"Milli belletrist nəsrin zirvəsi"

 

 

Qəbul imtahanlarının üçündən əla qiymət almışdı. Axırıncı imtahanı da "yaxşı" versəydilər, universitetə qəbul olunacaqdı. Lakin həmin gün imtahan vərəqini itirdi. İmtahan komissiyasının sədri ona yeni vərəq vermədi. Əvvəl prorektora, sonra rektora müraciət etsə də, onlardan müsbət cavab almadı.

 

Zənnində yanıldığını düşünə-düşünə naəlac halda pillələri enirdi. Ayaqları keyimişdi elə bil, ürəyi sıxılırdı. Və birdən Həmid müəllimi gördü. Gözlərində ümid işıqlandı, dodaqlarına təbəssüm qondu. Ədəbiyyatdan imtahanı ondan professor Həmid Araslı götürmüşdü. Bu çəlimsiz oğlanın cavabı çox xoşuna gəlmiş, biliyini "əla" qiymətləndirmişdi. Əlibala ürəklənib salam verdi. Bəxtindən Həmid müəllim onu tanıdı. "Nə olub, bala?" - deyə onun qəmli olduğunu hiss etdiyindən həlim səslə soruşdu. Əlibala başına gələnləri danışdı. Həmid Araslı onunla birlikdə imtahan komissiyası sədrinin yanına gəldi: "Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin". Bayaqdan ağzından "yox" sözündən başqa qeyri kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini ona uzatdı. Sevincək imtahan otağına girib bilet çəkdi. "Yaxşı" qiymət alıb universitetə qəbul olundu...

 

Özünə söz verdi ki, ilk dərs günündəcə Həmid Araslıya təşəkkürünü bildirsin.

 

"İlk dərs günü böyük sevinc içində auditoriyaya daxil oldum. Hamı həyəcanla müəllimi gözləyirdi. Fikirləşdim ki, tənəffüs vaxtı Həmid müəllimi tapıb ona təşəkkürümü edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir anlıq özümü itirdim. Gələn Həmid Araslı idi. İnsanlığına pərəstiş etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir tərəfdən də çox məyus oldum. Çünki ona təşəkkür bildirə bilməyəcəkdim. Fikirləşdim ki, əgər mən Həmid müəllimə təşəkkür etsəm, o elə bilər bu yetim uşaq beş il qiymət almaq üçün ondan kömək istəyəcək. Qərara aldım ki, ali məktəbi bitirməyi gözləyim, o, zaman ona minnətdarlığımı bildirim".

 

***

 

Tələbəlik illərinin əvvəllərində çətinliklə üzləşdi. Yataqxanada yer vermədilər, kirayə evdə qaldı, maddi sıxıntı içində yaşadı, düz üç il qış aylarını paltosuz, tək pencəkdə keçirdi. Lakin sındırmadı özünü. Qarşısına qoyduğu məqsəd üçün çalışdı. Zamanının ünlü alimlərindən dərs aldı: Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə...

 

O, dərslərini səylə oxuyur, həvəslə yazırdı: şeirlər, kiçik hekayələr, novellalar. Bir gün təzəcə yazdığı "Ağ saçlı qızın hekayəsi"ni oxuyub fikrini bildirmək üçün Bəxtiyar müəllimə verdi. Bəxtiyar Vahabzadə tələbəsinin hekayəsini bəyənib kiçik bir dəyişiklik etdi: "Əlibala Hacıyev" imzasını pozaraq "Əlibala Hacızadə" yazdı.

 

Beləliklə, o, sevimli sənət müəlliminin məsləhətilə yazılarına "Əlibala Hacızadə"  imzasını qoydu. Universitet qəzetində "Mənim məhəbbətim", "Ömrüm təzələndi", "Yada düşdü", "Bir dəstə nərgiz" kimi lirik hekayələri çap edildi.

 

Aşağı kurs tələbələri olan bizlər, eləcə də həmyaşıdları, tələbə dostları bu ortaboy, arıq, xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimləri xətrini istəyirdilər. O, Bəxtiyar Vahabzadənin sevimli tələbəsi, həmyaşıdı Nahid Hacızadənin yaxın dostu idi. Bu səmimi, təmənnasız dostluq ömür boyu davam etdi.

 

Aradan illər keçəcək, yazıçı-jurnalist Nahid Hacızadə "Nəsrimizin nəğməkarı" sərlövhəli xatirəsində yazacaqdı: "1956-cı ilin yazında universitet qəzetində Səməd Vurğunun vəfatı ilə bağlı bir hekayəsi dərc olunmuşdu - "Yada düşdü".

 

Qəlb ağrısı, yüksək hissiyyat və böyük sevgiylə yazılmış bu hekayə şairin romantik çağlarına həsr olunmuşdu. "Yada düşdü" - ilk məhəbbət haqqında, onun ülviyyəti haqqında zərif, poetik bir nəğmə idi. Oğlanlar, qızlar qəzet vurulmuş lövhənin qabağından ayrılmırdılar. Tələbələr dəhlizdə onu görəndə bir-birlərinə deyirdilər: "Yada düşdü" hekayəsini bax, bu oğlan yazıb".

 

Hamımız ona qibtə ilə baxırdıq.

 

O, beləcə hələ tələbəykən nəsrin magistral yoluna çıxıb, taleyini ömürlük sözə bağladı, sözə arxalandı, sözlə qanadlandı. İllər keçdi, Əlibala Hacızadə müasir Azərbaycan poetik nəsrinin ustadları Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı oldu".

 

... Universiteti bitirəndən sonra Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayır və burada "Fərruxi Yəzdinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı öz sevimli tələbəsinin fundamental elmi işini bəyənir və bunu dünya şərqşünaslığında XX əsrin böyük İran şairi F.Yəzdiyə həsr olunmuş ilk geniş tədqiqat əsəri kimi qiymətləndirir.

 

Böyük alimin 10 səhifəlik müsbət rəyi və xoş sözlərini əvəzsiz mükafat hesab edən Əlibala Hacızadə gündəliyində yazır: "Başa düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim o sözləri artıq deyə bilərəm. İlk dəfə Həmid müəllimin məndən imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə verdiyini ona dedim: "O vaxt siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə çata bilməzdim". Həmid Araslı bir qədər duruxdu, məndəki dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri saxladığımı dedikdə isə gözləri doldu".

 

***

 

Şərqşünas alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışdı, elmi araşdırmalar apardı, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmiş, eyni zamanda yazıb, yaratdı.

 

Yaradıcılığının ilk illərində sınaq dövrünü uğurla keçən yazıçı öz üzərində səylə çalışaraq getdikcə püxtələşdi, axtarışlarının bəhrəsi özünü ötən əsrin 60-cı illərində qələmə aldığı hekayə və povestlərdə büruzə verdi.

 

Tanınmış tənqidçi Vaqif Yusiflinin təbirincə, yazıçının yaradıcılığında sıçrayış "İnam" povestindən başlayıb. Bu əsərdə Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan sonra  akademik, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, onun bədii dəyərini və məziyyətlərini göstərməklə yanaşı, gənc müəllifə tövsiyələrini də vermişdi.

 

Əlibala Hacızadəyə böyük şöhrət qazandıran, tanınmış tənqidçi Əsəd Cahangirin "Milli belletrist nəsrin zirvəsi" hesab etdiyi, "oxucu auditoriyası toplamaq baxımından bütün Azərbaycan nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən" "Əfqanıstan trilogiyası" ("İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş") oldu. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım milyon nüsxədən çox idi və bu, Azərbaycan yazıçısı üçün böyük göstərici sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov istedadlı tələbəsinə özünün təzəcə çapdan çıxan "Sabir gülür" kitabını hədiyyə edərkən belə bir avtoqraf yazmışdı: "Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar".

 

İndi təsəvvür etmək olmur ki, yüksək tirajla təkrar-təkrar nəşr edilən romanlar haqqında ədəbi tənqid susurdu, amma Əlibala Hacızadə milyonların sevimlisinə çevrilmişdi. O, "Mən sözlərimin içində yaşayıram" xatirə-məqaləsində bu haqda yazırdı: "İtkin gəlin" roman-trilogiyasının belə geniş şöhrət tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın və mədəniyyətimizin dostu və təbliğatçısı Heydər Əlirza oğlu Əliyevin böyük köməyi olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:

 

- Bəlkə sizin də bir şeyə ehtiyacınız var, maşına, mebelə... utanmayın, deyin, mən canla-başla yerinə yetirərəm.

 

Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:

 

- Yoldaş Əliyev, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, - deyir, - ancaq bir xahiş eləmək istəyirik... Bu yaxınlarda "İtkin gəlin" kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.

 

... O söhbətdən sonra "İtkin gəlin" iki dəfə də - hərəsi yüz min tirajla çap olundu və satıldı".

 

Romanın təkrar nəşr olunan çoxsaylı nüsxələrindən Cəlilabada da göndərildi və tezliklə oxucular tərəfindən alındı. Müəllifi rayona dəvət etdik. O, kəndlərdə, təsərrüfatlarda, tarla düşərgələrində oldu, hər yerdə səmimi qarşılandı, oxucuları ilə görüşlərdən çox razı qaldı.

 

***

 

Əlibala Hacızadə ömrü boyu gözütox yaşayıb, "çox təvazökar insan olub, özünü həmişə sakit, təmkinli, ləyaqətlə aparıb" (Anar), "öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub" (Bəxtiyar Vahabzadə), "ədəbiyyat xəzinəsinin sahibi olub" (akademik Akif Əlizadə), "zahirən sakit, səssiz-səmirsiz, daxilən təlatümlü bir həyat yaşayıb" (Ayaz Vəfalı), "yaradıcılığı Azərbaycan torpağına bənzəyib: yazda əkib, payızda əkib, ildə neçə dəfə çevirib" (Sabir Rüstəmxanlı), "ən çox oxunan yazıçı olmaq xoşbəxtliyi ona nəsib olub" (Fikrət Sadıq), "yazıçı kimi onun dəyərini xalq verib" (Qabil).

 

Əlibala Hacızadə "Əsərləri"nin 1-ci cildinə ön sözündə yazıb: "Dünya malı, sərvəti, fəxri adlar, mükafatlar həsrəti ilə yaşamamışam. Mənim üçün ən böyük fəxri ad - yazıçı, ən böyük mükafat - oxucularımın mənə bəslədiyi məhəbbətdir və bununla həmişə fəxr etmişəm... Azərbaycanımızın demək olar ki, hər yerində, elində, obasında onlarla, yüzlərlə Əfsanə və Elməddin - bunlar mənim qəhrəmanlarımdır - adını daşıyan qızlarımız, oğlanlarımız var. Və mən özümü onların mənəvi atası sayıram. Hətta bir neçəsinin nişanında, elçiliyində, toyunda bir ağsaqqal kimi iştirak etmişəm. Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?"

 

Sözün haqq, sualın yerindədir, ustad! "Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?" Hədsiz məhəbbətdir, böyük mükafatdır! Sən həmişə ürəyinin sözünü demisən. Axır vaxtlar Prezident təqaüdü alanda yaxın dostlarına ürəyini açdın: "Yaxşı oldu, lap yerinə düşdü, müalicəyə, dava-dərmana çatdıra bilmirdim".

 

Müalicən uzun sürdü... Sən vaxtilə gündəliyində yazmışdın: "İnsanların bir yolu var: bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır... Son mənzilə". Qələmini, sözünü, sənətini sevənlər son mənzilinə gətirdilər səni. Kimlər? Səni oxumaqdan doymayanlar, sadə insanlar, gözləri nəmli oxucuların; etibarlı dostların, həmkarların - Nahid Hacızadə, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Firuz Mustafa...

 

"Mən bu dünyaya sakit, səssiz-səmirsiz gəlmişəm, beləcə səssiz-səmirsiz də gedəcəyəm", - demişdin. Elə də oldu. Ancaq dünyaya gələndə ailən, qohumların sevinmişdilər. Son mənzilə yola salanda isə Azərbaycanın bütün guşələrində yaşayan qəhrəmanların - Əfsanələr, Elməddinlər... təkrar-təkrar kitablarının çapını istəyən oxucular, sənətsevərlər yasa batdılar.

 

Gül-çiçəyə bürünən son mənzilini dövrəyə alan istəklilərin ürəklərinə təsəlli olan sözlərini xatırlayıb, elə bil səsini eşitdilər: "Ayrı bir ölməzlik olur - öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".

 

Əlövsət BƏŞİRLİ

525-ci qəzet.- 6 avqust.- S.15.