Milli mətbuatımızın "Bəsirət"i
.
Azərbaycan
Milli mətbuatı tarixində özünəməxsus yeri
olan nəşrlərdən biri də "Bəsirət"
qəzetidir.
Azərbaycan siyasi mühacirlərinin orqanı olan "Bəsirət"in
ilk sayı 1914-cü ilin 12 aprelində işıq üzü
görüb.
Həftədə bir dəfə nəşr edilən
bu siyasi, ictimai, iqtisadi, ədəbi qəzet müəyyən
fasilələrlə 1920-ci ilin 15 mayına kimi fəaliyyət
göstərib. "Bəsirət"in
baş redaktoru tanınmış jurnalist, yazıçı,
publisist və teatr tənqidçisi Hacı İbrahim
Qasımov, naşiri isə Qulamrza Şəfizadə idi.
Qəzetin yazarları arasında dövrün böyük
ictimai-siyasi xadimləri, yazıçıları, şairləri,
ziyalıları, mütərəqqi
dünyagörüşlü insanları - Məhəmməd
Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər
Pişəvəri, Mirzə Bala Məhəmmədzadə, Məmməd
Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur,
Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai,
Əliabbas Müznib, Abbas Səhhət, Əbdül Qədir
Vüsaqi, Cəfər Cabbarlı və başqaları var idi.
Onlar maraqlı ədəbi-bədii yazıları, publisistik məqalələri,
felyetonları ilə "Bəsirət"də
çıxış edir, dövrün aktual, həllini
gözləyən problemlərini öz əsərlərində
işıqlandırır və həmvətənlərini
taleyüklü məsələlərin həllində fəal
mübarizəyə, milli oyanış və dirçəlişə
səsləyirdilər.
"Bəsirət"in nəşr olunduğu illər
Birinci Dünya müharibəsinin tüğyan etdiyi bir
dövrə təsadüf edirdi. Azərbaycanda, eləcə də
beynəlxalq aləmdə baş verən fəlakətlər
"Bəsirət"dən də yan keçməmiş,
qəzet 1918-ci ilin martından sentyabrına qədər nəşrini
dayandırmağa məcbur olmuşdu. Lakin Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması "Bəsirət"in yenidən
fəaliyyətə başlamasına təkan verdi.
"Bəsirət"in
ideoloji xətti Azərbaycanın
bütövlüyünü qorumaq, elm, təhsil məsələlərini
ön plana çəkmək, böyük ideallar uğrunda
mübarizədə xalqın
birliyini təmin etmək, insanları qəflətdən
oyandırmaq, kimliyimizi, varlığımızı dərk
etmək, insanların sosial problemlərini gündəmə gətirmək
və sair önəmli məsələlərdən ibarət
idi. "Bəsirət" sözünün
leksik anlamı da bu ideoloji xətti əks etdirir. "Gözüaçıqlıq",
"uzaqgörənlik" mənasını verən "Bəsirət"
sözün həqiqi mənasında insan idrakının ən
dərin qatlarına nüfuz etməyi bacarır, milli
şüurun formalaşmasına təkan verir, real gerçəklikdə
vətənə, xalqa xidmətə səsləyən bir mətləbi
təlqin edirdi.
Məhəmməd
Əmin Rəsulzadə "Bəsirət" qəzetinin 12
aprel 1914-cü il tarixli 1-ci sayında
yazırdı: "Dünyada yaşaya bilmək, xoşbəxt
və məsud yaşaya bilmək üçün
böyük bir bəsirət lazımdır... Müvəffəqiyyətlərin
səbəblərini anlamaq, anlayıb da çarəsinə
baxmaq üçün də bəsirət lazımdır... Bizdə bəsirətmi yoxdur? Görmüyormuyuz?
Bəsirətlilərimiz var, görənlərimiz
də vardır. Fəqət fəal bir bəsirət
və müsbət bir nəzərdən məhrumuz. Bu məhrumiyyət haradan gəliyor? Əlbəttə,
bunun da səbəbləri ola bilər və
vardır... Giriniz millətimizin təbəələri
arasına, danışınız onlarla: münəvvər,
mütədəyyin, molla, tacir, əsnaf - hər kəslə
danışsanız, həyatımızın qeyri-müvafiq
olduğundan bəhs edər... Fəqət geridəqalan
irəliləməli, pərişan olan düzəlməli,
bunun çarəsi nə? Bu sualın cavabına gəlincə,
əksəriyyətlər hər kəs diyor ki: "Canım,
müsəlmançılıq böylə olar. Müsəlman
düzəlməz..." İşlərimizin
düzəlməsi üçün, məncə, hər
şeydən əvvəl, ruhumuzu, ruhi-minkəsirimizi, xəstə
ruhumuzu tədavi etməliyik. Bu yolda bəsirət
qazanmalıyıq. Hər şeydən əvvəl,
özümüzü öyrənməliyik. Kimiz, nə millətiz, haradan gəlmişiz. Özümüzün nə, mahiyyətimizin nə
olduğunu bilməliyik. Sonra da bilməliyiz
ki, biz heç də həyatından qəti-ümid etmiş
bədbəxtlər deyilik. Biləks,
anlamalıyız ki, böyük tarixə malikiz. Tarixdə parlaq günlərimiz olmuş.
Qafalarımıza sıxmalıyız ki, müsəlman
adamdır ... və hər vaxt da adam olmaq
istedadındadır".
Erməni daşnaklarının keçən əsrin əvvəllərində
törətdikləri Mart soyqırımını, qətliamları,
Sovet hakimiyyəti illərində xalqımıza unutdurmağa
çalışmışlar. Mövcud rejim bu
taleyüklü məsələləri qabartmağa imkan verməmişdi.
Lakin Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasından sonra
bu məsələlər hüquqi qiymətini almış,
hökumət tərəfindən 1919 və 1920-ci il martın 31-i milli matəm günü kimi
qeyd olunmuşdu. Bu tarixi hadisəni cümhuriyyət
dövründə fəaliyyət göstərən bir
çox mətbuat orqanı kimi "Bəsirət" də
öz səhifələrində
işıqlandırmışdı. Hacı İbrahim
Qasımovun bu mövzuda qələmə aldığı və
qəzetin 27 oktyabr 1918-ci il tarixli 197-ci
nömrəsində dərc etdirdiyi "Yenə qəflət
ediləcəkmi?" adlı məşhur məqaləsində
deyilirdi: "Mart faciəsi şəhərimizi (Bakı - G.B)
tam bir məzaristana döndürdü. Ermənilər, ermənilərin
daşnaq firqələri insaniyyətpərvərlik maskası altında on minlərlə
qadın, çocuq və aciz müsəlmanları
qırdılar. Onlar bu fənalıqları
yapmaqla erməni tarixində misli görünməmiş bir səhv
etdilər. Zira özlərini böyük fəlakət
içərisinə saldılar... Nə gizlədim,
Türk qardaşlarımız imdadımıza
çatmasaydı, Türk arkadaşlarımız vaxtında
yetişməsəydilər, mart hadisəsindən daha
böyük bəlalara düçar olacaqdıq. Şimdi şükürlər olsun, türklərin
sayəsində biz asudə olduq, kəndimizə hökumət
təşkil etdik. İnsancasına
yaşamağa, rahatlıqla nəfəs almağa
imkanımız vardır. Artıq heç kəs bizə
təcavüz edə bilmiyor, hərgah bizim qeyrətimiz olarsa,
kimsə təcavüz edə bilməz... Bunun
üçün də biz əsgər olmalı, namusumuzu
müdafiə üçün özümüz də
çalışmalıyız... Bunu bu gün hər kəs
bilməlidir ki, dünyada yaşamaq istəyən millət
gücünə, zoruna güvənməlidir... Bu gün
cavanlarımız əsgərliyə gedəcəkləri kimi
millətimizin hər bir təbəqəsi vətən səadəti
üçün çalışmalıdırlar... Hər bir "Vətən övladı" vətənin
və özünün səadətinə
çalışmalıdır".
Hacı İbrahim Qasımov məqalədə Azərbaycan
xalqının çətin situasiya ilə üz-üzə
qaldığı ölüm-dirim savaşında Türk
xalqının, Türkiyə dövlətinin qardaşlıq
köməyini xüsusilə diqqət mərkəzində
saxlayır. Ədibin "Yenə qəflət ediləcəkmi?"
məqaləsi bu gün olduqca aktual səslənir.
Böyük ziyalımızın öz həmvətənlərinə
xitabı Qarabağın erməni şovinistlərindən azad edilməsinə
çağırış nidasıdır. Əlbəttə,
Hacı İbrahim Qasımovun uzaqgörənliklə söylədiyi,
vətən sevgisindən yoğrulmuş dəyərli məsləhət
və tövsiyələri hər bir azərbaycanlının
yüksək amalına çevrilməlidir.
Hacı İbrahim Qasımov redaktor kimi böyük təcrübəyə
malik idi. O,
"Bəsirət"dən başqa, "Məlumat",
"İqdam", "Kəlniyət" kimi mətbuat
orqanlarının redaktoru olmuş, eyni zamanda,
"Babayi-Əmir", "İqbal" və "Yeni
İqbal"da müxtəlif mövzulu publisistik
yazıları, məqalələri ilə
çıxış etmişdi. Hacı İbrahim Qasımov
öz yazılarını "Açar", "Bağ
Əyyar", "Qırmızı saqqal",
"Diplomat", "Əqrəb", "Kələkbaz",
"Sirr dağarcığı",
"Tamaşaçı", "Hərdənbir", "Həcəmət"
və başqa gizli imzalarla
çap etdirmişdi. Hətta "Kəlniyət"
bağlandıqdan sonra həmin adı gizli imza kimi
götürür və "Bəsirət"də bu imza ilə
yazılar dərc etdirir.
Hacı İbrahim Qasımov redaktorluq, mühərrirliklə
yanaşı, həm də fəal ictimaiyyətçi idi. O, XX əsrin əvvəllərində
Bakıda fəaliyyət göstərən "Nicat",
"Səfa" mədəni-maarif cəmiyyətlərinin
üzvü kimi ictimai iş aparırdı. 1917-ci
ildən isə Bakıda təşkil olunan "Mühərrirlər
və ədiblər" cəmiyyətinin sədri idi.
Hacı İbrahim Qasımovun iştirak etdiyi mətbuat
orqanlarında onun dövrün ictimai-siyasi və mədəni
həyatını əks etdirən bir çox publisistik
yazıları, məqalələri, resenziyaları,
felyetonları, satiraları dərc edilmişdi. O, "Bəsirət" qəzetinin
1915-ci il tarixli 52-ci nömrəsində çap etdirdiyi
"Ramazan əl mübarək" adlı yazısında məscidlərin
ancaq Ramazan ayında deyil, bütün il boyu açıq
olmasının, müsəlmanların hər gün məscidə
getmələrinin önəmliyini vurğulayır və oruc
tutanların pis əməllərdən uzaq olmasını,
müqəddəs "Quran"ı oxuyarkən oradakı kəlamların
mənasının doğru-dürüst oxunmasının
vacibliyini diqqətə çatdırırdı.
Hacı İbrahim Qasımov ədəbiyyat, sənət,
sosial məsələlərə, qadın azadlığı
probleminə dair çoxlu sayda publisistik əsərlərin, məqalələrin,
felyetonların müəllifidir. Onun
yaradıcılığında qadın azadlığı məsələsi
xüsusi yer tutur. Görkəmli publisist 7-8 il ardıcıl olaraq, ildə bir-iki dəfə
"Müsəlman qadınlarının əhvalı"
başlıqlı yazıları ilə mətbuat səhifələrində
çıxış etmişdi. Hacı İbrahim Qasımov
"Amerika qadınları və bizimkilər" məqaləsində
yazırdı: "Qafqasiyada ildə bir-iki dəfə müsəlman
qadınları haqqında söz açılıb, qəzetlərdə
uzun mütaliələr dərc edilmiş, söylənmişdir.
Ən əvvəl, bu yaranın
közünü Tiflisdə nəşr edilən "Molla Nəsrəddin"
məcmuəsi qoparmağa başladı". Hacı İbrahim Qasımov "Molla Nəsrəddin"
ədəbi məktəbinin nümayəndələrinə rəğbət
bəsləyən, ruhən onlarla bağlı olan
ziyalılardan idi. O, demokratik mətbuata, xüsusilə də
"Molla Nəsrəddin"ə dair müsbət məzmunlu
məqalələr çap etdirirdi. "Bəsirət"in
16 aprel 1916-cı il 91-ci sayında
yazırdı: "Bu gün Qafqaziya mətbuatına dair tarix
yazılacaq olursa, heç şübhəsiz, haman tarixin parlaq
səhifələrindən birini "Molla Nəsrəddin"
məcmuəsi işğal edəcəkdir. Cəsarətlə
demək istərdik ki, "Molla Nəsrəddin" məcmuəsinin
Qafqaz müsəlmanlarına etmiş olduğu xidməti
başqa qəzetlər edə bilməmişdir. Elə sadə nəşr edilirdi ki, onu müxtəsər
bir savadlı olan şəxs də oxuyub jurnalın nə dediyini
düşünürdü. İkincisi, haman
məcmuə acı-acı həqiqətləri duzlu ibarələrlə
deyib, camaatın təsviri-əfkarına çevrilmişdir. Ömründə əliflə beyi bilməyən
şəxslər məcmuəni əlinə alır, onun
çəkdiyi mənidar şəkillərinə baxır,
oradan ibrət alırdı".
"Bəsirət" qəzeti Türk dünyasında
baş verən mühüm hadisələrə dərhal
münasibət bildirirdi. Qəzetin 1914-cü il 20 sentyabr
tarixli 22-ci sayında Nəriman Nərimanovun
"Baxçasarayda imtahan meydanı" adlı məqaləsi
yer almışdı. Məqalə "Hər nə
yazacaq isən qələmi üç qəpiklik qara mürəkkəbə
batırma, ürəyinə batırıb qanı ilə
yazı yaz" - deyən "Tərcüman" qəzetinin
naşiri, böyük ədib, publisist İsmayıl bəy
Qaspıralının vəfatı ilə əlaqədar
yazılmışdı. Müəllif bu hüznlü
hadisədən kədərləndiyini, təəssüf hissi
keçirdiyini yanğılı bir dillə izhar edir:
"İsmayıl bəy öldü - deməyə dilim gəlmir,
öldü sözündə yoxluq var. İsmayıl bəy
yoxdu - xəbəri məni dərin-dərin fikirlərə
salır, məni qorxudur, ürəyimi sıxır, gözlərimi
torlandırır, əqlimi çaşdırır. Şiddətli müharibədə baş
komandanın ölməyi xəbəri qoşunu sərgərdan
qoyduğu kimi, İsmayıl bəyin vəfatı bizi böylə
hala saldı. İsmayıl bəy
öldü - deyirkən bir sual öz-özündən meydana
gəlir. İndi millətin dəyanəti,
qeyrətli hamisi kimdir? Bu sualı
öz-özümə verirəm və fikrə gedirəm.
Qələm əlimdən ixtiyarsız
düşür. Millətin həyatına dair
mühüm bir məsələ müzakirəsində
doğru bir yol göstərən kim olacaq?
Hanı gizli xəzinənin açarı,
hanı fikirləri birləşdirən əql? Ürəkləri döyündürən nitq?
Millətin hüququnu müdafiə edən qələm?"
"Bəsirət" qəzeti və onun böyük
ziyalı ordusu 7 illik fəaliyyəti dövründə
neçə-neçə illərin hüduduna yetişə
biləcək qədər böyük işlər
görüb, Azərbaycan həqiqətlərini bütün
dünyaya bəyan edib. Bu cahanşümul xidmətlərin
müqabilində "Bəsirət"in adı Azərbaycan
milli mətbuat tarixinə əbədi həkk olunub.
Gülbəniz BABAYEVA
525-ci qəzet.- 2020.- 8
avqust.- S.19.