"Ən böyük arzum Azərbaycan
Mühacirət Muzeyini qurmaqdır"
Müsahibimiz
"Çapar" tarix dərgisinin baş redaktoru,
yazıçı, araşdırmaçı,
kolleksiyaçı Dilqəm Əhməddir.
"Türkiyə
kitabxanaları, arxivləri əvəzsiz qaynaqlardır"
- Dilqəm,
karantin zamanından başlayaq söhbətimizə. Nələr edirsən, kolleksiyanla,
araşdırmalarınla bağlı yeniliklər varmı?
- Karantin
gündəlik həyat tərzimizə nə qədər mənfi
təsir göstərsə də, yaradıcılıq
baxımından çox müsbət tərəfləri də
oldu. İlk vaxtlar bütün günü ev
şəraitində olduğum üçün xeyli tədqiqat
aparmaq, yeni kitablar üzərində çalışmaq
imkanı qazandım. Azərbaycan legionunun önəmli
simalarından Əbdürrəhman Fətəlibəyli-Düdənginski
ilə bağlı bir kitab hazırladım. Bu kitabda Fətəlibəylinin şəxsi həyatı
ilə bağlı xeyli yeniliklər var. Hazırda kitab redaktə
prosesindədir, çox güman, sentyabrın sonunadək
çap edəcəyik. Eləcə də Cümhuriyyət
nazirlərindən mühacirət həyatı
yaşamış iki şəxsiyyətlə bağlı da
kitab layihəmiz var. Onları da il sonunadək
yetişdirməyi düşünürük. Kolleksiyamızda
da yeniliklər var. Xeyli nadir kitablar, müxtəlif materiallar əldə
etmişəm. Onları da növbəti
kitablarımızda istifadə edəcəyik. Yeri gəlmişkən,
bu il mənim üçün çox məhsuldar
oldu. Professor Ədalət Tahirzadə ilə
birlikdə yazdığımız "Azərbaycan
Cümhuriyyəti" kitabı ana dilimizdə çap olundu.
Bu kitab eyni zamanda, İsveç-Azərbaycan
Federasiyası tərəfindən həmin ölkənin
"Sivart Förlag" nəşriyyatında İsveç
dilində nəşr edildi. Kitabı
İsveç dilinə Səadət Kərimi çevirib.
Həmçinin, "Mühacirlərin
mirası" və rus dilində "İzbrannıe"
kitablarım çap edildi.
- 4 ildir
Türkiyədə təhsil alırsan. Türkiyə
mühitində nələri kəşf etmisən?
- İstanbulda yaşamaq mənim üçün
çox uğurlu oldu. Son 4 kitabımı bu şəhərdə
yazmışam. Mühacirət tarixilə
məşğul olduğum üçün Türkiyədəki
qaynaqlar çox önəmliydi. Bu müddətdə
bir çox mühacir ailələrlə
görüşdüm, kitabxanalardan Azərbaycanla bağlı
nadir materiallar topladım, eyni zamanda, mühüm sənədlər
əldə etdim. Xoyskilərdən Leyla Xoyxan, Kərim Mehmedzadə
ilə, professor Əhməd Cəfəroğlunun qızı
Nazan Ölçerlə, Əli bəy Hüseynzadənin
qızı Feyzavər Alpsarla, Əhməd bəy
Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu ilə,
Almas İldırımın oğlu Azər Almasla,
İsmayıl Saryalın oğlu Nuri Saryal və nəvəsi
Nilgün xanımla, eləcə də legioner ailələri
ilə görüşdüm. Çox xoşbəxtəm
ki, Əhməd bəyin nəvəsi mühüm bir arxivi
etimad göstərərək mənə hədiyyə etdi.
Bu arxivdə Əhməd bəyin Malta
adasında yazdığı gündəlik, qeyd dəftəri
və fotoalbom da var. İnşallah, növbəti illərdə
bu materialları da dəyərləndirəcəyik. Türkiyə kitabxanaları, arxivləri əvəzsiz
qaynaqlardır. Mühacirlərimiz
Türkiyədə çox aktiv olublar. Bəzi
mühacirlərin yazdıqları məqalələri bir araya
yığsaq, on cildliklər ərsəyə gələ bilər.
Onlar təkcə öz çap etdikləri
jurnal və qəzetlərə deyil, Türkiyənin
"Cümhuriyyət", "Milliyyət" kimi qəzetlərinə
və onlarla jurnala da yazı yazıblar. Türkiyədə
mühüm ictimai-siyasi və mədəni yönümlü
dərnəklər qurublar. Hazırda bu dərnəklərin
də fəaliyyətini araşdırıram. Mühacirətdə hətta Azərbaycanın musiqi
heyəti də fəaliyyət göstərib. Bu heyətlə bağlı hörmətli
Gülhüseyn Kazımovun rəhbərliyi ilə həmkarım
Hafiz Əhmədovla birlikdə tədqiqatlarımızı
davam etdiririk. Türkiyə bitməz-tükənməz
bir xəzinədir. Demək olar ki, orada hər həftə
bir yeniliklə tanış olurdum.
İstanbul kitabxanalarından o qədər material
yığmışam ki, 5 il çölə
çıxmasam, istifadə edə biləcəyim materiallara
sahibəm.
- İndi araşdırmalarını necə davam etdirirsən?
- İstanbulda mühüm bir layihə üzərində
çalışıram. Layihəmiz bu şəhərdə
dəfn edilmiş məşhur azərbaycanlıların məzar
yerlərinin tapılması, araşdırılması və
mümkün qədər təmiri istiqamətindədir.
Hazırda 50-dən çox məzar yerini müəyyən
etmişəm və şəxslərin həyat hekayəsini
yazmışam. Axtarışlara
İstanbula qayıtdıqdan sonra davam edəcəyik. 2018-ci ildə jurnalist həmkarım Vüsalə
Abbasova ilə birlikdə İstanbul Baş Konsulluğuna layihə
ilə müraciət etmişdik. O zamankı Baş
konsulumuz hörmətli Məsim Hacıyevin sayəsində
Feriköy İslam məzarlığında dəfn edilən
Cümhuriyyət xadimlərinə xatirə lövhəsi
qoyuldu, bəzi məzarlar təmir edildi. Bu məzarlıq
İstanbuldakı Fəxri xiyabanımızdır.
Əhməd bəy Ağaoğlu, Xosrov bəy Sultanzadə,
Şəfi bəy Rüstəmbəyli, Əbdüləli bəy
Əmircan, Nağı bəy Şeyxzamanlı, Məhəmmədsadıq
Aran və başqa mühüm dövlət xadimləri burada
dəfn olunublar. Onu da qeyd edim ki, tədqiqatlarıma
konsulluğumuzla yanaşı, İstanbul Azərbaycan
Kültür Evi və onun sədri Hikmət bəy Elp də
mütəmadi dəstək verir.
"İndiyədək
tariximizə yüzə yaxın mühüm material
qazandırmışam"
- İlk sərgini harada, necə keçirmişdin?
- İlk sərgim nadir kitablarla bağlı idi,
"Kitabevim" mağazasında keçirmişdim. Arxivimdəki 1920-1930-cu illərə
aid latın qrafikası ilə çap
olunmuş kitabların sərgisi idi. İlk
Cümhuriyyət sərgimi isə bir gənclər təşkilatı
balaca ofislərində təşkil etmişdi. Həmin
vaxt həm materiallarım az idi, həm də
az tanınırdım. Həmin sərgidən 4 il sonra ADA Universitetində yüzdən
çox tələbənin iştirakı ilə ən
böyük sərgimi keçirdim.
- Bu fəaliyyətində
ən böyük uğurun hansını hesab edirsən?
- Təvazökarlıqdan
uzaq olsa da, indiyədək
tarixşünaslığımıza yüzə yaxın
mühüm material qazandırmışam. Cümhuriyyət
dövrünə aid şəkillər, mühacirət
dövrünə aid sənədlər, məktublar, nadir kitablar və s. bura daxildir. Buna
görədir ki, "Fərqlilər" və
"Mühacirlərin dönüşü" kitablarım
ikinci dəfə nəşr olundu. Ən
böyük uğurum Azərbaycan Cümhuriyyətinin gerbinin
rəssam tərəfindən çəkilən
orijinalını Vətənə gətirməyim oldu. Bundan əlavə, 1918-ci ilin iyun ayında İstanbul
Konfransına gedən nümayəndə heyətimizin Osmanlı
təmsilçiləri ilə birgə çəkdirdikləri
olduqca unikal fotoşəkli tapmağımı da uğur hesab
edirəm. Yeri gəlmişkən, həmin
fotoşəkli ilk dəfə sizin qəzetdə dərc
etmişdik.
-
Kolleksiyanda ən bahalı nümunə hansıdır?
-
Kolleksiyamın ən bahalı nümunəsi Məhəmməd
Əmin Rəsulzadənin dəfn albomudur. 34
fotoşəkildən ibarət bu albomu 1200 dollara
almışam. Həmin ərəfələrdə
kampaniya keçirmişdim, vətəndaşlarımız mənə
mühüm dəstək göstərmişdilər. Yığılan pullar sayəsində ala bildim.
Rəsulzadənin bir fotoşəklinə 600
dollar ödəmişəm. Bu
materialların ikinci nüsxəsi olmadığı
üçün həddindən artıq qiymətlidir.
"Məndə
Məhəmməd Əmin Rəsulzadənin imzalı iki
kitabı var"
- Arxivə
marağın, kolleksiya toplamaq ehtirasın şəxsi həyatında
da özünü göstərirmi?
- Şəxsi
həyatımda xüsusi ehtirasa malik adam
deyiləm. Sakit, problemsiz həyatı sevirəm.
Böyük iddialara sahib deyiləm. Dərgi, kitab çap etməkdən başqa
böyük arzularım yoxdur. Bu sahədə
ölkəmizdə mühüm işlər görmək istəyərəm.
- Bu yolda
çatmaq istədiyin son nöqtə nədir?
- Ən böyük arzum Azərbaycan Mühacirət
Muzeyini qurmaqdır. 70 il ruslara qarşı mühacirətdə
azadlıq mücadiləsi aparan şəxslərlə
bağlı muzeyin qurulması vacibdir. Muzeyin
kitabxana bölməsini də düşünürəm.
Çünki şəxsi arxivimdə mühacirətdə
çap olunan jurnal və kitabların 80 faizi mövcuddur.
Bunların bəziləri muzeyə, bəziləri
kitabxanaya qoyulacaq. Məsələn, Məndə Məhəmməd
Əmin Rəsulzadənin imzalı iki kitabı var. Eləcə
də digər mühacirlərin - Mirzəbala Məhəmmədzadənin,
Sadıq Aranın, Nağı Keykurunun və
başqalarının imzalı nadir kitabları var. Bu
kitabların muzeydə sərgilənməsi çox əla
olardı. İş adamlarımızdan bu arzuma
dəstək olmalarını rica edirəm. Əlbəttə, ölkəmizdə mühüm
muzeylər var. Milli Azərbaycan Tarixi Muzeyi və İstiqlal
Muzeyi ilə əməkdaşlığımız var. Tarix muzeyində
sərgim də olub. Təbii ki, arxivimi bu
iki muzeydən birinə hədiyyə edə də bilərəm
və ya dövlət səviyyəsində Cümhuriyyət
Muzeyi qurularsa, oraya verərəm. Sənəd
arxivimi də müvafiq arxivə bağışlaya bilərəm.
Sadəcə, mənim arzum praktik muzey
qurmaqdır. Həm də bir örnək yaratmaq istəyirəm,
qoy insanlar görsünlər ki, bir şəxs muzey qura biləcək
qədər material toplamaq imkanına sahib ola
bilər. Bu, sabah başqalarının da mənim
kimi bu işə qoşulmasına stimul yaradar. Açığı,
bu işin əziyyətini çəkdiyim üçün muzeyin
müstəqil olmasını daha çox istəyirəm.
Muzey qurmaq üçün dövlətimiz mənə
yer bağışlayarsa, həddindən artıq xoşbəxt
olardım. Məncə, dövlətimiz vətəndaşının
muzey arzusunu həyata keçirmək gücünə sahibdir
və fürsətdən istifadə edib səsimin eşidiləcəyinə
inanıram.
"Cümhuriyyətin
yüzüncü ildönümündə 23 sərgi
keçirdim"
-
Universitetlərdə sərgilərin olub, tələbələrin
marağı necə idi?
- İndiyədək, demək olar ki, Bakıdakı ən
önəmli universitetlərdə sərgilərim olub: ADPU, Xəzər,
Qərb, ADA, Turizm, Ali Neft Akademiyası və s. Ən
yaddaqalanı isə ADA-dakı sərgim olmuşdu. Tələbələrin
sərgiyə marağı çox yüksəkdir.
Onların materiallara toxunarkən keçirdikləri hisslər
mənə o qədər zövq verirdi ki... Təsəvvür
edin, tələbə yüz yaşlı fotoşəkli əlində
həyəcanla tutur və bu tarixi anı yaşamaq istəyir.
Məhz bu sevincli anlara görə Cümhuriyyətin
yüzüncü ildönümündə 23 sərgi
keçirdim.
- Məktəblərdə
də sərgi keçirmisənmi?
- Zərifə
Əliyeva və Atatürk adına liseylərdə
sərgim baş tutub. Məktəblilərdə
Cümhuriyyətə böyük sevgi vardı. Açığı, onlar tələbələrdən
daha çox sual verirdilər. Amma sərgilərdən
artıq yorulmuşam. Materialları
müxtəlif məkanlara daşımaq zərərlidir.
Bu baxımdan muzeyin təşkili fəaliyyətimdə
mənə olduqca rahatlıq bəxş edəcəkdir.
- Bəs
ümumən gənclərin Cümhuriyyətimizə, eləcə
də tariximizə münasibəti haqda nə
düşünürsən?
- Gənclərimizin Azərbaycan Xalq Cümhuriyyətinə
marağı olduqca yüksəkdir. Mənə, demək
olar ki, hər gün müraciətlər olur. Kimisi elmi işi üçün, kimisi sadəcə
maraq xatirinə suallar verir. Sosial mediada
Cümhuriyyətlə bağlı özəl günlərdə
göstərilən aktivlik də buna sübutdur.
"Çapar"
dərgisini çap etməkdə məqsədimiz tarixə
sevgi aşılamaqdır"
- Səncə,
tarixə, milli-mənəvi dəyərlərə sevgi necə
aşılanmalıdır?
- Tarixə sevgini tarixi doğru öyrətməklə
başlamaq lazımdır. Azərbaycan tarixində fəxr ediləsi
mühüm dönəmlər var. Həmin dönəmi vətəndaşlara
çatdırmaq üçün təkcə kitablar kifayət
etmir. Məsələn, Türkiyədə tarixi mövzularda
mütəmadi bədii və sənədli filmlər, eləcə
də uşaqlar üçün cizgi filmləri çəkilir.
Bu nümunələrdən istifadə etmək olar. Son
dövrlərdə televiziyalarımızda tarixlə
bağlı verilişlərin, sənədli filmlərin
sayı artıb. Mən özüm Düdənginski və
Xoyski ilə bağlı bu yaxınlarda sənədli filmlərdə
iştirak etmişəm. Bu proqramlar sosial mediada da çox
maraqla qarşılanıb. "Çapar" dərgisini
çap etməkdə də məqsədimiz məhz bu sevgini
aşılamaq olub. Jurnalımızın hər sayının
qapağında bir tarixi şəxsiyyətimizin təsviri
verilib. İndiyədək bir çox Cümhuriyyət xadimlərinə
yer vermişik. Eləcə də Həmidə xanım
Cavanşir, Cəlil Məhəmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyevlə bağlı dosyelər
təqdim etmişik. Jurnalımızın fəxri əməkdaşları
da var: Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə
kimi görkəmli alimlərlə əməkdaşlıq edirik.
İndiyədək "Çapar" nəşrlərində
9 kitab nəşr etmişik. Məhəmməd Əmin Rəsulzadənin
1930-cu ildə fransız dilində çıxan
kitabını ilk dəfə dilimizdə çap etdik. Tural
Mehbaliyevin tərcüməsi o qədər uğurlu oldu ki,
"Azərbaycan mübarizə yolunda" adlanan kitabın
2-ci nəşrini çapa hazırlayırıq. Tarixçi
Əkbər Nəcəfin çap etdiyimiz "Azərbaycan Səlcuqları.
Yaqutilər" kitabı dünya tarixində bir ilkdir.
Hazırda üç tarixçimizin kitabını nəşrə
hazırlayırıq, karantin müddəti bitdikdən sonra
çap edəcəyik. Bu ilin fevral ayında bir
yaşımızı qeyd etdik. Bir tarix dərgisinin bir yaş
yubileyinə 300 nəfərin gəlməsi, məncə,
möcüzə idi. Dostum, jurnalımızın təsisçisi
Yusif İlhamoğlu ilə birgə bunu bacara bildiyimiz
üçün çox xoşbəxtik.
- Uzun illərin Sovet hökmranlığı
tariximizə münasibətdə də özünü
göstərir. Sən bu təsiri necə müşahidə
edirsən?
- Azərbaycan tarixi konsepsiyası mütləq
şəkildə dəyişdirilməlidir. Tariximiz
ümumtürk tarixi çərçivəsində tədris
edilməlidir. Sovet yanaşmaları bizdə hələ də
hakimdir. Bu baxımdan, dərsliklərdə də mütəmadi
problemlər ortaya çıxır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 8
avqust.- S.16.