axtarmaqla xalqı, milləti
düşündürən suallara cavab tapmaq, tarixi həqiqətlərə
nail olmaq mümkündür. Bir sözlə,
Ü.Hacıbəylinin həyat yolu və onun zəngin fəaliyyəti,
yüz il keçməsinə baxmayaraq,
bizim üçün reallıq, əsərləri
günümüzün gerçəkliyi, dövr, zaman fərqli
olsa da, qaldırdığı məsələlər də
eynisi ilə bizi bu gün də düşündürən
problemlərdir.
Kəsərli
qələm sahibi olan jurnalist, incə yumora malik dramaturq,
gözəl pedaqoq, elmi nəzəri fikirləri ilə
seçilən alim, yorulmaz ictimai xadim Üzeyir bəy
Hacıbəylinin yaradıcılığının ana xəttini,
qayəsini elə məhz istiqlalçılıq, millətçilik,
vətənçilik-azərbaycançılıq təşkil
edir. O, bu mövzuda məhəbbətlə yazır,
düşündürür, fikirlərini əsaslandırır,
tutarlı, dolğun faktlardan, mənbələrədən məharətlə
istifadə edərək əsərləri ilə sanki
bugünkü günümüzə ayna tutur.
Ü.Hacıbəyli millətin, məmləkətin
xoşbəxtliyini mətbuatın azad və demokratik
olmasında görürdü. Bu mənada onun "Kaspi"dən
tutmuş "Həyat", "İrşad", "Tərəqqi",
"Həqiqət", "İqbal", "Yeni iqbal",
"Açıq söz", "Doğru söz",
"İttihad", "Tərcüman", "Təkamül",
"Azərbaycan" qəzetlərində və "Molla Nəsrəddin"
jurnalınadək publisistik fəaliyyəti
əhəmiyyətli yer tutur. Ümumiyyətlə,
Üzeyir bəyin mətbuat səhifələrində dərc
olunan iki mindən çox publisistik yazısı millətin tərəqqi
və təkamülündə böyük rol oynamış,
onları Cümhuriyyətə gedən bir yola istiqamətləndirmişdir.
Böyük
tədqiqatçı Şirməmməd Hüseynov
Ü.Hacıbəyli şəxsiyyətini və publisistik
irsini belə qiymətləndirir: "Üzeyir Hacıbəyov
o cür xoşbəxt sənətkarlardan və ictimai xadimlərdəndir
ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin
mütərəqqi və humanist mənası daha parlaq şəkildə
gözə dəyməkdədir. Onun zəngin
irsi indi də diqqəti cəlb edir və mündəricə
genişliyi, dərin mənası ilə bizi heyran
buraxır".
Ü.Hacıbəyli çıxış etdiyi mətbuat
orqanlarının bir çoxunda həm jurnalist və publisist
kimi, həm də redaktor kimi fəaliyyət göstərir ki,
bu da Azərbaycan mətbuatı tarixində onun bir redaktorluq məktəbi
yaratması kimi qiymətləndirilə bilər.
Hər
bir dövrün jurnalistikası, mətbuat səhifələrində
yer alan publisistik yazılar dövrün
salnaməsi olmaqla nəinki mətbuat tarixində, eləcə
də Azərbaycan tarixində böyük rol oynayır. Ü.Hacıbəylinin Azərbaycanın siyasi
şüurunun formalaşmasında, istiqlal düşüncəsinin
möhkəmlənməsində böyük rol oynayan "Azərbaycan"
qəzetindəki (1918-1920) redaktorluq və jurnalistlik fəaliyyətini
yaradıcılığının zirvəsi, həmçinin,
Azərbaycan mətbuat tarixinin mühüm bir mərhələsi
hesab etmək olar. Azərbaycan tarixinin ən şərəfli
dövrü olan Azərbaycan Xalq Cümhuriyyəti illərində
Üzeyir Hacıbəyli gündəlik siyasi, ictimai, ədəbi,
iqtisadi türk qəzeti olan "Azərbaycan"da bir müddət
ilk parlament müxbiri, 1919-cu il 89-cu sayından 4 iyul tarixli
216-cı saya qədər müvəqqəti redaktor, 1 sentyabr
265-ci saydan 31 dekabr 1919-cu il tarixli 358-ci saya və 1 yanvardan 28
aprel 1920-ci il tarixli 85-ci saya qədər redaktor kimi
çalışmışdır.
AXC mətbuatını, eləcə də bu
dövrün mətbuat orqanları sırasında "Azərbaycan"
qəzeti haqqında tarixi, elmi həqiqəti şüurlu və
planlı şəkildə yasaqda saxlayan sovetin yetmiş illik
hakim məfkurəvi ehkamı arxivlərdə, bağlı
qapılar arxasında saxlamışdır. Cümhuriyyət
qurucularından olan Ü. Hacıbəylinin bu dövr mətbu
irsi də üzərinə qadağalar qoyulmuş dəyərlər
sırasında tədqiqatlardan kənarda qalmışdır.
Tədqiqatçı Aslan Kənan Ü.Hacıbəylinin
"Azərbaycan" qəzetindəki indiyədək
çap olunmamış, bu günümüzlə səsləşən,
AXC dövrünün bütün uğurlarını və
qarşılaşdığı çətinlikləri
özündə əks etdirən felyetonlarını,
publisistik məqalələrini və məktublarını
toplayaraq "Bayrağımız sarsılmaz" adı
altında nəşr etdirmişdir.
Üzeyir
bəy "Azərbaycan"dakı məqalə və felyetonlarını
"Hacıbəyli Üzeyir", "Üzeyir",
"Ü.Hacıbəyli", "Ü",
"Ü.H.", "ÇT",
"Ü.Əbdül" adı altında dərc etdirərək
yazılarında demokratik ideyaları təbliğ etmiş, Azərbaycanın
müstəqil dövlət kimi möhkəmlənməsinə
çalışmış, azadlıq ideyalarını
yaymaqla qəzetin ideya istiqamətini müəyyənləşdirilməsində
böyük rol oynamışdır. Onun "Mühüm məsələlər"
(1 dekabr 1918, ¹53), "Partiyalarımıza" (3 dekabr 1918,
¹55), "Azərbaycan Parlamanı" (5 dekabr 1918, ¹56),
"Tarixi günümüz" (7 dekabr 1918, ¹58), "Təəssürat"
(silsilə yazılar) (9 dekabr ; 13 dekabr; 16 dekabr 1918 və s.),
"Andronikin məsələsi" (15 dekabr 1918, ¹65), "Vəzifəmiz
nədir" (24 dekabr 1918, ¹72), "Bir iltimas münasibətilə"
(3 yanvar 1919, ¹78), "Ehtiyat lazımdır" (15 yanvar 1919,
¹88) və s. bu qəbildən olan yazıları yeni
qurulmuş Azərbaycan dövlətinin qarşısında
duran əsas problemlərin həllinə həsr edilmişdir.
Bu yazılarda biz onu vətənpərvər, istiqlal
aşiqi, azərbaycançılıq ideologiyası ilə
yoğrulmuş bir publisist kimi görürük. İllərlə
arzuladığı bir amala çatan ədibin 1918-ci ilin
dekabrın 7-də Azərbaycan Parlamentinin
açılışı münasibəti ilə
yazdığı "Təəssürat" silsilə məqalələrini
oxuyan hər kəs bunun şahidi ola bilər:
"Parlamanımız açıldı, gördük. Fətəli
xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi...
Parlaman imarətinin içində zinyət cümləsindən
calibi-diqqət olan şey qiymətli xalılar degil idi, bəlkə
fiatı ucuz, lakin mahiyyəni-milliyyə və siyasiyyəsi
dedikcə baha olan üç rəngli milli bayraqlarımız
idi.
Məhəmməd
Əmin nitqi-iftitahisində bu üç rəngin:
"Türkləşmək, islamlaşmaq və müasirləşmək
amalı əlamətindən ibarət olduğuna işarə
ilə bu bayraq endirilməz!" - dedikdə
bütün məclis ayağa qalxıb əl
çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladədən
başımın tükləri biz-biz durdu". Daha sonra
Milli Şura rəisi M.Ə.Rəsulzadənin üzbəüz
qapıdan girişini təsvir edir və siyasi lider kimi onun
maraqlı portretini yaradır: "Padşahlı məmləkətlərdə
məclisi-məbusanı padşah açar, amma Azərbaycan
Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər
vətən övladı açdı". ("Azərbaycan"
9 dekabr 1918, N60)
100 il keçməsinə baxmayaraq, bu gün də
Parlamentin açılışından verilən bu
reportajı oxuyan hər kəs müstəqil və azad vətənini
bütün varlığı ilə sevən bir vətəndaşın,
bu yolda hər fədakarlığa hazır olan insanın səmimi
duyğularının və milli qürurunun şahidi olur.
Parlamentin açılması ilə bağlı digər
yazısı "Tarixi günümüz" (7 dekabr 1918, ¹58)
Azərbaycan dövlətçiliyinin tarixi baxımından əhəmiyyət
kəsb edir.
Yüz, yüz əlli il bundan əvvəl
müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan
torpağının rus əsarətindən xilas olub təkmill
bir hökumət şəklinə girməsini
alqışlayan ədib yazır: "...bu torpaq üzərində
qurulmuş olan saxta və əməli hüdudları
silinib-süpürülüb müttəhid və vəsi bir ərazi
şəklinə girdi və bu gün xilas olub da iki milyon
mütəcaviz nüfusilə Azərbaycan Cümhuriyyəti
namini daşımağa kəsbi-ləyaqət etdi... Azərbaycan
Cümhuriyyətinin Milli Parlamanı, Milli Məclisi
açılmaqla təşkilat və tərtibati-siyasiyəsi
artıq itmamə yetir".
Üzeyir
bəy uzun illərin əsarətindən xilas olan bir xalqı
izləyən daxili və xarici təhlükələri
görür, məqalələrində
Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə
qarşı xalqı ayıq, daha doğrusu,
"dördgöz" olmağa çağırır.
"Dördgöz olmalıyıq" ("Azərbaycan",
25 aprel 1919, ¹166) məqaləsində yazır: "İçimizdə
olan düşmənlərin təhlükəsi xaricdə
görünən düşmənlərinkindən daha zərərlidir.
Xaricdə duranı görürük, lakin
içimizdəkiləri hər dəfə görmək
mümkün olmuyor. Bunlar əlaltı işlər
görürlər və bizə qarşı qəflətən
hücumlar və şəbxunlar hazırlıyorlar... keçmiş
işlərdə ləkəli olanları və söz və əməllərilə
şübhəli görünənləri məmləkətimiz
daxilinə buraxmamalıdır, səhvən
buraxılmışlar varsa, ərd və ixrac etməlidir...
Xülasə, istiqlalımızı müdafiə və
mühafizə yolunda dördgöz olub da xarici düşmənlərimizi
dəf üçün hər bir tədbirə bilatərəddüd
təvəssül etməlidir".
Bu gün
də sapı özümüzdən olan
"balta"ları, bu torpağın üzərində gəzib
xəyanət edən xainləri, maddi nemətlərimizlə
yaşayıb üzümüzə ağ olan nankorları
görəndə Üzeyir Hacıbəylinin hələ də
aktuallığını itirməyən bu tövsiyəsinin
vacibliyini və ciddiyyətini bir daha təsdiqləyirsən.
Ü.Hacıbəyli
"Bir yaş" ("Azərbaycan", 28 may 1919) məqaləsində
isə minlərcə xanimanı xaraba qoyulan bir dövlətin
- çaylarca axıdılan qanlar hesabına qurduğu Azərbaycan-Türk
dövlətinin bir yaşının tamam olması və
ikinci yaşa qədəm qoyması gününü
qürurla, istiqlal sevgisi ilə qələmə alır:
"Bu gün istiqlalını elan etmiş olduğumuz və
istiqlalı qazanmaq yolunda Növzad dövlətimizin təvəllüdü,
ana bətnindən doğulması - çətinliklə əmələ
gəldi. Ana vətən balasını doğarkən
özünü qurban edəcək dərəcəsinə gəlmişdi...
Azərbaycan torpağı bir xarabazara, bir viranəyə
dönəcək idi. Onun, o madəri-mehribanın
nazik sinəsi, zərif bədəni üzərində gəzən
qaba ayaqlar, həm anası bətnindən balasını
çəkmələrinin təpikləri altında tapdalamaq,
əzmək və xurd-xaş etməklə anasını da,
balasını da öldürmək istiyordular.
Lakin bu zəif sinə içində gizlənmiş olan
eşq və məhəbbət o dərəcədə
böyük bir qüvvəti haiz idi ki, zəif cism, qüvvətli
ruh sayəsində düşmən zülmü
qarşısında tab və taqətdən düşməyib
yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi. Ana Vətən doğdu... Və bu gün doğduğu övladının səneyi-dövriyyəsi
münasibəti ilə bayram qurub və övladını
mavi, al və yaşıl rəngli parçalarla bəzəyib
nümayişkaranə bir surətdə bəyani-iftixar etməkdədir".
Bu məqalədə
Üzeyir bəy ingilislərin Bakıya ilk gəlişi ilə
onlarda yaranan təəssüratla sonrakı münasibətlərində
fərqliliyi göstərməklə Qafqaz müsəlmanları
haqqında yaradılan iftira və böhtanlara da münasibət
bildirir: "İngilislər bizim içərimizə girərkən,
özlərini vəhşi heyvan qarşısına
çıxmış bir ovçu vəziyyətində
saxlamaq ehtiyatına heç bir lüzum
olmadığını bir-iki gündən sonra kəmali-təəccüb
ilə anladılar...- bilməməzlik və ya düşmənlər
təbliği nəticəsi olaraq xəta və yanlış
olduğunu dərk etdilər".
Üzeyir Hacıbəyli zülm və əsarətdən
xilas olmuş bir millətin azadlığa qovuşduqdan sonra öz
mədəniyyətləri ilə digər millətləri
heyran qoyacaqlarını qürur hissi ilə bildirir.
Aygün ƏZİMOVA
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 6 avqust.-
S.14.